Ana səhifə YAZILAR “Üzü Tanrı işığına…” – Yeni şeirlər

“Üzü Tanrı işığına…” – Yeni şeirlər

Müəllif: Bizim Yazı
915 baxış

Yusif Günyadın

Gecə lampası

Tükəndi qürubun səsi-sədası,
Yollardan hənirti çəkildi artıq.
Pəncərəm önündə küçə lampası
Gah yanır, gah sönür, tapmır rahatlıq…

Nə xəbər göndərir üzü aşağı,
Nə istər, zülmətə üz vura-vura?
Ay küçə lampası, küçə uşağı,
Mənə nə söylərsən, göz vura-vura?

 

Yetər, bu oyunda mən daha yoxam,
Qaydası, qanunu qat-qarışıqdır!
Çilik-çilik olub dağıldı yuxum, –
Bir an qaranlıqdı, bir an işıqdı.

Necə də gəlməsin damağım dada?
Zəqqum çuval-çuval, bal bir qaşıqdır.
Zülmətə dirənən ömür yolu da
Yarı qaranlıqdı, yarı işıqdı.

Çırpınma, üzülmə, gəl elə zənn et,
Zülmət də işığa bir yaraşıqdır.
Bir üzü cəhənnəm, bir üzü cənnət –
Dünya yarı zülmət, yarı işıqdı.

Əhrimən hurmüzlə qolboyun gəlir,
Hürmüz Əhlimənə yoxsa aşiqdi?
Min fitnə göyərir, min oyun gəlir,
İnsan yarı zülmət, yarı işıqdı.

Bəsdi, sızıldama, küçə lampası
Axışıb nəbzimə vur incə-incə.
Məni rahat qoymaz gecə lampası
Qarşımdan bu gecə çəkilməyincə…
20 may 2015

***
Səngiməzmi həyəcanım, tükənməzmi nisgilim,
Güllər açıb yaz gəlincə durulmazmı axar su?
Nə əfsundu, nə hikmətdi, nə heyrətdi, nə bilim,
Əllərinin hərarəti, tellərinin qoxusu.

Nə yamanmış bu intizar, bu ayrılıq nə yaman,
Nədir dolan gözlərimə? Bəlkə əcəl yuxusu?
Yenə məni məndən alıb hara çəkir, ay aman,
Əllərinin hərarəti, tellərinin qoxusu?

Qan ağlayan dəli könlüm necə sayru düşməsin?
Can-can deyən gözəllərin vəfasızmış çoxusu.
Məni tənha buraxmasın, məndən ayrı düşməsin
Əllərinin hərarəti, tellərinin qoxusu!

Xəyalınla qanadlanıb ənginlərə yüksəlim,
Fələk mənə hansı hökmü oxuyur, qoy oxusun!
Son nəfəsdə nə keçəcək ürəyimdən sevgilim?
Əllərinin hərarəti, tellərinin qoxusu…
2014, aralıq

Konyada şux lalə tarlası

Xoş bir xəyalmı Konyada şux lalə tarlası?
Cənnət bağında şölə saçır lalənin xası.

Quşlar civildəşir, yenə gülgün bahar gəlir,
Güllər səpən bahara üfüqlər də dar gəlir.

Tər güllər içrə zər kəpənəklər dolaşmada,
Hər gənc ürəkdə dadlı diləklər dolaşmada.

Əks etdirib bu şuxluğu göylər də rəng alır,
Göy qübbədən axanda şəfəqlər də rəng alır.

Konya çiçək şəhərlərinin bəxtiyarıdır,
Səlcuq ərənlərin bura gülşən diyarıdır.

Rüzgar öpüncə cilvələnən lalə tarlası,
Turan elində daima gülsün də parlasın!
2015 nisan

Yaman duyğulandın bu yaz səhəri
Sinif yoldaşıma

Unutdum… İllərlə inlədi yalqız,
Sən alıb qorudun yalqız şerimi,
Körpə quşcuğaz tək aciz, arxasız,
Məhvə məhkum olan cılız şeirimi.

İllər ötüşsə də, itmədi qəti,
Sətirlərə hopmuş cocuq heyrəti.
Sən onu yaşatdın, verib qiyməti
Qiymət qazanmağa şansız şeirimi.

Bir də xatırlayım, bir daha anım,
Hardadı həmdəmim, hanı həyanım?
Sənə canım fəda, ulu sultanım,
Can kimi bəslədin cansız şeirimi.

Saf, həssas bir ürək, qayğısı sonsuz,
Sözü də yaşatmaq çətindi onsuz.
Parta arxasında bir qaragöz qız,
Yaxşı ki, tutmadı ucuz şeirimi.

Keçmişdən boylanan o nə qonaqdı?
Saçımın ağ vaxtı yandırdı, yaxdı.
Duzlu göz yaşlarım üzümə axdı,
Görüncə o dadsız, duzsuz şeirimi.

Tükəndi bu ömrün barı-bəhəri,
Qovuram bir təhər qəmi-qəhəri.
Yaman duyğulandım bu yaz səhəri,
Sənə göndərəndə ay qız, şeirimi…
Mayıs 2015

Zirəddin havası
Dostum Zirəddin Qafarlıya zarafatla…

Qışın sərt küləyi var,
Bu nəyin qovğasıdır?
Havada mey iyi var –
Zirəddin havasıdı.

Bu havada oyanan
Qızışmaq həvəsidi.
Getmə burdan oyana,
Zirəddin havasıdı.

Bu səhər bir yüz atdım,
Bu hələ harasıdı?
Demə günaha batdım –
Zirəddin havasıdı.

Aspirin yox, yüz araq,
Yüz dərdin davasıdı.
Di, yubanma, süz araq –
Zirəddin havasıdı.

Xaş var, xaşıl kimidi,
Xaş var, xaşın xasıdı.
Kim ötürür, kim udur?
Zirəddin havasıdı!

Ya aş as, ya halva çal,
Bizə nuş olasıdı.
Dur, oynaq bir hava çal,
Zirəddin havasıdı…

Aysel

O mənə can dedi, candan sevindim,
Necə də şirinmiş dili Ayselin.
Bu şirin canımı fəda edərdim,
Toxunsa əlimə əli Ayselin.

Saf qəlbi saf eşqin gur qaynağıdır,
Min-min xoş arzunun bir qaynağıdır.
Zil qara gözləri nur qaynağıdır,
Ruhu tək incədir teli Ayselin.

Sinəm sipər olub sitəmlərinə,
Bəs nədi gətirən bu qəmləri, nə?
Gül-çiçək səpəydim qədəmlərinə
Bir gün bağlananda beli Ayselin.

Üzü Tanrı işığına

Qoşul mənə, qoşa gedək,
Üzü Tanrı işığına.
Bu göylər özü səsləyir
Bizi Tanrı işığına.

Bulud qapqara, göy dümağ,
Haqqı haq biləndən umaq.
Haq izinə düşüb cumaq
Üzü Tanrı işığına.

Saxta ehkamları yıxaq,
Qalxıb dan üzünə axaq.
Özgə məbədlərdən çıxaq
Üzü Tanrı işığına!
Çoxdan tamarzıdı könlüm
düzü… Tanrı işığına…
Mayıs 2015

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.