Ana səhifə BAŞ YAZI Yusif Günaydın. Mozaikalar

Yusif Günaydın. Mozaikalar

Müəllif: Bizim Yazı
468 baxış

I. TÜNÜK BUZ

1. Kapibara
… Ucları mixəyi rəngə çalan uzun , cod tükləri var kapibaranın.Başqa bir adı da su donuzudur. Zahirən qabana oxşayır. Amma qaba deyil kapibara, zərifdir,ürkəkdir. Mahir üzgüçüdür. Baş vurub suyun altında rahat- rahat üzmək bacarığı ilə ikinci adını tam doğruldur. Deyirlər ki , hinduların quarani tayfasının dilində bu heyvanın adı həm də “otlaqların ağası”  mənasını verir. Otlarla , bitki kökləri ilə qidalanıb, qısa müddətdə çəkisini artıra bilir. Xoşxasiyyət, həlim bir vegeteriandır kapibara. Aqressivlik yaddır bu sakit heyvana. Çiməndən sonra çəmənə çıxıb, günün altında şirin- şirin xumarlanmağı çox sevir. Amma hökmü yoxdur otlaqlar ağasının. Onun yaşam arealının hər iki istiqamətində – suda da , quruda da kapibaranı ölümcül təhlükələr təqib edir. Qanına susamış iki qatı düşməni var- cəngəlliklərdə iti caynaqlı yaquar, suda balta dişli timsah ! Kapibaranın qoxulara həssas burnu yaquarın iyini duyan kimi, tələsik özünü suya atır ,dərinliklərə çəkilir. Gözünə timsah dəyən tək, dolu gövdəsinə yaraşmayan cəldliklə su hövzəsini tərk edib, kolluqlara sığınır. Elə beləcə də ömür sürür otlaqların zavallı ağası, xoşxasiyyət kapibara- gah suda, gah da quruda …

2. Dilək ağacı
… Arabir bu tərəfə səmt götürən külək sərinlik yox, həzin bir hərarət gətirir. Yaz küləyinin nəfəsi ilıqdır. Şimal şossesi ilə üzü yuxarı gedərkən sol tərəfdə, bitki örtüyündən məhrum  geniş sahədəki qonur qayaların fonunda əcaib görkəmli, quru, yaxud tam qurmağına azca qalmış əyri gövdəli bir ağac dəyir gözə. İlk baxışda səhnə dekoruna  bənzəyən bu ağacın qara gövdəsi sağa əyilib, seyrək budaqları isə daha çox sol tərəfə uzanır. Klassik rəqs məktəbinin ənənəvi duruşlarının birində quruyub qalmış, səbrlə alqış sədalarını gözləyən rəqqasə siluetinə bənzəyir bu ağac.Yayın oğlan çağına hələ xeyli var, amma gur gün işığına bələnmiş bu yarım səhra ərazidə indidən buxarlanma gedir. Torpağın üst qatlarındakı onsuz da məhdud rütubət ehtiyatını isti havanın cazibəsi yuxarı çəkir,   tünd gövdəli tənha ağacın başı üsündəki şux mavi səmada güclə sezilən şəffaf qanadlı pərvanələr qaynaşır sanki …
İndi görürəm ki, əyri budaqların qatlanan yerlərinə biri-birindən azca aralı iki ağ rəngli çit parçası bağlanıb. Doğrudanmı qarşımdakı dilək ağacıdır? Xatırlayıram ki nə vaxtsa bu yerlərdə pir olub , amma çoxdan olub, lap çoxdan! İndi ətrafda ins-cins yoxdur. Sakitliyi şosse ilə şütüyüb keçən maşınlar pozur arabir. Zamanın rüzgarları qədim pirin bütün əlamətlərini bu yerdən alıb aparıb. Əli hər yerdən üzülmüş insanlar isə genetik bir ətalətlə yenə də bu yerə pənah gətirir, niyyət edib, qurumaqda olan qoca ağacın əyriş-üyrüş budaqlarına çit bağlayır, ümidli-ümidli geri dönürlər. Külək qalxanda çit parçaları hərəkətə gəlir, səmaya can atır, sanki onları bura bağlayanların diləklərini göylərə çatdırmaq istəyirlər. Küləyin dalğası ötüşən kimi, hərəkətdən qalır, üzüaşağı uzanır, arabir məyus-məyus yırğalanırlar…
Çoxdanmı ağaca bağlanıb bu parçalar, onları düyünləyənlərin nə niyyətləri olub görəsən, kimlərin muradı hasil olub bu dilək ağacıyla ?
Kökləri görünmür dilək ağacının. Torpaqdan şirə çəkmək gücünü qeyb etmiş köklər yerin içindədir. Olan-qalan budaqları isə əyri olsa da, göyə tərəf meyl edir, yel əsəndə dil-dil olub, yuxarıya can atan əski diləkçələr kimi . Əldən düşüb dilək ağacı, amma insanlar ondan hələ də əlini üzmür, ümidlərini ona bağlayırlar …
Baxışlarım ağacın beş – on addımlığındakı tikan koluna yönəlir. Rüzgar dəydikdə, çırpınıb tikanlıqdan qurtulmağa can atan daha bir əski parçasını görürəm. İki barmaq eni, çox yox, bir qarış uzunu olan bu parça saya deyil, köndələn çəhrayı zolaqları var, solğun çəhrayı. Heç şübhəsiz ki, bu parça dilək ağacından açılıb düşüb, amma göyə qalxa bilməyib, illərdir  tikanlığın içində çırpınır …
Geri dönəndə artıq hava həm qaralmış, həm də ayazımışdı. Qoca dilək ağacının bitdiyi əraziyə yaxınlaşdığımızı necə duydum?
Hansı bir cazibəsə mürgümü qaçırdı, məni avtobusun enli pəncərəsindən çölə baxmağa vadar etdi. Qaranlıq qatılaşsa da mən gördüm – yel dəydikcə neçə-neçə arzu ilə budaqlara bağlanmış diləkçələrin yenə dil-dil göyə qalxmaq istəyini gördüm! Üstü köndələn zolaqlı diləkçə isə yenə tikan kolluğunun içində yaralı quşcuğaz tək çırpınır, çırpınır, göylərə qalxa bilmirdi …

