Ana səhifə SÖYLƏŞİLƏR Ədəbiyyat dünyasına şeirin və sözün beşiyi olan Qazaxdan gələn xanıməfəndi

Ədəbiyyat dünyasına şeirin və sözün beşiyi olan Qazaxdan gələn xanıməfəndi

Müəllif: Bizim Yazı
150 baxış

“Kitab Evi” İctimai Birliyinin sədri Salatın Əhmədli: “ Anam sinədəftər idi və o əzbərdən bir neçə kitablıq dastan danışa, deyişmə, bayatı, tapmaca, ağı deyə bilərdi. ”

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru olan xeyriyyəçi bir xanım var – Salatın Əhmədli. Ədəbiyyat dünyasına şeirin və sözün beşiyi olan Qazaxdan gəlib. İki oğul və altı nəvə yetişdirən bu xanım Bakı Metropoliteninin rəisi, əməkdar mühəndis Tağı Əhmədovun ömür-gün yoldaşıdır. O Tağı Əhmədovun ki, o da şeirlər yazır, Tağı Sadiq imzasıyla…
Hazırda alim-tədqiqatçı Salatın Əhmədli Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. Eyni zamanda “Kitab Evi” İctimai Birliyinin sədridir. Onunla söhbəti təqdim edirik:

Xatirələr qucağında

– Xatirələr məni çox uzaqlara aparır. Mən çox gözlənilən bir övlad olmuşam. Anamın məndən qabaq doğulan bir uşağından başqa, qalan uşaqları dünyasını körpə ikən dəyişib. Amma məndən böyük bir qardaşım da var idi. Məni onun qızı da hesab edirdilər. Mən otağıma çəkilib ancaq dərslərimlə məşğul olurdum, ev işlərinə qarışmırdım. Bir də uşaqlığımı xatırlayanda böyük, sarı rəngli radiomuz yadıma düşür. O, mənim ən yaxın həmdəmim idi. Radionun üstü val oxutmaq üçün idi. O vaxtın vəziyyətini xatırlasanız, görərsiniz ki, hər evdə iki, ya üç val olardı. Bizdə də Zeynəb Xanlarovanın, İslam Rzayevin və aşıq havalarından yığma bir val var idi. Aşıqların yığması anamın, o biri iki val isə mənim idi. Məktəbdə oxuduğum on il ərzində hər zaman Zeynəb xanımın musiqilərini dinləmişəm və mahnılarının sədaları altında dərslərimi hazırlamışam. Musiqi mənə həyətdən gələn səsin qarşısını almaq üçün də bir dəstək idi.

Mənim tarix və coğrafiya fənlərinə marağım çox olub. Coğrafiya müəllimim rəhmətlik Səməd müəllim çox savadlı idi və xəritəni də əzbər bilirdi. Xəritəyə baxmadan istədiyi yeri göstərirdi. Məktəbi bitirənə kimi bir “3”üm də yox idi. Amma bir dəfə xəritədə Çud gölünü göstərə bilmədim. Müəllim də mənə “2” yazdı. Orta məktəbdə aldığım ən aşağı qiymət o olub. Bunlar da xatirələrdi…, tez-tez yada düşür.

Xatirələrimə baxsam…. bəzi anları xatırlasam…. anam üçün yaxşı övlad olduğumu görə bilərəm. Amma iki məqama görə özümü bağışlaya bilmirəm. Anamın sevdiyi və daim dinlədiyi aşıqların valını bilə-bilə cızmışdım. Anamın həm də gözəl səsi var idi və val fırlandıqca, aşıqlarla birlikdə oxuyurdu. O valı cızdığım üçün peşmanam. İstəyirdim ki, anam aşıqların valını oxutdura bilməsin, əvəzində Zeynəb Xanlarovanın valını oxutdum. Bir də düşünürəm ki, niyə anamın yanında daha çox olmamışam. Ana dünyasını dəyişən kimi adamda peşmançılıqla yanaşı,  ürəyində bir boşluq, nisgil yaranır. Bəzi övladlar var ki, valideynini incidir. Bir də mənə belə bir məqam çatmırdı ki, valideyni dünyasını dəyişən kimi onun şəklini böyüdüb, çərçivəyə salaraq divardan asırlar. Elə bilirdim ki, onlar ikiüzlülük edir, amma mən də anamın şəklini o, dünyasını dəyişdiyi günün səhəri böyütdürüb divardan asdım.

