Ana səhifə YAZILAR Anar Amin Burru Dərədə “Axır ki, tapdım” dedi…

Anar Amin Burru Dərədə “Axır ki, tapdım” dedi…

Müəllif: Bizim Yazı
110 baxış

Quranla səsləşən şeirlər

Elə hisslər var ki, onları sözlə ifadə edə bilməyəndə əzab çəkirik.

Çox vaxt da əsəbiləşib hirslə, hikkəylə belə deyirik: “Məni anlayırsan?”
O an qarşı tərəf bizlə, biz də qarşı tərəflə hiss diliylə danışırıq.
Necə deyərlər, bir-birimizi hiss edirik.
Qarşı tərəf: Səni anlayıram – deyəndən sonra xatircəm olub rahatlanırıq.
Qarşı tərəfin bizi başa düşdüyünü hiss etsək də and içməyini istəyirik.
Görəsən niyə?

Sual da məndədi, cavab da məndə,
Xocalı ən böyük dərddimi?
Dərddi!
Tərsinə çəkilən düşmən silləsi,
Dəli tüfanlardan sərtdimi?
Sərtdi!

Belə zülüm olar, belə də dərd olar ?.. Hiss haqqında yazı yazırdım yenə bu bənd…
Hər dəfə nəsə yazanda sual yerində durğu işarəsi qoydumsa bu bənd suluq saqqız kimi dodaqlarıma yapışıb dilimin ucundan əl çəkmir ki, çəkmir.
Beynimin giri-giri fırlanıb mənə sitəm edir.
Yazmaq həvəsim öləziyir, yazım yarımçıq qalır, nə illah edirəm, yaza bilmirəm.
Yaddaşımı itirəndə çox şeirlər yadımdan çıxdı, ancaq bu bənd çıxmadı ki, çıxmadı.
Deyəsən, heç çıxmaq fikri də yoxdu.
Burda nəsə bir hikmət var.
Bu dörd misranın zülmündən yazı yazanda durğu işarələrini qoymuram.
Öz yazılarım bir yana, son vaxtlar hansı yazıda, hansı kitabda, harda sual işarəsi görürəmsə yadıma bu bənd düşür.
O yandan yaddaşımı itirməyin ağrısı, bu yandan da əzbər bildiyim bu bəndin müəllifini xatırlaya bilməməyin acısı mənə mənən əzab verir. Ona görə bu yazını da o biri yazılar kimi yarımçıq saxlayıb gedirəm, möhtərəm oxucu…

***
…Gəldim möhtərəm oxucu:
O yanvarın biri, bu da iyirimi biri…
Bu iyirimi gün ərzində Xəlil Rza Ulutürkdən, Bəhmən Vətənoğlundan, Məmməd Arazdan, Qənbər Şəmşiroğlundan, Abbasağa Azərtürkdən, Musa Yaqubdan, Məmməd İsmayıldan, Ənvər Rzadan, Məmməd Aslandan, Əhməd İspərdən, Sərraf Şiruyədən, Şücayətdən, Böyüş Yaquboğlundan, Vaqif Aslandan, Barat Vüsaldan, Gülbala Teymurdan, Ədalət Salmandan, Əjdər Oldan, Qəşəm Nəcəfzadədən, Saday Şəkərlidən, Zakir Sadatlıdan, Əlizadə Nuridən, Sabir Yusifoğlundan, Əlirza Həsrətdən, Faiq Balabəylidən, Rəsul Hənifəoğlu Ramindən, Əkbər Qoşalıdan, Elşən Əzimdən, Şərif Ağayardan, Ələmdar Cabbarlıdan, İlham İsimxanoğlundan, Faiq Hüseynbəylidən, Elşad Ərşadoğlundan, Qismət Əfəndidən, Elvin Bakiroğlundan bu minvalla adlarını çəkdiyim və çəkmədiyim şairlərdən 65-ə yaxın şeir kitabı oxudum.
Sonuncu oxuduğum kitab onun “Mən bir dəli dağ çayıyam…” adlı şeirlər kitabıydı.
Kitabın 246-cı səhifəsində yer alan “O qızın göz yaşları” adlı poeması hər dəfə sual işarəsi görəndə yadıma düşən o bəndlə başlayırmış.
“Axtaran tapar” deyib atalar axtara-axtara axır ki, tapdım.
İnsan sualı hiss etməsə cavabı tapa bilməz.
Nə yaxşı ki, Həzrəti Nuhu tufanda sudan qurtaran uca və mehriban Allah hissi ürəyimizdə bərqərar edib, yoxsa ürəyimiz partlayardı.
Hiss də gözə görünmür, Allah da. Bəlkə, Allahın bir adı da hissdi.
Kim bilir bəlkə çölümüzdə axtardığımız Allah bizim içimizdədi, bəlkə elə buna görə hissimizdə yanılmırıq. Bəlkə də…
Allahdan aşağıda, bəndədən yuxarıda dayanan söz hissin qarşısında acizdirsə, deməli, hiss dediyimiz gözə görünməyən o müqəddəs varlıq Allahın özüdü.
Bəlkə də yaradıcı adam üçün hissi sözə çevirmək qədər sevincli, çevirə bilməmək qədər kədərli heç nə yoxdur dünyada.

Dillə deyə bilmədiyin bir sözü
Qaşla demək, gözlə demək çətindi.
Dağ yarmağa, daş çapmağa nə var ki,
Hiss var, onu sözlə demək çətindi.

Onun “ Əsir söz ” adlı şeirindən olan bu bənd mənə Quran ayətlərinin ən böyüyü, ən üstünü “Ayətəl-Kürsü” ayəsini xatırlatdı.
Mollalıq etmək fikrim yoxdur, möhtərəm oxucu! Sadəcə, “Ayətəl-Kürsü” haqqında eşitdiklərimi və oxuduqlarımı səninlə bölüşmək istəyiriəm, vəssalam.
Həzrəti-Mühəmməd (ə.s.) Merac gecəsində “lövhi-məhfuz”a baxarkən ayrı-ayrılıqda üç nur gördüyünü bəyan edir.

