Ana səhifə KateqoriyasızƏDƏBİYYAT Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib

Müəllif: Bizim Yazı
267 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə 14-15 iyul 2023-cü il tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilib. Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Mehmandarovların Malikanə Kompleksində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifə həsr edilmiş “Özü vəzir, sözü şah” kitabının təqdimatı baş tutub. Fondun bu layihəsi 2023-cü ilin Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması, eləcə də Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliğ edilməsi məqsədini daşıyır. Layihənin ideya və ön sözünün müəllifi Fondun prezidenti Günay Əfəndiyevadır.

Təqdimat mərasimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi, nəşrin tərtibçisi və redaktoru, şair Fərid Hüseynin giriş sözü ilə açılıb. O, layihə ilə bağlı məlumat verərək bildirib ki, kitabda Ulu Öndər Heydər Əliyevin 14 yanvar 1982-ci ildə Vaqif məqbərəsi önündəki çıxışı və görkəmli şair haqqında söylediyi fikirləri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2021-ci ildə Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin açılışındakı çıxışı əksini tapıb.

“Molla Pənah Vaqifə həsr olunan şeirlər və nəzirələr onun öz dövrü və sonrakı zamanlar ərzində daim diqqət mərkəzində olan bir şair olduğunu sübut edir. Bu kitabda yer alan nəzm və nəsr əsərlərindən aydın görünür ki, Vaqif obrazı həm ədəbiyyat, həm də incəsənətin daim müraciət edilən mövzularından olub”, – deyə Fərid Hüseyn vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Şurasının sədri, yazıçı, jurnalist Rəşad Məcid tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özü vəzir, sözü şah” kitabının Vaqif Poeziya Günlərinə önəmli töhfə olduğunu bildirib. Rəşad Məcid Türk Dünyasının böyük mütəfəkkirlərinin, şair və yazıçılarının yaradıcı irsinin tədqiqinin və qorunmasının əhəmiyyətinə toxunaraq, Fond tərəfindən bu istiqamətdə aparılan işləri yüksək dəyərləndirib. O, təşkilatın yeni nəşrinin Molla Pənah Vaqifin daha dərindən öyrənilməsində əsas mənbə rolunu oynayacağına inandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Fondun Qırğızıstan nümayəndəsi Nazgül Omurzakova Şuşanın “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində şəhərin tarixi və mədəni irsinin tanıdılması məqsədilə təşkilatın müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdən bəhs edib. O, Fond tərəfindən Türk Dünyası şəhərlərində “Şuşa Günləri”nin təşkilinin eyni zamanda türk xalqları arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsinə yönəldiyini bildirib. Nazgül Omurzakova təşkilatın Şuşanın musiqisinin, sənətinin, poeziyasının təbliği üzrə genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Fond tərəfindən böyük şair Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş yeni kitab nəşrinin Türk xalqlarının, o cümlədən Şuşanın yetişdirdiyi dahi şəxsiyyətlərin irsinin tanıdılması istiqamətindəki layihələrinin davamı olduğunu diqqətə çatdırıb.

Qeyd edilməlidir ki, “Özü vəzir, sözü şah” kitabında Molla Pənah Vaqifə həsr olunmuş Azərbaycan və əcnəbi şairlərin şeirləri, onun əsərlərinə yazılan nəzirələr, ədibin həyat və yaradıcılığı barədə Azərbaycan və dünya qələm adamlarının fikirləri toplanıb. Həmçinin nəşrdə “Vaqif” dastanı, eləcə də Səməd Vurğunun eyniadlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi yer alır. Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, eyni zamanda, müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.

Tədbirdə Azərbaycanın tanınmış şair və yazıçıları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.