Ana və onun dünyası

– Anam sinədəftər idi və o əzbərdən bir neçə kitablıq dastan danışa, deyişmə, bayatı, tapmaca, ağı deyə bilərdi. Hər cümləsində mütləq nəsihətamiz bir söz, atalar misalı deyirdi. O, gözünü açandan aşıqların saz götürüb dastan deməsini, deyişmələrini görüb. Dağ adamı ilə aran adamı arasına fərqlər var. Dağ adamı bir az daha ötkəm və bilikli, bacarıqlı olur. Bu bəlkə də dağ havasından, suyundan, qidasından ola bilər. Anam da dağda böyümüş adam idi.

Anamın söylədiklərini qələmə aldım və onu “Hər kim yüz il unutmasa…” adı altında kitab kimi nəşr etdirdim. Bu kitabda anamın yaddaşında qalan nağıllar, tapmacalar, bayatılar, atalar sözləri, müdrik deyimlər, dualar, alqışlar, inanclar, baməzə sözlər və s. öz əksini tapıb. Mən onun dediklərinin hamısını toplasaydım bir yox, üç kitab olardı…
Ədəbiyyata və yaradıcılığa meylim yəqin ki, anamdan gəlir.

Anamla xalq artisti, rəqs şahzadəsi, rəhmətlik Əminə Dilbazi telefonla gündə bir saata yaxın danışırdılar. Anam birnəfəsə Əminə xanıma şeirlər, bayatılar söyləyirdi, sözünün sonunda isə deyirdi: “Əminə, indi də sən de”. Əminə xanımın telefonda gülüş səsləri gəlirdi: “Yox, bacı, o mənlik deyil. Mənimki rəqsdir, nə qədər desən oynaram, şeir, bayatı demək mənim işim deyil”.

Anamın 100 yaşı olanda televiziyaya çəkirdilər. İnana bilmədilər ki, bu yaşda birnəfəsə bu qədər şeir, bayatı, atalar sözü demək olar, hekayətlər danışa bilər. Qardaşımla bir-birinə çox bağlı idilər. Onlar 70 il bir yerdə yaşayıblar. 2 il ayrı qalıblar, oğul kənddə, ana şəhərdə. Bu iki ilin ayrılığı onları bir-birinə həsrət qoydu.
Qəribə səslənsə də, onların ayrılığına ölüm son qoydu. Biri-birindən xəbərsiz, araları 2 aydan bir az çox çəkməklə bu dünyadan köçdülər. Ana həmişə deyirdi: “Allahım, məni oğlumdan qabaq öldür, mənə yenidən övlad dağı göstərmə”. Oğlu deyirdi: “Anama bir şey olsa, özümü öldürərəm”. Bu 70 ilin məhəbbəti idi. Bu dünyada ayrılsalar da o dünyada birləşdilər. Mən anamla qardaşımın bu ülvi, ilahi eşqi haqqında düşüncələrimi “Günahmı?…Savabmı?..” hekayəmdə qələmə almışam.

