Ana səhifə SÖYLƏŞİLƏR “YAZIÇILAR BİRLİYİNİN TÖVBƏ QAPISI AÇIQDIR”

“YAZIÇILAR BİRLİYİNİN TÖVBƏ QAPISI AÇIQDIR”

Müəllif: Bizim Yazı
727 baxış

(Müsahibənin tam mətni)

Anar: “25 ildir başa düşmürəm, bunlar Yazıçılar Birliyindən nə istəyirlər”

“Uzun illər ittifaq sədri olan təkcə mən deyiləm”

Yazı masasının üstündə latın əlifbası yazılan cədvəl gözümə sataşır. “Bu, nə üçün lazımdır sizə” deyə soruşuram, yaşlı nəsildən eşitməyə öyrəşdiyimiz cavab gəlir: “Bu əlifbanı qarışdırıram. Əllə yazanda çox savadsız olur yazım. Kiril, latın əlifbalarını qatıram bir-birinə. Amma kompyuterdə işim daha asandır. Bunu gözümün qabağına qoymuşam ki, çaşanda baxım”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla ədəbiyyat, qurultay, intriqalar, planlarla… bağlı geniş müsahibəmizdə isə bütün cavablar səlis, dəqiq idi. İrəliləyən yaşına rəğmən hər bir hadisəni dəqiqliklə xatırlayır, heç nəyi qarışdırmır, tarixləri, insanların adlarını səlis söyləyir. Söhbət isə təkcə bununla yaddaşda qalmayacaq. Çünki bu günə qədər etmədiyi etiraflar, çoxları üçün gizli qalan mətləblər elə bu söhbətdə açıldı. Amma mətləblər açılana qədər…
Müsahibə üçün ay yarımlıq müddətdə danışıqlar getdi. Öncə Anarın səhhəti, sonra səfərləri, ardınca tədbirlər… imkan vermədi görüşə. Ən sonuncu söhbətdə isə “səfərim var, gedib qayıdandan sonra danışarıq” deyib, yenə təxirə salmaq istədi. Amma alınmadı. Noyabrın ilk günü Yazıçılar Birliyinin, özünün dili ilə desək, Yazıçılar İttifaqının qapısını döydük. Otaqdan, pilləkənlərdən əvvəlki kimi qəlyan qoxusu gəlmirdi. 73 yaşlı yazıçı isə gümrah görünürdü. Məsələn, 3 il əvvəlki müsahibə zamanı necə görünürdüsə, eləcə…

– Anar müəllim, sizinlə söhbət hər zaman çox çətinliklə baş tutur. Bəzən danışıqlar zamanı günlər həftələri, həftələr isə ayları əvəz edir. Nədir mətbuatla münasibətdə bu qədər çəkingənliyin səbəbi?
– Əvvəla, çəkingən deyiləm. Məndən çox mətbuata müsahibə verən az yazıçı tapılar. Televiziyanı da mən bura daxil edirəm. Amma mətbuata müsahibələr verərkən göstərdiyim həssas münasibətin, seçimin bir səbəbi var, bu, sizə aid deyil. Bəzən elə primitiv suallar verirlər ki, adam heç buna cavab da vermək istəmir. Görürsən, gəlirlər, heç bir şeydən xəbərləri yoxdur. Mənim yazılarımdan, əsərlərimdən heç nə bilmirlər və deyirlər ki, danışın da, siz axır vaxtlar nə yazmısız, əvvəllər nə yazıbsınız? Məsələn, Moskvadan gələn jurnalistlər bəzən mənim yaradıcılığıma bizimkilərdən daha çox bələd olur. İnternet, qəzet-jurnal vasitəsilə maraqlanır, oxuyur, sonra müsahibəyə gəlirlər. Daha o sualı vermir ki, neçənci ildə doğulmusuz, hansı əsərləriniz var. İkinci səbəb də odur ki, xüsusilə müxalifətyönlü mətbuata müsahibə verəndən sonra bunun altını çəkirəm. O saat bunu tərs yozurlar, işin içindən cürbəcür məsələlər qurdalayıb çıxarırlar. Bir sözlə, mənə bunun ancaq zərəri var.
– Kim yozur dediklərinizi?
– Elə jurnalistlər. Təhrif də edirlər, tərs də yozurlar. Bir müddət keçəndən sonra elə bilirlər müsahibə unudulub və mənim demədiyim şeyləri adıma yazırlar. Ona görə məsafə saxlayıram. Digər tərəfdən, mənim o qədər ayrı işlərim olur ki, müsahibələrə vaxt tapa bilmirəm. Mətbuatla münasibətlərimə gəlincə isə mətbuatın azadlığına hər zaman hörmət edirəm, tərəfdaram. Mətbuatın azğınlığına isə etiraz edirəm.
– Amma maraqlıdır ki, barəsində mətbuatda yazılan bütün yazılardan xəbərdar olan birisisiniz. Yəni belə bir həssaslığınız da var mətbuata münasibətdə…
– Yox, bütün yazılardan xəbərdar deyiləm. Birincisi, mən internetə daxil olmuram, orada nə yazıldığından xəbərim olmur. Bəzən gəlib deyirlər, filan saytda barəmdə nəsə yazıblar. İkincisi də mən qəzetlərdən ancaq “Yeni Müsavat” və “Azadlıq”ı alıram. O biri qəzetlərdə nə yazılması barədə isə bəzən gəlib deyirlər. Bu iki qəzeti oxumaq da kifayət edir ki, mənzərəni görəsən. “Yeni Müsavat” axır vaxtlar mənim barəmdə az yazır, amma “Azadlıq”ın hər nömrəsində bilirsiz ki, mənə qarşı nəsə olur.
