Ana səhifə BAŞ YAZI “Vətən dünyadan genişdir.” – Eluca Atalı

“Vətən dünyadan genişdir.” – Eluca Atalı

Müəllif: Bizim Yazı
1. 100 baxış

Yazıçı-filosof Eluca Atalı uzun illərdi ki, Stokholmda yaşayır. Azərbaycandan qıraqda yaşasa da, Azərbaycanla, Türk Dünyası ilə bağlı kifayət qədər səmərəli işlər görür, əməlləri və yazıları ilə mənsub olduğu millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərir. Eluca Atalının özünəməxsus düşüncə sahibi olduğunu nəzərə alaraq, onun Azərbaycanla və türk dünyası ilə bağlı düşüncələrinin oxucular üçün maraqlı olduğunu düşündüyüm üçün bu mövzuda ondan müsahibə götürməyi gərəkli saydım.
Namiq Hacıheydərli
25 noyabr 2013-cü il

– Hazırda səni rahatsız edən düşüncələr və ümumilikdə həyatın boyu səni daha çox düşündürən məsələlər…
– İstedadli və zəhmətkeş xalqımın öz mahiyyətini bir xalq kimi gerçəkləşdirə bilməməsi mənim beynimi hər an məşğul edir. Azad xalq, azad torpaq, azad ölkə görmək istəyi ilə yaşayıram, sözsüz ki, saydığım bu üç azadlığa çatası şey adamın fərd kimi özünü yetişdirməsindən başlayır.
– Qürbət sənə nə verdi, nə aldı? Qürbətdən Vətənin necə görünür?
– Qürbət mənə bütün ağrı-acısı ilə birgə yaxşı da dərs verdi: “Vətən dünyadan genişdi, bu səbəbdən də insan dünyaya sığmır, Vətənə sığır!” Asif Atanın bu fikrini Vətəndə oxudum, qürbətdə sübuta yetdi öz ömrümdə və həm də mənə tam mənası ilə çatdı ki, insan hara getsə də, Vətənin adını üstündə daşıyır. İlbiz öz yuvasını kürəyində daşıdığı kimi. Yeri gəlmişkən, “Bir udum azadlıq” kitabımda “İlbizin vətəni” hekayəm var ki, orda Vətənin nə olduğunu bədii şəkildə açmışam. Mənim aləmimdə biz insanlar balca ilbiz kimi ömür sürürük, amma onların yükü görünür, bizimki yox. Çünki, onların yükü fizikidi, bizimki mənəvi. Əgər ikinci sualla Vətənin bu gününü nəzərdə tutursansa, deyəcəm, elə bil Vətən bir almadı, bir üzü şirin, bir üzü acı. Biz hər iki üzünü dadıb, daha çox şirini dilə gətiririk, amma Vətənimzdən olmayanlar ancaq acı dadı ilə onu ölçürlər. Ona görə bütün cəhdimiz Vətəni doyumsuz şirin almaya çevirməkdir. “Bir udum azadlıq” kitabının redaktoru Əntiqə Qonaq Vətənlə bağlı sətirləri qalın qara hərflərlə verib ki, oxucunun diqqətin çəksin. Onu olduğu kimi sizə çatdırıram:
“Zamanı yadımıza salan təkcə saat deyil, əgər belə olsaydı, onda biz onun əqrəblərindən asılardıq.
Ömrün ayrı-ayrı zamanlarını yadda qalan edən müəyyən zamanlarda yadda qalan əməllər etməyi¬miz¬dir. O, əməllə də zamanı haşiyələyir, gah qara, gah da qırmızı çərçivəyə salıb özümüzünkü edirik.