Bir qəribə məqamı da sizinlə bölüşmək istəyirəm. Anam dünyasını dəyişəndə mən yanında oturmuşdum və anamın can verməsini dinmədən müşahidə edirdim. Gördüm ki, anam boğazından yapışıb nəyisə kənarlaşdırmaq istəyir. Sanki kimsə onun boğazından yapışmışdı. Mən dini fanatik deyiləm, amma o zaman buna inanmağa başladım. Çünki can verən anamın yanında olub həmin anları görmüşəm. Bir az özünə gələn kimi deyirdi ki, bax hamısı oturub orda. Dünyasını dəyişən insanların adlarını çəkirdi. Demək, anam Əzraillə çarpışırmış….. Bu gördüklərim məni belə qənaətə gətirib çıxartdı ki, hardasa o dünya deyilən bir məfhum var, bizim gözlə görə, əllə toxuna bilmədiyimiz canlılar, mələklər var. Əzrail deyilən, can alan, nəfəs kəsən bir varlıq var. Anam can verən zaman gözləri tavana tərəf idi, tez-tez sağa-sola baxırdı. Əllərini boğazına apararaq sanki boğazına qonmuş mələyi – Əzrail qovmaq istəyirdi. Sağa baxırdısa sağ əlinin, sola baxırdısa sol əlinin arxası ilə kimisə, nəyisə özündən kənarlaşdırmaq istəyirdi. Bütün bu hadisələr mənim gözümün qarşısında baş verdi. Və mən başa düşdüm ki, bizim bilmədiyimiz qaranlıq şeylər çoxdur. İnsanın quruluşu qədər, təfəkkürü də çox mürəkkəbdir. Biz qəbir evinə qədər öyrənsək də, bilmədiyimiz daha çoxdur. Bir filosof demişdir ki, çox oxudum, öyrəndim, axırda gördüm ki, heç nə bilmirəm”.

Tələbəlik illəri

– Mənim ən böyük arzum Azərbaycan Dövlət Universitetinə daxil olmaq idi. Sənədlərimi tarix fakültəsinə verdim. 25 qəbul yeri var idi. İmtahanlardan «yaxşı» qiymət aldım. Çox təəssüf edirəm ki, o zaman xarici dilə barmaqarası baxıldığından dördüncü imtahan olan alman dilindən mənə mexaniki “üç” yazdılar. Ədəbiyyatdan şifahi isə “5” deyib “4”» yazdılar. Və “konkursa” düşdüm – müsabiqədən keçə bilmədim. O vaxtın qaydalarına görə, əgər iki abituriyent eyni bal toplayıbsa, birinin 6 ay iş stajı olarsa və yaxud hərbi xidmətdən qayıdıbsa, ona üstünlük verilirdi. Və mənim yerim hərbi xidmətdən qayıtmış bir oğlana verildi. Mən bir az prinsipialam. Özümə söz verdim ki, neçə il kəsilsəm də, ancaq orada oxumalıyam, ikinci il universitetə qəbul oldum.

Üçüncü kursda oxuyarkən Tağı müəllimlə tanış oldum. O, təhsilimi davam etdirməyimə və işləməyimə mane olmadı. Əksinə, hər zaman kömək etməyə çalışdı. Çox yaxşı bir insan və dost oldu mənə. Tağı müəllim kitabları oxuyub mənim üçün məzmununu danışırdı. Hərdən referatlarımı yazmaqda kömək edirdi. Dəstək olmağa çalışırdı. Əlindən nə kömək gəlirdisə, onu edirdi. Universiteti bitirdikdən sonra işlədim və o, işləməyimə qarşı çıxmadı. O gündən bu günə kimi işləyirəm. Həyat yoldaşım hər zaman məni öz işlərimlə sərbəst buraxıb. İndi də yaradıcılığıma mane olmur, maddi və mənəvi köməyini əsirgəmir.

