Ana səhifə BAŞ YAZI ZİRƏDDİN QAFARLI – 70

ZİRƏDDİN QAFARLI – 70

Müəllif: Bizim Yazı
45 baxış

ZİRƏDDİN QAFARLI – 70

O, sözün bütün mənalarında, bütün məqamlarında və bütün çalarlarında ŞAİRDİR. Yeri birinci cərgə olsa da, həmişə ən axırıncı sırada oturar, ən gözəl sözü söyləmək iqtidarında olsa da, söz demək onun üçün dünyanın ən zülüm işinə çevrilər. Ən gözəl şeirlərin müəllifi olsa da, heç vaxt mən şeir yazıram,- mən şairəm deməz. Haqqı, haqqı olmayanlar tərəfindən yeyilsə belə, bu dünyaya, onun işlərinə şairanə qımışıb keçər.

Çünki dünyanın faniliyini, götür- qoyunu bilir, vəfasına, etibarına bələddi.

İş yadigar qalar, dur qarış,qalar,

Qarış ki, gör kimdi bu qarışqalar.

Ömürdən ölümə bir qarış qalar,

Kimdi bu ölümü daşıyan belə?!

Müdrik insanlar daha çox susmağa üstünlük verir. Bunu görə- görə gəlib, bunu deyənlər.Nazim Hikmət demişkən:

Təki çanağında balın olsun

Arısı gələr bağdaddan.

O, çanağında balı olan söz sahibidi. Heç vaxt balını ucuz dəllallara satmaz. Bilir, balın dəyərini bilənlər bilir. Zirəddin Qafarlı xalqının oğludu. Xalqının dilini bilir, ruhunu tanıyır və elə o dildə və o ruhda şeirlər yazır. Heç kəsin ağlına gəlməyən, huşu kəsməyən mövzular seçir, çoxlarının dərindən duya bilmədiyi, qatına girməyə cəsarət etmədiyi, çiynini vermək istəmədiyi böyük dərdlərdən yazır. Sevgisi də, kədəri də elə özü qədər, sözü qədərdi. Bilən bilir onun böyüklüyünü. Bilməyənsə özü bilər.İstedadlı gənclərin qarşısındakı otu, çayırı təmizləyib ədəbiyyata gəlməsinə kömək edir. O, ilahi sözün, ilahi şeirin məqamına yüksəlib.Sözü urvatdı eləyən urvatdı şairdi. 60- cılar deyilən ədəbi nəslin nümayəndəsidir.Çox ciddi ədəbi yol keçib.

Sən nədən bildin ki, dərdə vərdişəm?

Etdim ürəyimi neçə dərdə şəm.

Mən tale yorğunu, qoca dərvişəm,

Gəl sənə bir şeir oxuyum gedim.

Sözü bilmədən özünə ürəklə şair deyənlərə hərdən əlahəzrət sözlə üz- üzə durmağı tövsiyə edərək, Şair olanların ola bilməyənlərdən ucalığının fərqini təbirimcə çözməyə çalışdım. Çünki bu yazıda söhbət ŞAİR ZİRƏDDİN QAFARLInın bu kiçik dünyaya sığışmayan böyük söz dünyasından, ağrılarından, böyüklüyündən və şairliyindən gedir.

Vallah, bu ürəklə bu gen dünyaya,

Sığışa bilmirəm,- sığışmaq olmur.

Dünya onun içindən heca- heca, sətir- sətir, misra- misra keçir. Çünki o dərdi bilir, kədəri tanıyır, sözü duyur. Yol ver səndən keçim demir, “Əyil, səndən keçim, dünya!” -, deyir Ağamalı Sadiq Əfəndi kimi.

Şairlik nə Allahlıqdı, nə bəndəlik. Tale işidi, alın yazısıdı…Şair ya doğulur,ya da doğulmamış ölür. Sonradan şair olmaq olmur. Söhbət ŞAİRdən və ŞAİRlikdən gedir.

Sevgi ölüsüyəm, eşq dəlisiyəm,

Hər söylənən mənəm, hər deyilən mən.

Sevincin heç məndən xəbəri yoxdur

Kədər deyilən mən, dərd deyilən – mən.

Şairlik özünü unudub, başqaları olmağı bacarmaqdı, dünyanın dərdini könüllü qəlbinə yükləməkdi, ürəyində daşımaqdı. Şair olmaq əzabdı, zülümdü , iztirabdı, işgəncədi,hər dəfə ölmək, hər dəfə yenidən dirilməkdi…və bütün bunlara dözməkdi, dözə bilməkdi.

İtirdim o qədər dostu, doğmanı,-

Qanımdır su təki axıb gedənlər.

Elə bil ömürlük olmayıblar heç

Ömrümdən- günümdən çıxıb gedənlər.

Əriyən şam olur ürəyim gecə

Axı necə dözüm, ürəyim, necə?!

Ağrıtək qalacaq ürəyimdəcə

Kövrək ürəyimi sıxıb gedənlər.

Həyatım nə zaman sevindi mənim?!

Zirəddin, oğulsan sev indi məni!

Deyirdin bu dünya evimdi mənim,-

Bildimi bu evi yıxıb gedənlər?!

Şairlik hamının ağrısını daşımaqdı. Gedənləri unuda bilməməkdi, dünyanı bilməkdi, ölümü sevməkdi. Qorxusuz yaşamaqdı, dünyəvi nəsnələrdən azad olmaqdı. Gedənlərin həsrətini bu dünyada qaldığın sürədə doğma kimi bağrının başına sıxıb son günə kimi saxlamaqdı…

Ömürdü məndən köçən,

Yaxşını pisdən seçən

Qardan,yağışdan keçən

Yolum qırış- qırışdı.

Qaldım tək çinar kimi

Beli sınmış tar kimi

Bir köhnə paltar kimi

İçim cırıq- cırıqdı.

Yormuşam yoxuşları

Qayaları,daşları…

Kişinin göz yaşları

Allaha qışqırıqdı.

Şairlik dünyanın alına – qalına bulaşmamaqdı, xırda- para dərdləriylə uğraşmamaqdı. Şairlik bir az bəndə, bir az Allah olmaqdı…Bütün şairlərin Anası, Allahı sözdü. Şairlik Allahı tanımaqdı, bir köynək ona simsar olmaqdı. Verdiyini,aldığını bilməkdi. Səssiz- küysüz, için- için ağlamaqdı, korun- korun tüstüləməkdi, yana- yana kül olmaqdı. Bu dünyaya etirazdı, üsyandı, hər şeyə asi olmaqdı…Şairlik heç kəsin anlamadığını anlamaqdı…

Dünya bazardı- qorxuram

Mayamı batıram, oğlan!

Bilmirəm özüm- özümdən

Nə alıb- satıram, oğlan!

Sərmayəsi söz olanın bazarı kasad olmaz, Ustad! Dünya durduqca duran şairlərdən olanlar nə xöşbəxtdi, elə söznən yaşıd olanlar da. Bu gün sözün bayramıdı, bu gün sizi bilənlərin bayramıdı…Gününüz mübarək, günümüz mübarək, USTAD!

P.S. Bu yolda mənim ilk bələdçim siz oldunuz. Bu yol çox çətin, əzablı yoldu,- dediniz.Səbr, təmkin dilədiniz.Və hər zaman qürur duydum sizinlə.

Gülnarə Cəmaləddin

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.