Ana səhifə BAŞ YAZI «ÜŞÜDÜM BU SOYUQ DƏMİR QUCAQDA…»

«ÜŞÜDÜM BU SOYUQ DƏMİR QUCAQDA…»

Müəllif: Bizim Yazı
963 baxış

…İmzasını çoxdan tanıyırdım. Respublika mətbuatında haqqında yazılan məqalələrə, müsahibələrinə rast gəlmişdim. Gözəl şairimiz Məmməd İsmayılın, millət vəkili Qənirə Paşayevanın, əməkdar jurnalist Flora Xəlilzadənin, şairə Afaq Şıxlının, jurnalist Günay Novruzun onun haqqındakı yazıları məni Elmana daha da doğmalaşdırdı.
Elman Tovuz 1961-ci ildə Tovuz elinin Şıxheybət kəndində doğulub. Həmin kənddə 8 illik təhsil alıb. 1978-ci ildə Bozalqanlı kənd orta məktəbini, 1984-cü ildə Az.XTİ (indiki ADİU) bitirib. Ailəlidir. Şeir yazmağa orta məktəbdə oxuduğu illərdən başlayıb. Şeirləri ölkə mətbuatında dərc edilməkdədir. “Hara gedir bu yol belə?..”, “Dünya, məni mənə qaytar!”, “Dəlir ürəyimi demədiklərim”, “Sən məni yuxuda çağır bir axşam” kimi şeir kitablarının müəllifidir.
Dəyərli şairimiz Məmməd İsmayıl “Bütün könüllərin yurdu bu sevgi” məqaləsində Elman Tovuz haqqında yazıb: “Son olaraq eloğluma nə demək istərdim: Həyat çillələrini hamıdan çox çəkən eloğlum! Dəmirin polad olması üçün üç dəfə dəmirçi körüyünün alovundan keçməsi qaçılmazdır. Və Allah yalnız sevdiyi insanları, adilikdən aliliyə qovuşdurmaq üçün yüz cür sınaqdan keçirir. Taleyi ilə dəmirçi alovundan çıxanların məkan və zamandan umacağı yoxdur. Sözə sığınanların məqamını Söz hər zaman uca etmişdir. İnanıram ki, sığındığın söz hələ sənə daha yeni sənət üfüqləri açacaqdır!”.
Millət vəkili Qənirə Paşayeva məqaləsində onu “Qaya kimi sərt, çiçək kimi kövrək” adlandırır: “Onu yaxından tanımaqdan məmun oluram və yenidən görüşmək, söhbət etmək barədə razılaşıb ayrılırıq. Bizi özü yola salır… Və mən bir daha əmin oluram ki, onu bu qədər güclü edən içindəki böyük sevgidir. – Yaradana, yaradılmışlara… Bir də ümid!.. Hər şeyin daha yaxşı olacağına bağlı ümid… – Özü demiş:

Ay Elman, olsa da həyat qarışıq,
Arzular, istəklər – ömrə yaraşıq.
Nə üzə nur gələr, nə gözə işıq,
Qəlbində sabaha ümid olmasa!

Əməkdar jurnalist Flora Xəlilzadə “Bir ürəyin dedikləri” məqaləsində şairi belə dəyərləndirir: ”Söz Allahın, kitab elin – deyən Elman Tovuzun şeirlərində əslində hər vətən aşiqinin könül çırpıntılarını duydum, doğma yurdun hər qarışını dəlicəsnə sevən, onun qayasının, daşının səcdəsinə gələn bir vətən oğlunun sevgidən libas geymiş misraları məni riqqətə gətirdi. Kitabı vərəqlədikcə duydum ki, Elman Tovuz təbii, ilahidən təbi olan, ilhamının sayəsində söz meydanında çətinlik çəkmədən döyüşə bilən bir şairdi”.
Şairə-publisist Günay Şirvan «Vaxt və baxt sınağından keçən şair» məqaləsində yazır: « Həyat bir pianodur. Ağ dilləri xoşbəxtlik və sevinc, Qara dilləri isə qəm, kədərdir. Amma yaxşı musiqi ifa etmək üçün hər ikisinə toxunmaq lazımdır – deyirlər. Vaxt və Baxt sınağından keçən Elman Tovuz məhz ağ və qara dillərin yaratdığı əvəzsiz musiqisi ilə qəlbləri sehrləyir. Bir yeniyetmə qədər utancaq, bir ahıl qədər müdrik bu söz adamının şeirlərində pozitiv enerji o qədər müsbət aura yaradır ki, tanış olan oxucu daim o işığa can atır. İradə və əzmkarlıq mücəssəməsidir E.Tovuz — həm həyatda, həm poeziyada».
Moskvada yaşayan şairə Afaq Şıxlı «Dünyaya açılan pəncərə» məqaləsinin sonluğunu belə bitirir: «…Qəribə insandır Elman müəllim – bir yeniyetmə qədər utançaq, bir ahıl qədər müdrikdir. Yalan, saxtakarlıq bilməz… Düzə düz, əyriyə əyridir. Amma bununla belə, kimsənin könlünü qırmaq istəməz. Öz yüngül aurası ilə insanda elə xoş təəssürat yaradır ki, ilk görüşdən hər kəs onunla yoldaşlığa can atır. Nə olur-olsun ruhdan düşmür. Ədəbiyyat sevgisi, poeziya sevgisi onu hər zaman nikbin və özü dediyi kimi, gümrah saxlayır.
Siz yaxındasınız, dostlar! Onunla bir Vətəndə, bir şəhərdəsiniz. Sözlərilə sizə yalnızlığınızı və qəmlərinizi unutduran şairi tək qoymayın. Adi bir telefon zəngiylə, adi bir mesajla sevindirin, fərəhləndirin. Unutmayın: dünya – qəribə dünyadır. Ayaqda olan zaman bu günümüzü, yataqda olan zaman isə sabahımızı düşünürük. Amma hər nəyi düşünürüksə düşünək, insan olduğumuzu və insanlar arasında yaşadığımızı unutmayaq! Dünyaya bir pəncərədən baxanların gözü, qulağı, əli, ayağı olaq! Bu dünyanı daralmağa, saralmağa, adiləşməyə və ümidsizləşməyə qoymayaq!»
Elman Tovuz 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan da əlil arabasında gəzir:

İsitmir qəlbimi bu od-ocaq da
Üşüdüm bu soyuq dəmir qucaqda.
Çoxdan aparmışdı olsam ayaqda
Ölümcül olanı ölüm də sevmir –

deyir. Mə onu şəxsən görməmişəm. Telefonla əlaqə saxlamışam. Səsində qəribə doğmalıq duydum. Həyata, insanlara sevgisi sonsuzdur.
– Gənc çağlarımda «Ulduz» jurnalına gəlmişdim – dedi.
…Bu sətirləri yazarkən sanki qapı döyüldü :
– Mənəm, Elman Tovuz. Dedilər, «Ulduz»da şeirlərim çıxıb…
Fərqanə MEHDİYEVA

***
Elman TOVUZ

QAPI

Hər mənzilin var qapısı:
Dəmir qapı… Taxta qapı…
Bu dünyanın sirr qapısı:
Azda qapı… Çoxda qapı…

Nur deyilsə yar üzünə,
Əllərini sar üzünə.
Bağlı olur var üzünə,
Aşıq olur yoxda qapı.

Can o candı, qoru gedib,
Yarı qalıb, yarı gedib.
Nahaqqın kandarı gedib,
Kilidləşib haqda qapı.

İstiliyin daddan ola,
Soyuqluğun yaddan ola.
“Qış” evinə oddan ola,
“Yay” evinə şaxta qapı.

Bu dünyanın düz yerində,
Su yerində… köz yerində…
Qəza-qədər öz yerində,
Açıq ola baxta qapı!

QOY GƏLMƏYİM KƏNDƏ, ANA

Sənsən – içimin göynəyi,
Yatıram, yuxumda görəm.
Burnumun ucu göynəyir,
Bilirsən ki, gələmmirəm –
Qoy gəlməyim kəndə, ana.

Duman yoluma yazılıb,
Əynim islanıb buluddan…
Bir az gümanlar azalıb,
Daha paslanıb umud da –
Qoy gəlməyim kəndə, ana.

Bir harayın avazıyam,
Səslənirəm neysiz, tarsız.
Nə deyirsən, de, razıyam:
Üzü dönük, etibarsız…
Qoy gəlməyim kəndə, ana.

Məni məndən alanlar var,
Bacarırsan, suçumdan keç.
Doğru çıxan yalanlar var,
İnciməsin atam da heç –
Qoy gəlməyim kəndə, ana.

Görürsən ki, ağlım çaşıb,
Gələrəm, düşməz yerinə…
Qoy narahat qalsın başım,
Qurban olum dizlərinə –
Qoy gəlməyim kəndə, ana.

Bəlkə də hec tanımazsan,
Üzü – solğun, saçı – qaram.
Gələrəm, evdə olmazsan,
Yoxluğuna inanaram –
Qoy gəlməyim kəndə, ana.

SƏNİN İŞIĞIN

Hər səhər günəş çıxar,
Gülüm, üzü dənizdən.
Mənim günəşim baxar
Sizin pəncərənizdən.

Qayğılarla birtəhər
Gündüz qarışar başim.
Qaş qaralar, gün bitər,
Başlar işıq savaşım.

Axşam ulduzlar yanar,
Nur çilənər hər yana.
Bir ulduz da boylanar,
Sən çıxanda eyvana.