3.  Ana və bala
Uzun,  dar  dalanın ağzında , asfalt  səkinin üstündə iki qara rəngli Vyana stulu var.  Bir azdan onların sahibləri – yaşı ötmüş  ana ilə onun övladı gəlib burada əyləşəcək. Qonşular, hər gün yolunu burdan salan məhəllə sakinləri bu səhnəyə adət ediblər. Ana və oğul kəlmə kəsmədən sakitcə əyləşib ətrafı süzür. Ana cavan deyil, pensiya yaşındadır. Diqqətlə baxanda qadının qabarıq damarlı əllərinin azca əsdiyini sezmək olur. Onun yanında lal – dinməz əyləşmiş oğlunun sinnini müəyyənləşdirmək ilk baxışda asan olmasa da , ona da diqqət  yetirəndə gənclik çağlarının çoxdan başa çatdığını, onun da yaşının çox olduğunu qət edirsən. Simasında Daun sindromunun səciyyəvi əlamətləri aşkar oxunur. Enli sifəti var . Yastı peysərli, dar alınlı qafası qısa, yoğun boynuna sanki zorla pərçim edilib. İri, girdə gözləri bərəlmiş kimi görünsə də, heç nə ifadə etmir. Qolları da bir qədər qısadır. Hər gün eyni vaxtda dar, üfunətli həyətdəki daxmalarını tərk edib, dalanı keçərək, səkinin üstündəki   mizə oturdmaqla ana balasını gəzinitiyə , təmiz havaya çıxarır. Bir müddət belə sükut içində əyləşdikdən sonra, qadın yalnız ona məlum olan bir impulsun təsiri ilə ayağa qalxacaq, balası da qoca anaya sığınıb, ləms əzalarını asta –asta tərpədərək, sanki büdrəməkdən , sürüşməkdən qorxurmuş kimi ehtiyatlı  addımlara buranı tərk edəcək , ana, bala ensiz dalanın sonuna çatmamış həmişə dolu zibil yeşiklərinin böyründən sola dönüb gözdən itəcəklər. Az sonra qadın geri qayıdıb – indi nadir mebel predmetinə dönmüş Vyana stullarını geri aparacaq. Səhəri , əgər qar, yağış yoxdursa, onlar həmişəki kimi yenə öz yerlərini tutacaq.
… Onun  çənəsi açıqdır, başı azca yana əyilib iri, girdə gözləri həmişəki kimi heç nə ifadə etmir.
Təbiətdə zəiflərə, acizlərə yer yoxdur! Xəstə qurd balasını öz bacı-qardaşları boğub, məhv edir. Göylərin məğrur hökmranı qartalın yuvasındakı iki baladan biri zəifdirsə, ləngdirsə ana qartal tərəddüd etmədən onu yuvadan aşağı, uçuruma atır. İnsan cəmiyyətində isə əksinə – ana öz xəstə balasına daha çox bağlanır, bala uşaqlıq yaşından, hətta gənclik dövründən çoxdan çıxmış olsa belə, qoca ana onun üstündə yenə də əsim-əsim əsir, sağlam övladlarını unudub, zavallı uşağının dərdini çəkir, ömrünün son günlərinədək…
Ana əllərini daraqlayıb biri – birinə keçirib, onun başı köksünə əyilib. Mürgüləyir. Örpəyinin altından alnına çıxmış çal saçlarını payız küləyi aram-aram yırğalayır.Üzbəüz səkinin altında sərçələr nə üçünsə biri-biri dalaşır, cükkültüləri
aləmi bürüyüb. Deyəsən iri , girdə gözlərdə marağa bənzər bir ifadə əmələ gəlir, ətli dodaqlar  təbəssümlənir sanki. Eh, yaşamaq şirindir! Əgər anan yanındadırsa, həyat gözəldir!

4. Onun əlləri
K. Hər dəfə bu əlləri görəndə qəlbimi qəribə bir həyəcan bürüyür. Amma hər hansı gözəllik  mücəssəməsinin doğurduğu şirin həyəcan deyil bu, daha çox təşvişə oxşayan bir duyğudur. Nədənsə mənə elə gəlir ki , bu zərifliyi hansısa bir təhlükə təqib edir həmişə, ona görə də bu əllərin himayəyə, qayğıya ehtiyacı var. Onlar mükəmməl gözəllik nümunəsidir, incədir, hətta ürkəkdir də… Sanıram ki, onların üstündən azca  sərt yellər əssə, bu gözəlliyə bir xələl gətirə bilər. “Paranoiksən”-deyə öz –özümə rişxənd edib, təskinlik tapmaq istəyirəm. Bir müddət sonra bu həyəcan, bu əndişə yenidən qayıdır. Deyirlər ki, dünyanı gözəllik xilas edəcək, bəs gözəlliyin özünün xilasa ehtiyacı olduğunu düşünənlər varmı? Axı çox vaxt gözəlliyi eybəcərliklik təqib edir. Buna görə də gözəlliyi duyanlar həmişə onu qorumağa can atır. Odur ki, bu təlaşı təbii qəbul etmək gərəkdir! İşə bax, indi də özümə haqq qazandırıram …
Bu zərifliyin sahibi bir gün eyvana çıxsa, əllərini daraqlayıb irəli, efir boşluqlarına tərəf uzatsa, müasir meqapolisin qatı,urbanistik atmosferində belə sürətlə onlara doğru axışan  flüidləri -könül dalğalarını həssas, incə barmaqlarının ucuyla sanıram ki hiss edəcək ! Bu xaotik dalğaların içində bir narahat qəlbdən qopub gələn incə impulslar da var.

Görəsən o bunları duyub, ayırd edə biləcəkmi?

5. Xar tut
Xəlil Rza Ulutürkün xatirəsinə

… Piyada beş- on dəqiqəlik yol var dəniz sahilinə . Bağlar arası , kəsə gedəndə məsafəni bir az da azaltmaq olar. Səhər çağıdır. Dəniz hələ görünməsə də , arabir külək ləpədöyənin səsini yolumuzun üstünə çıxarır. Bu anlar dənizin duzlu nəfəsi üzümüzə dəyir, kirpiklərimizi oxşayır. Hələ bağ mövsümü başlamayıb. Ətraf kimsəsizdir. Arabir gah ucalan- gah da susan quş cəh- cəhi eşidilir. Səhər quşcuğazı həvəslə oxuyur.İkimiz – mən və şair dinməzcə üzü dənizə tərəf addımlamaqdayıq. Azca üşüsəm də, qətiyyətli addımlarla irəliləyən şairdən geri qalmamağa çalışıram. Yolumuz atılmış , çəpərsiz bağların içindən keçir. Orda- burda ot- alaq içində boğulan seyrək meynələr, uçuq-sökük bağ evləri yaz səhərinin xoş, romantik atmosferi ilə kəskin dissonans yaradır.
Yoxuş başa çatandan sonra qarşımızda geniş bir ərazi açılır. Hansı nadürüstsə sönməmiş siqaret kötüyünü atıb yerə, ya da kibritlə məzələnib.Quru otlar od tutaraq yanıb, qaralıb.Yanmış otların ucları ağdır, külə dönüb. Bu qara səhranın içindən dikələn tənha ağacdan da alov yan keçməyib. Otların üstü ilə iməkləyən od dalğası onun da gövdəsinə daraşıb, köksünü qaraldıb.Üçbucaq şəklində qara yara var ağacın sinəsində, bu üçbucaq da bozumtul ağ rənglə haşiyələnib, burada da külolma baş verib.
Nə ağacıdır bu görən ? Qulluq görmədiyindən, qayğıdan məhrum olduğundan miskin görkəm alıb, ot-alağın əsirinə çevrilib, sonra da sinəsinə dağ basılıb. Çox da enli olmayan  yanmış gövdəsindən sağa – sola uzanan əyriş-üyrüş budaqları çılpaqdır.
Şair ağır-ağır ağacı süzür, sifətinin dəyişən ifadələri gözümdən yayınmır. Heç də ürəyini açmır bu mənzərə. Gözə görünməyən quşcuğaz gah susur, gah da öz səhər nəğməsini ucadan davam etdirir. Yerli camaat ona çəkçəki quşu deyir…
Bir il, bəlkə daha artıq bir zaman ötüb o gündən . Bağ mövsümü başlasa da, hələ qonşuların hamısı köçməyib. Sakitlikdir. Səhər çağı şairlə yenədə dənizə yürüşümüz var. Onun dayandığını görüb, mən də ayaq saxlayıram, baxışlarımı o baxan səmtə yönəldirəm. Bir il bundan öncə bağrı dağlanmış ağac demə xar tut ağacıymış. Buna əyriş – üyrüş budaqlardan göyərmiş üç-dörd zümrüd rəngli  kiçik yarpaq, ən heyrətamizi isə, səhər günəşinin şəfəqləri altında yaqut kimi parlayan bir- iki  tut dənəsi dəlalət edir. Həyat eşqi özünə qayıdan xar tut ağacı bu yerlərin panoramına xoş bir emosional fon bəxş edir. Şair yaraları sağalmaqda olan ağacı sevinc dolu baxışlarla süzür və ona müraciətlə – mənim vətənim də sənin kimidir. Dilini kəsirlər, o yenə danışır, qıçlarını qırırlar, o yenə yeriyir, bağrına dağ basırlar, o yenə də bar verir – deyir.

