Ana səhifə YAZILAR “Adamı qaçdığı yerdə yaxalayan şeirlər…”

“Adamı qaçdığı yerdə yaxalayan şeirlər…”

Müəllif: Bizim Yazı
83 baxış

Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”… Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var… Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”. Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil.
Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür… Sual mürəkkəbdir…Sual bəsitdir…
Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır. Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur. “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var.
Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə güzgü kimi baxır-Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!”
Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi…Bəlkə də, bilir?!
Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”. “Bu şeir məni çəkib apardı…” dediyimiz məqamın elmi izahıdır…
Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”. Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər!
Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub…
“Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova. “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya. Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?!
Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da… İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər, Qorxaqlar sevilir”?!
…Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”. Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə…” Sonra da Qulu Ağsəsin idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə…
Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə, təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlin Məni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük.
“Meşə görməmişdim belə arxayın, Mən belə narahat dağ görməmişdim…” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə…
“Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz…” Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə müəllifinin kim olduğundan danışır.
Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir”. Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox, axtarmayacağam… Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?!
“Neçə kərə söz göndərdin, ərindim, yazammadım…”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə… Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik.
Tanrının yanında ömür rəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş şey göndər, Doldurub geri qaytarım…”
Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu. “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:

(Bir gün)
Yaddaşlar üzlənəcək,
Dostlar varaqlanacaq.
Baxışlar sıyrılacaq
Körpü cığırlar üstdən!

“Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət.
Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur?

 

Şəfa Vəli (2024)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.