Sevgi üzərində qurulan ailə

– Biz bir-bizimizi görüb istəmişik və mən tələbə olanda ailə qurmuşuq. Dostlar, tanışlar bizim məhəbbətimizdən indi də danışırlar. Mən həm işləyirdim, həm də oxuyurdum. Keşlədə toxuculuq fabrikində işləyirdim. O vaxtın təhsil qaydalarına görə, tələbələr axırıncı kursun 4 ayını təcrübə keçməli idilər. Günlərin birində mən işləyən sexin qapısı açıldı, içəri hündürboy, bir az da zəhmli görkəmi olan bir oğlan daxil oldu. Mən də “Arşın mal alan” filmindəki Asya kimi dedim: “Adam aşiq olanda da, beləsinə aşiq olar”. Bir həftə sonra hiss etdim ki, mənə münasibəti başqa cürdür. Şeirlər yazıb mənə verirdi və sevgisini şeirlərində etiraf edirdi. Tağı müəllim 1965-ci ildən şeirlər yazır… nədənsə kitab çıxarmaq istəmir. Bəlkə də nə vaxtsa çıxardar… Mən məktəb vaxtından bir az romantik olmuşam. Həmişə də hündürboylu bir oğlanla ailə quracağımı düşünürdüm… İndi də çoxları deyir ki, Tağı müəllim səni çox istəyir və hörmətini saxlayır… Bundan böyük xoşbəxtlik ola bilərmi? Bəzən olur ki, Tağı müəllim gecə durub bir şeir yazır. Çoxları deyir ki, yəqin sənə yazır. Bu şeirlər mənə aid olmasa da, onun şair təxəyyülünün məhsuludur.

Tağı Əhmədov çox mülayim və mehriban insandır

– Bəzən eşidirəm ki, deyirlər o, çox kobuddur, əsəbidir və sair. Amma əslində elə deyil və onun ürəyi çox yumşaqdır. O, uşaqlıqdan elədi və elə də böyüyüb. Tağı müəllim insanları çox sevir. Elə bir aparat icad edib insan ürəyini öyrənə bilsəydilər, görərdilər ki, adamların çoxu göründüyü kimi deyil. İstər yaxşı, istərsə də pis mənada. Tağı müəllim də bəzilərinin dediyi kimi kobud yox, incə həssas və saf  qəlblidir. Mən deyirəm ki, Tağı müəllimin 20 uşağı olsaydı belə, eyni sevgini hər birinə verərdi. İndi də harda uşaq görsə, əyilib üzündən öpər. Deyirlər ki, o uşağın burnu axır, onu necə öpürsən ? Deyir ki, nə olsun ki, o da şirindi. Onda kin-küdurət, paxıllıq, həsəd yoxdur. Bəzən kimsə gəlib başqası haqqında pis nəsə danışır. Hər zaman deyirəm o insana qulaq assan da, inanma və işin əslini öyrənməyə çalış, ara vurmağının səbəbini öyrən. Belə müzakirələrimiz çox olur. Onun işi çox ağırdır. Çiyinlərinə çox ağır bir yük götürüb. Heç onun işinə aid olmayan insanlar da kömək üçün ona müraciət edir. Mən də deyirəm çalış, bacardıqca kömək elə”.

Dağların başı çənli də olar, çənsiz də,
Çalış, hər işdə görün, sənli də olar, sənsiz də.

Hər şey bu dünyada qalacaq, özümüzlə heç nə aparmayacağıq. Nə iş görürüksə millətimiz üçün edirik. İnsanların xeyir işlərində də hüzrlərində də kömək etməyə çalışırıq. Kimsə bilmir ki, o, hətta gecələr də işləyir. Telefonları söndürmür. Gecələr də metro ilə əlaqə saxlayır. Bir devizi var: Əgər metro gecə-gündüz işləyirsə, deməli mən də işləməliyəm. Onunla bərabər mən də “işləyirəm”. Arada mən onun əsəblərini sığallamaq üçün zarafat edirəm. Sakitləşdirməyə çalışıram. Nəvələrimizin məzəli sözlərini danışıram. İstifadə etməyi xoşlayan insanlar çox yükləyirlər onu, istirahətə də gedə bilmir, istirahətdən yarımçıq qayıtdığı vaxtlar da olub.

Tağı müəllimlə müzakirə

– Mən hər zaman Tağı müəllimlə oturub söhbət edəndə deyirəm ki, ilk növbədə biz tələbələr üçün nəsə etməliyik. Uşaqlar və əsas da savadlı tələbələr bizim gələcəyimizdir. İmkan olan yerdə onlara təqaüd vermək, xarici ölkədə təhsil almağa göndərmək lazımdı. Tağı müəllim bu işləri görür. Ona deyirəm ki, fəhlənin, hətta xadimənin belə səndən başqa dayağı yoxdur. Bacardıqca onlara arxa, dayaq olmağa çalış. Sağ olsun  ki, çox vaxt məsləhətimi qəbul edir.