Yenə çökər qaranlıq
Gecənin gözlərinə…
Söndürüb işıqları,
Hamı girər yerinə.

İçimdə həsrət dinər,
Sınar qanadım, gülüm.
Sənin işığın sönər,
Mənim həyatım, gülüm!

QARABAĞ

Göy üzü də gözdən itir,
Nə uzaq olmuş Qarabağ?..
Nə əl çatır, nə ün yetir, –
Səhraymış, çölmüş Qarabağ?

Hanı Atam? Hanı Anam?
Mən nə biçarə İnsanam…
Sən də durma, ağla, sonam,
Qurumuş gölmüş Qarabağ!

Dağ götürməz bu qəstə bax,
Torpağı, daşı xəstə, bax.
Şikəstəsi şikəstə bax –
Yanıb-tökülmüş Qarabağ…

Dağdan enib dağ maralı…
Xarıbülbülü xar alıb…
Yağış verib, yağmur alıb –
Heç üzü gülmüş Qarabağ?

Bilən varmı düzü, görən,
Nə vaxt gülər üzü, görən?
Görəcəkmi bizi, görən,
Anası ölmüş Qarabağ?..

QAÇMAYAQ

Hara getsə bu yurd-yuva bizimdir,
Dağımızdan, düzümüzdən qaçmayaq.
Nəsimilər vətənidir bu vətən,
Soyulsaq da sözümüzdən qaçmayaq.

Soran kimdi, kimin kimə qəsti nə?!
Yanmış odda alov nədi, tüstü nə…
Dik yeriyək yağıların üstünə,
Nişan alsa gözümüzdən, qaçmayaq.

Hər birimiz bir vicdana dam olaq,
Qara gələn qaranlığa şam olaq…
Harda olsaq – bütöv olaq, tam olaq,
Hara qaçsaq – özümüzdən qaçmayaq.

DƏRDİN İÇİNDƏ

Üzür yerdən göyəcən,
Nə var, dərdin içində.
Suyum dərdin içində,
Havam dərdin içində.

Nə dağdı, nə arandı,
Hər biri nigarandı…
Könlüm kimi virandı
Yuvam dərdin içində.

Ölüm gəlib alınca,
Əl-ayağı yalınca
Düşəcəyəm dalınca, –
Dəvam dərdin içində…

ENMƏYİ DƏ VAR

Uyma istisinə yanan ocağın,
Hər odun bir külə dönməyi də var.
Şöləsi üzünə düşən çırağın
Piltəsi bitəndə sönməyi də var.

Əzəl nələr olur arzun, amalın…
Zaman dəyişdikcə, dəyişir halın.
Ay ilə yarışa çıxan camalın
Saralmış yarpağa çönməyi də var.

Hələ nə görmüsən, nə çəkib başın!
Hələ qabaqdadır sərt üzü qışın…
Göylərdə həvəslə şığıyan quşun
Qayıdıb yerlərə enməyi də var.

Tükənər qüvvətin, kəsilər hayın,
Özündən uzağa getməz harayın.
Yağışlı günlərdə kükrəyən çayın
Sızqa bulaq kimi dinməyi də var.

Ay Elman, kim bilər zaman biləni,
Çəkib yoxuşlara yorma köhləni.
Unutma, həyatın axırda səni
Sınıq araba tək minməyi də var…

ÇOX GEDİR AZDAN ÖTƏRİ

Doğrudumu, yanlışdımı –
Çox gedir azdan ötəri.
Torpaq ayrılır daşından,
Bir güllük yazdan ötəri.

Ürəklərdə xallar yatır,
Xal üstə nə hallar yatır…
Ayaqlara yollar yatır,
Bir quru nazdan ötəri.

Daş atılır budaq düşür,
Düşən, kökdən uzaq düşür.
Beş-altı min yarpaq düşür,
Beş-altı qozdan ötəri.

Qığılcım artıb od olur,
Bəd qurulan bərbad olur.
Doğmalar dönüb yad olur,
Bir qara qızdan ötəri.

Artır, ya ümid kəsilir? –
Fikirdən kilid kəsilir…
Gör nə boyda tut kəsilir,
Qol boyda sazdan ötəri.

YOLUMU GÖSTƏR

Soldur çiçəyimi, qəsd eylə mənə,
“Gülü nağıllı”dan qaçım, ilahi!
Diri qızlıları dost eylə mənə,
Ölü oğulludan qaçım, ilahi!

Haqqın qəfəsində quş ola bilim,
Nahaqqa atmağa daş ola bilim.
Acı həqiqətə tuş ola bilim,
“Dili noğullu”dan qaçım, ilahi!

Varamsa, var olan ölümü göstər,
Yoxamsa, yox olan olumu göstər.
Ağıllı dəliyəm, yolumu göstər, –
Dəli ağıllıdan qaçım, ilahi!..

http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=3798

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.