Aqşin DADAŞOĞLU /XAÇMAZ
Olar
Hər ləpə sahilə çatmaz,
Dəniz udar, köpük olar.
Sən yaxşılıq dediyinin
Savabı on qəpik olar.
Dünya üzü azar olsa,
Ruhlar candan bezar olsa,
Can satılan bazar olsa,
Hamı ona şərik olar.
…Aqşin, nə yazsan o qalar
Oxuyanlar yada salar,
Xeyri-şəri qulaq duyar,
Göz gördüynə şərik olar.
Çəkdim
Şeytanla oyun oynadım,
Mən Adəm çəkəni çəkdim.
Qırx yaşıma çatanadək
Yüz yaşın yükünü çəkdim.
Bir sevinc var, hər sonucda,
Öləcəkmiş tox da, ac da.
Fikrim hərləndi meracda
Fikrimin şəklini çəkdim.
O yar nahaq atdı məni,
Arzular aldatdı məni
Dərdlər kefə satdı məni
Mən dərdin kefini çəkdim.
Ağlamır
Hər kəs ağlar öz dərdini,
Bizləri heç kim ağlamır.
Sazı dindirən olmasa,
Vallah, sazda sim ağlamır.
Yağan yağış, yağan yasdı,
Damlasından məni asdı,
Canım dərdlə elə dostdu
Canımda dərdim ağlamır.
Dünya üzü daş doludu,
Daşa oxşar baş doludu,
Kipriklərim yaş doludu,
Güzgüdə əksim ağlamır…
Yoxdu
Məni satmaq çox çətindi,
Çünki məni alan yoxdu.
Götür məni övladlığa
Allah, sənin balan yoxdu.
Hamının vardır yazısı,
Həyatı, yolu, ruzisi,
Məndən gözəl əl quzusu,
Məndən əfi ilan yoxdu.
Gəl, yalvarma dosta-yada,
Əcəl günü çatmaz dada.
Gəlim-gedimli dünyada,
Ağsaq çıxıb qalan yoxdu.
Həqiqətdən don biçirəm,
Geyib siratdan keçirəm,
Son yalana and içirəm,
Sözlərimdə yalan yoxdu.