Bizimyazı.az müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi münasibətilə seçmə şeirlərini təqdim edir.
Mən zamanı zamanında yaşadım
Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.
Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində, gümanında yaşadım.
Dərd ürəkdə, əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm ürəklərin heyində,
Kədər oldum, kamanında yaşadım.
Ürəyində buz yaşamaq – faciə,
Yarasında duz yaşamaq – faciə,
Çox yaşamaq, az yaşamaq – faciə,
Mən zamanı zamanında yaşadım.
Bircə təsəllim var
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq.
Yenə də arılar bal daşıyacaq,
Yenə də ilanda zəhər olacaq.
Əslimiz, nəslimiz yaşamaq üçün,
Yenə kənd olacaq, şəhər olacaq.
Şəhər var, açılıb gülə dönəcək,
Şəhər var, qovrulub külə dönəcək.
Kənd var, çiçək açıb gözəlləşəcək,
Kənd var, göz yaşları selə dönəcək.
Dünyada heç kəsin boş qalmır yeri,
Gedənlər getsə də, gələnlər gəlir.
Ömrünü torpaqla, atəşlə, suyla,
Yağışla, havayla bölənlər gəlir.
Yenə göy güləcək yağışlarıyla,
Yenə yer güləcək naxışlarıyla.
Bu dünya həmişə gözəl olacaq,
İnsanın dünyaya baxışlarıyla!
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə oynadacaq sevinc atını,
Yenə daşürəkli kədər olacaq.
Torpağı su basıb, sel aparanda,
İnsanın zəhməti hədər olacaq.
Bu dağlar yenə də çiçəklənəcək,
İgidlər yenə də igidləşəcək,
Göyçəklər yenə də göyçəklənəcək.
Mən də qarışacam qara torpağa,
Sellər aparacaq, bəlkə qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək.
Xatirələrdə
Ömür xatirəyə dönər, ya dönməz,
İllərin izi var xatirələrdə.
Keçən əyyamların, ötən günlərin
Dadı var, duzu var xatirələrdə.
O zaman əkmişdim, indi biçirəm,
Bir körpü salmışdım, üstdən keçirəm.
Çörəkdi yeyirəm, sudu içirəm,
Qismət var, ruzu var xatirələrdə.
Öldüm bir dodağı bal qızdan ötrü,
Ölmədi mənimtək yalqızdan ötrü.
Durur o çiçəkli yal, qızdan ötrü
Bir mələr quzu var xatirələrdə.
Baxtımı sınadım atdığım zərnən,
Nələrnən yaşadım, Allah, nələrnən…
Yenə qucaqlaşdım xatirələrnən,
Bir eşqin közü var xatirələrdə.
Yıxdı yengələri yeli həsrətin,
Yapışdı yaxamdan əli həsrətin,
Ağlımı uçuran dəli həsrətin
Əriməz buzu var xatirələrdə.
Ruhu buludlara, kəməndə dönən,
Eşqi cıdır vaxtı səməndə dönən,
Bir kənddə doğulub, min kəndə dönən
Şairin gözü var xatirələrdə.
Öldürür ananı, alır atanı,
Qurtarmaq istəmir çayda batanı.
Taxtın çevriləni, baxtın yatanı,
Vaxtın sərt üzü var xatirələrdə.
Xəyala gələnlər nə dadlı gəlir,
Xəyala nə gəlsə, qanadlı gəlir.
Baxıram, arxadan bir atlı gəlir,
Yolların tozu var xatirələrdə.
Dünya türkün olacaq!
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yavaş yeri
Ay bulaq başına tələsən gözəl,
Ağlımı başımdan al, yavaş yeri.
Tərpənər yerindən dağların mehi,
Sürüşər başından şal, yavaş yeri.
Ötüşən aylara, illərə yalvar,
Gəzməyə nə qədər çiçəkli yal var.
Laləyə bənzəmə, bağrında xal var,
Düşməsin bağrına xal, yavaş yeri.
Zəlimxan özünü bəxtəvər sayır,
Sənin şöhrətini aləmə yayır.
Qara saçlarından üçcə tel ayır,
Sevdiyim havanı çal, yavaş yeri.
Çəkər
Görüş var bir ömrü versən də azdır,
Görüş var getməyə adam can çəkər.
Görüş var şadlığı sığmır illərə,
Görüş var fərəhi bircə an çəkir.
Yaşasan ən şirin arzuyla kamla,
Sevincin sel olar,dərdinsə damla.
Ürəkdən verilən xoş bir salamla
Əli əl isidər,qanı qan çəkər.
Ayrılıq həyatda hər şeydən çətin,
Min bir əzabı var bir məhəbbətin.
Gəlməzsən yandırar məni həsrətin
Gələrsən nazını Zəlimxan çəkər.
Arılar
Arılar, gül mənəm, qonun üstümə,
Məndən nə çəksəniz, saf çəkərsiniz.
Başına götürər ətrim dünyanı,
Sözün gülşənində kef çəkərsiniz.
Durnalar, yerləri göylərə qatdım,
Sizinlə uçmağa hər gün can atdım,
Elə ki, torpağın altında yatdım,
Məzarım üsründə səf çəkərsiniz.
İnsanlar, ürəyim quzu tək mələr,
Başım nələr çəkdi, dünyada, nələr,
Hansı gün Zəlimxan ölüb desələr,
O gün, bircə dəfə “of” çəkərsiniz…
Sevgi adlı şaha qurban
Mən insanam – Allah mənim,
Adəm mənim, Nuh mənimdi.
İşıq məndə, səhər məndə,
Könül mənim, ruh mənimdi.
Yaradan bir, tanrı birdi,
Birin işi bağlı sirdi.
Hamının sonu qəbirdi,
Bir qəbir də eh…mənimdi.
Güc, təpər dizdən ötrüdü,
Gözəllik gözdən ötrüdü.
Hər nə var bizdən ötrüdü,
Gah sənindi, gah mənimdi.
Mələk mənəm, fələk mənəm,
Qanad mənəm, lələk mənəm.
Çöldə bitən çiçək mənəm,
Üstündəki şeh mənimdi.
Açılan sabaha qurban,
Tükənməz iştaha qurban.
Sevgi adlı şaha qurban,
Mən şahınam, şah mənimdi.
Tural Adışirinin təqdimatında..