– Daha çox hakimiyyətyönlü mediaya müsahibələr versəniz də müxalif mətbuata müsahibələriniz rezonans, reaksiya doğurur. Sizcə, müsahibədən sonra çeşidli reaksiyaların ortaya çıxması normaldır, yoxsa o müsahibənin heç bir rezonans doğurmaması?
– Yox, müsahibənin rezonans doğurması yaxşıdır, amma qərəz, yalan olmasın. Mənim ən çox əziyyət çəkdiyim şey böhtan və yalandır. Haqqımda o qədər böhtan yazıblar ki. Xüsusən də “Azadlıq” qəzetində. Əvvəllər orda anarşünaslar daha çox idi, indi bir nəfər qalıb. Hər yazısında, ifadəmə görə üzr istəyirəm, barəmdə yekəbaşlıq edir.
– Amma son vaxtlar üçün bunu demək olmaz. Çünki artıq barənizdə tənqid yazanların sayı azalıb.
– Bəli, azalıb. Mən bunu belə izah edirəm ki, belələri sifarişlə yazdıqları kimi sifarişlə də susurlar.
– Kimin sifarişi ilə?
– Bilmirəm. Yəqin yiyələri var. Onlar qısqırdanda ki, yaz, yazırlar. İplərini çəkib, “yazma” deyəndə isə yazmırlar.
– Nə dəyişib ki, indi belə sifarişlər azalıb?
– Bunu sahiblərindən soruşmaq lazımdır (gülür). Çünki bütün bu yay bir nəfər mənim barəmdə böhtan yazdı, adını da çəkmək istəmirəm onun. Başqaları məni müdafiə elədi. Bunların hamısı əsəbdir, vaxtdır. Ayrı bir faydalı işə sərf edəcəyin vaxtı buna sərf edirsən.
– Barənizdə ən sərt məqalələrin müəllifi Qan Turalı da artıq sizinlə oturub danışmaq, bir çay süfrəsi arxasında görüşməyi təklif edir. Mətbuatda belə bir çağırışla çıxış etmişdi.
– Çay süfrəsini eşitməmişəm, amma mənə dedilər ki, onlar barışıq istəyirlər. Dedim, mən onlardan küsməmişəm ki, barışım. İkincisi, onlar mənim tayım-tuşum deyillər ki, onlardan küsüm, ya barışım. Mənim haqqımda çox haqsız şeylər yazıblar. Əgər indi o yazdıqlarından peşmandılarsa, mən buna ancaq sevinirəm. Həmişə demişəm ki, Yazıçılar Birliyinin tövbə qapısı da açıqdır, ümumiyyətlə, qapıları da açıqdır. Kim bura xoş niyyətlə gəlirsə, xoş gəlsin, biz onları qəbul etməyə həmişə hazırıq.
-Uzun illər davam edən qarşılıqlı ittihamlardan, davalardan hansı tərəf nə qazandı, nə itirdi? Bizim razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, müxtəlif iddialar var ki, bəzi şəxslər ədəbi karyeralarını, maddi təminatlarını yaşlı yazıçılar, tanınmış şəxslərlə mübarizədən qazandılar. Bununla bağlı nə fikirləşirsiz?
– Mən bunu mübarizə saymıram. Mübarizə o vaxt sayılardı ki, bu, ikitərəfli olsun. Mən heç kimlə mübarizə aparmıram. Ancaq böhtan, yalan yazılar olanda ya öz adımızdan, ya da mətbuat xidməti adından cavab veririk. Onu gizlətmirəm ki, mətbuat xidməti adından verilən yazılar mənim, katiblərin, Yazıçılar Birliyinin mövqeyidir. Biz heç kimə hücum etməmişik. Ancaq cavab verməklə, yalanları təkzib etməklə, böhtanları ifşa etməklə məşğul olmuşuq. Kim bundan nə qazanır, bilmirəm. Açığı, heç inanmıram ki, onlar da nəsə qazanır. Hesab edirəm ki, get-gedə onlar da başa düşürlər ki, illər boyu mənasız işlə məşğul olublar, Yazıçılar Birliyi ilə mübarizədən heç nə qazanmayıblar.
– Bəlkə də onların mübarizədən əl çəkməsinə səbəb heç nəyin dəyişməməsidir. Məsələn, Yazıçılar Birliyində heç nə dəyişmir, həmçinin onlar da burada istədikləri vəzifəyə gələ bilmirlər.
– Yazıçılar İttifaqında tutaq ki, beş vəzifə var. 30-40 adamı o beş vəzifəylə necə təmin edək? Deyirlər ki, maddi vəziyyətimiz pisdir. Siz Yazıçılar Birliyinin üzvü olsanız, onda bizim təqaüdlərdən sizə də düşə bilər. Neçəsi olub ki, bizə qarşı çıxışlar edib, sonra da gəlib ki, peşman olmuşam. Yenidən qayıdıb, biz də ona layiqdirsə, təqaüd vermişik. O da bir il ərzində heç olmasa o təqaüdlə yaşayıb. Məşhur məsəl var ki, bir nəfər Allaha yalvarır ki, lotereya udsun. Allah da deyir ki, heç olmasa bir bilet al də. Sən heç olmasa, birliyin üzvü ol, sonra nəsə imtiyaz tələb elə də. Bir tərəfdən deyirlər ki, biz Yazıçılar Birliyinə qarşıyıq, oranı zəbt edəcəyik, bayrağımızı ora sancacağıq. Sonra da oradan nəsə umurlar. Bu iki fikir bir-birinə ziddir axı.
