Ana səhifə Kateqoriyasız Vasif Süleyman-60: Sən məni hamıdan yaxşı unutdun – Şeirlər

Vasif Süleyman-60: Sən məni hamıdan yaxşı unutdun – Şeirlər

Müəllif: Bizim Yazı
98 baxış

Müasir Azərbaycan poeziyasının aparıcı nümayəndəsi Vasif Süleymanın 60 yaşı tamam olur.

Bizimyazı.az bu münasibətilə tanınmış şairin yubileyini təbrik edir, seçmə şeirlərini oxuculara təqdim edir.

…YAXŞI UNUTDUN

Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.

Neyniyər dodağım şəkəri, qəndi,
Ürəyim payıza, bahara yatmaz.
Daha nə əllərim tumar çəkəndi,
Nə də ki, tellərim tumara yatmaz.

Nə sözün üstündən söz deyəsiyəm,
Nə də bacarmaram, nəyisə danam.
Ömrün sonunacan gözləyəsiyəm,
Məni tanıyırsan, həmin oğlanam.

Dünyanın yolları sevinc qarışıq,
Yolların dünyası müsibətiymiş.
Bir gün məhəbbətdən biz yaranmışıq,
Bizi öldürən də məhəbbətiymiş.

Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.

SƏYYAH

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.

Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.

Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.

Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.

Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma…
Hardasa,
Yolunu gözləyir kimsə, qadası.

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

SOLANDI YANAĞIN YAŞ OLAN YERİ

Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.

Gördüm ağlamamış ürək kiridi,
Onda yerin-göyün dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi.
İlk eşqin ürəyə tuş olan yeri.

Həsrəti özümə gərək bilmişəm,
Onu duz bilmişəm, çörək bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm,
Sinənin altında daş olan yeri.

Sevincdən daşındım, qəmdən daşındım,
Göz yumub-açınca yandım, yaşandım.
Torpağa su düşsə, yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.

AYRILIB TƏZƏDƏN QONŞU OLMUŞUQ

Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.

Ürəyim ovcumun içində hər gün,
Xəyalım göylərin qatından keçir.
İşə baxırsanmı, sənin yolların,
Mənim pəncərəmin altından keçir.

Bizi mənziləmi gətirdi yollar,
Bura havasızdı, yer nə, göy nədir…
Səni qucağına açılan qollar,
Məni üz qoyduğum balınc göynədir.

Ləngiyən vüsala tuşmu olmuşuq,
Yoxsa bu, taleyin çaşdığı yoldu.
Ayrılıb təzədən qonşu olmuşuq,
Ta bunun harası ayrılıq oldu…

Sevgisən, həsrətsən, gəlmirsən dilə,
Ürəkdən yüz hissin təlaşı keçir.
Hər səhər, hər axşam yanımdan belə,
Sevgim həsrətimnən yanaşı keçir.

Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.

OLURSAN

Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.

Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.

Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan…

OLACAQSA

Ağrım səndən gəlir… Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa…
Dərdim bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa…

Bəlkə bu günahı savab bilərəm,
Onu hər müşkülə cavab bilərəm.
Qədərə min şükür… Gülab bilərəm,
Üzümə çilənən qəm olacaqsa…

Dünya başdan-başa ağrı, qəmdimi, ,
Ürəyim dərdindən suçəkəndimi…
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə «sən» olacaqsa…

ÇATINCA

Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinə çatınca.
Uzaqdan baxanda mələksən-mələk,
Misraya dönürsən mənə çatınca.

O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum…
Bəlkə harayını eşidər ruhum,
Halımı sorarsan yenə, çatınca.

Birdən sən gəlincə çiçəklər solar,
Barı, son anımda ləngimə, nolar…
Onsuz da mələklər aparmış olar,
Sən gəlib mən adda qəmə çatınca.

GƏLSİN

Eşqin ayrılıqdan keçən yolu var,
Keçimmi… ayrılıq havası gəlsin.
Bu eşqə göylərdən fərman verilib,
Tanrım, aç sirrini, mənası gəlsin.

Bu ömrün sonudu – bu eşqin sonu,
Əllərim alovun içində donur.
Yerlərmi, göylərmi yaratmış onu,
İnsan yaradıbsa, anası gəlsin.

Gecə gördüyümü danışdım suya,
Gözümə gəlməkdən usandı röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı məndən gözəl yanası, gəlsin.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.