Ana səhifə BAŞ YAZI Yaşlı nəsil də, gənc nəsil də məni oxuyur – Əyyub Qiyasla müsahibə

Yaşlı nəsil də, gənc nəsil də məni oxuyur – Əyyub Qiyasla müsahibə

Müəllif: Bizim Yazı
88 baxış

Bizimyazı.az Zeynəb Məmmədlinin yazıçı Əyyub Qiyasla müsahibəsini təqdim edir.

– Hansı janrda yazmaq sizi daha çox ifadə edir?

– Mənə görə janr mühüm deyil, əsas olan, dediyiniz kimi özünü ifadə edə bilməkdir. Bədii mətn yazıya köçdüyündə artıq janırı özü müəyyən eləyir, yazı özü bilir hekayə, roman, kino ssenari, yaxud esse və s. olacaq. Bir sözlə, hər şey hazırlıq mərhələsində həll olur. Mən özümü ifadə edə bilmədiyim heç nə yazmıram. Bu, sadəcə vaxt itkisidir. İllərlə, on illərlə ilişib qalan mətnlərim var, bilirəm ki, otursam yaza, tamamlaya bilərəm, amma istədiyim olmayacaq. Əvvəldə dedyimiz kimi, ifadə edə bilməyəcəyəm özümü.

– Yazmağa necə başladınız? İlk ilhamınız nədir?

–  O dövr mənə artıq çox uzaq görünür. Yəqin bilirsən, mən şeirlə başlamışam. Əslində, çoxumuz şeirlə başlamışıq. İkinci sinifdə oxuyanda o vaxt çox böyuk tirajla çap olunan “Göyərçin” jurnalında şeirim çıxdı. Və o andan hər şey müəyyən edildi. Çoxu bu sahəyə bəzən şöhrət xatirinə, məşhurlaşmaq eşqinə gəlir, ciddi yaradıcılar, peşəkarlar üçün ədəbiyyat yaratmaq zülümdür. Sözün, fikrin, ideyanın məsuliyyətini bilib yazanlar məşhurlaşırsa, bu, onların halal haqqıdır. Amma bu gün sosial şəbəkələrdə hər gün yüzlərlə cızma-qara paylaşılır və altından yüzlərlə tərif yazılır. Ədəbi zövqü korlayır sosial media. Meyarlar dəyişir. Çaşbaş düşən oxucu yaxşı ilə pisi ayırmağa çətinlik çəkir. Bəzən, mən də bir şeir paylaşıram və münasibəti izləyirəm. Mən nə yazdığımı, nə payladşığımı gözəl bilirəm, yazdığım mətnin gerçək tərifə, yaxud tənqidə layiq olduğunu məndən dəqiq bilən olmaz. Amma bunu anlamadan, dərk eləmədən yazanlar çoxdur, onlara acıyıram.

O ki, qaldı ilham məsələsinə… yaradıcı adam hər şeydən ilhamlana bilər, bunun üçün sərhəd yoxdur.

– Əsərlərinizi yazarkən hansı auditoriyanı hədəfləyirsiniz?

– Yaşından və cinsindən fərqli olamayaraq kitab oxuyan hər kəsi hədəfləyirəm.  Bu gün gənclərin kitaba qayıdışı sevindirir məni. Əlbəttə gənclərin məni daha çox oxumağını istəyirəm. Ona görə də daha çox onları maraqlandıran mövzulara toxunmağa, dünyada gedən ədəbi prosesləri izləməyə və çağdaş dünya ədəbiyyatı ilə ayaqlaşmağa çalışıram. Bu gün imza reklama və piara söykənib. Özünü reklam edə bilən müəllif tez populyar olur. Mən bir az belə şeylərdən uzağam, bu da mənim pis cəhətimdir. Amma oxunuram, buna sevinirəm. İmzam tanınır və qəbul olunur. Yaşlı nəsil də, gənc nəsil də məni oxuyur. Bu, yazıçı üçün yaxşı haldır. Kitabxanada olan sadəcə bir kitabımın eyni nüsxəsi 43 abunəçi tərəfindən oxyunub. Mənim üçün də, bir nüsxə üçün yaxşı faktdır.

– Yazmağa dəvam etmənizi təmin edən əsas motivasiya nədir?

– İllərlə formalaşan bir həyat tərzi var. Mən bu həyat tərzinin içində özümü tapmışam. Bu dünya mənə doğmadır. Burada mən azadam. Yaratdığım qəhrəmanların taleyi mənim əlimdədir. Onları mən idarə edirəm. Belə bir dünyada motivasiya üçün istənilən qədər səbəb tapmaq olar. Üstəlik, mən qətiyyətli, iradəli adamam. Qarşıma qoyduğum məqsədə çatmaq üçün yorulmuram. Yazmaq mənim işimdir, peşəmdir. Müəllim kimi, həkim, mühəndis, icra başısı kimi yazıçı da hər gün öz işi lə məşğul olur.  Mən də işləyirəm və qazancım bu işdən çıxır.

– Yazıçılıqla bağlı hansı məsləhətləri yeni başlayanlara verərdiniz?

– Çox oxusunlar. Yeni başlayanlar yazmaqdan çox, öyrənməyə çalışsınlar. Rəhmətlik Nüsrət Kəsəmənlinin şeir dəftərimə yazdığı bir cümlə sonradan mənim həyat kredoma çevrildi. Yazmışdı ki, “Əyyub yaz, yorulmadan yaz, yorulandan sonra da yaz və yaxşı yazana qədər yaz!” Mənsə bu fikirlərə cüzi dəyişilik etmək istəyirəm: Yazın, amma çox oxuyun, yaxşı yazana qədər çox yazmağa tələsməyin.

Söhbətləşdi, Zeynəb Məmmədli,

Azərbaycan Dillər Universitetinin tələbəsi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.