Əkbər Qoşalı
Arxivimdən Saxa-Yakutiyanın yeganə xanım Xalq şairi, Saxanın Yazıçılar Birliyinin başqanı Natalya İvanovna Xarlampyevanın yubiley gününə – 70 illiyinə həsr etdiyim yubiley yazısını portalımızın oxucularına ərmağan edirəm.
Natalya xanımın – Saxa-Yakutiyanın yeganə xanım Xalq şairi, Saxanın Yazıçılar Birliyinin başqanı Natalya İvanovna Xarlampyevanın yubiley günüdür. Uzaqlardakı Yaxın Ürəyin, mötəbər xanım əfəndinin 70 yaşı tamam olur. Biz ona “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” (Akd. Nizami Cəfərov), “Saxa şeirinin anası”, “Dilbər Xatun”, “TürkAna” və bu kimi yaraşıqlı sözlərlə müraciət edirik.
Xanım Xarlampyeva incə ruhlu lirik şairdir, ictimai xadimdir, mədəniyyət-sənət xadimidir.
O, öz xalqının yığvalı haqqında tarixi düşüncələrlə, quzey türklərinin mənəvi dəyərlərinin qorunması, təbliği işi ilə ardıcıl məşğul olur. Saxa (Yakut) ədəbiyyatının tanıtımı, tərənnümü yönündə onun böyük xidmətləri var. Məhz onun təşəbbüsü ilə Saxa-Yakutiya Respublikasında “Böyük qarın kəraməti” adlı Uluslararası Poeziya Festivalı təşkil edilir. (Mənə də nəsib olub, həmin festivalda nümayəndə olmuşam).
1952-ci ildə Saxa-Yakutiyanın Manqan oymağında doğulan Natalya xanım Yakutiya Dövlət Universitetinin (indiki M.K.Ammosov adına Quzey-Doğu Federal Universitetinin) Tarix-filologiya fakültəsini bitirib. 1975-ci ildən məqalələri və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20-dən çox nəsr əsərinin müəllifidir. O, Saxada, Rusiya Federasiyası içində keçirilən çoxsaylı festivallardan başqa Varşavada, Londonda, Hanoyda keçirilmiş uluslararası poeziya festivallarının, eləcə də, Bakı və Sumqayıtda keçirilmiş tədbirlərin iştirakçısı olub. 2016-cı ildə Natalya xanımın kitabları Londonda (ingiliscə), Kazanda (tatarca), Kızılda (tuva dilində), 2018-ci ildə isə bu sətirlərin müəllifinin təşəbbüsü ilə Bakıda çıxıb (“Mənim rəfiqim Aprel” – Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və bu sətirlərin yazarının çevirməsində).
Natalya İvanovna Saxada jurnalist və nəşr işinin təşkilatçısı olaraq da tanınır. O, mətbu fəaliyyətə “Severnaya trassa” qəzetində müxbir olaraq başlayıb; yerli gənclər qəzetinin redaktoru, “Kıım” adlı qəzetin mədəniyyət şöbəsinin müdiri, “Saxa-Sire” qəzetinin baş redaktoru (1990-2012), Yakutsk şəhərindəki ən böyük kitab nəşriyyatının baş redaktoru kimi fəaliyyət göstərib.1994-cü ildə Saxa (Yakut) dilində gün üzü görən “Dilbər Xotun” (“Dilbər Xatun”) adlı qadın jurnalının ilk redaktoru da o olub. Doqquz mövsüm dövlət televiziyasında “Ааҕарбалаҕан” adlı televiziya verilişinin aparıcısı olub, 2015-ci ildən “Saxa” radiokanalında canlı verilişlər aparıb. 2012-ci ildən 2017-ci ilin iyun ayına qədər Saxa-Yakutiya Dövlət başçısının mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
Natalya Xarlampyeva Qazaxıstan Respublikasının Uluslararası “Alaş” Ədəbiyyat Ödülü (1998), Rusiyanın “Böyük Ədəbi Ödül”ü (2003), Rusiya Yazıçılar Birliyinin və Smolensk vilayətinin Aleksandr Tvardovski adına ödülü (2003) ilə təltif olunub. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Saxa-Yakutiyanın Xalq şairi fəxri adına, 2015-ci ildə Rusiya federasiyasının Puşkin medalına, 2021-ci ildə Saxanın Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.