Xeyriyyəçilik

– Tağı müəllim və mən bir çox şair, yazıçıların kitabının çap olunub yayılmasında bir sıra işlər görürük. Deyirlər insan etdiyini dilə gətirməz,  amma siz soruşdunuz, mən də dedim.
Mənim sərtlikdən, zorakılıqdan zəhləm gedir. İnsan elə insandır. İnsanı varlı və ya kasıb olduğuna görə ayırmazlar. Ölkəmizin vətəndaşlarını qoruyub sevmək, hörmət etmək borcumuzdu.

Yaradıcılıq yolu

– Yaradıcılıq elə bil qəlbimdən süzülüb gəlir və incə-incə vərəqlərə yazılır. Yaradıcı insanlar mütləq hər an nə isə yazmalıdır. Yazmasa belə qəlbində yığıb saxladıqlarını nə zamansa küskün bulud kimi boşaldacaqdır. Mən uşaqlıqdan masa arxasında oturub yazmağı çox sevmişəm. Əsas masa arxasına oturmaqdır və ondan sonra yazının ilhamı gələcək. Bir dəfə oğluma inşa yazmaq tapşırılmışdı. O da məndən xahiş etdi ki, onun üçün inşa yazım. Amma mən inşa yox, bir roman yazdım. Belə  bir məsəl də var: “Qazaxlı olasan, yazmayasan”. İçimdə, qəlbimdə yazmağa bir meyl, bir həvəs var idi və o da nə zamansa üzə çıxmalı idi. Əvvəllər yazdıqlarımı saxlamışdım. Düşündüm ki, nə vaxtsa bu yazdıqlarımı kitab halında çap edərəm. Deyim ki, o bulağın ağzı elə ilk kitabla açıldı.

Kitablarla zəngin olan dünya

– “Səfərnamə” adlı kitabımdan başlamaq istəyirəm. Bu kitabın araya, ərsəyə gəlməsinə səbəb mənim qəlbimə coğrafiya müəllimimin aşıladığı sevgi oldu. Səyahətə gedəndə yol qeydləri edirdim. Qırxdan çox ölkədə olmuşam. “Səfərnamə” adlı bu kitabın  ikinci hissəsi də nəşriyyatdadır. Qazax bölgəsinin ən məşhur qadınları haqqında da şairə Fəridə Ləmanla bir kitab hazırlamışıq. Bu kitab “İncilər” adlanır. Burada Qiyasbəylilərdən bu yana bütün xanımlar haqqında məlumat toplanıb. Mənə ən çox doğma və əziz olan “Hər kim yüz il unutmasa” adlı kitab anamla bağlıdı. Bu kitab 1000 tirajla İranda əski əlifba ilə də nəşr olunub. Daha sonra “Heydər Əliyevin dil siyasəti” monoqrafiyamı çap etdirmişəm.  “Heydər Əliyevin dil siyasəti” (rəsmi sənədlər) adlanan ikinci kitabımda Heydər Əliyevin Azərbaycan dilinə aid imzaladığı bütün rəsmi sənədləri toplamışam. “Poylu beşiyindən məktub” adlı kitabım şair Nəriman Həsənzadəyə həsr olunub. “XIX əsr azərbaycan ədəbiyyatı” kitabımı hörmətli professor Teymur Əhmədli ilə birlikdə hazırlamışam. Kitab o taylı-bu taylı Azərbaycan şairlərinin seçilmiş şeirlərindən ibarətdir. Daha sonra “Həcc ziyarəti”, “Ömrünü Qazaxda yaşayan şair” və başqalarının adını çəkə bilərəm. “Ermənilər mütəfəkkirlərin gözü ilə” kitabın Azərbaycan dilindən başqa, rus və ingilis dillərinə çevirtdirmişəm. Onu Bakıdakı bütün səfirliklərə payladım. Xaricə gedənlərə verdim ki, orada yaysınlar. Kitabı Xocalı soyqırımının 20 illiyinə hazırladım.

