Ana səhifə YAZILAR “Yazarklub” təqdim edir:

“Yazarklub” təqdim edir:

Müəllif: Bizim Yazı
790 baxış

 

Yeni imza: 

Azər Musaoğlu

/1986-cı ildə Gürcüstanda, Qarayazıda doğulub. 2004-2008-ci illərdə Tiflis Siyasi Akademiyasının xarici dillər fakültəsində təhsil alıb. 2006-cı ildə jurnalist fəaliyyətinə başlayaraq “Taymer” qəzetində, sonradan “Varlıq” və “Gürcüstan Azərbaycanlıları” qəzetlərində çalışıb. 2009-cu ildən Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyorudur./

 

Bu gecə özümlə döyüşəcəyəm

Bu gecə döyüşə hazırlaşıram,
Bu gecə özümlə döyüşəcəyəm.
Tutub yaxasından özüm-özümün
Bu gecə özümlə söyüşəcəyəm.

Arxa cibimdəki cib bıçağını
Soxacam özümün düz ürəyimə.
Nə bir yoldan ötən, nə bir Ambulans
Nə hoyuma çatar, nə köməyimə.

Bu gecə özümlə döyüşəcəyəm,
Boğacam özümdə yalançı məni,
Yalnçı təbəssümü, gülüşü,
Yalançı salamları, görüşü…
Kəsik-kəsik edəcəm
yalandan qızarmayan üzümü,
Bu gecə öldürəcəm
özümdəki özümü.

Tək qalacam
olmayacaq məndən başqa mən daha,
Qorxaq məni qovacam
ürəyimin başından.
Həmişəlik ayrılıb gözlərimin yaşından
Xətrimə dəyən olsa daha ağlamayacam,
Mən yas saxlamayacam.
Savaşacam gözü yaşlı özümlə,
başı daşlı özümlə.

Bu gecə özümlə döyüşəcəyəm,
Qalib gələcəyəm özüm özümə.
Bu gecə kökündən dəyiçəcəyəm
İçimdəki mənlər
düşə bilməyəcəm daha izimə.

Arxa cibimdəki cib bıçağını
Soxacam özümün düz ürəyimə.
Nə bir yoldan ötən, nə bir Ambulans
Nə hoyuma çatar, nə köməyimə.
                                      02.07.2010

Dörd kameralı ürəyin beşinci kamerası

Mənim ürəyimin beş kamerası var
beşinci kamera nə mədəcikdir,
nə də ki, qulaqcıq
sənsən ürəyimin beşinci kamerası.

Bədənimdə dövr edərək
məni yaşadan qanım
səndən keçib mənə gəlir
qanımın kapelyarlarında da sən varsan,
hüceyrələrimdə də
barmağımı kəsəndə qan çıxan yerdə
səni tez-tez görürəm.

Ürəyimin döyüntüsü də artıbdır
o artıq döyüntülər də sənsən,
sən mənim taxikardiyamsan.

Dodaqlarımla səni bədənimə sormuşam.
                                                      06.02.2008

Dünənki yuxu

Dünən yuxumda İsa Məsihi gördüm –
əynində hərbi paltar, əlində avtomat
“Heç bir peyğəmbər öz məmləkətində
qəbul olunmur” – deyib
getdi harasa
itdi harasa…
             05.02.2011

Gedirəm

Mən gedirəm, gəmi gəlib, sahildədir,
Ayrılığın dəmi gəlib, sahildədir.
Bu torpaqdan ayağımı götürürəm,
Vətənimi, dostlarımı, sevgilimi itirirəm.
Mən gedirəm azadlığı bulmaq üçün,
arzularım olmaq üçün.
Yolum uzun, ömrüm qısa, tələsirəm,
Azadlığım hardadısa, tələsirəm.
Tələsirəm ədaləti görmək üçün,
həqiqəti görmək üçün,
Yosunlardan yaşıl nəğmə hörmək üçün
mən dənizə tələsirəm.
Bu torpaqda darıxıram…
Neçə dəniz, neçə dalğa yuya bilməz
bu torpağın qan izini.
Arxaya boylanmadan gedirəm…
Ayağımın yalınlığı narın qumu qucaqlayır,
Ciyərlərim yalayır dəniz havasını,
Gözlərim ənginlikdəki maviliyi sorur.
Özümlə xatirələrdən başqa heç nə aparmıram.
Bir atamı, bir anamı, bir də sevgilimi xatırlayıram…
Mən bu torpaqda qarışqa qədər azad ola bilmədim,
heç ürəkdən gülmədim.
Mən gedirəm, gəmi gəlib, sahildədir,
Ayrılığa qovuşmağın dəmi gəlib, sahildədir.
Bu torpağa son kərədir tüpürürəm,
Vətənimi, dostlarımı, sevgilimi
həyatımdən süpürürəm.
                        29.03.2011

