Ana səhifə BAŞ YAZI Vasif Süleymanın TƏCNİSLƏRi

Vasif Süleymanın TƏCNİSLƏRi

Müəllif: Bizim Yazı
1. 007 baxış

VALLAH

O, mənə atmışdı qar topasını,
Mən atdım, dəymədi qar qıza, vallah.
Əlimin içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.

Kimində göz olur, məndə dil acdı,
Bu da bir oyunmuş, adı – dilaçdı.
Ürəyim birinci sənə dil açdı,
Açmadı baxışı qar qıza, vallah.

 

 

Kimmiş, buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə, qar ağız deyib.
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi QARQIZa, vallah.

CAN-CAN

Nə yaman dost olub dərd ilə bu qız,
Qoymadı ötüşsün dərd ilə bu qız.
Yandırdı məni də dərdilə bu qız,
Yandıra bilmədi od onu can-can.

Həsrəti özüylə yarışan gecə
Görmədi bir dəfə yarı şən, gecə.
Yarı kədər gecə, yarı şən gecə,
Don onu vurmuşdu, o, donu can-can.

Yolunda qoyduğum başa can desin,
Can desin bircə yol, başacan desin.
Vasif, qoy sevgidən baş açan desin,
Bir də geyinərmi o donu, can-can.

YARIDAN GƏLİR

Haça duyğulara oğulsan döz gəl
Yarı şirin gəlir, yarı dan gəlir.
O qədər tuş oldu özgəyə-özgə,
İndi də çoxuna yarı, dan gəlir.

Nə yaşım var, bir sünbüldə bir dənəm,
Gözün haqqı bir sevinmək, bir də nəm.
Başdan çənliyə baxma, bir dənəm,
Görmüşəm, sevinc var yarıdan gəlir.

Vasif alovlana yarı yandıra,
Hansı sevən dözər yarı yan dura.
Sağımda özümə yarıyan dura,
Tərs kimi özgəni yarıdan gəlir.

AY BELƏ OLMAZ

Aya bənzədirdim səni, səhv salıb,
And olsun məsləkə, ay belə olmaz.
Günəşin telindən kəmər çəkəsən,
İnana bilmirəm ay belə olmaz.

Birini sevmişdim, yaşındı məndən,
Yaman gileylidi yaş indi məndən.
Sənin ki, sevilmək yaşındı mənnən,
Hər gələn il belə, ay belə olmaz.

Necə unudasan oda yaxanı,
Ya Vasifi sevər o da, ya xanı.
Birinci görüşdən çəkdi yaxanı,
Dedi inciyərəm a, belə olmaz.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.