Ana səhifə YAZILAR Yeqzar Cəfərlidən yeni hekayə: “Qar”

Yeqzar Cəfərlidən yeni hekayə: “Qar”

Müəllif: Bizim Yazı
565 baxış

9-10 yaşım olan vaxtlardan danışıram. Noyabr-dekabr aylarıdı, qar hələ yağmasa da, təbiətdə hər şey tezliklə qarın hər yeri ağ örpəyə bürüyəcəyindən xəbər verir.

Yeni eranın başlamasına sayılı vaxt qalır.

Şəhər şimal kənarında IX mərtəbəli binanın dördüncü mərtəbədəsində yaşayırıq. Başqa binalar kimi bizim bina lift baxımından “xoşbəxt”dir. Bəzən liftin içində saatlarla qalır, evdə düşünməyə vaxt tapa bilmədiyim şeyləri beynimizin süzgəcindən keçiririk. O gün bir yaşlı qadını qapıbir qonşumuz olan Sahiblə neçə köməkləşib çıxardıqsa arvad pişik balası kimi bizi xeyli yaladı. Arvad liftin içində bayılmışdı. Məşədi İbad demiş, bir növ adətkərdə olsaydı, qorxmazdı.

Liftin xarab olmağı bizdə yeni adət yaradıb. Hər dəfə lift sıradan çıxanda onu növbə ilə düzəldirik. Bu dəfə növbə bizimdi. Bu adətdən qurtulmaq üçün Evlər İdarəsinə gedib usta çağırmaqdan binamızın bütün sakinləri cana doyub. Çıxış yolu kimi üzbəüz binanın 6-cı mərtəbəsində yaşayan Valeri adlı bir rus balasını (deyəsən,  o da hansısa başqa bir Evlər İdarəsinin lift ustasıdı) köməyə çağırırıq.

Altımızdakı mənzildə Səxavət adlı yalnız, yaşlı bir kişi iqamət edir. Həyat yoldaşı uzun illər öncə xərçəngdən dünyasını dəyişib. Tək yaşayır dedimsə bu kişinin kimsəsiz olması anlamına, ya da mənasına gəlmir. Bir oğlu, bir qızı var. Qızı köçüb, hətta atasınını baba da edib. Oğlu Həmid isə Moskvada ticarətlə başını girələyir. Tez-tez atası ilə zəngləşir, maraqlanır, hal-əhval tutur. Vaxt tapan kimi ayda, iki ayda bir atasına baş çəkməyi yaddan çıxarmaz. Baxmayaraq kimi bəzən Həmidin Moskvada işinin dolaşması Səxavəti narahat edir, oğlundan danışanda ağzına çullu dovşan sığmır.

– Bakıda özümə bir münasib iş tapa bilsəydim, bir daha Moskvaya qayıtmazdım.

Səxavət kişiyə baba deyə xitab edirəm, o da mənə “nəvəm” deyir. Atamla yaxın dostdurlar. “Dostluq yaşda deyil başdadı” burda deyiblər.

Məni itirən Səxavət babanın yanında tapır. Öz evimizdən  çox onun yanında olur, bəzən dərslərimə də orada hazırlaşıram. Atam bundan narahat olsa da, hər dəfə anam “ağzından vurur”.

– Uşağa dəymə, yəqin yenə Səxavət babanın söhbətlərinin sehrinə düşüb.

Bir dəfə, gecə saat 12-də Səxavət baba gildən qayıdanda atam məni dəhlizdə qarşıladı.

– Ay oğul! Niyə tez-tez gedib qocanı narahat edirsən? Yaşlı adamdı, istirahətini pozma.

Mən isə atamı and-amanla inandırıram ki, özü məni çağırır. Babanın ağzı ilə deyirəm:

– Ürəyim çox sıxılır. Özümü lap yalnız hiss edirəm. Vaxt tapan kimi babanı ziyarət elə. Baba-nəvə dərdləşək.

Atam susur, məni başdan ayağa süzür:

– Yaxşı, get yat.

