NEMƏT QASIMLI, əməkdar mədəniyyət işçisi
Usta Abdulla yaradıcılığının mühüm bir hissəsini əxlaqi-didaktik şeirlər təşkil edir. Demək olar bütövlüklə həmin düşüncənin daşıyıcısına çevrilir və özlüyündə aparıcılıq təşkil edir. Digər istiqamətdə didaktik-əxlaqi şeirlərin təqdimi anlamında bir spesipiklik də var. Bu Usta Abdullanın bütün şeirlərini əhatə etməsi ilə bağlıdır. Ümumiyyətlə, aşığın, el şairinin yaradıcılığında, bütövlükdə xalq ədəbiyyatında əxlaqi dəyərlərin zəngin ifadəliliyi var. Aşıq yaradıcılığında da belədir. Ustad-şagird ənənəsi, ustadların məclis ədəb-ərkanı, ağır el yığnaqları aparması, el anası olması hamısı həmin düşüncəyə yüklənir. Didaktik-əxlaqi dəyərlərin təcəssümünə həsr olunmuş şeirlərin özündə də bir əxlaq, didaktika, təlqin etmə, nümunəyə çevrilmə var. Məsələn, XVIII əsrin böyük şairi M.P.Vaqifin «başına döndüyüm toy adamları, siz də deyin toya gələn oynasın» beyti böyük bir əxlaqa, mənəvi dəyərlərə, saflığa köklənib. Burada tərbiyə vermək, nümunəyə çevrilmək vəziyyəti kifayət qədər aydın nəzərə çarpır. Bu, özlüyündə xalqın mənəvi keyfiyyəti faktının göstəricidir. Aşıq yaradıcılığı, ustad sənətkarların fəaliyyəti məhz özlüyündə bütün tərəfləri ilə bu sıradadır. Ümumiyyətlə, böyük ədəbiyyat buna xidmət edir. Klassik ədəbiyyatımızın görkəmli nümayəndələri N.Gəncəvi, X. Şirvani, M.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, Q.Zakir, M.F.Axundov, S.Vurğun, O Sarıvəlli, M.Müşviq və bu sırada bəlkə də yüzlərlə adını çəkmədiyimiz sənətkarlar həmin əxlaqi-didaktik dəyərin təbliğinə köklənib. Xalqımızın min illər boyu formalaşdırdığı ədəb-ərkan kodeksinə xidmət edir. N.Gəncəvinin «Sirlər xəzinəsi», S.Şirazinin «Büstan», «Gülüstan», Sənai Qəznəvinin «Hədiqətil-həqayıq» Balasaqunlu Yasifin «Kutadku bilik», Ə.Caminin «Baharistan» və s. kimi böyük abidələr Şərq mənəvi dəyərlərinin tipik nümunəsinə çevrilib. Aşıq yaradıcılığı məhz bütövlükdə bunun bariz faktıdır.
Qurbani, Miskin Abdal, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Qaracaoğlan, Dadaloğlu, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər və onlarla sənətkarlarımız (1) ustadlıq məqamında bu düşüncəyə xidmət ediblər. Elə ustad olmağın mahiyyətində də bu dayanr. Ustadlıq, bizim fikrimizcə, ədəb-ərkandır, məktəb olma, nümunəyə çevrilmə məsələsidir. Onlar təkcə necə çalıb oxumağı öyrətmək, bundan öncə məclis davranışını, əxlaq kodeksini aşılayır. Dədə Qorquddan üzü bəri hamısı məhz bu tezisə xidmət edib. Təsadüfi deyildir ki, ozanlar ozanı Dədə Qorqud «İləyinizdə çalıb oxuyan ozan olsun» (7) deyirdi. Aşığa el anası deyilmə də daha çox buradan gəlir. Onlar bu statusa özlərinin sənəti, sənəti uca tutma keyfiyyəti, xalq adamı olma ilə çatmışlar. Atalar sözləri, zərb-məsəllər, ustadnamələr, öyüd-nəsihətlər, hamısı eyni xətdə sıralanır. Usta Abdulla da özünün ədəb-ərkanı, əxlaqı və onun ifadə faktı olan bütün yaradıcılığı ilə həmin düşüncəyə bağlıdır. Aşıq Ələsgər aşıqlıq anlamında «aşıq olub tərki-vətən olanın əzəl başdan pür kəmalı gərəkdir» söyləyirdi. Eyni zamanda həmin əxlaq kodeksinə bir əlavə də edirdi. «Oturub-durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdi». Dədə Ələsgər bunları aşıq olmanın şərtləri kimi sadalayır. Məhz ona görə də bir başqa məqamda deyirdi ki, «bir şagird ki, ustadına kəm baxa, onun gözlərinə ağ damar-damar». Sözün deyiminin bundan o yanası yoxdu. Bu ustad üzünə ağ olmağın izahıdı və bütövlükdə insanlığa aid məsələdir. Məhz bu səbəbdən də belə ifadələr