– Anar müəllim, doğrudanmı bu çəkişmə Azərbaycan ədəbiyyatına, Yazıçılar Birliyinə bir faiz də olsa, fayda vermədi? Tutaq ki, birliyin rəhbərliyində olanlar başqa vaxt hansısa addımı atardılarsa, bu fəaliyyətdən sonra növbəti qarşılıqlı ittihamların olmaması üçün müəyyən korrektələr etdilər?
– Yox, mən deyə bilmərəm müsbət təsirini. Gələn il Allah qoysa, 25 il olacaq Yazıçılar Birliyinin rəhbəriyəm. Neçə ildir, birliyə qarşı müxtəlif iradlar var. Amma mən hələ də başa düşmürəm ki, nə istəyirlər. Bir onu başa düşürəm ki, yəqin mənim getməyimi, əvəzimə başqasının gəlməsini istəyirlər. Bundan başqa, onların mənə iradı nədir, anlamıram.
– Siz özünüzü həmin narazıların yerinə qoyub, mənzərəyə baxanda nə görürsüz? Tutaq ki, 25 ildir bir nəfərin sədr olması sizdə də narazılıq doğurmazdı? O iradlarda haqlılıq payı heçmi yoxdur?
– Bilmirəm, vallah. Mən, hər halda, 25 ildə 3 qurultayda yekdilliklə seçilmişəmsə, deməli, işimdən razı olublar. Özü də mən tək deyiləm ki. Kinematoqrafçılar İttifaqına Rüstəm İbrahimbəyov məndən əvvəl sədr seçilib, indiyə qədər sədrdir. Rəssamlar İttifaqına Fərhad Xəlilov məndən əvvəl sədr seçilib, hələ də fəaliyyətini davam etdirir. Onlardan heç birinə şükür ki, heç kimin iradı yoxdur. Hamının problemi ancaq Yazıçılar Birliyi ilədir (gülür).
– Yəqin ki, bu, Azərbaycanda bir ənənədir. İttifaq sədrlərinin ömürlük sədr olması…
– Yox, məndən çox sədr olan olmayıb. Mirzə müəllim 23 il sədr olub, amma dalbadal yox. 3 il sədr olub, sonra gedib, yenidən qayıdıb 4 il sədrlik edib. Amma dalbadal 25 il, özü də belə çətin dövrdə sədrlik edən olmayıb. Mən faktiki iki quruluşda sədrəm – sovet quruluşunda 1987-ci ildə seçilmişəm. Sovet dövrünün bütün şərtləri içində işləmişəm, aradakı qarışıqlıq dövründə də, müstəqillik dövründə də.
– Və neçə-neçə prezidentlə işləmisiz. Hamısı ilə də yola getmisiz.
– 4 prezident olub. Bir dəfə sən mənə bu sualı vermisən, mən də cavab vermişəm (gülür).
– Yox, mən o sualı verəndə hələ İlham Əliyev hakimiyyətə gəlməmişdi.
– Mən sənin həmin müsahibəni “Əsrin əsiri” adlı kitabıma da salmışam. Orada da demişəm ki, mənə kimin münasibəti yaxşıdırsa, mənim də ona münasibətim normal olub. Sən təsəvvür elə ki, bu prezidentlər bir-birinin əleyhinə olub. Sənin dediyin kimi, onların hamısı məni qəbul ediblərsə, deməli, mən onların heç birinin adamı olmamışam. Mən dörd prezidentə də hörmət etmişəm və edirəm. Amma onların içində ən çox hörmət etdiyim Heydər Əliyevdi. Onun barəsində yazdığım kitaba da nəzər salsaz, görərsiz ki, onun mənim haqqımda dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən az deyil. Məni qiymətləndirib, dəfələrlə bunu deyib, mən də təşəkkür etmişəm.

“SƏDRLİKDƏ QALMAQ İSTƏSƏM, QALACAM, İSTƏMƏSƏM YOX”

– 25 illik sədrlik məsələsindən danışdıq. Dünən (31 oktyabr-S.T.) açıqlandı ki, qurultay gələn ilə qaldı. Bu gecikmənin səbəblərini bilmək maraqlı olardı…
– Bizim nizamnaməyə görə, qurultay hər 5 ildən bir olmalıdır. Amma təəssüf ki, buna hər zaman riayət olunmayıb. Birinci qurultay 1934-cü ildə, ikinci qurultayımız isə 1954-cü ildə olub. Aradan 20 il vaxt keçib. Deyə bilərsiniz ki, müharibə düşüb araya. Amma müharibə 4 il olub. 3-cü qurultay 1958-ci ildə, 4-cü qurultay 1965-ci ildə olub. Aradan 7 il keçib. 10-cu qurultayımız 1997-ci ildə, 11-ci qurultayımız isə 2004-cü ildə olub. Yenə də aradan 7 il keçib. Qurultaylar 5 ildən bir keçirildiyi üçün növbəti qurultayımız da 2009-cu ildə keçirilməli idi. Amma niyə olmadı? İki il binanın təmirinə həsr olundu. 2009-cu ildə qurultay olmalı idi, amma biz Yazıçılar Birliyinin 75 illiyində “Sərhədsiz Söz” adlı böyük beynəlxalq tədbir keçirdik. Bura da çoxlu qonaqlar dəvət edilmişdi. “O vaxtdan da 2 il keçir, niyə qurultay keçirilmir” soruşa bilərsiz. Üçüncü əsas cəhət isə odur ki, əvvəlki qurultaylarda Yazıçılar Birliyinin 200-300 üzvü vardı və hamısı iştirak edirdi. İndi 1500 üzvümüz var, amma bu da dəqiq say deyil. Çünki bəzisi biletini almayıb, bəzisi qeydiyyatdan keçməyib. İndi “Ədəbiyyat qəzeti”ndə elan vermişik ki, ilin sonuna qədər qeydiyyatdan keçməyən adamlar Birliyin üzvü sayılmayacaqlar. Bu nə üçün edilib? Bunu edirik ki, nə qədər üzvümüz olduğunu dəqiq bilək. Üzvümüzün sayını dəqiq biləndə nizamnaməyə görə, hər 10 nəfərdən biri nümayəndə seçiləcək. Bütün bu hazırlıqlar gedir. Üzvlərimizin sayını dəqiq bilib, nümayəndələr seçəcəyik. Sonra da seksiyalar üzrə nümayəndələr seçiləcək. Bu hazırlıqlar gələn ilin birinci yarısında tamamlanacaq və həmin vaxt qurultay keçirəcəyik. Eyni zamanda bu il qurultay ərəfəsində müxtəlif janrlar üzrə yığıncaqlar keçirdik. Bu bir növ son qurultaydan bu günə qədər olan dövrün ədəbi hesabatı idi. Bütün məruzələri də yalnəz gənc yazarlar etdi.