Kədərliyəm

Kədərliyəm
payızın son günü kimi,
kənd yolunun kənarları,
küçələrin tini kimi.
Kədərliyəm
pişiklərin caynağında
qopub düşən lələk kimi,
bu lələyi uçmağa həvəsləndirən
külək kimi.
Kədərliyəm
duman kimi, çən kimi,
qara saça vaxtsız düşən dən kimi.
Qurbağaların asfalt üzərindəki
maşınların təkəri altında
əzilmiş leşləri kimi kədərliyəm,
qoyunun kəllə skeletində düzülmüş
dişləri kimi kədərliyəm.
“ı” hərfi kimi kədərliyəm,
eşşəyin baxışı kimi,
çolağın əsası kimi,
qadının qisası kimi.
Kədərliyəm
cığıra dönmüş yol kimi,
sevgilisini sıxmayan qol kimi,
“3” rəqəmi kimi kədərliyəm.
Məni indi heç kim ovuda bilməz…
Kədərliyəm
intihar üçün işlədilən
bıcaq kimi, kəndir kimi,
kədərliyəm çörək bişirilməyən
köhnə təndir kimi.
Külqabında tüstüləyən
siqaret kimi kədərliyəm,
boş qalmış qaranquş yuvası kimi,
mollanın dəfn mərasimində
oxuduğu duası kimi kədərliyəm.
Həyatın xilası üçün
xilasedicilərin gecikdiyi
o 1 dəqiqə kimi kədərliyəm,
kədərliyəm “tənhadır” sözü kimi,
kəsilmək üçün yıxılan inəyin gözü kimi,
qarda qalan ayaq izi kimi.
Həqiqəti danmamaq üçün
deyilən yalan kimi kədərliyəm.
Kədərliyəm
yarpaqlar töküləndən sonra görünən
qarğa yuvaları kimi…
Məni tək buraxın,
itilin gözümdən!
Qoyun doğma kədərimlə dərdləşim,
ürəyimi boşaldım kədərimə –
kədərim ürəyimə dolsun…
                               09.12.2010

Qəbrimə qafiyəli şeir yazmayın

dünən yazmadığım şeiri
bu gün xatırlamıram…
icazə vermirlər
şairlə bir kəlmə kəsməyə
bıçaq vermirlər
balta vermirlər
lap qayçı olsa belə vermirlər.
yazdığım və yazmadığım
sözlərin cəmindən başqa
bir şey deyiləm.
“biri var idi, biri yox idi” cümləsində
qeyri-müəyyənlik bildirən əvəzliklər
müəyyənlik bildirəndə
inanacam nağıllara
şirin olsun deyə
nənəmin nağıla qatdığı noğulların
şirinliyinə inanmayacam
heç vaxt!
bəzən həqiqətə nağıl deyib
onu yalana çeviririk.
göydən düşən üç alma
çoxdan çürüyüb, çoxdan
Həvvanın dişləyib
cənnət torpağına atdığı gündən.
göyərçinlər daha sülh rəmzi deyil
onlar heykəl sakinləridir
tunc, mərmər, mis, beton
insan heykəllərinə
ət, sümük, qan
insan “heykəllərindən”
daha çox etibar edirlər
məscidlərin, türbələrin
kümbəzlərinə sığınırlar.
bir zamanlar
əmim də göyərçin saxlayardı
dəmir torun içinə salmışdı
bu ağ, ayağı qanlı sülhün rəmzini
elə o gündən
sülhün rəmzi göyərçin deyil mənimçün
(Pikasso məni bağışlasın…)
…sağsağanlar
qara fonda ağ
ağ fonda qara ləkədən başqa bir şey deyil
onlar mənə
qara-ağ sovet ekranlarını xatırladır…
bu televizorlar
həyatın qara və ağ rəngindən başqa
“rəng” göstərməzdi
hətta inqilabın qırmızı bayraqlarını da
qara göstərərdi.
nə isə…
qəbrimə qafiyəli şeir yazmayın
heç vaxt!
19.07.2011

***
Bu gün üzərimə hücum çəkdi
On ildi tanıdığım it,
On ildi tanıdığı adama hücum çəkdi…
Bu gün bildim
Nə mən onu tanıyırammış,
Nə o məni
İllərdən başqa.

***
Havada akasiya çiçəyinin şirin ətri,
Ürəyimdə arı olmaq arzusu.
Bu, qarınqululuq deyil, ehtirasdır.

***
Bir gün ayaqladığımız daşlar üsyan edəcək,
Çırpılacaq şəhərin pəncərələrinə,
Avlomobillərinə,
Əli dəyənəkli polislərin başlarını yaracaq…
Bax o gün mən tam hüquqlu vətəndaş olacam.

***
çi şəkilçisi qəbul etməyən millətdənəm
                                                     20.05.2011

Uşaqlığını qarğa yuvasında axtaran kişi

ağlayır
gözünün yaşında həsrət sızlayır,
ovcunun içində qabar
baxışları yaxındakı ağaca dikilmiş –
yaxına baxan uzaq baxışları
odun yaran
uşaqlığını qarğa yuvasında
axtaran kişi
06.12.2010

 

http://yazarklub.org/

You may also like

1 şərh

Vasif 2012-06-15 - 13:53

Salam. Mən bilmək istərdim, Azər Musaoğlu, Əli Müdəbpirin tələbəsi olmusan? Aslan Başaran, Kərumpur – bunlardan dərs almisan? vasif-abdullayev@mail.ru

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.