“Sazda, ozanda ilahi qat olduğuna inanıram”
Dünya Gənc Türk Yazarlar Birliyi başqanı Əkbər Qoşalının AZADİNFORMa müsahibəsi
– Əkbər bəy, sizcə ƏDƏBİYYAT məfhumunun bu qədər ucuzlaşmağına səbəb nədir?
– Nigar xanım, mən ədəbiyyat məfhumunun ucuzlaşdığını düşünmürəm. Əgər siz konkret olaraq kimlər üçünsə belə bir ucuzlaşmanın baş verdiyini nəzərdə tutursunuzsa, sizə deyim, görünür, o şəxslər özləri ucuzdurlar…
Kitab dükanlarının seyrəlməsi, kitabxanalara müraciətlərin azalması, kitab tirajlarının aşağı düşməsi kimi faktlar mövcuddur – bunu çoxumuz fərq edirik, ancaq bu, ədəbiyyatın ucuzlaşmasına dəlalət etmir. Yaxud ədəbiyyatçının sözünün illər öncəki kimi kəsərli olmaması da belə fikir söyləməyə əsas vermir. Çünki dediyimiz və bənzəri səbəblər, hallar ədəbiyyatdan qıraq ucuzlaşmanın təzahürləridir, ədəbiyyatın deyil… Hələ-hələ tarixi keçmişi, tarix şüuru ədəbiyyatla, şeirlə süslənmiş bir ulusdan söhbət gedirsə, heç deyil! Mən sadaladığımız və sadalamadığımız olayların öz “bətn”ində yeni ədəbiyyat dalğası bəslədiyinə inanıram. Yəqin heç təsadüfi deyil ki, ulusal taleyimizin ən təbəddülatlı anlarında – 90-cı illərdə yeni ədəbi nəsil meydana gəldi – “60-cılar”dan sonra ən qüvvətli nəsil “90-cı”lar oldu. Olsun ki, “90-cılar” hələ ən qüvvətli əsərlərini yaratmayıblar, ancaq bu potensialın olduğunu, onun nübar örnəklərinin olduğunu etiraf etmək lazımdır… Ədəbiyyat toplumda öz öncəki yerinə söz-söz, şeir-şeir, əsər-əsər, kitab-kitab qayıdır!
– Ədəbi dilimizdən çoxdan çıxarılmış o gözəlim ifadələri öz yazılarınızda, nitqinizdə işlətməklə özgün üslubunuzu yaratmısınız və əslində, təkbaşına bir mübarizə yolu seçmisiniz ki, bəzən o unutduğumuz ifadələri sizdən eşitmək elə unutduğumuz kövrək hisslərimizi oyadır. İlk olaraq buna görə çox sağ olun. Necə bilirsiniz, hamılıqla buna keçməyin zamanı gəlməyibmi?
– Mənim bu suala cavabım bəlkə düzgün anlaşılmaya bilər… Onu deyim, mən dediyiniz üslubu, necə deyim, “qondarmaçılıq”la, “özünügöstərməlik”lə yaratmamışam, bu bir ehtiyac kimi, torpaq üstə çıxan, daşı dələn bulaq suyu kimi öz-özünə alınıb, bu, təlimlə, tədrislə alınan iş deyil…
Bəlli olduğu kimi, 2007-ci ildə “Altun Bitik” adlı kitab yazmışdım – orda dil, insan və yer adları, ümumən saf Azərbaycan sözlüyü yönündə bəlli cəhdlərdə bulunmuşdum. Açığı, bir xeyli təqdir, tərif, doğal olaraq tənqid də eşitdim. O zaman dil sevdam, ad sevdam bəlkə bir qədər aşırıydı, indi belə düşünürəm, əksər türk xalq və topluluqlarında işlənən yabançı sözləri dəyişməkdənsə, dəyişməmək yaxşıdır; ikincisi, övladlarımıza ad qoyarkən xalqın, dövlətin tarixində özgün rol oynamış, habelə dindən, qəhrəmanlıq tariximizdən gələn simvol adlardan da yararlanmaq olar; yer adlarının ən qaçınılmazlarını çıxmaq şərtiylə, nəsillərin, yüzillərin yaddaşlına hopmuş adları saxlamaq da olar; nəhayət, soyad sonluqlarını ən azı hər yeni sənədləşmələr aparılınca milliləşdirmək lazımıdır.