O mənə yeniyetməlik, gənclik xatirələrindən, mən də ona uşaq macəralarımızdan, şirin məktəb həyatından danışıram. Tez-tez mənə məsləhətlər verməyi unutmur, “sözü məndən ala bildinmi?” – deyir.

Günlər bir-birini əvəz edib, 2000-ci ili yaxınlaşdırdıqca insanlar arasında vahimə doğuran söhbətlər də artır. “Yeni il olmayacaq”, “bilgisayarlar öz aralarında savaş aparıb, dünyanı dağıdacaqlar”, “dünyanın sonu artıq çatmışdır” kimi cümlələr dillər əzbərinə çevrilən vaxtlardı. Bu söhbətlər məni çox qorxudur. Yaxınlarımı itirmək qorxusu, coğrafiyaşünas ola bilməmək ehtimalı xəlvətcə ağlamağıma belə səbəb olurdu desəm, yalan olmaz.

Son günlər Səxavət babanın da iki söhbətindən üçün dünyanın dağılması ilə bağlıdı. Tez-tez işıqlar da sönür. Belə olanda qorxunun yeni formalarını kəşf edirik.

Öz-özümə deyirəm:

– Deyəsən hər şey bitdi…

Eşitmişəm ki, bəlalar çox zaman gecələr gəlir. İşığın sönülü vəziyyəti iki-üç dəqiqə sürən kimi ölülər aləmindən tutmuş, zəhəri səkkiz batman olan ilanlar, əqrəblər aləminə qədər səyahət edirəm. Elə ki, Səxavət baba bir şam tapır gətirir, ilanların, əqrəblərin əlindən xilas oluram.

Səxavət baba dindardır. Öz diliylə desəm, namazını, orucunu heç vaxt “bada verməz”. Bütün işlərini din qanunları ilə tənzimləyir. Peyğəmbərimizin, imamlarımızın hədislərini də çox sevir.

Bir gün Səxavət baba mədəsindən əməliyyat edirlər. Ramazan ayına bir-iki gün qalar, ya qalmaz. Həkimlər ona oruc tutmağı qadağan edirlər. Sifəti bir qarışdır Səxavət babanın, görən elə bilər evi yanıb. Bir tərəfdən də Moskvada bazar “lotu”ları ilə cəbəlləşən Həmiddən nigarandı. Yaxşı ki, qızı hər gün işdən sonra atasına baş çəkir, həkimin icazə verdiyi xörəklərdən gətirir.

Həmin günlərin birində ədəbiyyat müəllimimizin atası rəhmətə getdiyindən dərsdən evə tez qayıdıram. Yeməyimi yeyib düşürəm onun yanına. Səxavət baba televizorda maraqla bir verilişə baxır. Bu marağını qapını gec açmağından anladım. “Rasiyya Sivodniya” adlı rus kanalında dünyanın sonu ilə bağlı çox maraqlı veriliş yayımlanır. Verilişin qonaqları tanınmış parapsixoloqlar, öngörücülər, alimlərdi. Qızğın müzakirə gedir. Səxavət baba ara-sıra mənə də tərcümə edir. Baxışlarından əsəbi olduğunu aydın sezmək olur.

Növbəti gün onlara gedəndə Səxavət babanın növbəti macərası da lap “yerinə düşür”.

– Qaz vurub qazan dolduran vaxtlarım idi. Bir gün işdə 3-4 saatlıq fasiləm var idi. Qərara aldım ki, iş yerimizə yaxın “Məədniyyət park”ında vaxtımı öldürüm, bəlkə iştahım gələr, işə qayıdan kimi çörəkarasından, qamburgerdən zaddan yeyərəm. Bu park kiçik olsa da çox gözəldi və məhz buna görə də günün əksər vaxtlarında insanlarla dolub-daşır, xoşbəxt cütlüklər, körpə uşaqlar, yaşlı adamlar, bir sözlə, məmə yeyəndən pəpə deyəndən qədər hər kəs bu bağa gəlir.

