“Oğuz eli” qəzetinin “Yazıçı” adlı özəl buraxılışının 2012-ci ildə ilk sayı şairə Zərəngiz Dəmirçi Qayalıya həsr olunmuşdur
AzərTAc-ın müxbiri, Qazax ədəbi mühitinin yetişdirməsi olan şairə Zərəngiz Dəmirçi Qayalının (Mansurova) 50 yaşı tamam olur.
Bu münasibətlə “Oğuz eli” qəzetinin “Yazıçı” adlı xüsusi buraxılışının 2012-ci ildə ilk nömrəsi şairəyə həsr olunmuşdur. Burada xalq şairləri Fikrət Qocanın, Hüseyn Arifin, Prezident təqaüdçüsü İlyas Tapdığın, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun və digər qələm adamlarının Zərəngiz Dəmirçi Qayalı barədə müxtəlif vaxtlarda yazdıqları ürək sözləri toplanmışdır. Körpə Zərəngizdən şairə xanımadək maraqlı şəkillərlə zəngin olan xüsusi buraxılışda müəllifin şeirlərindən nümunələr də verilmişdir.
Xüsusi buraxılışda bildirilir ki, Zərəngiz Dəmirçi Qayalı çağdaş ədəbiyyatımızda öz dünyagörüşü, dili, üslubu olan qələm sahiblərindəndir. Onun zərif, kövrək hisslərinin məhsulu olan şeirləri müəllifin özü kimi təbii və səmimidir.
Zərəngiz Dəmirçi Qayalının şeirlərində son otuz ilin təzadlı, mürəkkəb hadisələrinin əks-sədasını eşidirik.
“Yazıçı”da yer almış materialları oxuyarkən bir daha əmin olursan ki, Zərəngizin şeirlərinin əsas qəhrəmanı Anadır. O Ana ki, öz xalqı, milləti ilə fəxr edir. O Ana ki, var-dövlət aşiqi deyil, həmişə, hər işdə halallıq arzulayır, mənəvi təmizliyi, saflığı insan üçün ən böyük məziyyət sayır.
AzərTAc