yaşam haqqı qazanır. Daha doğrusu, ölümsüz olur, qanadlı sözə, atalar sözünə, zərbi-məsələ çevrilir. Usta Abdullanın yaradıcılığı ustad olmaya, əxlaq-didaktik düşüncəyə köklüdür. Ümumiyyətlə, bütün sənətkarların yaradıcılığı üçün xarakterik olan bir xüsusiyyət var. Bu mövzunun doğmalığı məsələsidir. Belə ki, həmin mövzu sənətkarların yaradıcılığında aparıcı olur. Baş mövzu kimi səciyyələnir. Məsələn, Xəstə Qasımın şeirləri (11) həmin əxlaqi-didaktik düşüncəyə, ustad sözü olmaya, nəsihətə köklüdür. Sarı Aşıq forma faktında tapınır. Adını xalqın yaddaşına bayatı ustadı kimi yazıb. Dədə Kərəm məhəbbət simvolikasına yüklənib. Usta Abdulla da mövzu doğmalığı, fərqlilik keyfiyyətində əxlaqi-didaktik düşüncəyə köklüdü. Düzdür, onun yaradıcılığında məhəbbətin tərənnümünə, gözəlliyin təcəssümünə, ictimai-siyasi mühitin təsvirinə həsr olunmuş şeirlər var və əvvəlki bölmələrdə onların haqqında danışmışıq. «Deməkdi» rədifli gəraylısı isə ustad sözünə, müdrik olanın həyat haqqında bilgilərinə köklənib.
El nəzəri üstündəsə,
Sənə dövlət, var deməkdir.
Baxma düşüb dən saqqala,
Dağ başında qar deməldi.
Fikir vermə hədyan sözə,
Şəfa verər elm gözə.
Babalardan qalan bizə,
Namus, qeyrət, ar deməkdi.(15, 11)
Usta Abdulla Göyçə mühitinin sənətkarlarındandı. Zaman-zaman bu mühit ədəbiyyata, mədəniyyətə böyük töhvələr verib. Urfani məclislərin məkanı olub. Oradan böyük söz, böyük əxlaq, mənəvi dəyərlər göyərdilib. Haqq sözünün, sufi təkyələrin ocağı olub. Miskin Abdala qədər və ondan sonra bu ənənə xalqın düşüncəsində yaşayıb. Folklorşünas alim H.İsmayılov yazır: «Türkün mənəvi-əxlaqi, dini-ruhani, elmi-irfani, ədəbi-ictimai, sosial-mədəni dəyərlərinin, mürəkkəb sintetik dəyərlərinin ən optimal reallaşma faktı kimi Miskin Abdal şəxsiyyəti nadir simalardandır». (8, 199). Buraya məkan anlamında reallaşma faktı kimi Göyçə mühitini, onun XIX əsrdəki ucalıq zirvəsini də əlavə etmək gərəyi yaranır. Çünki bu mərhələdə Aşıq Alı, Aşıq Ələsgər zirvələri boy alır. Türk dünyasının, bütövlükdə dünya sivilizasiyasının nadir yaradıcısı faktına çevrilir. Göyçə mühiti özlüyündə bütün əsrlərdə ədəbiyyata böyük töhvələr, Ələsgərlər verib. XIX əsrdə isə bu daha çox görünür. Sözün və fikrin meyarına çevrilir. Usta Abdulla da məhz belə bir mühitdə yetişirdi. Yuxarıdakı nümunə həmin bütövlüyün işığından qaynaqlanır. Həyat təcrübəsi, müdriklik bir motiv kimi tam aydın sezilir. Burada el nəzərindən, ona sahib olmadan danışılır. Bu bir növ elin sevgisini qazanmaq məsələsidir. Ona görə də elin şairi «el nəzəri üstündəsə sənə dövlət, var deməkdi» söyləyir. Bu şeirdə hər bir misra aydınlıqla özü informasiyaya yüklüdür. Burada vurğulanan məqamlardan biri babalarla bağlıdı. Baba funksiyası, onun böyüklük mahiyyəti haqqında H.İsmayılov maraqlı mülahizələr yürüdüb. Burada da eyni halın mənzərəsi var. Babalardan bizə qalanlar xatırlanır və onun namus, qeyrət, ar olduğu qeyd edilir. Xalq məhz bu mənəvi dəyərlərin üstündə sabahlara yol başlayıb. Əsrlərin sınağından bunlarla keçib gəlmişdir. Ona görə də Usta Abdulla bunları məharətlə söyləyir. Abbas Tufarqanlı hələ XVII əsrdə «el bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar» deyirdi. Dədə Şəmşir «sən elin xeyrinə, elin nəfsinə həmişə bir xeyir xəbər arzula» söyləyirdi. Usta Abdullanın şeirlərinin böyük bir qismi məhz bu dəyərlərə köklənmişdir. Bizə belə gəlir onların mühüm bir hissəsi ahıllıq çağlarının faktıdır. Elə haqqında danışdığımız nümunə də eyni düşüncəni aydın göstərir.
