Ana səhifə BAŞ YAZI Çarəsiz xəstəliyə tutulmuş şairin evindən REPORTAJ

Çarəsiz xəstəliyə tutulmuş şairin evindən REPORTAJ

Müəllif: Bizim Yazı
222 baxış

Şaiq Vəli ilə nəşriyyatın birinci mərtəbəsindəki məşhur kafedə tanış olmuşam. Hardasa 3 ilin söhbətidir. Murad Köhnəqala və Xanəmir ilə oturmuşduq. Görkəmindən kasıblığı, üzünün ifadəsindən çəkdiyi əzabları bəlli olan bir nəfər bizim masaya yaxınlaşdı. Murad da, Xanəmir də ayağa qalxıb mehribançılıqla onunla görüşdülər. Xanəmir bu qəribə görkəmli adamı mənə təqdim elədi: “Şaiq Vəlidir, özünəməxsus və maraqlı yaradıcılığı olan, gözəl şairdir.”

Əlini sıxanda hiss elədim ki, Şaiq bir şairə lazım olduğundan çox güclüdür. Oturduq, bir xeyli olub keçənlərdən danışdıq. Şaiq vəziyyətin ağırlığından, işsizlikdən şikayətləndi. Dediklərindən belə başa düşdüm ki, növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinə üz tutub və ordan da ümidsiz halda nəşriyyata yollanıb. Murad onun kefini açmaq üçün zarafat elədi, sonra isə pivə içməyi təklif elədi.
…O gün Şaiq Vəlinin üzündə gördüyüm o ümidsiz ifadə uzun müddət yadımdan çıxmadı… Sonra Xanəmir mənə Şaiqin yaşadığı faciələrdən danışdı. Saçları ağarmış şairin düşdüyü vəziyyət məni çox sarsıtdı.
Şeirləri ilə tanış olanda heyrətə gəldim. Bu qədər ümidsiz görkəmi olan şairin şeirlərində az da olsa ümidsizlik, inamsızlıq hiss olunmurdu.

Narazı və narahat şair

Keçən il Şaiq Vəli AYB-də övladları ilə keçirdiyi aksiya ilə yenidən gündəmə gəldi. İşsizlikdən, evsizlikdən bezib, AYB-də övladları ilə birlikdə aclığa başlamışdı. Bir neçə həftə qəzetlər, saytlar ondan danışdı, sonra yenə unuduldu. Yaradıcılıqla, ədəbiyyatla bağlı heç kəs ondan müsahibə almırdı.
Bu il AYB ev paylayanda Şaiq Vəli yenə qəzetlərdə görünməyə başladı. Bölgünün düzgün aparılmamağına etiraz edirdi. Bəzilərinə ədalətsiz olaraq ev verilməsindən narazı idi. O ərəfədə mən də zəng elədim, məsələlərə münasibətini öyrəndim. Danışırdı, amma səsində qətiyyət yox idi. Narazı və narahat olmasına rəğmən etirazında qətiyyət yox idi. Çünki bəzi dostları belə onun etirazını yaxşı qarşılamamışdı.

Sağalmaz xəstəlik…

Bu məsələdən qısa müddət sonra Murad Köhnəqala dedi ki, Şaiq Vəli xəstələnib. Murad yanına gedib gəldi. Şaiqin bir problemi vardı, birlikdə o məsələni qəzetdə işıqlandırdıq. Ustad söz verdi ki, səni bu günlərdə aparacağam Sumqayıta, Şaiqdən müsahibə alarsan. Amma nədənsə yadımızdan çıxdı Sumqayıta getmək…

Bu günlərdə eşitdim ki, Şaiq Vəlinin vəziyyəti ağırdır. Qan Turalı təklif elədi ki, gedim görüşüm, söhbətləşim şairlə. Ancaq nədənsə ümidsiz, sağalmaz xəstələrin yanına getməyə çəkinirəm. Çox dayana bilmirəm xəstə yanında. Amma razılaşdım. Sonra Murad Köhnəqala danışdı ki, Şaiqin vəziyyəti çox ağırdır. Azərbaycanda müalicəsini səhv aparıblar, uzun müddət vərəmdən müalicə ediblər. İranda isə məlum olub ki, ciyərində şiş var.
Başa düşdüm ki, getməyim vacibdir.

Oktay Hacımusalı ilə Sumqayıta, Şaiq Vəlinin yaxın dostu İbrahim İlyaslının yanına üz tutduq. İşlərinin çoxluğuna baxmayaraq İbrahim dostunun avtomobili ilə bizi Şaiq Vəlinin bacısının evinə apardı. Yolda da şərt kəsdi: “Çox oturmayaq. Danışmaqda çətinlik çəkir. Görüşək, 10-15 dəqiqə oturaq qalxaq”.

