Mahir QABİLOĞLU özü öz əleyhinə yazdı – atasının – mərhum Xalq şairi QABİLin adından…
XALQ ŞAİRİ QABİLİN O DÜNYADAN ANARA MƏKTUBU
Əzizim Anar! Salam! Çoxdandır ki, sənə məktub yazmıram. Heç sən də məni yada salmırsan. Rəsul deyirdi ki, o gün aprelin 1-də, atovun ad günündə Fəxri Xiyabana gəlibmişsən. Gələndə biz tərəfə də keç. Bir üzünü görək. Rəsul kimi Bəxtiyar da, Nəbi, Mirzə İbrahimov, İlyas da səni çox istəyirik axı… Gəl, bir bizləri gör, ziyarət elə… sonra da get, …fikirləş. – Hansı daha zəngindir? – Sənin rəhbərlik etdiyin Birlik, yoxsa Fəxri xiyabanda torpağın altında uyuyanlar?
Gördüm ki, gəlmirsən-getmirsən, yazmırsan, məcbur olub mən yazdım. Səbəbkar da – ilana zəhər verən kərtənkələ, sapı özümüzdən olan balta – oğlum Mahirdir. Mat-məəttəl qalmışam ki, Yazıçılar Birliyinin üzvü olmayan, yazıçı olmayan, olsa da, mən tərəfdən heç vaxt yazıçı kimi qəbul olunmayacaq Mahir nə əcəb qocaman bir təşkilatın işinə qarışır? Yazısının da adını gözəgəlimli olsun deyə “Elçin Samvel Qriqoryanın evində yaşayırdı” qoyaraq özünün, yazısının reytinqini artırıb. …Elçinin adından istifadə edib özünə reytinq qazanmağa çalışır. Qazanır, qazansın. Amma mənim adımla – Qabiloğlu təxəllüsüylə yazmasın. Elçinlə aramı vurmasın. Nə isə. Onsuz da düzələn deyil. Acıdildir, dili də ağzına yerləşmir. Lap…
Amma gözəl bir rus məsəli var: “Net xuda bez dobra” Hər pislikdə də bir xeyir var. Mahirin yazmağının həmişə əleyhinə də olsam, “dörddə bir yazıçılar”a ünvanladığı yazısı bizi oyatdı.
Anar, artıq biabırçılıq son həddə çatıb. Bir mənzil 4 yazıçı arasında bölünür. Bir mükafat iki yazıçı, şair arasında bölünür. İndi deyəcəksən ki, burda təhlükəli nə var ki?.. Var! Mən deyim, sən də agah ol.
…Anar, mən oğlum Mahiri yaxşı tanıyıram. 47 yaşına çatıb, indi “razqon” götürüb. Varislik prinsiplərini əldə rəhbər tutaraq, sabah yığacaq gəncləri başına. Köhnəqalalardan alınması mümkün olmayan qala yaradacaq, Başkeçidlə bütün keçidlərinizi bağlayacaq, lazım olsa Qan Turalla qan da salacaq. Bir 500 nəfər də məni sevən yaşlı yazıçıları “Nu, poqodi” çayxanasında yığacaq başına… deyəcək ki, Mən Yazıçılar İttifaqının sədriyəm. Hələ həyasız-həyasız üzünüzə də duracaq ki, necə olur xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu Anar sədr ola bilir, mən yox? Necə olur ki, xalq yazıçısı İsmayıl Şıxlının oğlu sədr ola bilir, mən yox? Necə olur ki, xalq yazıçısı İlyas Əfəndiyevin oğlu baş nazirin müavini ola bilir, mən – xalq şairi Qabilin oğlu yox? Haqqı da var. Amma mən bunu istəmirəm. Amma, Anar, bu təhlükə, faciə, fəlakət qaçılmazdır. Mahir yazıçıların başına keçsə, səndən də pis olacaq. Sənin kimi 22 il yox, 25-30 il sədr olacaq, kiflənəcək. Amma yazıçılarımız evlərlə təmin olunacaq, mənim təşəbbüsümlə tikilən yaradıcılıq evləri istifadəyə veriləcək, 50, 55, 60 yaşlı gənc yazıçılarımız mənzil üzü görəcək. …Mənim xahişimlə 10 ildən artıqdır ki, prezident təqaüdü alan Fikrət Sadıq və yazıçılar İttifaqının digər vəzifəli üzvləri – Ayaz Vəfasız, üzr istəyirəm, Vəfalı da – əllərinə tər qərənfillər alaraq, Rəsul Rzanın da qəbri daxil olmaqla İlyas Əfəndiyev, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Cabir Novruz, İmran Qasımov, İsmayıl Şıxlı, Bəxtiyar, Nəbi Xəzri, …”Azərbaycanın ilk xalq yazıçısı” erməni Aleksandr Şirvanzadə və “xalq şairi” Samvel Qriqoryandan başqa, 31 xalq yazıçı və şairinin, klassiklərimizin qəbirlərini ziyarət edəcəklər. Hələ ölü və sağ ikən ölü, tanınmayanları demirəm. “Üzeyir Hacıbəyov Musiqi günü” kimi Səməd Vurğunun anadan olan gününün Poeziya günü kimi qeyd edilməsinə nail də olacaq. Adıma bir mükafat təsis edəcək. Mozambikin prezidenti Armandu Qebuza Bakıya gələndə ona da təqdim edəcək. Uzaq Afrikada da məni tanıyacaqlar.