Vəfası olmaz yalanın,
Ağlı olmaz çox gülənin.
Abdullayam, dərd bilənin
Yüz il keçsə quluyam mən. (15, 13)
Ustad Abdullanın şeirlərində ustad nəfəsi, ustad ruhu bülur saflığı ilə sezilir. Aşıq şeirlərində ustadnamə bir forma kimi daha çox məzmunu ilə səciyyələnir. «Ustadnamələr bədii növ olmaqla, ibrətli xalq kəlamları və atalar sözlərindən formalaşmışdı. Məzmun və fikir etibarilə xalq hikmətinin parlaq ifadəsi olan atalar sözü və məsəllər də üslubca bədii sözün canlı, gözəl nümunələrdir. Bu mənada aşıq ədəbiyyatında, işlək dairəsi geniş olan ustadnamə növünün mərkəzində atalar sözü və məsəllər durur». (10, 208). Yuxarıdakı nümunə də özünün ustadnamə səciyyəsi ilə xarakterizə olunur və Usta Abdullanın əxlaqi-didaktik görüşlərinin bir faktı kimi əhəmiyyət kəsb edir. «Gəlirəm mən» gəraylısından verdiyimiz sonuncu bənddə hər bir misra kifayət qədər böyük təcrübəyə, həyat dərslərinə, reallığa əsaslanıb. Birinci misrada «yalan ayaq tutar yeriməz», «yalançının evi yandı heç kəs inanmadı» tezisinə xidmət edir. Ümumiyyətlə xalq təfəkküründə dini kitablarda yalan ən pis hal kimi vurğulanır. Məhz Usta Abdulla da öz şeirində həmin xüsusiyyətə bir yaradıcı kimi münasibətini sərgiləyir. Eyni zamanda sonrakı misrada bir başqa didaktik düşüncəyə bağlılıq qeyd olunur, «ağlı olmaz çox gülənin» qənaəti vurğulanır. Həyatın pislikləri, müsbət mənfi qütbləri burada bir problem kimi təqdim olunur. Vəfalı-vəfasız, ağıllı-ağılsız, dərd bilən-dərd bilməz bütün zamanlarda insan həyatını izləyib. Xeyir-şər faktı kimi səciyyələnib. Usta Abdulla da heç şübhəsiz bunları həyatında yaşayıb, yaxşını pisi görüb, onlarla dəfələrlə qarşılaşıb və son olaraq «dərd bilənin yüz il keçsə quluyam mən» söyləyirdi. Aşıq Hüseyn Şəmkirli XIX əsrdə «namərd sənə quzu-plov yedirtsə, mərdin quru sözü yaxşıdır» (4) söyləyirdi. Koroğlu isə «yenə namərdin sözü cana dərd oldu, dərd oldu» söyləyirdi. Bütün bunlar min illərin təcrübəsindən çıxmış qanadlı kəlamlardı ki, əsrləri keçib gedir və ölümsüzlüklə baş-başa dayanır. Ustadlar, ustad olanlar buraya özlərinin əlavələrini edir. Xalqın, nəsillərin, gənclərin, bütövlükdə böyükdən kiçiyə hamının estetik ideallarını formalaşdırır. Burada isə ustad olanların, müdriklərin rolu əvəzsizdi. «Ağlama» qoşması məhz bu konteksdə bir başqa düşüncəni sərgiləyir.