Çəkçəkinin şux nəğməsi yenə aləmi başına götürüb…

6. Tünük buz
Sibir baharının ilk əlamətlərindəndir-çayın üstünü bağlamış qalın buz örtüyü artıq bir neçə yerdən kiçik çatlar verib. Havanın hərarəti artdıqca, buz layının altındakı su axarı da sürətlənir, get-gedə gurlaşan axın buzun alt qatını yavaş-yavaş yuyub aparır. İstiliyi günbəgün artan yaz günəşinin şüaları isə buz örtüyünün üstünə sancılır və «x» anı yetişən kimi ətrafa şaraqhaşaraqla sınan buzların əcaib əks-sədası yayılır. İkiqat təzyiqə davam gətirməyən buz layları əyriş-üyrüş çatlar verib sınır, sonra daha kiçik hissələrə bölünür. Qış yuxusundan ayılan çayın coşqun suları qışdan qalma buz parçalarını bir-birinə çırpa-çırpa sürətlə üzüaşağı aparır. Havaya adamın qanını da çayın suları kimi coşduran bir qoxu qalxır. Bu buxarlanan buzların qoxusu, yazın nəfəsidir…
İrtışın sahilində, körpü dayaqlarının birinin dibindəki taxta yeşiyin üstündə oturub, fikrə getmişəm. Qəlbimdə bir dünya qəm var. Buzların hərəkətə gəlib, axına qoşulmasına hələ bir qədər qalıb, hələ orda-burda ətəkləri çirklənmiş qar örtünkləri gözə dəyməkdədir. Hava mülayimdir. Belə havada köks dolusu nəfəs almağın ayrı zövqü, ayn nəşəsi var.   Çayın  buz sinəsindəki kiçik çatlardan sızan sular şirin-şirin çağlamaqdadır. Əgər gecə şaxta düşərsə, bu çatlar örtülüb, bitişəcək. Ertəsi gün günəşin təsiri ilə yeni çatlar açılacaq, yenə də şırhaşır düşəcək-bahar uzaqda deyil!
İki gün bundan əvvəl radionun səsyazma studiyasında eşitdiyim «Məhəbbət tünük buzdur» adlanan mahnının nəqarəti başımda hey səslənir, çat vermiş köhnə val kimi təkrar-təkra fırlanıb, qulaqlarınmdan çəkilmir. Gənc olasan, baharın qabağından qaçan buzları, çağlayan suları seyr edib, coşmayasan? Mənimsə gözümə heç nə  görünmür, çünki o məndən küsüb, özü də həmişəlik! Dünyanın sonu çatıb sanki, məni bu boz, mənasız həyata bağlayan heç nə yoxdur artıq ! Qaynaşmağa başlayan sulardan qalxa-qalxa adamı bihuş edən xəfif yaz qoxusundan başqa…
Buzun səthində o sahilə tərəf uzanan izlər görürəm, insan izləri. Onlar buzun üstünə düşən qara həkk olunub vaxtı ilə, buzların möhkəm, qalın olduğu günlər. Sonradan gələn şaxta qarı da, üstündəki ləpirləri də dondurub. Az sonra buzlar şaqqıltı ilə sınıb bölünəcək, insan izlərinin hərəsi buz parçalarından birində qalacaq, istiqamətini dəyişəcək, bir-birinə çarpa-çarpa uzaqlaşıb, gözdən itəcək, sonra əriyib çayın gur axarına qarışacaq. Sular axacaq, zaman ötəcək…
Ən yaxşı loğman zamanın özüdür! Gənclik bu hikməti hələ dərk edə bilmir. «Məhəbbət tünük buzdur» mahnısının melodiyası hələ də beynimdə dolanmaqdadır…