…Anar, əlac ona qalır ki, …ümid yeri axtarasan. Yoxsa, Mahir …gəlib səni yıxacaq. Elə bilirsən ki, ətrafındakılar səni müdafiə edəcək? Əsla! Çünki onlar mənzil, quru fəxri ad almaqda sənə ümidli, möhtac idilər. İndi isə bu ümidləri də boşa çıxıb. Əleyhinə durmasalar da, müdafiə də etməyəcəklər. Səs verməyəcəklər. Sən isə Çar Nikolay Lenini tanımayan kimi, Mahiri ciddiyə almırsan. Düz edirsən. Birdən çaşıb, ciddiyə alıb cavab-zad qaytararsan, aa… Mahirçün böyük reklam olar. Ayağı yer alar… Gedər üstəlik deputatlığa da namizədliyini verər. …Nəbadə! Amma görsən həddini aşır, cızığını keçir, mətbuat katibi (dünya, dağıl!) Ədalət Əskəroğlunu ver qabağa. Nə desən təkrar edəcək. Çünki “Abidə MTK”nın binasında, tikilib başa çatdırılmayan, mətbuat səhifələrində artıq satışa çıxarılan, xəyalplov mənzilin pulu ondan savayı daha 3 yazıçı arasında bölünən, əldə etdiyi 25 min manata xəyallarında torpaq alan və nəhayət içində tikiləcək həyət evinə köçən… Ha eləyir… köçə bilmir, bilməyəcək də.
Amma, Mahirin nəyə qadir olmasını biz bilirik. Elə bilmə ki, Yazıçılar Birliyinin üzvü deyil və buna görə də sədr seçilməsi qeyri-mümkündür. …Xalq şairi Qabilin oğlu sədr ola bilmir? …Yazıçılar Birliyində hakimiyyətin onun və onun kimilərin əlinə keçməsi təhlükəsini nəzərə alaraq Axirət Respublikası, Cənnət şəhəri Yazıçılar Birliyinin növbədənkənar qurultayını çağırdıq. Məsələnin qəliz olmasını bir daha vurğuladıq. …48 xalq yazıçısı və şairindən vur-tut on beşinin o dünyada olduğunu, səs çoxluğunun biz tərəfdə olmasını qeyd edərək, qərara aldıq:
– Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid və digər seçkili orqanlar istefaya getsin.
– Yazıçılar Birliyi Dövlətin büdcəsindən çıxarılıb, boğaz təşkilatdan azad təşkilata çevrilsin.
– Yazıçılar Birliyinin üzvlərinin üzvlüyə layiq olub-olmaması məsələsinə yenidən baxılsın.
– Yazıçılar Birliyinin say tərkibi 500-dən artıq olmasın.
– Anarın hökumət “BMV”si və digərlərinin hökumət maşınları satılsın, icarəyə verilən Yazıçılar Birliyinin mülkiyyətlərindən gələn icarə haqları da onun üstünə qoyularaq yazıçıların mənzil şəraitinin yox, heç olmasa həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilsin.
– Yazıçılar bir-birinə arxa olsunlar. Hətta içindən Əkrəm Əylislilər çıxsa belə..! Ətini yesələr də, sümüyünü çölə atmasınlar. (Öz aramızdı, yaman gözünüzün odunu aldılar, a…)
– Yazıçılar Birliyinin mətbu orqanları …internetdə yayımlansın ki, onu təkcə Ayaz Vəfalı yox, biz də oxuya bilək.