Nə sevda tapıbsan, divamə könlüm,
Əlbət gedənlərin gələr, ağlama.
Yaradan yar olar, bir nəzər salar,
Nabələt yolları bular, ağlama.(15, 19)
Göyçə aşıq mühiti, ümumiyyətlə, aşıq yaradıcılığı əxlaq toplusu, mənəvi dəyərlər məcmusudur. Burada həyat, həyatın dərsləri var. İnsan taleyinin ağrıları, sevgi və iztirabları, gülüş və göz yaşları, qəzəb və məhəbbəti hər şey cəmləşir. Ona görə də burada bütün «dərdlərin dərdməndi» olma var. Usta Abdulla bu həyat keşməkeşlərində «nə sevda tapıbsan, divanə könül» söyləyir. Eyni zamanda bir ümid hissi göyərdir. «Əlbət gedənlərin gələr, ağlama» qənaətində dayanır. Usta Abdulla bu müsbət düşüncələrin təlqini ilə bir məqama da diqqət yetirir. Yaradan faktını vurğulayır, «yaradan yar olar, bir nəzər salar» qənaətini də deyir. Usta Abdullada ənənə ilə özünəməxsusluluq qovuşur, biri digərini tamamlayan fakta çevrilir. Bu ənənə bir tərəfdən xalqdan, xalq düşüncəsindən gəlirsə, digər tərəfdən ustadlarla bağlanır. Bunu təsir kimi də səciyyələndirmək olar. Çünki burada misra, ifadə, rədif eyniyyəti, yaxşı mənada təkrarları da var. Belə hallar bütövlükdə aşıq yaradıcılığı boyu aydın müşahidə olunur. Ancaq ümumilikdə sənətkar düşüncəsinə, duyğular aləminin açılışına xidmət edir. «Yaxşıdı» qoşması bunun tipik nümunəsidir.
Qədəm qoyub bir məclisə varanda,
Həcv-hədyan sözdən bəli yaxşıdı.
Namərdin bir kəlmə acı sözündən,
Mərdin sillə çəkən əli yaxşıdı.
İyiddə var olsa ürəkli olar,
Ağlı dürüst olsa gərəkli olar.
Kim olsa vətəndə dirəkli olar,
Bihudə gəzməkdən ölü yaxşıdı.(15, 28)
Bu tip ustadnamələr klassiklərimizdə kifayət qədərdi. Hər birisi özünün deyimi, ifadəliliyi ilə diqqəti cəlb edir. Müəyyən həyat təcrübəsini, olacaqların ümumi mənzərəsini əks etdirir. Ustad nəsihəti, ustad sözü kimi burada müdriklik, öyüd-nəsihət, əxlaq var. Bu xalqın ədəb-ərkan davranış təsəvvürüdü. Ustadlarımızdan Xəstə Qasımın, Şəmkirli Hüseynin də «Yaxşıdı» rədifli şeirləri var. Bunlar da hər birisi bir cür həyata, dünyaya münasibəti ifadə edir. Yaxşı olmaq anlamında müəyyən tərəfləri sadalamaq səviyyəsi daşıyır. Burada həyat, həyatın kəşmekəşlərlə dolu olan təcrübəsi var. Yuxarıdakı nümunədə məclisə varanda həcv-hədyan deyil, bəli deməyin, xoş sözün gərəkliyi vurğulanır. Eyni zamanda o da əlavə olunur ki, namərdin bir kəlmə acı sözündən mərdin sillə çəkən əli yaxşıdı. Namərd-mərd əkslikləri bir fakt kimi bütünküklə ədəbiyyatı izləyir. Bir növ xəbislik, pislik, xəyanət və s. kimi mənfi keyfiyyətlərin, iblisanə xüsusiyyətlərin real, insani faktlarla qarşılaşması mübarizəsi məsələsi qoyulur. Sonrakı bənddə bir başqa keyfiyyətlər sadalanır. «İyiddə var olsa ürəkli olar» söylənir. Eyni zamanda ağlı dürüst olsa ondan fayda görmək gərəkli olar deyilir və son olaraq vətənin ucalığı, müqəddəsliyi qeyd olunur. Bütün bunlar ustad, böyük, ağsaqqal sözü kimi öyüd-nəsihət səciyyəsi daşıyır. XVIII əsrin qüdrətli sənətkarı Xəstə Qasımda eyni düşüncənin bir sıra maraqlı tərəflərinin təcəssümü ilə qarşılaşırıq.
