İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Ana dil oxuyan yerdə” yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. “26 Bakı Komissarı” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
2012-ci ildə AYB-nin təsis etdiyi “Nəsimi” mükafatına layiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyi İsa Hüseynovun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
***
Aprel ayının 1-də dünyasını dəyişən Azərbaycanın görkəmli Xalq yazıçısı İsa Hüseynov (Muğanna) sabah dəfn olunacaq. AYB.az saytının əldə etdiyi məlumata görə Xalq yazıçısıyla vida mərasimi 02 aprel 2014, saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Saat 14:00-da isə görkəmli yazıçı I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
AYB Mətbuat Xidməti