– Və əsas məsələ – sədrlik… Namizədliyinizi irəli sürəcəksiniz?
– Mən onu indi demək istəmirəm. Daha doğrusu, nə “hə” deyirəm, nə də “yox”. Çünki o saat bunun ətrafında qalmaqal başlayacaq. Gedirsə, növbəti sədr kim olacaq? Başlayacaqlar kimlərinsə adını çəkməyə, sonra da onların əleyhinə yazacaqlar. Qalıram desəm, onda da başlayacaqlar ki, niyə qalır? Ona görə məhz qurultay ərəfəsində, qəti fikrimi deyəcəm.
– Hər halda, konkret qərarınız var bununla bağlı…
– Qərarım da var, şübhələrim də var.
– Yazıçılar Birliyi ilə bağlı qalmaqal deyəndə ancaq kənar təsirlər nəzərdə tutulur, yoxsa onun daxilində də müəyyən iddialar qalmaqallara yol açır?
– İddialar da var. Normal bir şeydir ki, hamı da olmasa, bir neçə nəfər özünü sədrliyə layiq bilir. Mən bunu təbii qəbul edirəm. Amma bir qəzetdə oxumuşdum ki, Yazıçılar Birliyinin işçilərinin də adlarını sədrliyə namizədlər sırasında çəkiblər. Mən də bundan bir az incidim. Dedim, onda gərək mənim sürücümün də, katibəmin də adını çəkəydilər. Hər adam sədr ola bilərsə, niyə də onlar olmasın? Lenin deyirdi ki, hər aşpaz qadın ölkəni idarə edə bilər. Həmin məntiqlə Yazıçılar Birliyinin üzvü olan hər adam buranın sədri ola bilər (gülür).
– Sizin sədrliyə namizəd gördüyünüz kimsə varmı? Özünüzdən başqa təbii ki…
– Var, amma onu demərəm. Desəm, əleyhinə yazmağa başlayacaqlar. Bir nəfər yox, bir neçə nəfər var. Mən demirəm, qalacam, amma tutaq ki, qaldım. 73 yaşım var, qalsam da bir neçə il qalacam. Ömrümün axırına qədər qalmayacam ki? Üstəlik, nə qədər ömrüm qaldığını da bilmirəm. Ona görə çox dəqiq dərk edirəm ki, bu yeri gec-tez başqaları tutacaqlar. Adamlara baxıram, onların hərəkətlərini, davranışlarını, çəkisini götür-qoy edirəm. Çünki adam 25 ilini bu işə həsr edibsə, onun dağılmasını, bərbad olmasını istəmir. Hərəsinin müsbət cəhətləri də var, mənfi cəhəti də. Bura çox çətin vəzifədir. Bəlkə də Azərbaycanda ən çətin vəzifələrdən biridir. O biri ittifaqlarda niyə bu qədər müzakirə, söz-söhbət yoxdur? Ancaq bizdə var, çünki hamının gözü bu idarədədir.
– Bayaq koridorda Rəşad Məcidlə qarşılaşdıq. O, təklif edir ki, siz ömürlük sədr olasınız…
– Əlbəttə yox. Mən Türkmənbaşı deyiləm ki (gülür). Mən məsələnin nizamnamə ilə həll olunmasının tərəfdarıyam. Amma özüm haqqında qərarı mən özüm verəcəm. Qalmaq istəsəm, qalacam, getmək istəsəm, gedəcəm.
– Bəs səsvermə, birlik üzvlərinin iradəsi? Hər şey sizin istəyinizlə həll olunur?
– Əminəm ki, qalmaq istəsəm, mənə səs verəcəklər. Hər dəfə olduğu kimi, demokratik seçkilər olacaq və yazıçıların mənə etimadsızlıq göstərməsinə səbəb yoxdur.
– Anar müəllim, Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan şəxslərlə bağlı belə belə bir fikir var ki, onların azad fikirliliyi yoxdur. Məsələn, ictimai-siyasi proseslərlə bağlı mətbuatda açıq fikir söyləyə bilməzlər. Söyləsələr də, bu qurumda sonradan onların aqibəti yaxşı olmaz.