***

II. QARA REYHAN

1. Qarakoma
Qarakoma dam örtüyü üçün nəzərdə tutulmuş tol toplarından qurulur. Tol topu şaquli vəziyyətdə açılır,ona müəyyən ardıcıllıqla həm içəridən, həm də çöldən biri-birinin üstünə düşmək şərti ilə ensiz taxta zolaqlar vurulur. Sonra iti pinəçi bıçağı ilə tol komanın qapısı kəsilir, qıraqları taxta ilə çərçıvələnir. Külək açmasın deyə, qapıya çöldən də, içəridən də məftil cəftə düzəldilir. Komanın tavanı da eyni şəkildə tünük taxta ilə zolaqlanmış təzə, qudron qoxusu verən tol layından qurulur. Tol divarlar möhkəm taxta dirəklərə mıxlanır, komanın içinə köhnə palaz, ya da kilim döşənir. Qarakomanın pəncərəsi olmur. O, hələ ki, damı, talvarı olmayan bağ yerində su quyusu qazan, yaxud çəpər çəkib, hasar qaldıran ustalara müvəqqəti sığınacaq üçündür. Qara rəngli toldan düzəldildiyindən, qarakoma adlanan belə daldanacaqlara əvvəllər, dünyanın düz vaxtında, hələ evi ucalıb, abadlaşmaşmış bağ sahələrində tez-tez rast gəlmək olardı…
Ətraf qumsal olduğundan, yük maşını lazımı əraziyə kifayət qədər yaxınlaşa bilmir, ona görə də ev tikmək üçün gətirilən daşları xərəklə daşımalı olursan. İki qardaş bom-boş bağ sahəsinə xərəklə xeyli daş gətirdikdən sonra, böyük qardaş bu yerdən  uzaqda olan kənd mağazasına yollanır, kiçiyinə komaya keçib, onu gözləməyi tapşırır. Axşama az qalıb, səhərdən əsən xəzri bir qədər güclənib. Kiçik qardaş içəri keçir, komanın sağ küncündəki vedrədən pir parç sərin su içir, sonra ortadakı mitil döşəyin üstünə uzanır, nazik adyalı üstünə çəkir. Beli arabir sancır, gərilmiş çiyin, qol əzələləri həzin- həzin gizildəyir. Tavanın örtüyünün təxminən iki qarışlıq parçasını dənizdən əsən sərt küləklər cırıb, aralıyıb.Yel dəydikcə, onun başı üstundəki tol tavan cırıldığı yerdən bir neçə anlığa qalxıb, açılır. Bu anlar şux mavi səmada küləyin didik-didik etdiyi ağ buludların hərəkəti görünür. Sonra qara tavan şappıltı ilə qapanır, mavi göy üzü də, ağ buludlar da yox olur. Bir müddət sonra külək yenə də tolu cırılan yerdən qaldırır, içəri saf dəniz havası doluşur, yenə şux mavilikdə üzən topa ağ buludlar ğöz önünə gəlir, dərhal da qara tol pərdə ilə bu xoş mənzərə qapanır. Küləyin oynatdığı tol parçasının şappıltısı əvvəlcə yorğun yeniyetmənin qulaqlarından əks- səda verib, artır sonra əksinə, yavaş-yavaş azalıb, qeyb olur. Səma mənzərəsi bir daha açılan zaman güclü bir cazibənin onu bu açıq yerdən yuxarı, göylərə tərəf çəkdiyini duyur, lökküldəyən oynaqlarının ağrısı bədəninin çəkisi ilə birlikdə tədricən itib, yox olur, ağ buludların yumşaq yumaqları şirin bir təmas ilə onun yanaqlarını oxşayır…
Haçandan-haçana cırıq tol parçasının şappıltısı get-gedə güclənərək, geri qayıdır. Kiçik qardaş gözlərini acır, bayaqkı xoş görüntüdən əsər-əlamət yoxdur, mavi səma qaralıb artıq. Cəftəni açıb çölə çıxır. Görən qardaşı harda qalıb, bəlkə başında bir iş var? Payız axşamı hava tez qaralır, qaranlıq göz görə-görə qatılaşır. O ayaqları tikanlara bata-bata qumsallıqlarla bir xeyli irəliləyir, yoxuş qalxır, eniş adlayır. Yox, heç kim gözə dəymir! Ətraf  boş, kimsəsizdir. Küləyin uğultusundan, arabir bu uğultuyla  çox uzaqdan qarışan it hürüşündən başqa heç nə eşidilmir. Ucqar bağ evləri maşın yolu kimi buradan çox uzaqdadır, bir işıltı belə dəymir gözə. Tək qaldığından daha çox nigarançılıqdan üzülən kiçik qardaşın burnuna tol qoxusu dəyir. Demək külək səmtini dəyişib. Axşam düşən tək qaranlığın içində sanki əriyib yox olan qarakoma qoxu gələn istiqamətdədir. Qum çalalarına düşə-düşə, topuqları kol-kosa ilişə -ilişə irəliləyir. Burnu ara-sıra qudron qoxusunu duyur, qulaqları bayaq açıq qoyduğu komanın qapısının  şappıltısını eşidir, o tərəfə istiqamət götürür. Nəhayət tərk etdiyi komanı tapıb, bir təhər içəri keçir, əl havasın qapını içəridən cəftəyir, mitil döşəyin üstünə əyləşib, dizlərini qucaqlamış vəziyyətdə səhəri gözləyir. Qarakomanın yırtıq tavanında şappıldayan tol parçası kiçik qardaçın ürəyinə imid işığı axıdır. O əmindir ki, ilk şüalarla yenə başının üstündə şux mavi səmanı görə biləcək, o zaman intizarına, nigarançılığına son qoyulacaq, o zaman qardaşından mütləq bir xəbər gələcək !
Əgər günün işıqlı vaxtı yırtıq tavana gələn içi ağ buludlu bir parça mavi səmanı görməsəydi, bu qaranlıqda, bu tənhalıqda səhəri gözləmək ona çox çətin olacaqdı…

2. “Gül sırası“
Gecənin qaranlığını bir neçə anlıq şux bənövşəyi rəng dalğası titrədir. Az sonra bir daha şimşək çaxır, gecə reklamlarının əlvan işıqlarına qərq olmuş müasir meqapolisin rəngi qaçır sanki… El içində “ Gül sırası “adlanan məşhur ticarət obyektlərinin yerləşdiyi uzun tunelə qədəm basar- basmaz, ildırımın gurultusu məni haqlayır, bu əcaib səs ətrafdakı hündür binaların pəncərələrinə çarpır, çilik-çilik olub parçalanır, mənim ardımca gecənin bu vaxtı mağazaları qapanmış, sükut içində mürgüləyən uzun tunelin içinə doluşub onun oval tavanında daha əcaib əks-səda verir. Tunelə daxil olan kimi, onun tağ girişi arxamca su divarı ilə qapanır. Elə bil mahir bir illüzionçunun yalnız onun özünə məlum olan fəndi ilə lap uzaqlardan, bakirə təbiətin qoynundan gur dağ şəlaləsini ayırıb, şəhərin mərkəzinə gətirərək, “ Gül sırası”nın tağ girişinidən asırlar. Gecənin qaranlığını parçalayan şux bənövşəyi dalğa gur yaz leysanının qasidi imiş. Boş tuneldə aram-aram addımlayıram. Sağ və sol tərəfdə sanki bir-birinə qısılmış kafelərin, gözəllik salonunun, müxtəlif ticarət obyektlərinin şüşə qapıları bağlıdır.
Qarşıdakı çıxacaq da su şırnaqları ilə qapanıb, arxada da su divarı var. Bu iki sədd arasında addımlayan insan isə yaz yağmurunun əsirinə çevrilib sanki. Boş tunelin içərisinə yayılan addım səsləri yağışın şırıltısına qarışıb. Qarşıdakı su divarı tunelin xaricindəki neon reklamlarının işığını keçirərək, gah çəhrayı, gah yaşıl, gah da mavi rəngə boyanıb, teyerik bir mənzərə yaradır ki, gecə vaxtı onun yeganə tamaşaçısı mənəm. Bir neçə dəqiqə bundan öncə heç ağlıma gəlməzdi ki, mənim üçün çox əhəmiyyətli olan bir görüş belə qeyri-adi şəraitdə, əcaib səs və işıq effektlərinin müşayəti ilə baş tutacaq. Baş tutacaqmı?
O məndən ayrılmaq istəyir, telefonda dediyinə görə qərarı qətidir. Ondan üzlüşmək  mənə asan deyil, onsuzluğu təsəvvür edəndə belə hər şey gözümdən düşür. Amma iradəmə hakim kəsilmiş yersiz bir qürur bunları ona etiraf etməyə imkan vermir. Telefon danışığında birtəhər onu dilə tutub, tuneldən sağda, evlərinin böyründəki qəzet köşkünün yanında ayaq üstü də olsa görüşmək razılığını almışam.
Görəsən onu ayrılmaq fikrindən daşındıra biləcəyəmmi? Gecə vaxtı evdən bir-iki dəqiqəliyə çıxmaq belə ona asan deyil, bir yandan da bu leysan! Bəlkə gəlmədi, gəlsə belə, ona nə deyəcəyəm, nədən başlayacağam? Bunu hələ bilmirəm, ona görə də “ Gül sırası”nın leysanla qapanmış çıxacağına yaxınlaşdıqca həyəcanım artır. Gözlənilmədən su jaluzinin arasından tunelə bir siluet daxil olur, yavaş-yavaş mənə doğru irəliləyir. Mən də ona tərəf addımlayıram. Bir addım, iki addım, aradakı məsafə get- gedə qısalır, ikimiz də eyni zamanda işiq zolağına  daxil oluruq. Budur, ruhuma məhrəm olan əziz sima, badamı gözlərin qəlbimə sirayət edən nurlu baxışları, yağışdan islanmış xurmayı tellər…
Kaş o mənə əlvida deyəndə ildırım çaxaydı, göy gurultusu əl-vi-da sözünü heca-heca parçalayıb, burdan uzaqlara çəkərək itirəydi. Amma ildırım çaxmır, o isə zəndlə düz gözlərinin içinə baxır, danışmır, mən də dinə bilmirəm, sanki ürəyimin döyüntusünü eşidirəm. Zaman duyğusu itirilib. Birdən anlayıram-ürəyimin döyüntüsünü ona görə eşidirəm ki, yağmurun səsi itib, leysan kəsilib, “Gül sırası” tunelini hər iki tərəfdən gurultuyla qapayan sədd yoxdur artıq, tunelə axışan sərin havanı uda-uda leysanın əsirliyindən qurtulmuşuq.
Amma yenə də nəfəs-nəfəsə dayanıb yerimizdən tərpənə bilmirik. İndi hansı qüvvənin əsiriyik görəsən?