Bir məclisə varsan özünü öymə,
Şeytana baş verib kimsəni söymə.
Qüvvətli olsan da zəifi döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olğunan,
Qadadan, bəladan qaçaq olğunan.
Aşıq ol, comərd ol, alçaq olğunan
Demə varım çoxdu, pulum yaxşıdı.(11, 22)
Bu nümunənin yazılışından təxminən yüz il sonra eyni rədiflə Aşıq Hüseyn Şəmkirli də yazır:
Bir adam ki, sənlə ülfət eyləsə,
Yəqin onun əsli, zatı yaxşıdır.
Namərd sənə quzu-plov yedirsə,
Mərdin quru məhəbbəti yaxşıdır. (4, 11)
Göyçə aşıq mühitinin zirvəsi Usta Abdullanın müasiri yaxını, sazın və sözün sərrafı olan Dədə Ələsgərdə də eyni rədifli şeirlə rastlaşırıq.
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənanə yaxşıdır.
Ələsgər kövsərdən badə içəndə,
Gəşt eyləyib mərd namərdi seçəndə,
Güzaran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxanə yaxşıdır.(3, 169)
Üç ustaddan gətirdiyimiz eyni rədifli bu üç şeirin arasında bir ruh, düşüncə yaxınlığı var. Bu ilk növbədə aşıqlıqdan, ustad olmadan gələn yaxınlıqdı. «Adından məlum olduğu kimi ustadnamə ustad sözü, ustad nəsihəti deməkdi. Belə şeirlərdə ən çox aşıqların dünyagörüşü, həyat hadisələrinə, dövrə münasibətləri, xalqa nəsihətləri ifadə edilmişdir».(6, 248). Doğurdan da belədir. Burada ustadların dünyagörüşü, həyata, dünyaya münasibəti, təcrübəsi və ondan nəticə çıxara bilmək bacarıqları özünün əksini tapır. Məhz Usta Abdullanın da eyni rədifli şeiri bu silsilədəndir. Burada yaxınlıqlar, oxşarlıqlar və özünəməxsusluqlar ifadəsini tapır. Didaktik-əxlaqi dəyərlər bu nümunələrin mahiyyətində dayanır. İnsanlığa xas xüsusiyyətlərin bir örnək olaraq müxtəlif tərəflərilə qiymətləndirilməsi müşahidə olunur. Məhz bu mənada aşıq yaradıcılığı bir əxlaq kitabı kimi səciyyəlnmək duyğusunu aşılayır. Tərbiyə məktəbi rolunu oynayır. Usta Abdullanın şeirlərində didaktik-əxlaqi dəyərlərin ifadəliyi də müxtəlif tiplidi. O bəzən bütövlükdə buna xidmət edir, bəzən isə misra, bənd səviyyəsində nəzərə çarpır. Məsələn, yuxarıdakı nümunə bütövlükdə ustad düşüncəsinə xidmət edir. «Kitabi-Dədə Qorqud» (7) dastanlarından və daha əski çağların faktlarından Usta Abdullaya qədər bu yolun çox rəngarəngliklə nəzərə çarpan faktları var. Onu da qeyd edək ki, bu düşüncənin ifadəliliyini ustadnamələrlə də məhdudlaşdırmaq olmaz. Digər tipli şeirlərdə də didaktik-əxlaqi dəyərlər az və ya çox dərəcədə özünün ifadəliliyini tapır. İctimai-siyasi motivli şeirlərdə bir çür nəzərə çarpırsa, məhəbbət motivli nümunələrdə bir başqa şəkildə müşahidə olunur. Eləcə də təbiətin tərənnümünə həsr olunmuş bədii nümunələrdə didaktik dəyərlərin ifadəliliyi görünür. Aşıq yaradıcılığı «mərifət elmində kamil olanların» düşüncəsini sərgiləyir. Heç şübhəsiz ustadlar bir istiqamət kimi bütün ədəb-ərkanı, məclis davranışı, sazı-sözü ilə buna xidmət edirlər.
Dost ürəyi bir-birinə qatılı,
Haqdan başqa bilən yoxdu batili.