– Ya Rəbb, bu üç nur nədir?
Cənabi-həqq buyurur:
– Onlar “Ayətəl-Kürsi”, “Yasin” və “İxlas” (qülhüvəllah) sürələrinin yerləridir.
Həzrət buyurdu:
– Ya Rəbb, “Ayətəl-Kürsü”nün savabı nədir?
Allah buyurur:
– O mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mütləq məni görəcəkdir.

Həzrəti-Əlinin (ə.s) rəvayətidir: Həzrəti-Muhəmməd (ə.s) buyurmuşdur ki, Allah-təala Kürsünü incidən yaratmışdır. Kürsünün böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz.
Bu böyük kürsünün yanında göylər və yerlər səhranın ortasında kiçik bir halqa kimidir.
Hədisi-şərifdə deyilir ki, günəşin nuru Kürsünün nurunun yetmiş cüzündən bir cüzdür.
Kürsünün nuru Ərşin nurunun yetmiş cüzündən bir cüzdür.
Ərşi çiyinlərində saxlayan mələklər ilə Kürsünü çiyinlərində saxlayan mələklər arasında yüz qırx pərdə vardır. Bu pərdələrin yetmişi nurdan-işıqdan, yetmişi də zülmətdən-qaranlıqdan ibarətdir.
Hər pərdənin arası beş yüz illik məsafədir. Əgər bu pərdələr olmasaydı, Kürsünü saxlayan mələklər Ərşin nurundan yanardı. Yeddi qat Göy, yeddi qat Yer, Ərşin yanında qeybə çəkilir.
Kəbə Allahın evi, Ərşi-əla Allah-təalanın sarayıdır. Allah əmri Ərşi-əladan verir.
Allah-təalanın əmiri Kürsünün üzərinə endiyi vaxt mərmərin üstünə düşən ağır qızıl zəncirin çıxardığı səs kimi səs gələr.
Kürsünü saxlayan mələklər Allahın əzəmətindən və bu səsin şiddətindən özlərindən gedərlər, ayıldıqları zaman Ərşdəki mələklərdən soruşarlar: “Rəbbiniz nə əmr buyurdu?”.
Onlar cavab verərlər: “Haqqı və doğrunu əmr buyurdu”.
Allah-təalanın əmri Ərşi-Əladan-Kürsüyə, Kürsüdən Sidrətül-Müntəhaya, Sidrətül-Müntəhayadan göyün yeddinci qatına, ordan da dünyaya gəlir.
Əgər Allahın əmri yeddi qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi, Allah-təalanın əmrinin, sözünün əzəmətinin şiddətindən Yer üzü yanıb məhv olardı.

Elə söz var dilnən demək çətindi,
Dilə gəlsə ağızları yandırar.
Yazan olsa külə dönər varaqlar,
Qələmləri, kağızları yandırar.

Sözlə ifadə edilən, edilməyən, sözə çevrilən, çevrilməyən hisslər var.
Sözün həqiqi mənasında sözə çevrilməyən hisslər sözə çevrilərsə dilləri, ağızları, qələmləri, kağızları yandırar. “Ayətəl-Kürsü” ayəsini və onun “Əsir söz” adlı şeirini dönə-dönə oxuyub təhlil edəndən sonra bu qənaətə gəldim ki, sözə çevrilməyən hissləri sözə çevirmək şairə yox, Allaha məxsusmuş.
Başa düşdüm ki, “Yazmaq olmur, əzizim” adlı şeirində o nə demək istəyirmiş.

Dağ nə çəkir, çəndən yaxşı bilirəm,
Torpaq nədir, dəndən yaxşı bilirəm.
Sən biləni səndən yaxşı bilirəm,
Yazmaq olmur, yazmaq olmur, əzizim.

Başa düşdüm ki, “ İtki-etiraf ” adlı şeirində o nəyi etiraf edirmiş.

İtirdim ən şirin arzularımın,
Kölgədə birini, gündə birini.
Köçürə bilmədim ağ varağlara
Qəlbimdən keçənin mində birini.

Mən indi başa düşürəm ki, niyə Sayaqlayan dağ keçisi kababından yeyib, itburnu arağından içəndən sonra sədəfli sazını bağrına basıb onun “Mənim” adlı qoşmasının “Zarıncı” havası üstə zarıya-zarıya oxuyurmuş.

Əl açıb göylərə çox yalvarmışam
Qoy bu gün saz olsun Allahım mənim.
İstəyim Tanrının xətrinə dəysə,
Gərək bağışlana günahım mənim…

Mən indi başa düşürəm ki, niyə Sayaqlayan “Allah Zəlimxan Yaqubu sağaldıb yaşatmalıdı, çünki onun şeirləri Zəburun, Tövratın, İncilin, Quranın Allahın müqəddəs kitablarının surələriylə, ayələriylə səsləşir” deyib hönkürə-hönkürə ağlayırmış.
Mən indi başa düşürəm ki, niyə Sayaqlayan ayıq başına yumruğunu yazı masasının üstünə vura-vura “iyirminci əsr Azərbaycan ədəbiyyatında Zəlimxan Yaqubdan böyük şair yoxdur, yoxdur, yoxdur” deyib hayqırırmış.
Mən indi başa düşürəm, mən indi başa düşürəm, başa düşdüyüm üçün də əzab çəkirəm.
Allah bu əzabı mənə çox görməsin. AMİN !!!

Bakı-Adnalı, Burru Dərə, 2014.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.