3. Tut qurusu
Yeddi-səkkiz uşaq hərə böyük, zolaqlı cecimin bir ucundan yapışıb, onu yelkən kimi açmışıq. Geniş gövdəli, hündür tut ağacının altında hamımızın sevimlisi, ev yiyəsi, bağ sahibi Xırdaxanım xalanı gözləyə-gözləyə atılıb-düşür,cükküldəşirik. Səbirsizliklə onun donunun altdan çaxçur geyib, gənclərə yaraşan bir cəldliklə ağaca qalxmağını, cubuqla tut çırpmağını gözləyirik.Yun çubuğu yarpaqlara dəydikcə,  yetişmiş tutların incə saplağı budaqlardan qopur, qoca ağacın bu ilki bəhrəsi bizim aşağıda açdığımız  cecimin üstünə tökülür, onun tarım,zolaqlı səthinə dəyib, yuxarı sıçrayır, sonra yenidən aşağı düşüb, ortadakı ağ tut qalağına doğru dığırlanır. Ağacın yaşıl ucalığında şövqlə tut çırpan Xırdaxanım xala heç kəsin bilmədiyi, yalnız özünə məlum olan qəribə bir mahnını zümzümə edir- “ lili, lili, ay lili, lili, lili, lili aay lili…” Biz, hər yay mövsümü çoxdan dul qalmış, üç qızından ikisini köçürüb, kiçik qızı Çimnaz üçün səylə adaxlı axtaran mehriban, şirindil, qayğıkeş Xırdaxanım xalanın barlı-bəhrəli həyətində çoxsaylı otaqları kirayələyənlərin uşaqları yerdən onun səsinə-səs verər, bu nadir mahnını şüurlu şəkildə kobudcasına təhrif edər, eybəcər hala salıb, təkrarlayardıq. Çimnazdan gizli çox sevdiyimiz Xırdaxanım xalanı öz aramızda “dalbadal üç iks”, yaxud “iksin kubu” adlandırardıq. Novruz gələndə, bayramının ikinci günü o mütləq göy kəlağayısını başına salıb, şəhərə gələr, bizimlə bayramlaşardı. Novruz sovqatı kimi bir kiçik torba tut qurusu gətirər, israr edərdi ki, gətirdiyi çərəzi mütləq bayram xonçasına qataq. Bir stəkan çay içib, bizə təkrar-təkrar təbrik və xeyri-dualarını yetirə-yetirə mənzilimizi tərk edər, başqa həmxanalarını ( o kirayəçilərini belə adlandırırdı ) təbrik etmək üçün onların evinə üz tutardı. Onu yola salandan sonra yayın tez gəlməsini, məktəb tətilərinin tez başlamasını elə arzulardıq ki …
Vaxt ötdü. Valideynimiz dünyadan köçdü. Yay mövsümü yolumuz daha Xırdaxanım xalanın geniş, səfalı həyətinə düşmədi. Məktəb tətili, tut ağaçı ilə bağlı xatirələr uşaq hafizəsinin dərin qatlarına çəkilib,yaşımız artıqca unudulmağa başladı. Yenə sular axdı, zaman dolandı, ağır dövrlər gəldi. Nəhəng bir dövlət çökdü, böyük bir ölkə dağıldı. İqtisadi böhran dərinləşib, nəfəsləri kəsdi. Bu elə bir dövr idi ki, vaxtı- vaxtında verilməyən məvaciblər  ailələrin bir həftəlik ehtiyacını ödəyə bilmirdi. Professorların küçələrdə kitab satdığı böhranlı zaman idi. Belə günlərin birində şəhər bazarından məhdud imkanlarım daxilində tərəvəz alıb, geri dönürdüm ki, müştərisi seyrəlmiş axşam bazarının çıxacağında taxta yeşik üstündə oturub, üzü görünməsin deyə ağ çilli göy kəlağayısını bir qədər aşağı salan beli əyilmiş yaşlı qadın silueti dəydi gözümə. Onun qarşısında satlığa qoyulmuş içi tut qurusu ilə dolu şüşə banka vardı. Dərhal gözümün önünə sıx. yaşıl yarpaqlar arasından süzülən gün şüaları gəldi, burnuma yetişmiş ağ tut qoxusu dəydi, bəxtəvər uşaqlıq dünyasının xoş panoramı kiçik, unudulmuş detallarına qədər açıldı. Bu panoram hamımızın çox istədiyi şirindil, mehriban, qayğıkeş Xırdaxanım xalanın, əzizimiz “iksin kubu”nun doğma siması ilə başlayardı…
O mənhus axşam ona əl uzada bilmədiyim üçün qalan ömrümün
sonuna qədər ağır xəcalət çəkəcəyəm!