İlbiz yuvası bu dəqiqə məndən ötrü dəniz ha¬vasın¬da bir günlük bazar gəzintisini xatırladan qır¬mı¬zı haşiyəli zaman idi. İndi o, çərçivəni qırıb otağıma sərin meh gətirmişdi. Hava, meh, dalğa, qum, nəfəs, sədsiz mavi səma, ümmanlıq, daha nələr duyurdum, o sürüşkən, xırda canlının vətənini vətənimin başladığı otağımda görəndə. Hər canlının vətəni özündən başla¬nır. Əslində özünü dərk edəndə bu anlayış olur, dərk etməyəndə isə hər yan “vətəndi”, təki olduğun yerdə günün cansıxıcı olmasın…
Xırda, cansız ilbiz yuvasını ovcuma alanda həm günümün xoş keçən məqamları idi, həm də xoşbəxt¬liyin varlığına inanırdım. Əslində, xoşbəxtliyin dərki üçün xüsusi hadisəyə ehtiyac yoxdur, sadəcə bu an¬layışa fitrətən inanmaq lazımdır. Mənə qalsa, ürəyi istə¬yən hadisə ilə rastlaşan yox, hadisəni doğruldan mənaya inanan xoşbəxtdir, axı, insan inamı ilə yaşayır.
Həyatda hər şey olur keçir. O şey ki, yalnız hadisədir və mənaya çatmır, o, ötür və unudulur.
Amma biz inamımızda hadisədən yüksəyə qalxırıq.”
Yurd – müqəddəsləşən torpaqdı! Muğana olan sevgim mənim müqəddəslik duyğumla bağlıdı, Muğan ülvi duyğularımın gerçəkləşdiyi məkandı bu baxımdan həm də.
– Azərbaycandan ən çox nələrdən, hardan və kimlərdən ötrü darıxırsan?
– Azərbaycandakı rüşvət murdarlığından başqa hər şey üçün darıxıram. Birinci növbədə Avropada olmayan insanlar arasındakı doğmalıq, isti münasibətin həsrətindəyəm ki, bunu öz yurd-yuvamda hədsiz görürəm. Kənddəki evimiz üçün daha çox darıxıram, məndən ötrü dünyanın başlanğıcı ordadı, mən dünyanı ilk olaraq orda görmüşəm, əşyaların adını öyrənməyə orda başlamışam, dünyanın mahiyyətinsə əqidəm olan Ocaqda. Şəxs olaraq ən çox əsərlərimdən Ürək bala kimi tanıdığınız Atanur üçün darıxıram. Keçən ay Azərbaycana olan son səfərimdə o məni günorta yeməyinə dəvət etdi, “Yeməyin pulun özüm verəcəm” – deyib, əvvəlcədən şərt kəsdi. Narahatlığımı anlayıb üstündən: “Pulum var!” – deyə əlavə etdi. Yadima gəlir, mən Azərbaycandan köçmək üzrə olduğum günlərdə onunla bir tədbirə gedərkən, dedim: “Acsan, gəl sənə bir banan alım.” Dedi: “Pulun var?” Dedim: “Hə!” Dedi: “Onda birini də özünə al, birgə yeyək!” Atanurun mənə verdiyi ilk qonaqlıqda nə qədər birgə ola biləcək günlərimizi itirdiyimi gördüm. “Xala, nə fikirdəsən?” – onun sualına başımı buladım. Osa təşəkkür etdi ki, sözünü yerə salmayıb onun tədbirində iştirak etdim. Həmin gün Türk Cümhuriyyətinin yarandığı gün – 29 oktyabr idi. Qızım oxuduğu Anadolu Türk liseyindəki tədbirdə öz bəstələdiyi “Vətənə qayıt” mahnısını çaldı, oxudu. O günü yaşadım, mənim üçün xatirə oldu, çünki, qeyri günlərimdən tam fərqli idi. Musiqini Milli Qəhrəman Mübariz İbrahimova bəstələməsinə baxmayaraq, mənə elə gəldi ki, o hamını Vətən ətrafında birliyə səsləyir öz zərif səsi ilə.

– Azərbaycan ədəbiyyatı haqqında düşüncələrin. Çağdaş Azərbaycan ədəbiyyatının yaradıcıları kimlərdi sənə görə? Və səncə yaradıcı insanlarımız hansı mövzuya daha çox üstünlük verməlidi, nələri daha çox önə çəkməlidirlər?
