Ana səhifə YAZILAR Yeni nəfəs: Ayşən Rəhimin şeirləri

Yeni nəfəs: Ayşən Rəhimin şeirləri

Müəllif: Bizim Yazı
1. 286 baxış

Ayşən Rəhim

 

***
Keçmişin rəflərində itib-batmış xatirələr
Unutmaq zəncirini qırıb
Yapışır darıxmağın yaxasından..

Axı unutmaqla bağlı bildiyim yeganə iş unuda bilməmək olur
Və vəhşi vüsalın əlləri
ayrılığın ayaqlarını qapır..

Tale xətləri ovucumun qırışlarına hopur
Və qopur ömrümün əqrəbləri saatdan
Əskilir təqvimlər.
Dəhlizin divarlarında son ümid rəqsilə
Tənhalaşır kölgələr.

İndi bu qurumuş cümlələr
Vergüllərə dönən nöqtələrlərlə
Epiloqda bitəcək
Sonuncu səhifədə son sətrinlə..

Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar.
Neçə ip utandı
zaman asarkən
Arzuları boğazından..

Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi
Gözəldir təkliyim.
Ehtişam,
İki şam,
Dörd divar ,
Boş otaq fəlsəfəsi
və köhnə grammafonda retro..
Təbəssüm gizlənən dolu qədəh
və Freda kahlo:
“İçimdə qırx qadın
Qırxı da özgə
Qırxı da digəri”

Bir gün mən gedəcəyəm

Bir gün mən gedəcəyəm…
Nəhayət büküləcək günəşin biləyi
Son dəfə izləyəcək dözülməz zaman qürubu
addım-addım
Sonsuzluğa uzanan yolumu
Sovuracaq yoxluğun küləyi …

Bir gün mən öləcəyəm…
Söküləcək ulduzlar bir -bir
Gecə libasından
Və utanmadan soyunacaq gecə
kainatın qarşısında..
Uçacaq bütləri məbədlərin
Tapdanacaq bütün müqəddəslər..
Qırılacaq qapısı arzuların
Dualar yağacaq göyüzündən
Geyinəcək ovuclarımı əbədi…

Bu gün mən öləcəyəm..
Sükut asılır,
Lal olmuş yalnızlığımdan.
Eşidilir indi ölümün səsi uzaqdan
Həyatım öləziyir.
Gecikən yoxluğa qaçır ayaqlarım
Avazıyır ümidlərin rəngi
Qarışır heçliyin əlamətinə:
Qara qaranlığa..

İndi mən öləcəyəm…
yüküylə birgə arxamca gəlir
Dünənlərə yığılan bütün keçmişlər…
Toxunulmamış bir gələcək boğuldu
Bilinməyən sularda..

Və bir həqiqətin parçası olmaq arzusu
Doğuldu ..
Ölürəm…
Zaman keçərkən üstümdən
Neçə həyat bitəcək mənimlə?
Kimisi unudacaq keçmişin rəflərində
Tozlu məzhərin səhifələrindən.
Kimisə miras buraxdığım xatirələrdən
Yapışacaq..
bir gün heçnə qalmayacaq məndən geriyə..
Bircə
Qibləsiz müqəddəslərin qarğışı,
Simasız başdaşı,
Və gözyaşı..
Ölürəm…
Səsim asılacaq qulaqlarından
Neçə öpülməmiş sözlərim düşəcək
Dodaqlarından…

 

 

* * *

Keçmişin şüşə qırıqları
kəsir bugünün ayaqlarını.
Bütün tör-töküntü ümidlər
sənin bircə əlvidanın əlində öldü…
Elə bil içi boş buludlar asıldı divardan.
Əlim çatmır gülüşlərə,
hərşey əskikdir, elə sən də…
xatirədir dodaq izlərin qalan
fincan,
saçın ilişən daraq.

xatirədir əllərinin ikiyə böldüyü elə mən də..
Sənin ağız dolusu “yanındayam”dan
Geriyə bir küçə dolusu yalnızlıq qaldı…
Yalnızlıq… gözlərin islatdığı yastıqlarda
Hıçqırıq dadıdır
və yalnızlıq hər gözlənilənin adıdır.

Bil ki, keçmir gözlərimdən itirməklər.
Bir qadının unudulmuş yalnızlığısan
sənin ən sevdiyin köynəyimdə
ilişib qalıb təklik.
sənsiz kiçik bir vidaya sığışıram,
eşitdiyim sonuncu ayaq səsindən sonra…
Kimisə
pəncərə kənarında qurudacaq qədər sevmək,
Özünü unudacaq qədər ölmək imiş…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.