4. Su çərşənbəsi
İnanamaq çətindir ki, üç tərəfi dağlarla əhatə olunmuş bu mənzərəli kəndi şəhərdən cəmi iki saatlıq yol ayırır. Şəhərin sıxlığından, hisindən, tüstüsündən sonra bu geniş, saf güşəyə düşənlər bir müddət gerçəklik hissini itirir. Təbiət göz oxşayır, dumanlı dağları bürünmüş sükut qulaqları cingildədir, təmiz hava məlhəm kimi adamın canına yayılır…
Qonaq düşdüyümüz evdə səhər çayından imtina edib, gün ucalmamış çay sahilinə enmək qərarına gəlirəm.Əlvan palazla döşənmiş dəhlizə çıxarkən, qonşu otağın açıq qapısından gözümə boş xalça xanası dəyir. Böyründə bir neçə dənə yarımçıq sarı yumaq var. Xatırlayıram ki, bu kənddə hamı xalça toxumağı bacarır, buranın xalçası, kilimi hər yerdə məşhurdur. İlk şaxtalar düşəndə, çöldən- bayırdan əl –ayaq yığışanda, hələ gözünün nuru tükənməmiş qarılardan,  yeniyetmə qızlara qədər hamı xana arxasına keçir, yay mövsümü, ilk yun qırxımından sonra yuyulub, darnıb, əyrilib , boyanmış yun saplardan ilmə-ilmə naxışlar hörməyə başlayırlar. Payız çağlarından əsası qoyulan bu iş Novruz qabagı, ilk çərşənbə öncəsi sona yetir, xalça kəsilib çıxarılır. Gəlin köçən qızların cehizinin əsas hissəsi onların özlərinin toxuduğu xalçalardan, palazlardan, kilimlərdən ibarətdir. Gəlinin bəy evinə gətirdiyi xalçalar onun qabliyyətinin, zirəkliyinin, həm də zənginliyinin şəhadətnaməsidir…
Yoxuşu endikcə,çayın şırıltısı daha aydın eşidilir. Çox da geniş məcrası yoxdur. Ona çeşmə deyilsə, daha dəqiq olar. Bununla belə, sısqa deyil, axarı kifayət qədər itidir. Qarşı sahilə yaxın dağ ətəyinə iyirmiyə qədər al-əlvan xalça yanaşı sərilib. Hələ qış  sazaqları ötməmiş ön yamacın bir gecə ərzində möcüzəli şəkildə çiçəkləndiyini zənn etmək olar.  İndi yadıma düşür ki, xanadan təzə kəsilmiş xalçanı Novruz öncəsi, xüsusilə, su çərşənbəsində yaz yağışı ilə yumaq adəti var. Bu yağışlar təzə xal- xalçanın tozunu alıb, aparır, rənglərini açıb, daha şux, daha cazibədar edir.Belə bir inanc var ki, müqəddəs su çərşənbəsində göydən gələn sularla yuyulan xalça, sonradan hansı evə döşənərsə, o ocağa ağ günlər gətirər, ruzi-bərəkət bəxş edər. Ona görə də çərşənbə qabağı yeniyetmə qızlar toxuduqları  xalçaları özləri gətirib çəmənə sərər, niyyət edib, geri dönərlər…
Amma su çərşənbəsi artıq ötüb, od çərşənbəsi yaxınlaşır, xalçalar hələ də daşınmayıb. Doğrudanmı o gündən bəri dağ kəndinə yağıntı düşməyib? Qeyri-iradi başımı yuxarı qaldırıb göylərə baxıram. Şaqraq qız gülüşü məni xəyaldan ayırır. Üç gənc qız orta ölçülü bir xalçanı çeşmənin məcrasının bucaqlandığı yerə, axar suyun altına sərərək, azca kənara çəkilib, qaqqıldaşırlar. Dağ çeşməsi də göylərdən zirvəyə enən yağmurun nəticəsində yaranmış saf bir axardır, onun da gur müsbət energetikası var! Xalçanı bu axara atmaqla çox düzgün qərara gəlib bu qızlar! Saf, səffaf dağ çeşməsi xalçaya həkk edilmiş əlvan gülləri dalğalandıraraq, hərəkətə gətirir, yazın rayihəli rüzgarları çiçəklənmiş çəməni dalğalandıran tək.  Bahar yağışlarını səbrlə gözləyən xalçalar, çeşmənin hərəkət verib canlandırdığı bu əlvanlıq, bu əlvan aləmə qarışan qız gülüşləri saf  yaz səhərinin mənzərəsinə sözlə ifadəsi heç də asan olmayan xoş bir ahəng gətirir. Suların oxşadığı naxışları süzdükcə, qəlbimdə əvvələr eşitmədiyim ana laylasına bənzər bir təranə səslənməyə başlayır.
Mənimlə çəkilşə gəlmiş operator isə hələ də yatmaqdadır…

5. Sarışın mələk
Nə yaxşı ki böyük şəhərin ucqarlarında yeni yaşayış massivi  salanlar onun həndəvərindəki bu kiçik meşəciyə toxunmayıblar, ortasından tramvay yolu salsalar da, ağacları, kolluqları kəsib, yox etməyiblər.
Qışda gövdəsi qara zolaqlı ağcaqayın meşəciyi yaşıl donunu atıb, ağ tülə bürünür. Meşənin içindən keçib, yeni mikrorayondakı son dayanacağına tələsən tramvay bu bəyazlığa al qırmızı zolaq kimi daxil olur,qırıq-qırıq zəng verir, bu səs budaqları qırov bağlamış uca ağaclara dəyib, cingiltili bir əks-səda ilə meşəciyin üstünə qalxır, şaxtalı efir boşluqlarından dalğa-dalğa ətrafa yayılır. Başları məişət qayğılarına qarışan təzə evlərin sakinləri irəliləyən qırmızı zolağı görməsələr belə, az sonra qoşa vaqonlu tramvayın son dayanacağa yaxınlaşacağından xəbərdar olurlar. Yaz gəlincə, meşəciyin zəmini ağcaqayınların qol-budağı kimi şux yaşıl rəngə boyanır. Yuxarıda, ucalıqdakı yaşıllıqlara quş cəh-cəhi doluşur, aşağıdakı yaşıllıqlarda qarışqa yuvaları qaynaşmağa başlayır. Bu iki titrək yaşıl zolaq arasında isə ağcaqayınların ağ gövdəsi aramla yırğalanır. Gürşad gələndə, leysan tökəndə, bu hərəkətdə olan əlvan aləmin də, onun içindən keçən qırmızı zolağın da konturları reallıq həddindən çıxır, yeni binanın üçüncü mərtəbəsinin yaz yağışından islanan pəncərəsindən ustad impressionist rəssamın fırçası ilə yaranmış bir mənzərə gəlir göz önünə…
Şənbə günləri, günorta çağı meşəcikdən qalxan tramvay zəngi qəlbimə şirin bir həyəcan yayır, cünki bu günlər bu tramvayla sarışın mələk adlandırdığım incə bir məxluq gəlir. Ancaq ona məxsus olan bir şuxluqla vaqondan enir, qulac-qulac qızılı saçları yırğalana-yırğalana, binaya yaxınlaşır, başını qaldırıb yuxarı baxır, pəncərə önünə onun üçün qoyduğum tər çiçəkli güldanı görüb, gülümsəyir. Bunu yeni binadakı mənzilin üçüncü mərtəbəsindən aydın görürəm…
Artıq illərdir ki o məkandan ayrılmışam. Amma meşəciyin içinə daxil olan tramvay tez-tez yuxumdan keçir, sakit , səssiz. Zəngini eşitmirəm. Yuxuda olsam da, bir məqamı bütün ağırlığı ilə dərk edirəm – sarışın mələk bu tramvayla da gəlməyəcək…