Nə başını ağrıdım, keçib bir oturacaqda əyləşirəm. Əlimdəki “Tozlu Bakı” qəzeti vasitəsilə günün xəbər mənzərəsi ilə tanış oluram. Münasib yerimi təzə rahatlamışdım ki, bir qızla oğlanın mənə tərəf yaxınlaşdığını görürəm. Onların yanımdakı boş yerlərdə oturub dincəlmək istədiklərini zənn edirəm. Mənim əyləşdiyim oturacağı nişana almış kimi düz üstümə yeriyirlər. Gənclər mənə çatınca ağlıma yüz fikir gəldi.

Yaşı 25-30 arası olan bu gənclərin biri sağımda, digəri solumda əyləşdi. Qız hicablıdı, əlində də müqəddəs bir kitab tutub. (Kitabın müqəddəsliyini asanca əlçatan olmamasından, zərli bir parçaya səliqə ilə büküldüyündən anladım). Salam verdilər.

– Əleyküm salam.

10 dəqiqəlik vaxtınızı ala bilərikmi?

– Buyurun…

– Yaxşısı budur, uzatmadan keçək mətləbə. Uzaqdan gələ-gələ sizin xoş simanız bizi özünə cəlb etdi və sizi xəbərdar etməyi özümüzə borc bildik.

Yerimdə donub qalıram.

– Yəqin ki, siz 2000-ci ilin olmayacağı barədə eşitmisiniz. Dünyanın sonuna bir neçə gün qalıb. Mömin insana bənzəyirsiniz, biz sizin kimi insanların tələf olmasına razı deyilik. İstəsəniz biz sizi ölümdən xilas edə bilərik.

Axı bu necə mümkün olacaq, heç də inandırıcı görsənmir?

-Biz Nuhun gəmisinə bənzər bir gəmi düzəltmişik. Bizim gəmi sizin üçün yeganə nicat yoludur. Bütün dünya suya qərq olanda, ətraf nəhəng okeanı xarıtladanda siz və sizin kimi digər əməlisaleh insanlar bu gəminin içində əmində olacaqsız.

Onlar növbə ilə, dayanmadan danışır, tez-tez “Müqəddəs kitab” dedikləri kitabı açır, mənə tarixi örnəklər göstərirlər. Kitabı onlardan alıb bax- mağa bir neçə dəfə cəhd etsəm də, onlar kitabı verməkdən imtina edirlər.

Soruşuram:

– Sizin Allahın İslam peyğəmbərinə qiyamət haq-qında buyurduqlarından xəbəriniz var?

– …

Allah “Qurani-kərim”də öz peyğəmbərinə buyu- rub ki, qiyamətin vaxtını məndən başqa heç kəs bilmir. Təkallahlı bütün dinlər bunu qəbul edir, yanılmıramsa.

– Əlaqə nömrənizi verə bilərsiniz? Gəmi yola düşəndə sizi xəbərdar edək.

Bir anlıq telefon nömrəmi onlara vermək istəyirəm. Düşünürəm ki, onlara yaxınlaşıb məqsədlərini başa düşsəm pis olmaz. Bu fikirin beynimə gəlişi ilə gedişi bir olur.

– Bağışlayın. Mən telefon işlətmirəm.

Siz rusca bilirsinizmi? – oğlan soruşdu.

Suallarına cavab almamış qız çantasından rus dilində nəşr olunmuş qəzet və dərgilər çıxarır, gözünü ağzıma dikib cavab gözləyir. Mən onların məni bu qəzet-jurnallarla daha bir neçə dəqiqə yubadacaqlarını hiss edib, cavab verirəm:

– Bağışlayın, mən rusca danışa bilmirəm.

Söhbət o qədər maraqlıdı ki, vaxtı unutmuşuq. Otağın nəfəsliyi açıq qalıb. Bayırda narın-narın qar yağır, külək isə ara-sıra qar dənələrini açıq nəfəslikdən üstümüzə atır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.