– Bu, tamamilə səhv fikirdir. Kim mətbuatda hansı sözü deyirsə, bu, onun şəxsi işidir. Bir adama da Yazıçılar Birliyində deyilməyib ki, sən niyə filan sözü demisən. Fikir verin, biz burada kimlərin yubileylərini qeyd etmişik. Ramiz Rövşənin, Məmməd İsmayılın, Abbas Abdullanın, Seyran Səxavətin… Bunların yubileyini Azərbaycanda Yazıçılar Birliyindən başqa harda qeyd ediblər? Hamısı da müxalifətə yaxın adamlardır.
– Bu cür böyük yazıçı-şairlərin yubileyinin Yazıçılar Birliyində qeyd olunmaması anormal olmazdı? Yəni qeyd olunması tam normal bir şeydir axı…
– Sizinlə razıyam, anormal olardı. Mən həmişə demişəm ki, Yazıçılar Biriyində iqtidar-müxalifət söhbəti yoxdur. Abbas Abdulla Müsavat Partiyasının üzvüdür, Sabir Rüstəmxanlının öz partiyası var və sair. Burada biz ancaq yaradıcılıq meyarlarını əsas götürürük. İndi ola bilsin ki, biri qrafamandır, amma müxalifət partiyasının üzvüdür. Ona görə biz ona hörmət etməli deyilik ki? Abbas Abdulla haqqında mənim bir şeirim var, “Kəpənəkçi balasıyam, Tənbəlliyə mən asiyəm, Axırda lap tək qalsam da, Müsavatda qalasıyam”.
– Yazıçılar Birliyinə üzvlərin qəbul qaydalarının dəyişəcəyi bildirilirdi. Bir də birlik üzvlərinin 1500-ü ötən sayı ilə bağlı narazılıqlar var. Qurultayda bu məsələlər də öz həllini tapacaqmı?
– Sizinlə razıyam ki, 1500 nəfər çoxdur. Gərək imkan verməyəydik ki, bu qədər çox üzvü olsun. Amma bizi də başa düşün. Bunun qarşısını necə ala bilərik? Gəlib deyirlər ki, filan qədər kitablarım çıxıb, məşhur filankəs zəmanət verib. Niyə Yazıçılar Birliyinin üzvü olmayım? Bilmirəm burada nə var ki, üzv olmaq istəyirlər? Əvvəl Yazıçılar İttifaqı ev verirdi, vəzifəyə çəkirdi, kitabını çap edirdi. İndi bunların heç birini edə bilmir. Onda niyə belə israrla üzv olmaq istəyirlər? Bir yandan deyirlər, bu təşkilat lazım deyil, o biri tərəfdən isə müraciət edirlər. İndi 200 ərizə var ki, baxılmasını gözləyir.
– Bəlkə sizin bilmədiyiniz başqa güzəştləri, üstünlükləri var?
– Heç bir üstünlüyü yoxdur. Sadəcə, hər il təqaüd veririk. Onun da həcmi bir illikdir. Gəlirlər ki, mən bu təqaüdsüz yaşaya bilmərəm. Deyirəm ki, ay qardaş, sən 60 yaşına qədər bu təqaüdsüz necə yaşamısansa, bir ildən sonra da bu təqaüdsüz yaşayacaqsan. Ayda 300 manat təqaüd həm də ona görə verilir ki, onlar bu təminatla bir az rahat oturub əsər yazsınlar. Amma gəlirlər ki, xəstəm var, özümün belə problemim var. Birliyə ərizə verirlər, bir ay sonra gəlib təqaüd istəyirlər. Yəqin bunun da təsiri var axında. Mən heç kəsi qınamıram. Yazıçıların çoxu indi çətin dolanır. Amma bizi də qınamasınlar. Hamını dolandırmaq imkanımız yoxdur.
– Hər il nə qədər adama təqaüd verilir?
– 50 nəfər yaşlı, 20 nəfər cavan alır. Cavanlar 200, yaşlılar isə 300 manat.
– Gənc demişkən, Yazıçılar Birliyinin nəzdindəki “Gənc ədiblər” məktəbi nə işlə məşğul olur? Onların fəaliyyətindən razısınızmı?
– Cavanlarla Rəşad Məcid məşğul olur. Mən isə Rəşada da, onun zövqünə də, obyektivliyinə də inanıram. Yaşlı yazarların təqaüd siyahısına mən özüm də baxıram ki, kimlər daha çox layiqdir və sair. Amma cavanlar məsələsində Rəşad kimi təklif edirsə, yüz faiz razılaşırıq.
– Onların yaradıcılıqlarına, fəaliyyətlərinə bələdsinizmi?
– Bəzilərininki ilə tanışam. Kitablarını, şeirlərini oxumuşam. Hər halda, 20 adamın hamısı eyni dərəcədə istedadlı ola bilməz. Amma içlərində ümid verənlər çoxdur. Əsas odur ki, tez korlanmasınlar. Görürsən, istedadlı oğlandır, şeiri, hekayəsi var. Mən də sevinirəm onun uğuruna. Amma görürsən bəziləri iki-üç babat şeir yazandan sonra başlayır ki, mən dahiyəm.
– Bəs Yazıçılar Birliyinin himayəsində olmayan gənclərin yaradıcılığını izləyirsinizmi? Son illər onlar da xeyli sayda kitab çıxarıblar.
– Bələd deyiləm. Çünki onlar mənə öz kitablarını vermirlər. Mən də hardan alım onların kitablarını? Məlumatım yoxdur yaradıcılıqları ilə bağlı.