6. Qara reyhan
Sahil çirklidir, onun həndəvəri də yaman zibillənib. Polietilen torbalar, boş su şüşələri, qarpız qabığı, yemiş içi, saysız- hesabsız siqaret kötükləri… Addımını ehtiyatla atmalısan, qumların içində şüşə qırığı da ola bilər. Bütün bunlara baxmayaraq, sahil həmişə qələbəlikdir. Dənizdə çimənlər də var, nisbətən təmiz ərazi tapıb, yerə ağ sərən, uzanıb özünü günə verənlər də az deyil. Bəlkə insanları bura cəlb edən sahilin nəzarətsizliyi, bura girişin pulsuz olmasıdır ? Hətta belədirsə, bu natəmizliyin içində rahatlanmağın, dincəlməyin mümkünlüyünü təsəvvür etmək asan deyil. Ümumi xaosun içində fərdi harmoniya tapmağı bacaranlar müdriklərdir. Aforizmin hikmətinə bu çimərlikdən yanaşanda, bu sahilin müdriklər sahili olduğu haqda gülməli bir fikir gəlir adamın ağlına…
Qızmar yay mövsümündə buraya gələnlərə xidmət edəcək bir obyekt də yoxdur. Yerdən düz on iki pillə yuxarıda, dəmir dayaqlar üstündə ilk baxışda tələm-tələsik qurulmuş tavanı da, divarları da qalın diktən olan kiçik bir meyxanadan başqa . Buranın meyxana olduğunu bilmək üçün  yuxarı qalxmalısan. Pillələri adlayıb,içəri daxil olan kimi, pivə mayasının iyi adamın burnunu qıcıqlandırır. Bəzən salat üçün doğranmış təzə , qara reyhanın rayihəsi bu qoxuya qarışır, hətta onu üstələyir. Aramla söhbət edə-edə piştaxta qarşısında pivə içənlər də var, girəcəkdəki masa arxasında əyləşib qəlyanaltı edənlər də. Sakitlikdir.Heç vaxt tünlük deyil bu yer.  Yay günəşinin üzücü təsirindən sonra bu sakit guşədə əyləşib, sərinləşdirici içkilər içə-içə qara reyhan qoxusu ilə nəfəs almaq gərilmiş sinirlərə xaş bir sığal çəkir.Qapıdan sağda çox da böyük olmayan bir sahə də var, girəcəkdən bir qədər hündürdədir. Bura keçmək üçün üç taxta pilləni adlamalısan. Masalardan biri içəridən tünd rəngli lakla boyanan dikt divarda çox səliqə ilə kəsilmiş enli pənərənin qarşısındadır. Bu masanın arxasında oturanlara öndəki pəncərədən xoş bir dəniz mənzərəsi açılır. Bu hündürlükdən pəncərə çərçivəsinə dənizin orta sahəsi, saf, təmiz hissəsi və onun üstündəki dar üfüq zolağı gəlir. Bulaşıq, natəmiz sahil, çimənlər, gəzişənlər, gərnəşənlərin qadını-kişisi, qocası- cavanı, arığı- tosqunu, gözəli- eybəcəri, onların qaldırdığı cığ- bığ-bunların hamısı çərçivədən aşağıda qalır.
Vernisajda asılmış əsərlərdən fərqli olaraq, qarşındakı mənzərə canlıdır. Bir parç sərin pivə nuş edib, bir-iki siqaret şəkənə qədər mənbəyi göylərdə olan işiğ axınının gurluğunu dəyişməsi ilə dənizin rəngdən-rəngə düşməsini-gah kal zeytun,gah şux zümrüd, gah tünd göy, bəzən də açıq bənövşəyi rəng olmasını müşahidə etmək olur. Hava bürkü olan zaman belə, bu dəyişən, çevik mənzərə qarşısında əyləşənlərin üzünü dənizin dərin sahələrınin səthindən qalxıb, çərçivədən içəri doluşan, xəfif bir meh oxşayır. Hava qaranlanda, meyxananın sarı işıq saçan lampası aramla tavana doğru qalxan tütün tüstüsünü işıqlandıranda, cərcivə içindəki dəniz panoramı qeyb olur. Amma pəncərədəki qaranlıqdan içəri axışan sərinlik həmən mənzərənin itmədiyinə, günəşin ilk şüaları ilə yenidən görünəcəyinə bir əminlik yaradır.
Son siqaret söndürəndən sonra arxayınsan ki, sabah aşağıdakı hərc-mərcliyi tərk edib, pəncərə çərçivəsinə sığışan mənzərənin dəyişən rəng çalarlarını seyr edərkən əhvalın durulacaq. Köksü aramla, bəzən ordan-burdan köpüklənərək ağara-ağara qalxıb-enən pəncərədəki dəniz xəyalını oyadıb, onu uzaqlara, qara reyhan rayihəsinə bürünmüş hududsuz, çərçivəsiz, xoş, pak  bir aləmə aparacaq…
Xaosla harmoniyanı biri-birindən bir neçə pillə ayırır.!?

***

III. İŞIQ

1. Məbəd

Sarsıldı etiqadım, üzdü məni
intizar-
Bəs nə vaxt cücərəcək səpdiklərin,
İlahi?
Mikelanjelo Buanarotti

O, hər dəfə Leninqrada gələndə, mütləq Ermitaja tələsər, həyəcandan ürəyinin döyüntüsünü eşidə-eşidə İntibah zalına qalxar, çoxdan seyr etmək istədiyi şedevrin yerində  yenə də dövrəsi qırmızı qaytanla əhatələnmiş yazılı lövhəni görəndə, qəlbinə məyusluq çökər, həyəcanı çəkilərdi. “ Eksponat restovrasiyadadır”- bu o deməkdir ki, yenə də arzusuna çatmayacaq. Sənət vurğunu olan gənc İntibah dövrü dühalarının bu zalda sərgilənən ünlü əsərlərini dəfələrlə seyr edib, zövq almışdı, arxa planda qalan xırda detallarına qədər bələd idi onlara, bu sənət incilərinin hansı sırada, hansı ardıcıllıqla asıldığını yaxşı bilirdi, qəlbini dindirən tabloların yerini gözübağlı olsa belə tapa bilərdi. Amma illər idi ki, Mikelanjelonun Ermitaj kimi tanınmış sənət məbədində yeganə orjinal əsəri – “Qıc olmuş oğlan”ı görmək arzusu onu tərk etmirdi, foto surəti muzeyin bütün kataloqlarına düşmüş əsəri gerçəkdən seyr etmək ona qismət olmurdu ki, olmurdu. Amma yenə də ümidini itirmir, əlinə kiçik bir imkan düşəndə belə mütləq sənət məbədinə aparan yola çıxırdı.
Florensiyanın hakimi Alessandro Mediçinin türbəsindəki alleqorik kompozisiya üçün yonulan “Qıc olmuş oğlan”ın daş fiquru yaradıldığı dövrdən əsrlər ötəndən sonra Neva sahillərinə necə gəlib çıxıb görəsən, onu hansı yollarla, kimlər gətirib? Bəs onu seyr etmək, onunla lal ünsiyyətə girmək niyə nəsib olmur? İllər ötdükcə, yaş artıqca, bu arzu daha da şiddətlənir, həsrətə dönüb, ürəyi göynədir. Tarixlə üz-üzə dayanmaq, möcüzələr yaratmağa qadir olan ustad əli ilə konkret biçim və fəlsəfi məzmun alan daşın daşıdığı mənanı onun  kobud, çopur fakturasının girinti-çıxıntılarından sezmək, plastik formanın əsrlər boyu içinə çəkib saxladığı gizli enerjini duymaq yanğısı illərdir ki səngimir! Heyhat- “ Eksponat restovrasiyadadır”! Süni bütlərin, zövqsüz heykəlciklərin günü- gündən nüsxələnib, çoxaldığı zamanda nə yaxşı ki Florensiyalı ustad rəssam və heykəltəraşın şeirləri ilə təmasdan insanı məhrum edə bilən qüvvə yoxdur. Əsrlərin dərin qatlarından  bu günə qədər gəlib çıxmış sətirlər onu sevənlərin qəlbinə sanki mahir heykəltəraş tişəsi ilə həkk olunub, onları məbədə gedən yoldan sapmağa qoymur:
–    Sənə xoşdur dua edən riyakarlar qafiləsi,
Mən onların sırasına sığışmıram,uca Tanrım!