***
Bundan tam 4 il öncə NatalyaXarlampyeva Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) dəvəti ilə respublikamızda səfərdə oldu. Natalya xanım səfəröncəsi bir xahişdə bulundu. O, I Türkoloji Qurultayın keçirildiyi binanı ziyarət etmək istəyirdi. Onun mənəvi babaları bu zalda I Türkoloji Qurultayda iştirak etmişdi. İctimai və dövlət xadimi İsidor Baraxovun (1898-1938) başçılığı ilə 3 saxalı türkoloq Qurultaya yola düşmüş, onlardan biri sağlıq durumuna görə, yalnız Moskvayadək gələ bilmişdi; digər iki nümayəndə geri döndükdən sonra Saxada müqəddəs ziyarətdən gəlmişlər kimi qarşılanmışdı….
Natalya xanım mənəvi babaları haqqında, onların Bakıya səfəri ilə bağlı xatirələrin işığında böyüyüb… O, Azərbaycanlı araşdırmaçı-yazar Aida Eyvazlıya verdiyi müsahibədə bu mövzuya toxunub:
A.E.: –Bakıya ilk gəlişinizdə 1926-cı ildə I Türkoloji Qurultayı keçirilən zalda süzülən göz yaşlarınızı xatırlayıram…
N.X.: – Bakıya gəlincə ilk görmək istədiyim yer həmin bina oldu. Siz bilirsiniz ki, biz ruhlara inanırıq. Daşların da ruhu var, yaddaşı var. Mən bizim ədəbiyyatımızı, əlifbamızı yaradan dahilərə minnətdaram. XIX əsrdə Rusiyanın özünün elə alilmləri barmaqla sayaılırdı. Çar Rusiyası elmin bütün sahələrində inkişaf əldə etmək üçün alimləri Almaniyadan, Avropadan dəvət edirdi. Yakutiyanı zəbt etsinlər deyə, buraya da alimlər, ekspedisiyaçılar göndərilirdi; buraya göndərilən əksər ziyalılar isə ya inqilabçılar, ya da siyasi baxışlarına görə rejimə etiraz edənlər idi. Hətta onların qarşısında şərt qoylurdu ki, həmin ziyalı insanlar burada yakut və digər yerli xalqların dillərini öyrənməməlidir. Sürgün olunan insanların içərisində polyak linqvisti Edvard Pekarskiy var idi. Pekarskiy bizim dilimizin yazılışını, transklipsiyasını yaratdı – ilk dördcildlik “Yakut-Rus dili sözlüyü”nün müəllifi oldu. Sizə maraqlı gələ bilər ki, o bizim dili bu qədər incəliklərinə qədər necə bilirdi? Çünki həyat yoldaşı yakut qızı idi. Bizim ədəbiyyatçılarımız və dilçilərimiz də 1926-cı ildə I Türkoloji Qurultaya həmin lüğəti gətirmişdilər. Çünki o böyük kişilər ortaq əlifba yaratmaq istəmişdi… Böyük Mustafa Kamal Atatürk də ərəb qrafikalı əlifbadan latın qrafikalı yeni Türk əlifbasına keçid edəndə, Pekarskinin yaratdığı “Yakut-Rus dili sözlüyü” istəmişdi. Yakut dili bir çox türk dillərindən fərqli olaraq, öz ilkinliyini qoruyub saxlamşdı. Ötən yüzilin 20-30-cu illərində yaşayan maarifçi kişilər ancaq xalq üçün, ümumi dil üçün çalışırdı. Onlar həmin zaman kəsiyində bilmirdi ki, 1926-cı ildən az müddət keçəndən sonra türklük ideyalarına görə təqib olunacaqlar, yaratdıqlarının tarixdən silinmək təhlükəsi yaranacaqdır… İndi filoloq kimi onların nə düşündüklərini daha yaxşı anlayıram, hiss edirəm”…
Natalya xanım öz həyat, sənət kredosu olan, milli dəyərlərə sadiq, bəşəri dəyərlərə sayğılı xanım əfəndidir. Onun şeirlərini oxumaq, onu dinləmək, onunla söhbət etmək çox xoşdur, bir sözlə, o, zövqün özüdür. İstedad və insanlıq, mötəbərlik və təvazö, ədəbiyyat-sənət və dövlət təfəkkürü bir canda, bir ömürdə ən yaxşı şəkildə necə birləşə bilərsə, o, məhz Natalya xanımın şəxsiyyətində, yaradıcılığında təcalla tapır…
***
Natalya xanımın poeziyasında hansı etnoqatlar, hansı üfüqlər və o üfüqlərə daşıyan möhkəm qanadlar var?