“İranda kömək eləmədilər…”

…Otağın baş tərəfində çarpayıda uzanıb, gözlərini tavana zilləmişdi biz içəri daxil olanda. Salamlaşdıq, əlini sıxdıq. İbrahim bizi təqdim eləsə də, xəstə şair bizi tanımadı. Amma gəlişimizdən xeyli sevindiyi gözlərindən hiss olunurdu. Kefini soruşduq, güclə verdiyi cavabdan heç nə başa düşə bilmədik. Səsi zəif, danışdıqları anlaşılmaz idi. İbrahim sevimli dostunun nə demək istədiyini izah elədi. Şair səhhətindən şikayətlənirdi.
Sakitcə bir tərəfdə əyləşirik. Şair uyuşmuş əllərini güclə hərəkət etdirir. Çox astadan və giley dolu səsi açılır. Nitqini az da olsa anlayırıq.
“Qollarım yaman uyuşur. Ayaqlarım da keyiyir. İranda mənə heç bir kömək eləmədilər. Ora gedib gələndən sonra pisləşdik.”

Biz isə yerbəyerdən ümid veririk. Ən çoxda İbrahim dostunu ümidsizlikdən çıxarmağa çalışır. Oktaya baxıram. Divanda büzüşüb, gözünü bizdən gizlətməyə çalışır. Doluxsunduğunu hiss edirəm. Ancaq tez özünü ələ alır. O da ümidverici sözlər deyir xəstə şairə. Sonra fotolarını çəkirik xəstə çarpayısında… Foto çəkməyimiz xeyli kefini açır. Üzündən razılığı hiss olunur.

Güclə, anlaşılmaz şeylər danışır.

Daha çox Şərif Ağayarı xatırlayır, onun adını çəkir. Deyir ki, Şərifə şeir yazmışam, heyif ki yadımdan çıxıb. Yenə susuruq. Yalançı ümid verməkdən də çəkinirik. İbrahim dostunun gəncliyindən, Şaiq Vəlinin dəliqanlı vaxtlarından danışır.
“Şaiq fiziki cəhətdən çox güclü və qoçaq idi. Rusiyanın şəhərlərindən birində sərnişin gəmilərindən birini sürdürüb çayın ortasına. Gəmi də isə cəmi üç nəfər olub, Şaiq, sevgilisi və gəminin kapitanı. Heç kəs sözünü çevirə bilmirdi”.
Gözlərindən hiss olunur ki, şair də o günləri xatırlayır, içini çəkməsindən isə hiss olunur, hətta o xatirələrin nisgilini yaşayır. Bacısı bizə çay süzüb gətirir, İbrahimə, bizə təşəkkür edir. Öyrənirik şairin övladları uşaq evindədir.

Biganəlik…

İbrahim deyir, bir gün öncə də gənc yazarlardan Feyziyyə və başqaları gəlmişdi. Deyir ki, Feyziyyə hətta Şaiqi güldürüb şəklini də çəkirdi: ”Yanına qələm adamları gələndə çox sevinir. Tanıdı, tanımadı biləndə ki, yanına gələn yazı adamıdır, ümidi artır”.

Çayımızı içib, qalxırıq. Bütün ümidlərini itirmiş, gözləri çuxura düşmüş, sağalmaz xəstəliklə çarpışan şairin zəifləmiş əllərini sıxıram. Hiss edirəm ki, daha Şaiq Vəli bir şairə lazım olandan artıq güclü deyil…
Gəlişimizdən məmnun görünsə də, danışa, qalxıb otura bilməməyindən narahatdır. Güclə əlini qaldırıb arxamızca əl eləyir.

Qapıdan çıxıb bacısını söhbətə tuturuq. Gəlib gedənlərdən, şairin tələbə yoldaşlarından razılıq edir: “Yaxşı ki, dostları onu tək qoymur. Hamısından çox razıyam. İrandan gələndən sonra çox ümidsizləşib, sağalacağına inanmır. Dost-tanış gələndə sevinir. Xəstəliyinin nə olduğunu bilməsə də ümidsizdir. Yemək yemir. Yemədikcə də zəifləyir.”

Səsi titrəyir bacısının. İbrahim işarə edir ki, çox söhbətə tutmayaq. Sağollaşıb ayrılırıq.

Bir siqaret yandırıb, tüstünü ciyərlərimə çəkirəm. Nədənsə mənə elə gəlir ki, Şaiq Vəlini bu hala salan özünə qarşı biganəliyi, öldürən isə bizlərin biganəliyi, laqeydliyimizdir…

Murad Köhnəqala düz deyirmiş, “Şaiqi öldürürük”…

Cəlil CAVANŞİR/kulis.lent.az

You may also like

1 şərh

Rana Abdullazade 2013-02-04 - 15:55

Sağken gedrini degerini bilsinler.Öldükten sonra gerek degil.Başı müsibetler çekmiş Azerbaycanlı istedadlı şairi indi yada salmayanlar ölenden sonrada yada salmasınlar.Diri diri öldürdüler insanı indiki mevcud hakimiyyet.Çok üzücü ve etkiliyici bir tablo.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.