Narahatçılıq qəlbimi didir

– Məni bəzi məsələlər çox narahat edir. Bunlardan biri televiziyada dilimizin uğradığı naqislikdir. Bir məqalə də yazmışdım bu haqda. Dil problemləri hər zaman mənim diqqətimdə olub. Dilimizin qanun və qaydalarının pozulması bir problem kimi insanın diqqətindən qaça bilməz. Mağaza, obyekt və başqa yerlərdə bəzən elə olur ki, sözlər başqa – rus və ya ingilis dilində yazılır. Yazılar əslində birinci öz dilimizdə yazılmalıdır, sonra xarici dildə. Buna isə riayət edən azdır.

Seriallar cəmiyyətimizi korladı

– Kanallarımızda bu yaxınlara kimi yayımlanan seriallar gənclərimizin əxlaqını və şüurunu zəhərlədi. Ailə, valideyn, övlad münasibətləri çat verdi. Mən 90-cı illərdən bu yana heç bir seriala baxmıram. Bu haqda dəfələrlə yazılar da yazmışam və demişəm ki, seriallar gənc ailəyə mənfi təsir edir. Seriallar qızlarımızın, oğlanlarımızın düşüncəsini dəyişdi. İndi əvvəlki tərbiyə sistemi də keçmir. İndi gənclər ailə quranda birinci növbədə maddiyyatı güdürlər.

Biz Tağı müəllimlə yeni ailə qurduğumuz zaman o, axırıncı kursda olduğundan ona 100 manat maaş verirdilər. Onun 50-sini kirayə qaldığımız evə verirdik. 50 manata dolanmağa məcbur idik. Elə vaxtımız olurdu ki, çörək almağa belə pulumuz olmurdu və mən onun ciblərindən qəpikləri toplayırdım. O, telefonla danışmaq üçün bir, ya iki qəpiklər yığırdı. Mən də onları götürüb çörək, bir az pendir, bir az yağ alırdım ki, günümüzü keçirək. Bəzən elə olurdu ki, pul bir kilo çörək almağa çatmırdı, yarım kilo almağa məcbur olurdum. Bunu isə, nəinki yaxınlarımız, heç doğma valideynlərimiz də bilmirdi. Amma indikilər heç nəyə dözmür və ayrılmaq istəyirlər. Bu da serialların xeyiri. Qızla oğlan tanış olan kimi, birinci növbədə bir-birinin maddi durumu ilə maraqlanır. Belə olan yerdə nə sağlam məhəbbətdən danışmaq olar, nə möhkəm ailədən.

Vətən hər şeydən önəmlidir

– Həmişə düşünürəm ki, yazdıqlarım vətənim üçün, millətim üçün xeyirli olsun. Arada mənə deyirlər ki, sən niyə roman yazmırsan. Mən deyirəm ki, roman yazan çoxdur. Tədqiqat işləri ilə məşğul olmağı daha çox həvəsim var. Birinci növbədə vətənimin övladlarını, tələbələri düşünürəm və onlar üçün nəsə etməyə çalışıram. Onlar bizim gələcəyimizdir. Onu da deyə bilərəm ki, yarımçıq qalmış iki romanım var, amma onları kənara qoymuşam, bəlkə nə vaxtsa üzə çıxartdım.