– “Natəvan” klubunda mükafat davaları yox, əsl əsər müzakirələri keçirilsin, özü də “on-layn”da.
– Əkrəm Əylislinin “Daş yuxuları” kimi, digər əsərlər də bu cür səs-küyə səbəb olsun – əgər varsa.
– Anar 18 mərtəbəli evin 22-ci mərtəbəsini, “Adamın adamı” davamı olaraq, “Atların, inəklərin adamı” əsərini yazsın. Çünki, adamlar qalıb, başlayıblar inəklərə pasport verməyə, özü də rüsumsuz, növbəsiz. Özü də AZE seriyasıyla, birdən sərhədi keçsə ayıq olsunlar.
– Elçin “Mahmud və Məryəm” əsərinin cazibəsindən və vəzifəsindən çıxıb yeni əsərlər yaratsın.
– …Adı bu ev problemlərində hallanan yazıçı və şairlərimiz növbə ilə (2-3 il müddətinə) katib yerlərini tutsunlar ki, heç olmasa, …mənzillə təminatlarına kömək edilsin. Yolunda Qabili, Bəxtiyarı, Nəbi Xəzrini və digər “narodnı”ları həmişə maneə görən, onların ölməsini arzulayan və arzusuna nail olan, amma hələ də heç nəyə nail olmayan, sadəcə şair Qəşəm Nəcəfzadə məndən miras qalan Ağsaqqallar Şurasının sədri seçilməsin. Bu vəzifə Zəlimxan Yaquba verilsin.
İndi, Anar, deyəcəksən ki, Qabil – o boyda Axirət Respublikası Yazıçılar Birliyinin sədri Qabil, hamını vəzifəylə təmin etdi, amma yenə də oğlunu yadından çıxartdı. Aşağıladı. Yazılarını sıfra saydı. Anar, mən …özüm öz əlimlə ağzımı yuma bilmərəm…
Anar, …Mahir marığa yatıb. Siçana həsrət pişik kimi, “naruşeniya”ya həsrət “QAİ-şnik” kimi. Arağa düşkün “alkaş” kimi. Nəşəyə aludə narkoman kimi. Ədəbiyyatımızı, yazıçılarımızı sevən bir şair oğlu kimi. Yazıçılar Birliyinə vurğun Qabil kimi.
Anar, istefa ver! Qorxuram. Mahirdən qorxuram. Adımızın bədnam olmasından qorxuram. Qorxuram ki, Tahir Salahovun qızı Aydan Salahova sən istefa verənəcən gəlib Rəssamlar İttifaqının sədri ola. Görəsən rəssamlarımız 26 ildir sədr olan (sən onun yanında toya getməlisən – 22 il) Fərhad Xəlilova səs verər, yoxsa lüt soyunan, özü sənət əsəri olan rəssama? Əlbəttə ki, çılpaqlıq həmişə qalib gəlib. Heç görmüsən ki, qapalı qadına heykəl qoyalar? Amma çadrasın atan qadına “Azad” adı qoyub o saat heykəl ucaltdılar.
Anar, qorxuram. Qorxuram ki, Mahir də erotika, seks məzmunlu yazılar yazaraq ədəbiyyata daxil olan 10-15 yazarla lüt soyunub Yazıçılar Birliyinə hücuma keçər. Onda Sizin də “Boje moy” deyib qaçmaqdan başqa bir əlacınız qalmayacaq.
Anar, istəmirəm Mahirin könlünü qıram. Məndən inciməsin. Onu Yazıçılar Birliyinin sədri, katibi vəzifələrinə, ümumiyyətlə heç bir vəzifəyə layiq bilmədim. Çünki onun hörmətdən düşməsini və məni də hörmətdən salmasını istəmirəm. “İnsanı hörmətdən salmaq istəyirsənsə, ona vəzifə ver!” …Oğlum olduğuna görə ona qıymıram.
…Amma ümidsizliyə də qapanmasın. Bilirəm, gözü baş nazirin müavini Elçinin kreslosundadır. Ümidini ona bağlasın. 20 ildir vəzifədədir. … Deyirəm, Mahir də böyüyər, yetişər. …Bir sözlə, ümidini itirməsin. Ümid sonda ölür.
…Həmişə Sizləri sevən, yada salan, məktub yazan QABİL
6 aprel 2013 /BAKI, Fəxri Xiyaban…