Ana səhifə BAŞ YAZI Zərdüşt belə deyirdi…

Zərdüşt belə deyirdi…

Müəllif: Bizim Yazı
959 baxış

İstedadlı gənc yazar Zərdüşt Şəfizadə dünən həyata vəda etdi… O, üzvü olduğu sosial paylaşım şəbəkəsində özünü belə tanıdırdı:  “1986-cı ildə (özümdən asılı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu,yüküm ağırdı!
Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı- bir tək onu tanıyıram, bu dünyada qalan hər kəs və hər nəsnə şərtidi.
Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm.

“Başqa adamlar” adlı bir hekayələr kitabının müəllifiyəm (2011)“.  
Zərdüşt öz “Dini inanc”ını belə tərif edirdi: (mümkün qədər) HƏQQ MƏNƏM, (mümkün qədər) HƏQQ MƏNDƏDİ, (BACARDIĞIM QƏDƏR) HƏQQ söylərəm…
Məkanı cənnət olsun, inşallah.
Mərhum şairin iki şeirini BizimYAZI.com oxucularına təqdim edirik:

***
Zərdüşt Şəfizadə

Şairin ölümü

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən çölə,
azadlığa çıxmağın bircə yolu var – QƏZA!
SALAM

Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…
Bu ömrü yolundan çıxarar qəza-
gəlsin qabaqlasın,
gəlsin saxlasın…
Mən ölümə gedən adamam, adam-
yadlara doğmayam,
doğmaya yadam…
Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha-
əllərim göyərçin yuvalarıdı-
qatarlar aparsa əzizlərimi…
Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi…
Bağışla ömrümü,
uzun gecədi-
Bir say ulduzları, bax gör neçədi?
Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə-
zəhər çayıma…
Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…

Belə də olur…

Bir də gördün
üstünə düşdü buludlar –
altında qaldın.
Bir də gördün
çay apardı səni –
oldun balıq.
Bir də gördün
dəniz şahə qalxdı-
boğdu səni.
Belə də olur,
vallah,
Belə də olur…
Bax,
bir qız durub uzaqda –
nə gəlmir,
nə getmir…
Bax-
baxmaqla hər şey bitmir…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.