– Heç maraqlanmırsınız da…
– Hansıyla maraqlanmalıyam. İndi yazan, maşallah o qədərdir ki… Sadəcə, vaxtım olmur hər şeyi oxumağa. Bəziləri həm də köşə yazarlarıdır. Köşələrini oxuyuram və fikirləşirəm ki, yox, bu köşəni yazan adam çətin ki, yaxşı bir əsər ortaya qoysun.
– Bəs ümid verən gənclər yoxdurmu aralarında?
– Ümid verən adam varsa, istedadı heç cür gizlətmək olmur. İnternet bu dəqiqə bütün dünyanı fəth edib. Əsərini qoy internetə, qoy bütün dünya oxusun, Nobel mükafatı al. Deyirlər, Yazıçılar Birliyi bizə dəstək vermir. Bizim nəsl ədəbiyyata gələndə, tanınanda o vaxtkı Yazıçılar İttifaqı bizə hansı dəstəyi vermişdi. Özümüzü yalnız yazdıqlarımızla təsdiq edə bildik.
– Axı indi kitab çapı da asan başa gəlmir. Güclü maliyyə lazımdır bunun üçün.
– Yazıçılar Birliyi nəşriyyat deyil. Jurnallarımız var, orda çap olunmaq olar. Jurnalların redaktorlarına da demişəm ki, hətta mənim əleyhimə yazanlar da dəyərli əsər gətirirsə, mütləq çap edin. Bizim jurnallara baxın, orda elə adamlar çap olunur ki, aralarında mənim haqqımda ən iyrənc yazıları yazanlar da var.
– Son vaxtlar gənc yazarlar daha çox romana meyl edirlər. Bunu kənardan necə qiymətləndirirsiniz?
– Roman nəsrin ən çətin janrıdır. Kimsə özündə bu qüdrəti, qüvvəti, bacarığı hiss edirsə və roman kimi bir janra girişirsə, uğur olsun. Siz mənə bu işdə kömək edin, Yazıçılar Birliyinə müxalif olan cavanların istedadlı saydığınız əsərlərini mənə çatdırın, oxuyum.

“NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR”

– 5 il əvvəlki ilə müqayisədə ədəbi mühitdə canlanma var, insanların mütaliəyə marağı bərpa olunur. Sizin müşahidələriniz nə deyir? Müasir Azərbaycan ədəbiyyatının mənzərəsi necədir?
– Məsələ ondadır ki, dövr çox dəyişib. Amma biz ədəbiyyata hələ də köhnə meyarlarla yanaşırıq. Əvvəllər bizim “Azərbaycan” jurnalı 70 min tirajla çıxırdı. Bu jurnalları hökumət, partiya xətti ilə bütün icra başçıları almalı idi, kitabxanalara gedirdi. İndi o şərtlərin heç biri yoxdur. Tiraj 2000-ə düşüb. Bu jurnalın təqsiri deyil ki, deyək, jurnal indi pis çıxır. Əksinə, indi daha yaxşı çıxır. Obyektiv səbəblər var. Sovet dövründə ədəbiyyat rəsmi təbliğatdan başqa yeganə vasitə idi ki, az-çox həqiqətləri deyə bilirdi. İndi hansı qəzeti açırsan istənilən nazir haqqında kəskin tənqidi materiallar verirlər, yazırlar. Kimdən, desən böhtan da yazırlar. Ona görə də ədəbiyyatın etiraz, həqiqəti demək kimi funksiyası çox dəyişib. İndi ədəbiyyata o adamlar sadiq qalırlar ki, o adamlar ədəbiyyatdan bədiiliyi gözləyirlər, siyasəti, partiyalılığı yox. Bizim yazıçılara qarşı əsas irad da odur ki, onlar niyə siyasətlə məşğul olmurlar. Yazıçının öz işi var da. Siyasətçilərə demirlər ki, niyə ədəbiyyatla məşğul olmursunuz. Siyasətçi siyasətlə, hərbçi hərblə, mühəndis mühəndisliyi ilə məşğul olmalıdır.
– Bəs ziyalı öz sözünü nə vaxt deməlidir?
– Yazıçı əgər əsər yazırsa, o, öz sözünü deyir də. Elə hesab olunur ki, yazıçının əsərinin heç bir əhəmiyyəti yoxdur, onun ancaq siyasi mövqeyinin əhəmiyyəti var. Sizin qəzetdə də bu, az da olsa var. Bir yazıçı hökumət əleyhinə bir söz deyirsə, o dəqiqə yazırsınız “vicdanlı yazıçıdır”. Belə çıxır ki, o birilərin hamısı vicdansızdır? Sabah bu başqa şey deyəndə təzədən yazırsınız ki, ay aman, bu satıldı. Hərənin öz fikri var axı. Bu gün belə deyir, sabah fikrini dəyişə bilər. Yazıçıya yaradıcılığına görə qiymət vermək lazımdır. Bir vaxtlar Rüstəm İbrahimbəyovu müdafiə edirdilər, sonra nəsə başqa şey dedi, başladılar tənqid etməyə. Olmaz axı belə…
– Anar müəllim, amma başqa bir məqam da var. Vaqif Səmədoğlunun gözəl şerləri, Əkrəm Əylislinin, Anarın maraqlı nəsr əsərləri var. Amma ölkədə seçki saxtakarlığı baş verir. Bu gözəl yazıçı qalxıb deyir ki, yox, ölkədə hər şey yaxşıdır, seçkilər düzgün keçirildi. Bu halda onun mövqeyinin qıcıq doğurması, hətta gözəl əsərlərini də kölgədə qoyması başadüşülən deyil?
– Mən o birilərinin əvəzinə cavab verə bilmərəm. Amma bir yerdə tapa bilməzsiniz ki, mən “hər şey yaxşıdır” deyim.