– Azərbaycan ədəbiyyatı haqda düşüncələrim deyəndə, bu çox əhatəli bir sual olur. Ta klassik ədəbiyyatdan tutmuş bu günümüzə qədər olan dövr haqda nəzər verməli oluram. Söhbəti uzatmadan deyirəm, klassik ədəbiyaytımızın ələnib bu günə qədər gələn nümunələri sözsüz ki, hamı kimi mənim üçün də qiymətli ədəbi xəzinədi. Amma yenə təəssüf ki, onu yaradanları ən çox qərbdə fars, ərəb və digər xalqların nümayəndəsi hesab edirlər və bu məsələ görünür Akademiyanın Nizami adına Ədəbiyyat institutunu narahat etmir, əks halda buna cavab reaksiyasını görmüş olardıq. Sualınızın sonrakı hissəsi olan çağdaş ədəbiyyatımız haqda nəzər söyləməyə bir az aciz olduğumu etiraf edirəm. Çünki, nəsə haqda fikir söyləməkdən ötrü gərək onu müntəzəm izləyəsən. Bu isə bu gün mənim fiziki gücümün çatacağı iş deyil. Pərakəndə şəkildə oxuyuram, razı qaldığım və qalmadığım ədəbi nümunələr çoxdu, lakin bütövlükdə cəmiyyəti tam təhlil edən əsərə hələ rast gəlməmişəm. Əgər bu günkü Azərbaycan həyatında ictimai-siyasi prosesleri tam təhlil edib bədiyyata çəkən ədəbi nümunə olarsa, mən onun sabah da oxunacağına əmin olaram. Lakin hələ ki, bunu görmürəm. Ədəbi əsər, bədii kitab hadisəsi hələ ki bu gün yoxdu, baxmayaraq ödül satan çoxlu qurumlar var və buna yüyürüb alan qələm sahibləri də az deyil, lakin sabahlı əsər görünmür. Əsər gərək oxucunu özü ilə apara bilsin, amma bu günkü əsərlər kitab bağlanan kimi oxucu yaddaşından silinir. Çünki, oxucunun bildiyindən artıq orda heç nə yoxdu, fikirçilik yoxdu, ideya yoxdu bu gün də. Söhbət böyük ideyadan gedir. Asif Ata deyir: “Elə yaz ki, poza bilməsinlər, elə yaz ki, həmişəlik olsun”, “Ədəbiyyat – Əbədiyyət sözünə bərabərdir!” – deyir Ata. Hanı o əbədiyyətə qədər yol gedəsi əsər? Bəlkə mən görmürəm, göstərəsiniz?
Yaradıcı insanın mövzu seçimi ilə bağlı sualınıza gəlincə, mən də hamı kimi yaradıcının mövzu seçimində azad olduğunu qəbul edirəm, həm də təbiətən azadlığı sevən insan kimi deyirəm bunu. Yaradıcıya hökm edərsən, öz yolu olmaz və hökm edilən yol onun sənətini əyər! Necə ki biz hər addımda bunun nəticəsini və deyərdim, acısını görürük. Amma elə mövzu var ki, özünü yaradıcı sayanın diqqət mərkəzində olmalıdır. Bəs, bunu kimsə onun yadına salmalıdırmı? Yox, qətiyyətlə deyirəm! Yaradıcı özü o mövzunun üstünə getməlidi. Kimsə yaradıcıya bizim bu gün yaşadığımız Azərbaycan cəmiyyətindəki xalqın acınacaqlı vəziyyətini göstərməli deyil ki, eləcə də Qarabağ – milli ləyaqət məsələmiz olan, hamımızın təhqir olunduğu Xocalı ləkəsini və ya Güneydəki sonsuz qeyri-insani halı yadına salmalı deyil ki. Onda qalır yaradıcının hadisələri dərk edib, təhlil edib, yazmasına. Demək, əsas məsələ yaradıcının özünü VİCDAN ÜSTƏ kökləməsidir ki, bütün bunları o görə bilsin. Əks halda deyəcək: “Zəmanəmiz mütləq mənada ədalətlidir, saq olsun hakimim də məni diqqət mərkəzində saxlayır, ömürlük təqaüd verib!” Çox təəssüf, istedadı olanların çoxsu bu gün yalmanırlar. Nəyin xətrinə? Qarın üçün. Beynini qarnına pərçimləyənlər həqiqəti görə bilərmi heç?
– Ən yaralı yerimiz: parça-parça olmuş Azərbaycanın xilas, Birlik yolu haqqında düşüncələrin.
