Fəxri MÜSLÜM
Çıraqsan
A kərtmə evimiz, a yurd yerimiz,
Yüz ildi könülə, gözə çıraqsan.
Xatirələr zəncir, uclanıb gedər,
Yazdığım şeirə, sözə çıraqsan.
Əllərim kölgəndən asılmış kimi,
Baxışım pərdində sıxılmış kimi,
Elə basaratım basılmış kimi,
Hələ taqətimə, dizə çıraqsan.
Yadda-yaddaşlarda urvatın yaşar,
Neçə sinələrdə, bir yatım, yaşar,
Yürgək laylaların, bayatın yaşar,
Aldığım nəfəsə, üzə çıraqsan.
Qiblən, qibləgahın gün döyən imiş,
Təkcə kimsəsizlik çən döyən imiş,
Qürbətli anların, ün döyən imiş,
Mənim canımdakı közə çıraqsan.
Anşıra bilmirəm, uda bilmirəm,
Çox şeyə qadağa, qada bilmirəm,
Bu ağrı-acını dada bilmirəm,
Köçənə çıraqsan, bizə çıraqsan.
Giley yırğalanır dilimdə hələ,
Dərdim sırğalanır külümdə hələ,
Sözüm puçurlayır gülümdə hələ,
Mən səndən uçduğum izə çıraqsan.
Fəxriyəm, ömür də gün sayıb gedər,
Kökü-köməncini yaşayıb gedər,
Havana, suyuna tamsınıb gedər,
Qədim ruh üstündə, təzə çıraqsan.
Göründü
Daradım ömrümü yun darağında,
Ana əllərinin izi göründü.
Çevirdim üzümü divara tərəf,
Sancılmış iynəsi, bizi göründü.
Yalın yol üstündə yalnıdım, qaldım,
Xəyallar içində alındım, qaldım,
Yorğan-döşək kimi salındım qaldım,
Neçə ruh içindən özü göründü.
Dərd dərdi iç etdi zirzəmi kimi,
Dəryada yelkənsiz bir gəmi kimi,
İçə ötürülmüş saz simi kimi,
Kəsik şərqilərdə sözü göründü.
Köç etdim əvvələ, sona köç etdim,
Canımın içindən cana köç etdim,
Misri qılıncıydım, qına köç etdim,
Böyrümdə, başımda buzu göründü.
Nə yaşam, nə ölüm mənim deyilmiş,
Dənəvər deyilmiş, dənim deyilmiş,
Təkcə duman üstdə çənim deyilmiş,
Yaram ovxar-ovxar, duzu göründü.
Onsuz da darana-darana gəldik,
Töküldük dağlardan, arana gəldik,
Qol-budaq olub da, budana gəldik,
Sinəmdə göynəyi, közü göründü.
Göyün qövüsvari Ayına baxdım,
Gözümdə millənən sayına baxdım,
Küncdəki çəkmənin tayına baxdım,
İllərin qat olmuş tozu göründü.
Sinirlər tarıma çəkilib getdi,
Hər nə var, içimdə əkilib getdi,
Kədərim üzümə bükülüb getdi,
Alnımda nə yazı – pozu göründü.
Sınıq-salxaq cəhrə atılıb küncə,
İp yox, dərd əyirir- naxış, xal incə,
Sarmaşıb illərə ömür, yol incə,
Könülmü ovudan sazı ğöründü.
Əl vurdum mis cama əlim titrədi,
Tüstüm burmalandı, külüm titrədi,
Udqunub qalmaqdan dilim titrədi,
Qədərin qarası, bozu göründü.
İlişdi baxışım tavanı tutdu,
Ötürdüm kölgəmi eyvanı tutdu,
Gedənim-gələnim sapandı tutdu,
Dəryaz ağzı kimi yazı göründü.
İllər ilmələnib sorğuya çəkdi,
Qonşu altdan-altdan marığa çəkdi,
Eşib məhləmizi qoruğa çəkdi,
Astarı göründü, üzü göründü.
Qolum qol deyilmiş don olmuş kimi,
Hər şey gözlərimdə son olmuş kimi,
Quruyub, soğulub, qan olmuş kimi,
Solub,
sıvqarılmış,
susuz göründü.
Ağrım da evmizin damından çıxdı,
“Otuzluq lampa”dan, şamından çıxdı,
Bir qatıq ağız da yanımdan çıxdı,
Gəvəzə göründü, irzi göründü.
Qəzəb məni yedi, beyin dolaşdı,
Sən demə gün ötüb, şər də bulaşdı,
Hardasa yaxında çaqqal ulaşdı,
Tülkünün qarğaya nazı göründü.
Dağ döşündə düşüncələr
Bir qəbir də artdı dağın döşündə,
Bağlı qəbirlərə, daşa dönürük.
Çiçək öz işində, gül öz işində,
Yayın ortasında qışa dönürük.
Bu qəbir daşları, bu baş daşları,
Düzülüb nizamla üzü yaylağa.
Daşda şəkillər də üzük qaşları,
Baxışı yaylağa, gözü yaylağa…
Fikirlər içimdə tarım çəkilib,
Səslərin içindən səs eşidirəm.
Ovqatım çəkilib, yarım çəkilib,
Bədbəxt əzan çəkir, tərs eşidirəm.
Qıvrılıb ilantək sürüşüb getdim,
Ağrılar canımda boy atmış kimi,
Doğma ruhlarımla görüşüb getdim,
Özümü özümdən oyatmış kimi.
Tanrı duası da ağ buluduymuş-
Qarası aldadır, bozu aldadır.
Ömür də beşbarmaq dağ palıdıymış,
Halı-əhvalımı pozub aldadır.
Əyilib yolların doqqazı kimi,
Vətənə baş əydim, yurda baş əydim.
Bu qatın yeddisi, doqquzu kimi,
Canımda qat olmuş dərdə baş əydim.
Bir qəbir də artdı dağın döşündə,
Bağlı qəbirlərə, daşa dönürük.
Çiçək öz işində, gül öz işində,
Yayın ortasında qışa dönürük.