– Amma seçkilərin demokratik keçirildiyini demisiniz.
– Yox, onu da deməmişəm. Necə demokratik ola bilər ki, mən sənə müsahibə verəndə 2005-ci il seçkilərində mənimlə bağlı necə saxtakarlıq edildiyini demişəm. Sual vermişdin ki, bəs başqa dairələr. Demişdim ki, başqa dairələrdən xəbərim yoxdur, exit-poll deyiləm ki. Ölkədəki nöqsanları mən də görürəm. Rüşvətxorluq, məmur özbaşınalığı, işsizlik, sosial bərabərsizlik var. Heç birini danmıram. Amma tərəzinin bir gözünə müstəqilliyi, o biri gözünə bu problemləri qoysaq, müstəqillik daha ağır gələr. Qonşuluğumuzdakı dövlətlərin bizə hansı münasibətdə olduğunu bilirik. Bu baxımdan müstəqilliyimizi itirmək qorxusu var. Ona görə də müstəqilliyimizin qorunması vacibdir. Gördük də, 1991-92-ci ildə Azərbaycanda nələr oldu. Halbuki şəxsən Əbülfəz Elçibəyə hörmətim var, təmiz adam idi. Amma nə hadisələr baş verirdi? Azərbaycan parçalanırdı – bir tərəfdən “Sadval”, o biri tərəfdən “Talış-Muğan Respublikası”, Surətin qoşunları oradan gəlirdi, ermənilər bu tərəfdən irəliləmişdi. İndi sevinə-sevinə deyirlər ki, görün Liviyada belə oldu. Azərbaycanda Liviya hadisələrinin olmasını istəyirik? Azərbaycanın yarısı qırılmalıdır ki, o biri yarısı “yaxşıdır” desin?
– Amma indiki Azərbaycan da uzun müddətə bundan sonra dözüləcək, yaşanacaq Azərbaycan kimi qala bilməz.
– Get-gedə düzəlir. Konkret tənqidlər olanda ona cavab vermək olur. Mənə hərdən irad tuturlar ki, həbsdə olanlarla bağlı müraciət etmirsiniz. Bu kitablara baxın (kitablarını göstərir-S.T.) görün nə qədər adamı türmədən xilas etmək üçün yazılar yazmışam, müraciətlər etmişəm.
– Bəs bu il aksiyalarda həbs olunanlarla bağlı ziyalıların müraciətinə niyə qoşulmamısınız? Sizə müraciət etməyiblər?
– Yox, xəbərim yoxdur. Mənim prinsipim həmişə belə olub ki, heç kim həbsdə olmasın. Amma konkret kiminləsə bağlı soruşulanda deyirəm ki, mən onun nəyə görə həbs olunduğunu bilmirəm axı.
– Niyə? Bunu araşdırmaq çətindir?
– Əlbəttə çətindir.
– Ən azı mövqe bildirmək, elə dediyiniz “heç kim həbsdə olmamalıdır” tezisini səsləndirmək olmaz?
– Mövqe odur ki, istəmirəm heç kim, jurnalist də, siyasətçi də həbsə düşsün. Mənimçün Çexovun sözləri çox vacibdir. Deyir ki, bəlkə də Dreyfus günahkardır. Amma Zolya haqlıdır, çünki yazıçının işi hətta günahkarı müdafiə etməkdir. Günahkarı ittiham etmək üçünsə prokuror, jandarma var. Mən bu prinsiplə çıxış edərək, adamın təqsirinin olub-olmadığını bilmədən həmişə onu müdafiə etmişəm. Amma bu, o demək deyil ki, mən hər kəsin günahsız olduğunu düşünürəm.
– Bu sayaq müraciətlərə atılan imzalar sonradan status, vəzifə sahibi olan ziyalılara baş ağrısı yaradırmı? Məsələn, siz 2005-ci il seçkilərindən sonra uzun müddət aktiv oldunuz, sərt çıxışlar etdiniz və bu, 2009-cu ildə latın qrafikası ilə kitab çapının əlinizdən alınması ilə nəticələndi. Məsələn belə cəza mexanizmlərinə görə müraciət məsələsində ehtiyatlısınız?
– Cəzalandırma deyil. O vaxt Pənah Hüseyn, İsgəndər Həmidovu müdafiə edəndə məsələ qaldırıldı ki, məni deputatlıqdan geri çağırsınlar. Hətta seçicilərimin bu barədə müraciəti oldu. Təşkil olunmuş məsələ idi. Kitab məsələsində isə maddi maraqlar var idi. Latın əlifbasıyla kitabların nəşri məsələsini mən qaldırmışdım. Sonra nəsə hesab olundu ki, Yazıçılar Birliyi bu prosesdən uzaqlaşdırılsın. Mənim üçün isə əsas o idi ki, bu kitablar nəşr olundu.
– Onda dedilər ki, Anarı “vurdular”.
– (gülür) Qəribədir, əgər hökumət dairələrindən, siz demiş məni vururlarsa, buna ən çox sevinən müxalifət olur. Mən deputat seçilməyəndə müxalifətdəkilər çox sevindi. Müxalifət bütün seçkilərdə öz namizədlərini mənə qarşı qoyub. Amma mən bir dəfə də olsun müxalifətin əleyhinə nəsə demişəm? Yox. Ona görə ki, hər demokratik quruluşda müxalifət olmalıdır, Azərbaycanda da həmçinin. Amma 5-6 seçkidə harda namizədliyimi vermişəmsə, Müsavat və AXCP ora öz namizədlərini göndəriblər. Mən bunu normal qəbul edirəm ki, onlar öz adamlarını istəyirlər. Amma onda niyə onları müdafiə lazım olanda mən yada düşürəm?