– İlk əvvəl Azərbaycanın məndən ötrü olan mənası ilə bağlı Asif Ata fikri ilə cavab verəcəm: “Azərbaycan birdir, əgər, o, ikidirsə, demək, o, heç yoxdur!” Mən Azərbaycanı daim belə düşünürəm və bundan fərqli düşünənin vətən sevgisinə şübhəm var, onu hələ yetişməmiş yurddaş hesab edirəm. Birlik yolu bizim içimizdən – ürəyimizdən, beynimizdən, düşüncəmizdən, ruhumuzdan keçir. Azərbaycana fədakar, təmənnasız onun yükünü çiyninə qaldıracaq xilaskarlar gərəkdi. Nə qədər ki, Azərbaycanda, istər o tayda, istərsə də bu tayda belə şəxslər yetişməyib, birlikdən söhbət etmək cəfəngiyyatdır. Amma birlik labüddür, ona gedirik, birləşəcəyik. Mən istəmirəm bu ayrılığın ömrü bundan belə bir bu qədər də uzun olsun.
– Türk Dünyası haqqında düşüncələrin?
– İstəmirəm bu günkü türk dünyası özünü onun-bunun arxasınca salıb bu vaxta qədər qazandıqlarını itirsin, kiməsə bənzəməkdən əl çəksin, özü olsun, öz yolu olsun. Nədir bu Türkiyə indi qız-oğlan məktəbləri yaratmaq istəyir? Ərəbin VII yüzildəki qanunları iləmi yaşayacaq indiki XXI yüzildə? Gör, bunlar nə qədər cılızlaşırlar.
Çətin də olsa, TÜRK BİRLİYİ yaranmalıdır: Ədəbi, mədəni, hərbi, iqtisadi, siyasi birlik. Elə hər sahədə. Bu gün ədəbi sahədə bu addım atılır, götürək Dünya Gənc Türk Yazarlar Birliyini, Avrasiya Yazarlar Birliyi və digər bu kimi qurumların yaranması çox vacib əməldi türk birliyinə gedən yolda. Ədəbiyyat ruhani əməl yetirməkdə əvəzsizdir, yuxarıda bu barədə dedik. Bu işdə gərək ilk növbədə ruhlar birləşsin.
– Uşaqlığın yadında necə qalıb? Muğan sözü və Muğanın özü haqqında düşüncələrin…
– Uşaqlıq xatirələrimi “Gecikmiş oyuncaq” povestimdə azdan-çoxdan vermişəm, sözsüz ki, tam içimi boşalda bilmədim. Deyəsi sözüm çoxdu, hiss edirəm nə vaxtsa bu mövzuya yenidən qayıdacam. Amma o vaxtın nə zaman gələcəyini hələ dəqiq bilmirəm, çünki, onu yazmaq halı məndə hələ yetişməyib. Baxmayaraq ki, uşaqlığımla bağlı məni narahat edən mövzular çoxdu. “Bir də uşaq olmaq istərdin?” – sualını mənə verən çox olmayıbsa da, az da deyil. Həmişə cavabım bir olub: YOX! Siz də digərləri kimi: “Niyə”? – sualını verə bilərsiniz. Uşaqlığa qayğısız illər deyirlər, amma mənim o çağlarım çox yaşıdlarım kimi yüklü keçib, 10 yaşımdan gecə-gündüz pambıq tarlasında ketman vurmuşam, pambıq yığmışam. Bu, məndə uşaq vaxtı əməyə nifrət yaratmışdı. Baxmayaraq, zəhməti sevən insanam və nə qazanmışamsa, tanıyanlar bilir ki, kimsənin yardımı olmadan əldə etmişəm. Amma uşaqlığımda yaşadıqlarım qul əməyi idi, bunun zəhmətkeşliyə dəxli yox idi. İndi ağlım kəsdiyindən dərk edirəm ki, böyüklü-kiçikli biz hamımız o zaman qul imişik. 88-ci ildə “rusdan ayrılsaq, acından ölərik” deyənlər, qul ruhuna, əslində ruhsuzluğa düçar olmuşlar qulluqdan çıxmaq istəyənlərin gücü qarşısında duruş gətirə bilmədilər. Lakin onların tərbiyə etdikləri bu gün də başları üzərində ağa təsəvvür etmədn nəfəs ala bilmirlər, çünki, onları qul təfəkkürü ilə böyüdüblər və özlərinin də heç zaman cəhdləri olmayıb ki, özlərini böyütsünlər. İnsanın özü-özünü böyütməsi üçün gərək özü özünə ata olsun, ana olsun, özünə sahib dursun. Bu iradə tələb edən əməldir. Uşaqlığımın təhlili məni bir az dərinə saldı, deyəsən. Keçək Muğana, sənin və mənim doğulduğum duzlu torpağa, şipşirin doğmaca yurda. Yuxardakı sualında Vətənlə bağlı fikirlərin içində dedim ki, evimizdən, həyətimizdən başlandı vətən və əlavə edirəm ki, Muğanda idi o başlanan vətən, yağış yağanda palçığından, isti olanda toz-torpağından əziyyət çəkdiyim diyar, bəlkə də insanlarının istiqanlılığı idi mənə bu yerləri sevdirən? Bəlkə dünyada tanıdığım ilk torpaq parçası olduğu üçün bu gün mənə bu qədər doğmadı. Hər halda cismani və ruhani dünyamın mənbəyi oradı.