Sənətkar föcuna qürrə atılı,
Abdulla dostlara sadağa düşdü.(15, 51)
Xalq yaradıcılığında, eləcə də aşıq ədəbiyyatında estetik idealın spesifikasında dayanan bir məsələ də var. Bu sədaqət, xeyirxahlıq, yaxınlıq anlamında ifadəsini tapan dostluq ifadəsidir. Xalq arasında dostluqla bağlı bir-birindən maraqlı fikirlər söylənib. Dost-düşmən anlamında çoxlu paralellər aparılıb. Atalar sözlərimiz, məsəllərimiz bu haqda çoxlu informasiyalar verir. Hətta dastan, əfsanə, rəvayətlərimizdə onun bir-birindən maraqlı nümunələri var. Məsələn, Xan Kərəmi addım-addım izləyən, onun bütün ağrılarına, çətinliklərinə sinə gərən Lələ, eləcə də yazılı ədəbiyyatda Əssar Təbrizinin «Mehr və Müştəri» əsəri və s. bunun tipik nümunəsidir. Aşıq ədəbiyyatında dostluqla bağlı yazılmış nümunələr bəlkə kitablar səviyyəsindədi. Elə Göyçə aşıq mühitinin qüdrətli sənətkarları dostluqda sədaqət anlamında həmişə maraqlı paralellər aparmışlar. Məsələn, Xəstə Bayraməlinin «Yatır» rədifli qoşmasında oxuyuruq.
A dostlar, yaralı köksümdə mənim,
Neçə şirin-şirin arzular yatır.
Dostluğun qədrini bilən kəslərə,
Qəlbimdə məhəbbət, etibar yatır. (12, 51)
Bu Göyçə mühitinin istedadlı sənətkarlarından olan Xəstə Bayraməlinin şeirindəndir. Onun digər bir tipik nümunəsinə Aşıq Miskin Həsənin yaradıcılığında rast gəlirik. Bu «Eylər» rədifli şeiridir.
Bir dost ki, dostuna mehriban ola,
Yüz il keçsə yenə ünsiyyət eylər.
Bir gözəl ki, ilqarından tez dönə,
Əhd-peyman onu xəcalət eylər.
Bağban gedib bağda gülü görəndə,
Çiçəklərdən qoşa hörük hörəndə,
Həsrət gözüm doğru dostu görəndə,
Elə bil ki, haqqı ziyarət eylər. (14, 73)
«Şair sözü yüksək və müqəddəs sözdür. Bu sözdə ölməyən əbədi bir şöhrət vardır».(5, 286). Həmin sözlərin müqəddəsliyində iki məqam dayanır. Onların biri yüksək məna, didaktik-əxlaqi dəyərləri, insanın həyat sevgisini ifadə etməyi ilə bağlıdır. Digər bir məsələ həmin mənanın bədiiliyi faktıdır. Yuxarıdakı nümunələrdə şeir, sənət üçün başlıca olan bu iki keyfiyyət qovuşur. Daha doğrusu, birinin digəri üçün yardımçı olmaq xüsusiyyəti aydın nəzərə çarpır. Əgər Xəstə Bayraməli dostlara müraciətlə «dostluğun qədrini bilən kəslərə qəlbində məhəbbət, etibar yatır» söyləyirsə, Miskin Həsən tamamilə bir başqa məqamı vurğulayır. Əslində bunlar bir-birini tamamlayır. Dostluq, insanlıq, sədaqət, səxavət tezisinə xidmət edir və son olaraq o düşüncədə dayanır ki, bir dost ki, dostuna mehriban ola, yüz il keçsə ünsiyyət eylər. Budur əxlaqi-dəyər və onun nümunəyə çevrilməsi, nəsillərə aşılanması da məhz burada aydın müşahidə olunur. Eyni zamanda burada bir məqam da xüsusi olaraq vurğulanır. «Həsrət gözüm doğru dostu görəndə, elə bil ki, haqqı ziyarət eylər». Burada kifayət qədər diqqəti cəlb edə biləcək maraqlı cəhətlər var. «Doğru dost» və «haqqı ziyarət etmək» əslində min illərin sınağına dayanan «dost düşüncəsidir». Usta Abdulla da öz sənət ənənəsində məhz bu cür tipik faktlardan bəhrələnir. Folklorşünas Q. Namazov Usta Abdullanın yaradıcılığındakı bu xüsusiyyətləri nəzərə alaraq yazır: «Zodlu Şair Abdullanın və Bozalqanlı şair Vəlinin gözəlləmələrində nəsihətamiz fikirlər çoxdur. Daha doğrusu, bu şeirlər öz səviyyəsi etibarilə ustadnamə olmasa da, ümumi məzmunda, ayrı-ayrı beyt və bəndlərdə gözəlliyi səciyyələndirən müsbət əlamətlər, mənəvi keyfiyyətlər, əxlaqi sifətlər öz bədii ifadəsini tapmışdır». (13, 128) yuxarıdakı nümunələrdən göründüyü kimi bu təkcə Zodlu Usta Abdullanın, Bozalqanlı Aşıq Hüseynin yaradıcılığı üçün xarakterik deyil, bütövlükdə aşıq yaradıcılığını, xalq ədəbiyyatını izləyir. Özlüyündə ədəb-əxlaqın, didaktikanın meyarına çevrilir.