2. Bəybazarı

Ankaranın qərbində yerləşən kiçik bir şəhərdir. Başkənddən onu təxminən 100 kilometrlik məsafə ayırır. 35 min əhalisi olan qədim şəhərin daş döşəməli küçələri yoxuşa doğru uzanır, haçalıb, sağa-sola burulur. Çox səliqə ilə inşa edilmiş iki-üç mərtəbəli binalar çiyin-çiyinə qısılıb, küçələrin hər iki tərəfindən biri-birinin üzünə baxır. Yuxarı qatları ağ rənglə boyanmış evlərin qonur, mixəyi, bəzən qırmızı pəncərə çərçivələri bu bəyazlığı daha da qabardır.
Təmizlik və sakitlikdir…
Tarixlərin lal şahididir Bəybazarı. İstər Roma, istər Bizans imperatorluqları dövründə daşıdığı strateji önəm Səlcuqların hakimiyyəti dönəmində daha da artıb. Buna səbəb bu şəhərciyin İstanbul- Bağdad tarixi yolu üstündə əhəmiyyətli keçid məntəqəsi olmasıdır. Gənc bələdçi xanımın bizə verdiyi məlumatlardan öyrənirik bunları. Burada yetişdirilən şirin, sulu yerkökünün dadı, tamı aləmdə məşhurdur, bu şəhərcikdə emal olunan gümüş, ondan hazırlanan bəzək əşyaları, qab- qacaq Bəybazarının şöhrətini daha da artırır.
Şəhərin bir çox evlərinin gündoğana açılan eyvanlarında nəsə bir natamanlıq dəyir gözə-ya divar tam malalanmayıb, yarımçıq qalıb, ya divarın son pəncərəsi içəridən daşla hörülüb açılmayıb, ya da evin fasadının bir hissəsi ağardılmayıb. Bələdçimiz deyir ki, bu yerin sakinlərində belə bir inanc var- evi tam qurulub, tikilib, abadlaşmamış insana əzrayıl yaxın düşmür, binalarda gözə dəyən natamamlıq əzrayıla işarədir- “mənə toxunma, hələ evimi tiklib qurtarmamışam, hələ təzə evdə bir gün görməmişəm!”
Bütün dünya xalqlarının folklorunda insanla əzrayıl münasibətlərini, adəm oğlunun ölüm mələyini aladadıb, azdırmaq cəhədlərini əks etdirən xalq yaradıcılığının müxtəlif janrlarına məxsus nümunələr var-pritçadan tutmuş, lətifəyə qədər. Bu nümunələrdə həyulanı, xortdanı, divi, cadugəri, bir sözlə, bütün şər qüvvələri aladatmaq olur, bircə Əzrayıldan başqa! Bununla belə dünyanın hər bir güşəsində insanlar sadəlövhcəsinə onu aldatmaq cəhdlərindən əl çəkmirlər.
Geri dönərkən, avtobusun pəncərəsindən şəhər qəbiristanının geniş görüntüsü açılır. Sinə daşı çökən, üstü ərəb əlifbası ilə yazılı başdaşları əyilmiş köhnə məzarlar da var, həndəvəri ağ mərmərlə döşənib, üzərinə ay- ulduz həkk olunmuş təzə qəbirlər də!
İnsan öz işindədir, əzrayıl öz işində…
/Bəybazarı, 2005- ci il/

3. İşıq

Xəlil Rza Ulutürkün xatirəsinə

Bu eyvan bizim evin şüşəbənddindən yaxşı görünür, xüsusilə, gecələr, ətrafı qatı qaranlıq bürüyən zaman. Gecə vaxtı bu üç tərəfi tutqun şüşəli pəncərələrlə bağlı eyvan içindən işıqlanan akvarium tək çevrəsində qaranlığı seyrəldən xəfif bir halə yaradır. Eyvanın eni- uzunu üç-dörd addım olar, ya olmaz. Şəhərin mərkəzindəki qədim daş binanın fasadına sonradan çıxarılan bu tikili mənzilin əvvəlki sahiblərinin darısqal yaşam məkanını azca da olsa genişləndirmək cəhdi kimi qabarıb, gözə girir. İndi bu dar məkanda yerə- göyə sığmayan parlaq poetik obrazlar, yaxud elmi məfkurələr yaranır, iri, aydın hərflərlə misra- misra, cümlə- cümlə kağız üzərinə düzülür, ya da “Erika” markalı yazı makinasının şriftləri ilə ağ səhifələrə həkk edilir. Ətrafı diqqətlə dinləyəndə, eyvandan yayılan işıq dalğalarına “Erika”nın çaqqıltısının qarışdığını duymaq mümkündür. Mənim yaxşı tanıdığım, ilhamı bu dünyaya sığmayan qələm sahibinin iş otağına çevrilmiş bu darısqal eyvanın işığı gurdur. Siqaret çəkmək bəlasına mübtəla olduğum günlər nikotin aclığı gecələr yuxuma haram qatıb, bir neçə dəfə məni yataqdan qaldırır. Gecə ikiyə işləyir saat. Şairin eyvanında hələ işıq sönməyib, demək proses davam edir, yeni ideyalar doğulur, yeni kəşflər edilir, zəngin fikir dünyamızın hüdudları bir işıqlı şəxsiyyətin səyləri ilə daha da genişlənir gecənin bu vaxtı! Siqareti söndürüb yatağa qayıdıram. Yenidən yerimdən qalxanda saat artıq 3 –ü göstərir. Eyvan yenə də işıqlıdır! Səhər 5-ə az qalıb, küçələrdən maşın səsləri çəkilib, tam sakitlikdir. Şairin eyvanından yenə işıq dalğalarının yayıldığını görüb, siqarət kötüyünü qeyzlə külqabıya basıram. Çünki bu nur dalğaları gecə ilə sübhü biri – birindən ayıran qısa zaman kəsiyində qır örtüklü  damların üstündən keçib, mənə çatır, içimə çökmüş natamamlıq kompleksini bütün çılpaqlığı ilə işıqlandırır. Mənə xatırladır ki, ömrümün gənc çağında canımı ətalət bürüyüb, tənbəllik adlı bir mərəz məni əsir – yesir edib. Hər dəfə bir bəhanə ilə günü – günə satıb, nəinki gecə, heç gündüz də əlimə qələm almıram, kitab vərəqləmirəm. Ömrün ən qaynar illərini boş mənasız işlərə sərf edir, yandırıb siqaret tüstüsü kimi bada verirəm. Yalnız mənim görə biləcəyim vacib işlər isə tökülüb qalıb!
Səhər çağı, artıq günəş xeyli ucalaşdıqdan sonra mağazadan isti çörək alıb, geri dönərkən onu idman geyimində döngəni burulub, yüngül bir qaçışla fasadı şüşəbənd eyvanlı evinə doğru yönəldiyini görürəm. Uzun, ağır bir marafondan qalib çıxmış məğrur bir atletə bənzəyir, yanaqları alışıb – yanır, iri, zil qara gözləri gur işıq qaynağıdır. Suçunu dərk etmiş adamlar kimi  baxışlarımı yayındırır, şişib qızarmış gözlərimi ondan gizlədirəm…
Ömrünün sonlarına yaxın şair o binadan köçdü, çox çəkmədi ki, bu işıqlı dünyanı da tərk etdi. Daha gecələr o eyvanda işıq yanmır. Mən isə bilirəm ki, o işıq itməyib! Sadəcə ünvanını dəyişib – eyvandan kitablara, kitablardan könüllərə köçə-köçə çoxalıb, artıb!
Nə yaxşı ki, özündən sonra işiq qoyub gedən insanlar var…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.