***
Bəlkə, qaranlığa, zülmətə qaçmaqdı sevgi?
Yoxsa gözdən itməkdi, xəlvətə qarışmaqdı?
Sevgi ağlamaqdı, üzülməkdi, demiş Füzuli,
Bəlaya tutulmaq da nemətdi, imtahandı.
Sevgi sevməkdir sevgini, Allah vergisidi,
Yalqız yaşayanlar heç də xərabət əhli deyil…
Sevgi cananın ruhunu qucaqlamaqdı,
Saqinin verdiyi mey rəvadırmı hər aşiqə?
Buluddan yağan təklik qədər ali bir duyğu,
Rindin laməkanlığı qədər ali bir yer…
Yeqzar, sən də fanisən, üzülmə, öləcəksən,
Elə bilirsən, dəli olmaq nemət deyil?!
***
Səndən sonra gülzarım məzar oldu,
Kədər qapımda yuva salanda da ayılmadım.
Sən göndərdiyin həsrəti ərz eylədilər,
Axtardım, ruhumun qırıntıları uzaqda idi.
Mən hardayam, bəladan uzaqda darıxıram,
Vücudumu ilıq bir səssizlik ərafa itələyir.
Aşiq şeydadır yoxluğa, aşiq sevməz xəyanəti,
Sevər Məcnuntək, çapar Fərhadtək bisütunu…
Yeqzar, sən də qafilsən, bəlayi-eşq nədir bilməzsən,
Qoxlama yarın bağçasındakı sonuncu kədərli çiçəyi…