Ana səhifə YENİLİKLƏR Gənc alimdən Şeirsəl çağrı: “Sən də yer ver aşka”

Gənc alimdən Şeirsəl çağrı: “Sən də yer ver aşka”

Müəllif: Bizim Yazı
113 baxış

Kitabda Əhməd Şahidovun müxtəlif dövrlərdə qələmə aldığı şeirləri (və bir hekayəsi) yer alıb

Bu günlərdə “Qanun” nəşriyyatında gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovun ilk şeirlər kitabı işıq üzü görüb. Adətən elmi, publisistik və ictimai-siyasi mövzularda yazdığı məqalələri ilə tanınan Əhməd Şahidovun son illər poeziya sahəsindəki kövrək addımları marağa səbəb olmuşdur. Adətən məhəbbət, vətənpərvərlik və sosial mövzularda qələmə aldığı şeirlərilə tanınan gənc yazar sosial şəbəkələrdə və internet saytlarda kifayət qədər tanınır.
“Sən də yer ver aşka” kitabında müəllifin 100-ə yaxın şeiri və “Düşmənə ehtiram” adlı bir hekayəsi oxuculara təqdim olunub. Yeni uğuru münasibətilə müəllifi təbrik etmək və kitab barəsində təəssüratlarını öyrənmək məqsədilə Əhməd Şahidovla əlaqə saxladıq. Şeirlər kitabı haqqında böyük həvəslə danışan Əhməd bəy bu kitabda yer alan şeirlərin onun qəlbinin və ruhunun ən saf məhsulu olduğunu bildirdi: “Mən həmişə şairlərə həsəd aparmışam və şeir yazmaq bacarığının hər hansı təhsillə və ya elmlə əldə oluna bilməyəcəyinə inanmışam. Şairlər Allahın seçilmiş bəndələridir. Özümü şair hesab etməsəm də, bu yolda ilk zərif addımlarını atan bir insan kimi çox sevincliyəm. Son iki ildə həyatımda çox dəyişikliklər oldu, Vətəndən uzaqda qaldım, sanki içimdə duyğusal hisslər baş qaldırmağa başlayırdı, özüm-özümlə danışmağa çox vaxtım olurdu. Sanki içimdən oturub şeir yazmaq arzusu yaranmışdı. Bir gün, iki gün, axırda fikirlərimi, hisslərimi sətirlərə düzmək qərarına gəldim. Özüm qiymət verməkdə çətinlik çəkirəm, amma yaxınlarım, dostlarım, xüsusən də sosial şəbəkələrdə və şəxsi saytımda şeirlərimi oxuyan insanlar çox bəyəndiklərini deyirlər. Bu da məni sevindirir və yeni-yeni əsərlər yaratmağa sövq edir”.
Yaxın günlərdə ilk şeirlər kitabının təqdimatını keçirəcəyini bildirən Əhməd Şahidov təqdimat mərasiminə ədəbiyyat sahəsində imzası olan tanışlarını, dostlarını və tanınmış yazarları dəvət edəcəyini dedi: “İstərdim ki, mənim şeirlərimi tənqid edən, sağlam şəkildə, heç bir qərəz olmadan fikir söyləyən insanlar açıq şəkildə öz təəssüratlarını bölüşsünlər. Bu, gələcəkdə mənim daha sanballı əsərlər yaratmağıma yardımçı olardı”.
Qeyd edək ki, “Sən də yer ver aşka” müəllifin ilk şeirlər kitabıdır. İndiyə kimi Əhməd Şahidovun bir elmi monoqrafiyası kitab şəklində çap olunub. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə malik Əhməd Şahidov hal-hazırda Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında “Dövlət Hüququ” ixtisası üzrə təhsil alır.

Səbuhi ABBASOV

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.