Bizimyazı.az Qılman İmanın şeirlərini təqdim edir.
***
Ürəyimdən keçənlər də,
Gəlib könlümdən addıyır.
Sevinc sevincnən yeriyir,
Zülüm zülümnən addıyır.
Ay göndərən, yanmadı şam,
Olmayacaq sabah axşam.
Odeyy, bir körpü salmışam,
İçim çölümnən addıyır.
Ömür düşəndə qəzaya,
Əcəlimiz yetir haya.
Bu dünyadan, o dünyaya,
Hamı ölümnən addıyır.
* * *
Ömrümüzdən gedən günlər,
Təndirin küt kündəsidir.
Əyrinin əyrisin yonan,
Yenə düzün rəndəsidir.
Gündüz günəş töksə də tər,
Qarşılayır axşamı şər.
Allah bilir eh, bu bəşər,
Kimdi, kimin bəndəsidir.
Dünya köhnə, günlər boyat,
Aldığını qaytarıb sat,
Ömür – cəbr, riyaziyyat,
Dünya bir az həndəsidir.
* * *
Yaranan birdən yaranır,
Yaradan birdən başlayır.
Bildiyimiz bilməcənin,
Cavabı sirdən başlayır.
Hanı mənim, ruhum, hanı?
Uça, gəzə asimanı.
Göyüzünün nərdivanı,
Allaha yerdən başlayır.
Aranır, yollar aranır,
Cığırlar iz-iz daranır.
Səbir ümiddən yaranır –
Ümid səbirdən başlayır.
Nizələr dönüb ox olur,
Var olan bir gün yox olur,
Ölüm – “olum”dan doğulur,
Həyat – qəbirdən başlayır.
* * *
Görsən vüsalı satan var,
Ver eşqimi beh yerinə.
Həsrət bağrımın başına,
Dağ çəkibdi zeh yerinə.
İçim köhnə, uçmuş qəsr,
Dolu döyür, şaxta kəsir…
Adın çəkiləndə əsir,
Ürək yazıq meh yerinə.
Tənhalar içində təkim,
Köhnə dərdə, təzə həkim.
Zülflərini gətir çəkim,
Əlimdə təsbeh yerinə.
***
Demə – dünya şahlarındı,
Şahları da taxt öldürür.
Gerçəyi bir şirin yalan,
Haqqı da nahaq öldürür.
Ah, gördüyüm bu görk nəydi,
Sevinc qəmə boyun əydi.
Əzrayıl zad yalan şeydi,
Bizi tale, bəxt öldürür.
Tanrı eşitməz sədamı,
Qəzalar almaz qadamı.
Vaxtı öldürən adamı –
Axırda da vaxt öldürür.
***
Ömür adlı bu yollarda,
Yolçu yox, güzar yaşayır.
Alıb-satanın yerinə,
O köhnə bazar yaşayır.
Unut, sevincindən əl çək,
Bahadı ta əldən əlcək.
Dərdi çəkdinsə, öləcək,
Çəkmədin, azar yaşayır.
Qışda borc alıb yayından.
Ömür düzəldib sayından.
Yeyib “beş günün” payından,
Tək şənbə-bazar yaşayır.
Qəza da qədərmiş, qadam,
Özüməm, özümə odam.
Torpağın üstündə adam –
Altında məzar yaşayır.
***
Danışıb, susan – dilinə;
Görən – gözünə uduzur.
Bu dünya bir görk yeridir,
Əyri, düzünə uduzur.
Eh, inansın bəxt hansına?
Zaman batıb vaxt yasına.
Donan – soyuq, şaxtasına,
Yanan – közünə uduzur.
Misra-misra çəkib əzab,
Şeir-şeir gətirir tab.
Vərəq-vərəq, kitab-kitab,
Şair sözünə uduzur.
Ananlar, niyə az anır?
Qışı oyanıb yaz anır.
Yüzü birindən qazanır,
Biri yüzünə uduzur.
Tum salıbsa tamah harda;
Daş dönüb mum olar orda!
Ömür adlı bu qumarda,
Adam özünə uduzur.
Tural Adışirinin təqdimatında..