ƏLLİNİ SAYANA ƏLLİ Kİ ƏLLİ…
İbrahim İlyaslının 50 yaşının tamam olmasına inana da bilmirsən, inanmaya da. İnanmırsan ona görə ki, elə bil dünəniydi, heç aradan iyirmi beş il keçməyib. Əyyub Qiyas, Nadir Azayoğlu, Etiram Məmmədli, Sabir Yusifoğlu, Xan Rəsuloğlu, Mehdi Cəlal, Füzuli Sabiroğlu (aradabir Varis də)… İbrahimin direktor olduğu Əli Kərim adına Poeziya Klubunda diskussiyalar aparardıq. Söhbətimizin əvvəli də ədəbiyyatıydı, sonu da. İndi inanırsan ona görə ki, İbrahim İlyaslı zatən ağsaqqal yetkili olub. Ağır oturub batman gəlməkliyi ilə, onsuz da biz onu ağsaqqal olaraq qəbul etmişik. Cavan ağsaqqal kimi… Elə hər sahədə örnək kimi…
Amma zarafat-zarafat gəlib çatdı 50 yaşa. Nədən başlayım, heç bilmirəm. O qədər başlanğıc nöqtələri var ki… Sazlı-sözlü bir ocaqda dünyaya göz açan İbrahim elə ömrünü o sazın, o sözün işığında yaşıyır. İşıqlı adam olmasının bir sirri budur, hər halda elə bilirəm. Ta bineyi-qədimdən bəri ağır taxtalı kişilər haqq-ədaləti tapa bilməsələr də, ömür boyu onu axtarıblar. Sazın-sözün işağında saflaşanlar həmişə belə olub. Elə İbrahimin dünyaya göz açdığı incədən-incə İncə dərəsindən Ağamalı Sadiq də, Akif Səməd də həmişə haqqın axtarışında oldular. İbrahim İlyaslı axtara-axtara etiraf etdi:
Bu bazardı, seç, nə yoxdur?!
Bu ömürdü – köç nə yoxdur?!
Haqq deyilən heç nə yoxdur,
Ancaq dəyər axtarmağa.
Axtardığı zaman kəsiyinə ömür deyir. Dünya dolanmasıyla başını qatdığı ömür…
Ahımdan qaya laxlayır,
Halıma quşlar ağlayır.
Məni bir ALLAH saxlayır,
Bir də səbr, yaşayıram.
Onun bütün həyatı, həm yaşatıları, həm yaratdıqları, sevgi ilə yoğrulub. Bu sevgi deyilən hərənin yozumunda bir şeydir (Bəlkə elə hərə bir cür yozsa, yaxşıdır). Həmişə sirli qalanlar daha möhtəşəm olur. Elə sevgi kimi. İbrahim də bunun fərqindədir. Mən, onun daimi oxucularından biri kimi, elə bilirəm ki, ayrı-ayrı şeirlərinin istənilən biri ilə ədəbi tarixin yaddaşında əbədi qalacaq. Təkcə bu şeiri ilə oxucuların ürəyimdə əbədi yaşam haqqı necə qazanmasın:
Səni görən divanədir,
Bilirəm səndən ötəri.
Göz yaşımla dağı-daşı,,
Dəlirəm səndən ötəri.
Uydurmadım daha nələr,
Qurtarıbdır bəhanələr.
Qonşunuza axşam-səhər,
Gəlirəm səndən ötəri.
İbrahiməm için-çin,
Sızlayıram, gedir köçüm.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri.
Yəqin İbrahim özü belə düşünmür və elədirsə, haqqı da var. Çünki onun, dediyim kimi, əbədiyyət haqqı qazanmış şeirlərinin sayı çoxdur. Zövqlərin parametrləri müxtəlif olsa da, İbahimin müxtəlif təbəqədən olan daimi oxucuları yüzlərlədir. Mən bu şeirini deyirəmsə, məsələn şair qardaşımız Dayandur Sevgin isə «Köhnə gözəllmə»ni deyir:
Onu görənlərin gün deyil günü, –
Görürsən ərşdəki fəryadı, ünü…
Meh vurub oynadır siyah zülfünü, –
Gah köksünü örtür, gah camalını.
Gəl, indi denən ki, Dayandur düz demir… O da düz deyir axı… İbrahimi sadiq oxucularına sevdirən də elə bu sayı bilinməyən gözəlləmələridir. Şairlik onun peşəsi deyil ki, taleyidir (baxmayaraq ki, işi də şairliklə birbaşa bağlıdır, Sumqayıtdakı Əli Kərim adına poeziya klubunun direktorudur).
50 illik yubileyini qeyd edən qardaşımızın şair taleyindən keçən, dilimizdə az qala aforizmə çevrilən o qədər şeirləri var:
Hardasan, ay haqqa-zaval,
Səninkidi bu cah-calal.
Bu dünyada bircə halal,
Adam varsa, o da yoxdur.
Və yaxud:
Alçaq dağda qar olamaz,
Var olmayan var olamaz.
Məndən sənə yar olamaz,
Şahzadə pəri, xan pəri!
Başqa bir misal:
Tanrım bu gözəli sən yaradıbsan,
Nurdan yoğurubsan mah camalını.
Tullayar tacını ayaqlarına,
Görsə dərgahında şah camalını.
İbrahim İlyaslı, yazdıqları kəmiyyət kateqoriyasına aid edilməyən şairlərimizdəndir. Əlli yaşına cəmisi üç kitabça ilə gələn şair dostumuzun bəlkə də xoşbəxtliyi ondadır ki, bu kitabçaları həmişə döş cibindədə, ürəyinin başında gəzdirə bilirsən. Oxucunun şairə bundan artıq sevgisi ola bilərmi… Axı bu kitabçalarda İbrahimi oxucuya sevdirəcək qədər şeir var.
O, həm bir şair, həm də vətəndaş olaraq bu dünyanın işdəklərindən halidir. Və gəldiyi haqlı qənaətdir:
Yeddi yol səcdə qıl, yeddi qat əyil,
Zalımdan məzluma hay olmaz, olmaz!
Hər saya salının sahib-say deyil,
Hər saya gələndən say olmaz, olmaz!
Olmaz, İbrahim, olmaz! Sən həmişə bizdən əvvəl haqlı poetik qənaətə gəlirsən və deyirsən ki, SƏNİ QANA-QANA YAZMAQ OLMUR, YAZA-YAZA QANMAQ. SƏNƏ YETMƏYİN BİRCƏ YOLU VAR: YANMAQ!!! YANMAQ!!! YANMAQ!!! Onsuz da həmişə sən deyən düz olub. Yenə də sən deyən olsun, İbrahim İlyaslı:
Əllini sayana əlli ki əlli,
Yüzünü sayana yüzdü bu dünya.