– Daha nələri demək istərdin? – Özünə, çağdaşlarına və özəlliklə, gələcək soydaşlarına və yurddaşlarına.
– Özüm etdiklərimi bu günkülərə və sabahdaşlarıma da məsləhət görərdim: özləri ilə döyüşsünlər. Unutmasınlar ki, insan dəyişməsə, dünya dəyişməz. Dünyanın bu günə düşməsinin səbəbkarı adamın insan ola bilməməsindədi, günahkardı insan. Ona görə də hər kəs özündən başlasın dünyanı dəyişməyə, axı hər kəs dünyanın bir hissəsidi, həm də özü bir balaca dünyadı. Bu balaca dünyalar hamısı bir yerdə gerçək dünyamızı yaradır. Demək, ən yaxşı halda biz dünya daşlarıyıq hardasa.
Qaldı ki, çağdaşım, soydaşım və yurddaşım olaraq sənin haqqında düşüncəmə… Namiq yaxşı oğlandı deməyəcəm, çünki, yaxşı mənim aləmimdə nisbidi, onun dəyişib pis və ya əla olmaq imkanı var. Mənim tanıdığım Namiqin sonsuz imkanları var və istəyirəm mənim tanıdığım Namiq öz sonsuz imkanlarını aşkarlalasın, öz ömründə potensialını tam gerçəkləşdirsin.
Bu məqamda dəyərli oxucularımızın oxuması üçün “Bir udum azadlıq” kitabımdan “Cəsarət et ki, azad bir insan olasan!” essesini göndərmək qərarına gəldim.

Esse
Ağıl ölçür-biçir və sənə işin təhlükə dərəcəsini deyir.
Cəsarətin qarşısını alan isə Ağlın verdiyi məlumatla qorxudan Qorxu duyğusu olur.
Cəsarətə yönəlməkdən ötrü İradənin gücü ilə qorxunu aşmaq lazımdır.
Cəsarətli olmaq üçün insan gərək ilk növbədə öz daxili gücünü aşkarlamalı, nəyə qadirliyinə bələd olmalıdır.
Cəsarətli olmaq imtina qətiyyəti tələb edir. Az əhəmiyyətlidən keçib, çox əhəmiyyətlini qazanasan gərək.
Yalnız qorxudan ötən zaman azad bir insan ola bilərsən!
Son:
İnsan özünə yadlıqdan xilas üçün özünü tapmalıdır və öz böyük mənasına – İnsanlığına qovuşmalıdır.
Yalnız bu zaman insan tənhalıqdan qurtula bilər!

(1 Dözüm Günü, İşıq Ayı, 35-ci il) 01.05.13, Stokholm

Sonda isə sabahdaşlarıma “Fərəhinizi fərəhsizlərdən qoruyun!” – deyərdim. Əgər fərəhsizlər fərəhinizi oğurlaslar, gözəl əməl yetirə bilməzsiniz. İnsanın əməli gözəl olmayanda, özündən narazı qalır, çünki onun işığa əbədi sevgisi onunla birgə doğulub. Bəzən özü bundan xəbərsiz olsa da…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.