Hər kəs özü çəkər xəcalətini,
Görmədim namərdin ədalətini.
Dost gərək dostunun əmanətin
Saxlaya yanında yadigar bilə. (15, 37.)
Bu Usta Abdullanın «Bilə» rədifli qoşmasındandır. Birinci misrada hər hansı bir kəsin əməlinə görə xəcalət çəkməsi qeyd olunur. Həqiqətdə də belədir və elə etməlisən, elə iş tutmalısan ki, o sənə baş qaxıncı olmasın. Sonrakı misrada müəllif bir başqa məqamı vurğulayır. Namərdin ədalətini görmədiyini deyir. Ümumiyyətlə, xalq düşüncəsində, həyatın diqtəsində elə hallar var ki, onun şərhinə ehtiyac olmur. Sözün mahiyyətində, funksiyasında bütün olanlar aydın görünür. Elə mərd-namərd anlayışlarının ifadəliliyində də belədir. Böyük həyat təcrübəsi keçən, ömrün ahıl çağlarını yaşayan ustad,namərd haqqında çox kəskin fikir söyləyir. Koroğlu isə «yenə namərd sözü cana dərd oldu, dərd oldu» deyirdi. Sonuncu iki misrada isə dost, dostluq haqqında fikir yürüdülür. Dost əmanəti, dost sədaqəti vurğulanır. Eyni zamanda dostun olanını, əmanətini yanında yadigar kimi saxlaması göstərilir. Bütün bunlar əsl mənada Usta Abdullanın, aşıq yaradıcılığının əxlaq kitabının səhifələridir. Üzü Dədə Qorquda qədər və ondan sonra günümüzə qədər davamlı olaraq yaşanır. Bu özlüyündə min illərin sınağıdır. Ondan Dirili Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Valeh, Qaracaoğlan, Dabaloğlu, Aşıq Alı, Aşıq Ələsgər (1), hamısı öz imkanı müqabilində bəhrələnmişlər. Xalq yaradıcılığı, xalq məişəti bitib-tükənməyən zənginliklə səciyyələnir. Ustadlar, eləcə də Usta Abdulla bu zəngin varlıqdan öz yükünü götürür və ona əlavələrini edir.
Usta Abdullanın yaradıcılığında didaktik-əxlaqi dəyərlər bütövlükdə başqa məzmunlu şeirləri ilə müqayisədə daha çox aparıcılıq təşkil edir. Məhəbbət mövzulu şeirlərində bu hal özünü bir cürə göstərirsə, ictimai-siyasi, təbiət məzmunlu şeirlərində bir başqa cür göstərir. Ümumilikdə isə xalq əxlaqına, xalq didaktikasına söykənir və onun bir hissəsi kimi görünür. Bu nümunələrdə əxlaqi-dəyərlər bəzən bütövlükdə, bəzən də hansısa misra, beyt, bənd səviyyəsində nəzərə çarpır.
Yaxşıya bəd demə, düz demə nəsə,
Çalış toxunmasın sözün bir kəsə.
Kökü yerdə olub Günəş görməsə,
Hər bitən ağacda bar olmaz-olmaz.
Şirə döşürsən də sən ətək-ətək,
Arı bal toplamaz olmasa pətək.
Uca ağaclarda bar olmayantək,
Namussuz sifətdə ar olmaz-olmaz,
Sənətkar, sözün yaz, durma fəth eylə.
