Vüsal Quliyev
1986- cı ildə Beyləqan rayon Aşıqalılar kəndində anadan olub. 2004- cü ildə Beyləqan rayon Xalac kənd tam orta məktəbin 11- ci sinfini bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olub. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən hazırkı dövrə qədər Beyləqan rayon Xalac kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Muğamat
Uçmağa qanadı xoş xəyalların
Dostudur kamanın, həm də ki tarın
Vaxtilə Xan adlı bir sənətkarın
Ən yaxın sirdaşı oldu muğamat
Keçdi süzgəcindən çox nəsillərin
Hər zaman əzbəri oldu dillərin
Elə növüdür ki, qardaş güllərin
Nə saraldı, nə də soldu muğamat
Kənar musiqiyə keçilməz səddi
Milli dəyərlərə tamam bələddi
Səhvləri etməyə kimin nə həddi
Doğrunu göstərən yoldu muğamat
Sanki ovsunuyla çəkir diqqəti
Getdikcə artacaq onun qüdrəti
Zərif tellərilə bizim milləti
Kökünə bağlayan qoldu muğamat
Yaşlı da, cavan da yaşar bu səslə
Hamı qulaq asar böyük həvəslə
Bir də görərsən ki, çıxan nəfəslə
Udulub qəlblərə doldu muğamat
Kimsə deyə bilməz gəldi- gedərdi
Sevicdi, kədərdi, qeyrət, hünərdi
Vüsal, arxayın ol çəkmə sən dərdi
Doğma vətənində boldu muğamat!
Vətən zəfərin mübarək
Sona çatdı şübhə, güman
Yox oldu üstündən duman
Daim səndən bir pay uman
Hayların da dili gödək
Vətən, zəfərin mübarək
Bu xəbər çaşdırdı bizi
Kütlə tutdu yolu, izi
Torpağının dağı, düzü
Müjdə verdi qaranquştək
Vətən, zəfərin mübarək
Coşdu damarda qanımız
Yolunda fəda canımız
Qəbul oldu qurbanımız
Düşmən yedi yağlı kötək
Vətən, zəfərin mübarək
Can atmazlar daha hərbə
Aldılar çox ağır zərbə
Tək onlar yox, həm də qərbə
Belə master klass gərək
Vətən, zəfərin mübarək
Dostunun oldu köməyi
Qəbul oldu hər istəyi
Bayraqdar kimi mələyi
Düşmənlərə gəldi silək
Vətən, zəfərin mübarək
Puç oldu düşmən hədəsi
Çarəsizdir hər gədəsi
Lap qəbirdən də dədəsi
Cıxıb gəlsə, olsa kömək
Vətən, zəfərin mübarək
Rahatladı cavan, qoca
Başımız olubdur uca
Şuşa dönüb başda taca
Gerçəkləşdi arzu, dilək
Vətən, zəfərin mübarək!