Metrosuz bir günümüz olmasın

– Mən həmişə metrodan istifadə etmişəm. Hər zaman çalışmışam ki, hər yerdə, o cümlədən metroda gözəllik göz oxşasın. Arada təkliflərim də olub. Metroda gördüyüm nöqsanları və qüsurları tez deyirəm. Məsələn, ya döşəmə çirkli olsa, ya oturacaq cırıq olsa, ya da nəsə ayrı bir nöqsan olanda metronun rəisinə söyləyirəm ki, düzəltsinlər. Bəzi üzdəniraq sərnişinlər saqqızı çeynəyəndən sonra oturacaqlara yapışdırır, ya da yerə atır. Bu da ürəkaçan bir şey deyil, adamın əlinə, ayaqqabısına, paltarına yapışır. Bu yaxınlarda televizorda belə bir xəbər verdilər: Yerə atılmış saqqızı yem bilib dimdiyinə götürən quşların dimdiyinə yapışmış saqqız onların ölümünə səbəb olur.
Yeri gəlmişkən gənclərimizə, saqqız çeynəyən bütün insanlara müraciət edirəm: Çeynədiyiniz saqqızları yerə atıb yeri zibilləməyin. Bir də bu metroda olan dilənçilər insanı bezdirir. Onları təmizləmək, yığışdırmaq olmur. Bunun kökü çox uzaqlara gedir….  Baxın “Eurovision-2012” olanda ətraf necə təmiz və səliqəli idi. Deməli, istəsək hər şey edə bilərik. Hamımız birləşsək, bir olsaq hər yan abadlaşar. Biz bəyəm tənbəl xalqıq ? İnsanlar rayonları tərk edib iri şəhərlərə, başqa ölkələrə axışırlar. Əkin yerlərini boş buraxıb gedirlər. Əkib-becərmək istəmirlər. Niyə? Axı torpaq deyir öldür məni, dirildim səni.

Övladlarım fəxrimdi

– Hər anaya övladı əziz və şirindi. Heç vaxt ana övladının yaxşı cəhətini qoyub nöqsanını danışmaq istəməz. Amma nə yaxşı ki, mənim övladlarım layiqli böyüdülər. Hərəsi iki universitet bitiriblər, ailə və uşaq sahibdirlər. Bədii yaradıcılığa heç birində meyli yoxdu. Ana kimi heç vaxt övladlarımı əzizləməmişəm, həmişə onlarla ciddi olmuşam. Kişini kişi kimi böyütmək lazımdı.  Oğlanlarım ailələri ilə birlikdə ayrı yaşayırlar. Qəndab nəvəm çox fəal və savadlıdı. Opera müğənnisi, əməkdar artist Fidan Hacıyevanın tələbəsidir.

Tağı müəllimin musiqi dünyası

– Tağı müəllim  müğənni Səyyad Əlizadə ilə tələbəlikdən dost idi və bir gün o Tağı müəllimin şeirlərini ondan gizli götürmüş, aparıb mahnı yazdırmışdı. Hər şey belə başladı və sonra bir neçə bəstəkar da onun şeirlərinə müraciət etdi. Respublikanın xalq artistləri, bəstəkar Ramiz Mirişli, tarzən Zamiq Əliyev, mahnılarına sevə-sevə qulaq asdığım Rauf Məmmədov Tağı Sadiqin sözlərinə musiqilər bəstələdilər. Onun sözlərinə yazılmış mahnıların çoxunu xalq artisti Mələkxanım Əyyubova oxuyub. İndi də yeni-yeni mahnılar üzərində işləyirlər. Ramiz Mirişli dörd yeni mahnı yazıb. Birini Mələkxanım Əyyubova, birini Azər Zeynalov və birini opera müğənnisi Samir Cəfərov, birini də xanəndə Babək Niftəliyev oxuyurlar…

Ədəbiyyat inkişaf edir

– İndi ədəbiyyatımız güclü inkişaf dövrünü yaşayır.  Mən deyərdim ki, ədəbiyyatın bütün janrlarında yazan var. Amma bircə problemimiz oxucu çatışmazlığıdır. İndi kitab oxuyan çox azdır. Oxuyan yaşlı və orta nəsildir. Cavan nəsil internetlə daha çox məşğul olur. Ancaq internetlə oxumaq kitabdan oxumağın yerini vermir.

Könül Səid
Fotomüxbir Elçin Ağayev
/modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.