Yazıçı VARİSin “YA Ədəbiyyat”a müsahibəsi
– Salam. Sizin kitablar “Kitab oxumağın vaxtı yetişdi”, “İndi hamı bu kitabı oxuyur” kimi “çağrış”larla reklam olunur. Üstəlik, Sizin haqqınızda “Ən çox oxunan yeni nəsil Azərbaycan romançısı” deyə tərif edirlər… – Bu sözlərin sorumluluğunu daşımaq çətin deyil?
– Əlbəttə, müsahibəyə elə bir sualla başladınız ki, istər-istəməz təvəzökarlıqdan uzaq düşməli olacam.
Sirr deyil ki, ölkədə bədii ədəbiyyata maraq yox dərəcəsində olduğu bir zamanda, 2008-ci ilin payızında ilk kitabla, özü də fantastik – 10 minlik tirajla, üstəgəl, “Kitab oxumağın vaxtı yetişdi!” şüarı ilə irəli atılmaq böyük cəsarət tələb edirdi – bu, əsl risk idi! “Sonuncu ölən ümidlərdir”dən düz bir il sonra “Bir ovuc torpaq”, daha bir ildən sonra isə “Sənə inanıram” kitabını ortaya qoydum. Bu gün “Sonuncu ölən ümidlərdir”in 5-ci (!) təkrar nəşrinə hazırlaşırıq. “Bir ovuc torpaq” da təkrar nəşr olunub. Nəzərə alaq ki, kitablarımın on minlərlə pirat nəşrləri də satılmaqdadır.
Bakı Kitab Klubu məni “2009 – 2010-cu illərdə kitabları ən yaxşı satılan Azərbaycanlı yazıçı” elan edib. 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ali ədəbiyyat mükafatına layiq görülmüşəm.
İlk gündən aldığım oxucu rəylərini toplayıram, indi onların sayı 8 mini keçib. Rəylərin ünvanı ən ucqar rayonlarımızdan tutmuş, uzaq ABŞ-a qədərdir, müəlliflər arasında isə adi satıcıdan, sürücüdən tutmuş tanınmış yazıçılara, akademiklərəcən kimə desəniz rast gələ bilərsiniz.
Əlbəttə ki, “Ən çox oxunan yeni nəsil Azərbaycan romançısı” hesab olunmağım mənə əlavə məsuliyyət verir. Elə bu yerdəcə söyləyim ki, mən ədəbiyyata 90-cı illərdə Azərbaycan Xalq Yazıçısı İsmayıl Şıxlının xeyir-duası və müəllimliyi ilə gəlmişəm. Bax, bu məsuliyyət yükü də daim çiynimdədir.
Və ən nəhayət. Ədəbiyyat kriteriyam belədir: Yazdıqlarım bundan sonra yazacaqlarımın yanında heç nədir.
– Sizin adınız Varis, soyadınız Yolçuyevdir. Bir yazar olaraq özünüzü kimin varisi və nəyin yolçusu sayırsız? Örnəyi, Sizi daha çox hansı ədəbi məktəbə, ədəbi axına aid etmək olar?
– Necə ki, vətəni, ananı, eləcə də ad və soyadını biz özümüz seçmirik. Oxucuların əksəriyyəti adımın Varis olduğuna inanmırlar. Elə bilirlər bu mənim təxəllüsümdür, özümü ədəbi nəhəng¬lərimizin varisi elan etmişəm. Xeyr, bu, belə deyil. Kimin varisi və nəyin yolçusu olmağım sualının cavabını gəlin zamanın öhdəsinə buraxaq.
O ki, qaldı aid olduğum ədəbi məktəbə, axına… Mən sadəcə, 3-cü minilliyin romançısı sayıram özümü. Bədii təsvirlərdən, uzun-uzadı ricətlərdən, mübaliğə və qrotesklərdən, səhifə-səhifə vəsflərdən uzaq olan, hər hansı maraqlı, nəfəskəsici hadisəyə yazıçının təbliğ etmək istədiyi ideyanın transfer edilməsindən ibarət bu romançılıq, bildiyiniz kimi, hazırda dünya nəsrində hegemonluq edir, fantastika, postmodernizm və bu sayaq digər “izm”ləri üstələyir.
Maraqlı bir detalı söyləyim. Bir dəfə tanınmış ağsaqqal yazarlarımızdan biri yeni çıxmış kitabımı təriflədi, dedi elə gözəl yazmısan, birnəfəsə oxudum; hadisələr axıcıdır, adamı çəkib aparır. Amma sonda onu da dedi ki, oğul, bəs niyə bədiilik azdır burda? Niyə bədii təsvirlər yoxdur? Küçədə, metroda hamının əlində sənin kitabını görürəm. Demək, bu günün dəbi budur?
Mən yazıçımıza adi mətləbi söylədim. Dedim 3-cü minillikdir, sürət əsridir, informasiya bolluğudur. İnsan həyatı ayrı-ayrı nəsnələrlə zənginləşdikcə vaxt azlığı hiss edilir. Və belə bir şəraitdə hər şey, o cümlədən bədii ədəbiyyat da konkretliyi sevməlidir.
Razılaşın ki, indi bu sayaq bir təsvirlə başlayan roman oxucunu çəkə bilməyəcək: “…Dürdanə günəşdən süzülüb gələn zərrin şəfəqlərin ətrafındakı pəmbə buludlardan ağappaq bir yorğan götürərək, göyün ənginliklərində şəfəqlənən günəş şüalarının qırçın-qırçın telləri ilə həmahənglik törədən səma gözəlliyinin vəsfindən vəcdə gəldi… ” və s. və i.