– Bir az öhdəliklərinizdən bəhs edərdiz…
– Əli bəy Hüseynzadənin sözüdür: “Mən türkəm, qafqazlı bir türkəm, bir müsəlman və bir insanam – demək bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq zorundayam”… Bu sözlər mənim “öhdəliy”imin də ümumiləşmiş portreti ola gərək…
İnsan kimi yer üzündə missiyam var, Tanrı qarşısında üzərimə düşənlər var; “atama oğul, oğluma ata olmaq” görəvim – ailə öhdəliyim var, qohum-qonşuya qarşı elan olunmamış öhdəliklərim var; işimlə, iş yerimlə bağlı daşıdığım məsuliyyət var; dövlətim, millətim qarşısında idrak etdiyim öhdəliklər var; sevdiklərimə, dəyər verdiklərimə, mənə dəyər verənlərə, habelə şeirə-sənətə qarşı keçirdiyim hiss-həyəcandan doğan “yazılmamış öhdəliklər” var… Nə başınızı ağrıdım, əslində, dediklərim törəmə öhdəliklərdir – İNSAN öz yaradılışının fəlsəfəsini öyrənməyə çalışdıqca görürsən, bütün “öhdəlik”lər hamısı bir – ən üstün “öhdəlik”dən törəyir, yaxud onun hədləri kimi çıxış edir…
– İndiki gənclər saz səsindən uzaq bir ədəbiyyat nümunələri sərgiləyir. Bu da ÖZündən, TÜRKlüyündən uzaqlaşmaq deməkdir ki, milli kimlik təhlükəsi yaradır. Axı ədəbiyyatın bu istiqamətdə rolu böyükdür…
– Qüsura baxmayın, mən bunu da təhlükə saya bilməyəcəm – qanımızda, iliyimizdə olanlar sonradan qazanılmışlarla sıradan çıxa bilməz – olsun, qismən təsirlənsin – ancaq tamam sıradan çıxmaq – əsla! Hə, doğal olaraq, təşkilat-texniki məsələləri gözardı etmirəm – onlar gərəklidir, deməyim odur, biz sazı, ozanı qorumuruq, bəlkə saz, ozan bizi qoruyur… Bəlkə də bu qorunma qarşılıqlıdır, harmoniyaya tabedir… – “Bəlkə”ni də ona görə deyirəm, sazda, ozanda ilahi qat olduğuna inanıram.
– Görmək istədiyiniz, sizi heyrətə gətirəcək gənc nəsil yazarları varmı, yetişirmi?
– Biz Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bölgələrdə yaşayan gənc yazarlarla görüş” adlı bir layihə həyata keçirməkdəyik. Bu günlərdə layihənin ikinci mərhələsinə başlayacağıq. Layihə çərçivəsində bölgələrdə keçirdiyimiz görüşlər bizə yeni adlar bəxş etdi: İsrail Fərhad kimi, Hikmət Qara(yev) kimi, Elnarə Nur kimi… Paytaxt ədəbi mühitində olanlar sizli-bizli çoxumuza bəllidir. Gündəlik yenilənən dgtyb.org, bizimyazi.com saytlarımız, sosial şəbəkələr araçılığı ilə bizə edilən müraciətləri cavablandırmağa, istedadlara meydan verməyə çalışırıq.
İmzası müəyyən qədər tanınmış gənc və yeni nəsil yazarlarımızdan – bölgələrimizdə, Bakıdan qıraqda yaşayanlardan Elşən Əzim, Şahinə Könül, Namiq Zaman, Elməddin Nicat, İlham İsmixanoğlu, Zabil Təcnis, Xəyalə Sevil, Səbinə Dəniz, Emin Piri və başqalarının adını çəkə bilərəm. Ancaq çəkməli olduğum adların tam siyahısı bu deyil, indi yadıma düşməyənlər üzrlü saysınlar. Ədəbiyyatımızın gələcəyinə ümidlə baxmalıyıq – buna əsas verən imzalar, ciddi ədəbiyyatçılarımız, ömrünü sözə-sənətə adamış yazarlarımız var.
Nigar İSFƏNDİYARQIZI
/http://www.azadinform.az/news/a-28092.html