– Sizi ziyalı kimi dəstəkləyirlər, öz partiya üzvlərini isə siyasətçi kimi…
– (gülür) Qəribə məntiqdir. Tutulanda mənə müraciət edirlər, namizədliklərini verəndə öz adamlarını verirlər.
– Müxalifət demişkən, yadıma sizə müxalif olan yazarlardan birinin – Seymur Baycanın açıqlaması düşdü. Bizə müsahibəsində Seymur demişdi ki, bir dəfə onu intihardan xilas etmisiniz.
– (təəccüblənir) Necə?
– Yəni depressiyada olduğu, intihar etmək istədiyi vaxt sizin barənizdə tənqidi yazı yazıb, yüngülləşib və intihar qərarından vaz keçib. Belə bir situasiyada xilaskar statusunda olmaq necə hissdir?
– Əcəb şeydir. Vallah, əgər zəhərini mənə tökməklə özünü intihardan xilas edibsə, təki həmişə belə olsun. Heç vaxt intihar etməsin. Deyəsən, o adam yazmışdı “Anarın qanını şərbət kimi içərəm, ”uf” demərəm”. Yaxşı, bu, tənqiddir? O biri yazır ki, “biz bilirik ki, böhtan yazırıq. Amma bilirik ki, böhtan yazanda birinin təzyiqi qalxacaq, o birinin ürəyi ağrıyacaq. Bununla sakit oluruq”. Beləsinə adamın ancaq yazığı gəlir ki, Allah bu məxluqunu belə bədbəxt xəlq eləyib, ömrünün yeganə təsəllisi kiminsə qanını qaraltmaqdır.
– Bildiyimə görə, onların fəaliyyətindəki əsas prinsiplərdən biri həm də “Anara nifrət”dir.
Olsun. Mənim “Əsrin əsiri” kitabımı oxuyun. Onda görəcəksiz ki, ermənilər mənim haqqımda nə yazıb, bizimkilər nə. Fərqi tapsanız mənə də xəbər eləyin.
– Yazıçının cəmiyyətlə təması, informasiya alması baxımdan, səhər evdən işə, axşam işdən evə maşınla gedib-gəlməsi ona maneədirmi? Yəni bu halda onun cəmiyyəti duyması nə dərəcədə mümkündür?
– Düz deyirsiz, bu, mənim səhhətimə də təsir edir. Evdə otururam, maşınla işə gəlirəm, işdə də otururam, sonra yenə maşınla evə gedirəm. Bakıda bulvarı yenidən düzəldiblər, amma mən bulvarı görməmişdim. 5 gün bundan qabaq qızım qolumdan tutub zorla apardı. O baxımdan həyatla yaxın təmasımız olmadığını düz deyirsiz. Amma biləsiniz ki, hər gün Yazıçılar Birliyinə nə qədər adam dərd-səri ilə gəlir. Yəni, mən həyata getməsəm də həyat gəlib məni tapır. Özü də bura min problemi ilə gələn təkcə yazıçılar yox, çoxu ən müxtəlif adamlardır. Bir adam çalışsın, görüm nazirin qəbuluna düşə bilirmi? Mənim iki hökumət telefonum var, amma çox vaxt nazirlərlə əlaqə yarada bilmirəm. Adi adamlar dərdlərini kimə desinlər. odur ki, hər yerdən əlləri üzülənlər Yazıçılar Birliyinə gəlir. Qapımız hamının üzünə açıqdır.
– Son günlər milli teleserialların çəkilməsi ilə bağlı dövlət sərəncamı olub. Necə düşünürsünüz, köçürülmə serialların əvəzinə, klassik əsərlərdən, ya da dramaturqlarımızın yeni yazacağı əsərlərdən yararlanmaq mümkün deyil? Belə potensial varmı?
– Şübhəsiz ki, var. Prezidentin sərəncamından sonra mənə də müraciət elədilər. Mən 10-a yaxın yazıçının adını çəkdim ki, bu adamlar gözəl televiziya əsərləri yarada bilərlər. Ondan başqa bizim klassik əsərlərimiz var. Məsələn, Ordubadinin “Qılınc və qələm” romanından, “Əli və Nino”dan tarixi serial çəkmək olmazdımı? Müasir yazıçılara da müraciət eləsinlər. Hamımız yazarıq. Mənə elə gəlir ki, türk seriallarından pis yazmarıq. Amma hər yerdə maddi maraqlar var. Nə izah edim sizə?(gülür)
– İndi nəsə yazırsınız?
Yazıram. Bu kitabları götürdüm ki, sizə göstərim, görəsiz ki, avaraçılıq eləmirəm (bir neçə kitabını hədiyyə edir – S.T.).
– Söhbəti yekunlaşdırmaq istəyirəm. Amma müsahibə boyu diqqətimi bir məqam çəkdi ki, siz heç dəyişməmisiniz. Məsələn, 2003, 2005, 2009-cu ildə sizinlə müsahibə götürəndə necə idinizsə, indi də təxminən o cür qalmısınız. 70-li yaşların özəlliyidir bu, yoxsa nəsə başqa sirr var?
– Təki elə olsun. Məndən ən çox müsahibəni sən götürmüsən deyə, yəqin çox müşahidə etmisən. Amma deyim ki, 73 yaşın bir özəlliyi odur ki, hər şey arxada qalıb, qabaqda çox az şey var.

 

Sevinc TELMANQIZI, Zabil MÜQABİLOĞLU

 http://www.musavat.com/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.