– Romanlarınızın başqa dillərə çevrilməsi işi nə yerdədir? – Eşitmişik, inşallh, Türkiyə ədəbi təsərrüfatına baş vurmağa hazırlaşırsız…
– Doğma Türkiyə ilə bağlı çox ciddi planlarım var. Əsərlərimlə daha geniş arenalara çıxmaq istəyimin birinci səhifəsində Türkiyə dayanır. Çox sevinirəm ki, Türkiyədə Azərbaycan türkcəsiylə oxuya bilən çox sayda pərəstişkarım var. Hazırda Türkiyədə çap olunmaqla bağlı real təklifin detallarını araşdırmaqla məşğulam.
– Gizlin deyilsə, ən çox oxunan romançı özü kimi oxuyur?
– Mənim daimi oxuduğum müəlliflər var. Bu sırada ən birinci Paolo Koelyo və Orxan Pamupkudur. Ancaq paralel olaraq, dünya ədəbiyyatında hər bir səs-küy qoparmış, bestsellerə çevrilmiş kitabları da oxumağa çalışıram. Elif Şafakın “Aşk”, Xalid Hosseynin “Çərpələng uçuran” və Elçin Səfərlinin “Mənə səni vəd ediblər” kitablarını yenicə oxuyub bitirmişəm. Başladığım növbəti kitab isə Alen de Bottonun “Sevgi təcrübələri” kitabıdır.
– Mənsub olduğunuz ədəbi nəsil haqqında nə deyərdiz?
– Bilirsiniz, ötən əsrin sonlarında Azərbaycan cəmiyyəti çox böyük fırtınalar yaşadı. İqtisadi-siyasi formasiyamız dəyişdi, müstəqil dövlət quruculuğu başladı, müharibəyə tuş gəldik. Cəmiyyət siyasiləşdi, əlifba dəyişikliyi oldu… Bütün bunlar ədəbiyyatımıza da təsir etdi. Poeziya janr etibarilə qısa və lakonikliyi, ani yaranışı özündə ehtiva etdiyindən, dərhal müasirliklə uzlaşa bildi. Vaqif Bəhmənli, Rüstəm Behrudi, Adil Mirseyid, Əjdər Ol kimi tanınmış isimlərə Salam Sarvan, Qulu Ağsəs və daha neçə-neçə maraqlı yeni nəsil yazarları da əlavə olundu, ədəbiyyatımızın bu sıra nəfərləri yeni dövrdə poeziyamızın mövcudiyyatına xidmət etmiş oldular.
Amma nəsrimiz uzun illər tənəzzül içində qaldı. Yalnız yeni əsrin ilk onilliyinin sonlarında maraqlı nəsr nümunələri ortaya çıxdı. Kamal Abdulla, Aqil Abbas, Elçin Heseynbəyli kimi təcrübəli yazarlarla bir sırada kifayət qədər tanınan yeni nəsil yazarları da ortaya maraqlı nəsr nümunələri qoydular…
– Varis çağdaş Azərbaycan nəsrinin, konkret olaraq Azərbaycan romanının durumunu necə yorumlayır?
– Bundan əvvəlki sualın cavabında mən elə bu suala da müəyyən qədər cavab vermiş oldum. Bilirsiniz, hazırda ölkədə ədəbiyyatın kölgədən çıxması mərhələsi gedir. “Heç kim heç kimin kitabını oxumur” stereotipii dağılmaqdadır. Yeni-yeni kitabxanalar, kitab mağazaları açılır, ədəbi saytlar, mətbuat yaranır. Azərbaycan Televiziyasının timsalında televiziyalar ədəbiyyata böyük diqqət ayırırlar.
Bu gün ədəbiyyatımızda çox maraqlı, ədəbi hadisə hesab olunacaq əsərlər, o cümlədən nəsr əsərləri yaranır. Demək, ədəbiyyat gəmisi bir müddət öncəki tufandan sağ-salamat qurtara bilib və hansı sahilə yan aldığı da qərarlaşdırılıb.
– “YA Ədəbiyyat” oxucularına sözünüz?
– «YA Ədəbiyyat» oxucularına zövqlü ədəbiyyat tapıb oxuya bilmək həzzi arzulayıram. Onu ərsəyə gətirənlərə, ümumən ölkədə ədəbiyyatımızın təbliği naminə əziyyət çəkənlərin hamısına öz minnətdarlığımı bildirirəm. Oxucularıma isə çatdırmaq istəyirəm ki, “Yetmiş yeddinci gün” adlı dördüncü kitabımla, inşallah, gələn ay növbəti dəfə görüşlərinə gələcəm.
“YA Ədəbiyyat” –№ 3
/”Yeni AZƏRBAYCAN” QƏZETİ, 10.09.2011, səh.11/
1 şərh
Varis bey çox isdedadlı insandır və həqiqətəndə böyük potensial sahibidir.Varis bəyi uzun müddətdir tanıyan və yaradıcılığını izləyən biri kimi deyirəm ki,o hələ öz sözünü deməyib özünü tam reallaşdırmayıb.Onun bu gün əldə etdiyi böyük ugurlar geniş oxucu auditoriyası hələ heç nədir.VARİS SaDƏCƏ AZƏRBAYCANA SIĞAN BİR YAZICI DEYİL! UGURLAR ONA!