Öz dədə-baba torpaqlarında yaşayan türk xalqlarının çox geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə, bir sözlə, həyatda öz müsbət və mənfi təzahürləri ilə səciyyələnib. Örnəyi, Güneydən Quzeyə, Gündoğardan Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü (Natalya Xarlampyevanın önəmli təmsilçisi olduğu) poeziyaya nağıl kimi hopub… Saxada milli ərazi çox böyük, əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlarsa oralardan xeyli uzaqdır… Öz ilkin dini inancı ilə xristian dini inancının, üçqatlı dünya inanc sistemi ilə “Tanrının oğlu İsa”nın təliminin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı görünməkdədir – Natalya xanımın yaradıcılığında olduğu kimi… Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama – elə bil Şaman qımqımısı, gümüldənməsi, sözsüz danışmasıdır…
Natalya xanım həmvətəni olan tanınmış mədəniyyət xadimi – Saxa-Yakutiya Respublikasının Xalq artisti Andrey Borisovun dəyərləndirməsinə diqqət edək: “O bizim olonxosutların, toyuksutların, Kulakov poeziyasının, Alampanın, Oyunskinin, Semyen Danilovun yadigarıdır, onların ocağını qoruyandır, yakut poeziyasının anasıdır”.
Akademik Nizami Cəfərovun 2018-ci il sentyabrın 15-də “Ədəbiyyat qəzeti”ndə yayınlanmış “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” adlı yazısında oxuyuruq: “Saxa (Yakutiya) Respublikasının Xalq şairi Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda “akademik sistem”ə çevrilmiş mükəmməl harmoniyası var.
…Natalya Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür…
Mən də ulu türkün bir parçasıyam –
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kültigin dövrünün varisi.
Hansı uğursuzluğun əliylə
Quzeyə üz tutdu
Mənim ulu babam,
Quzeydə məskən saldı?..
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı…
…Bu yazını “Türk poeziyasının yakut-saxaca döyünən ürəyi” adlandırdım. Görünür, ona görə ki, burada söhbət xanım şairdən gedir… Ancaq ona eyni müvəffəqiyyətlə “Türk poeziyasının yakut-saxaca düşünən beyni” adını da vermək olardı”…
Saxadan başlamış Tatarıstanadək olan Sibir coğrafiyasındakı azsaylı türk xalqlarının ədəbiyyatı ritm etibarı ilə musiqilidir, nəğmə türündədir. Sibir türküləri ilahi özləmi barındırır…
Natalya xanımın özünə mənəvi ustad qəbul etdiyi Platon Oyunskinin əsərləri, özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi– Hüsyen Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Nə təvafüqdür ki, hər iki mütəfəkkir ədibin aqibəti eyni olub, hər ikisi repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb. Aida Eyvazlı ömür paralellərinə diqqət çəkir: “Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! –Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmayıb”…
Saxa-Yakutiya ədəbiyyatının klassiki Platon Oyunskinin bizim təşkilatçılığımız, Aida Eyvazlının uyğunlaşdırması ilə Bakıda (2019) və Ankarada (2021) gün üzü görən “Qırmızı şaman” kitabı da Natalya xanımın ideyası əsasında hazırlanıb.
Natalya xanımın öz kitabının Bakı və Sumqayıtda, Oyunskinin kitabının Yakutskda təqdimat törənləri unudulmazdır… Hər üç təqdimatda Natalya xanımın əsaləti özünü parlaq şəkildə göstərdi, oxucular onun sözünün və özünün sehrinə düşdü…
***
“Mən Natalya Xarlampyevanın yazmaq eşqini yaddaşının qutkültür süxurlarından aldığını bilirəm. O qutluluq onun damarlarındakı əsl qanda mövcuddur və elə ona görə şeirləri hər nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş kimi görünsə də, bu lirikanın, bu kövrəkliyin içində qərib bir təlatüm də var; bu təlatüm türk xatununun ərcə, ərkəkcə, hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması, tam tərsi, övladlarına (mənəvi övladlarına) ötürmək istəyi onun qədəridir”. – Natalya xanımın Azərbaycanda çıxmış ilk və hələlik yeganə şeirlər kitabına ön söz yazan dostumuz Oqtay Hacımusalı belə vurğulayır.
Bu fikirlər isə filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə aiddir: “Bu adda şeirlər toplusu şairin duyğuları olmaqla bərabər onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi həyatı haqqında məlumat kitabçasıdır. Daha dəqiq desək, şairlər dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə deyirlər ki, ədəbiyyat ən doğru tarixdir.
Kitab bir qabdır, şeirlər də bir içim su… Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da dəyərini vermək gərəkdir. Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər desə də ki, “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir”… Mən yenə də onu anladım”…
***
Natalya xanım deyir (yazır):
Mən də ulu türkün bir parçasıyam –
Canımda, qanımda duyuram bunu,
Hikmətini duyuram daşüstü yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən,
Yazıram ki,
unutmayım kim olduğumu”!
Sizi unutmamışıq, əziz Natalya xanım!
Yubileyiniz qutlu olsun! Çox yaşayın!
URUY-AYXAL!