Gəzib yaylaqları sən gülə-gülə,
Fəqət bağlanmasan obaya-elə,
Bil sözün dillərdə car olmaz-olmaz. (15, 31-32)
Beş bəndlik bu şeirdə bir həyat təcrübəsi, ustad düşüncəsi var. Usta Abdulla həyatın sınağından çıxanları, öz təcrübəsində gördüklərini yazıya gətirir. El-oba, yurd sevgisi yüksək bir sənətkarlıqla əksini tapır. Burada böyük-kiçik yerini bilən, Vətənə olan sevgi ilə Usta Abdullanın istedadı eyni nöqtədə qovuşur və ona görə də belə təsirli alınır. Usta Abdullanın şeirləri ustad sözü, ustad nəsihətidir. Digər istiqamətdə belə bir halın mövcudluğu onun yaradıcı təbiəti ilə bağlı olmuşdur. Yəni belə müdriklik, əxlaqi-didaktik dəyərlər ona genlə, qanla keçmişdir. Elə ilk və son olaraq araşdırmada yaranan təəssürat da bununla bağlıdır. «Harda mən» qoşması da məhz bu cəhətdən diqqəti cəlb edir.
İnsan odur fikirləşə düz seçə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Uyğun ola yoldaşlarım özümə,
Danışanda utanmayam orda mən.
Gələndə məclisə biləm yerimi,
Niyə duram görən kimi birini.
Ya danışam, ya da verəm sirrimi,
Cəhli düşə məğlub olam zorda mən.
Gərək hörmət edəm özüm-özümə,
Danışanda sərhəd qoyam sözümə.
Uzanmaya qoşa barmaq gözümə,
Çırpınmayam balıq kimi torda mən.(15, 27)
Usta Abdulla XIX əsrin ikinci yarısının və XX əsrin az qala ortalarına qədər olan zamanın sənətkarıdır. Bu əxlaqi-didaktik dəyərlər onun haqqında, mühiti haqqında bütöv təsəvvür yaradır. İlk növbədə sənətkarın şəxsiyyəti, kimliyi, hansı əxlaqin sahibi olması haqqda bilgi verir. Bu bilgi bir başqa istiqamətdə mühit haqqında təsəvvür yaradır. Göyçə elatının həmin dövrdəki məişəti, adət-ənənəsi, insanlara münasibəti, qayğıları, qonaqpərvərlik, dostluq ənənələrinin davamlılığını ifadə edir. Digər istiqamətdə bütövlükdə xalqımızın, türkün torpaq, yurd, vətən sevgisini, həyata, dünyaya münasibətini, əxlaqını, davranışını aydınlaşdırır. Son olaraq el sənətkarları, aşıqlar haqda düşünməni zəruriləşdirir. Atalar sözü, məsəl, dastan, rəvayət, əhvalat, bayatı, düşüncəsindən, xalqın varlığından, məişətindən süzülüb gələn dəyərləri səciyyələndirir və Göyçə mühitində hansı ideallarla yaşanması təəssüratını yaradır.
Qaynaqlar:
1. Aşıq şeirindən seçmələr. Bakı, Gənclik, 1984.
2. Aşıq Alı. Bakı, Yazıçı, 1982.
3. Aşıq Ələsgər. Bakı, Elm, 1972.
4. Aşıq Hüseyn Şəmkirli. Bakı, Gənclik, 1971.
5. Belinski V.Q. Seçilmiş məqalələri. Bakı, Gənclik, 1979.
6. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992.
7. «Kİtabi-Dədə Qorqud». Bakı, Gənclik, 1978.
8. İsmayılov H. Aşıq yaradıcılığının, mənşəyi və inkişaf mərhələləri. Bakı, Elm, 2002.
9. Qurbani. 55 şeir. Bakı, Gənclik, 1972.
10. Həkimov M. Aşıq şeir şəkilləri və onun qaynaqları. Bakı, Maarif, 1999.
11. Xəstə Qasım. 46 şeir. Bakı, Gənclik, 1975.
12. Xəstə Bayraməli. Mənim Göyçəm. Bakı, Yazıçı, 1987.
13. Namazov Q. Aşığın sazı və sözü. Bakı, Yazıçı, 1980.
14. Sazım, sözüm. Bakı, Yazıçı, 1978.
15. Usta Abdulla. Bakı, Gənclik, 1976.
SONUC
Usta Abdullanın əxlaqi-didaktik şeirləri
Usta Abdullanın ustadnamələri məqalə boyu diqqəti çəkir və tərbiyəvi əhəmiyyəti xususi qeyd olunur.Ustadların bir-birinə qarşılıqlı təsiri və ustadnamələrin müqayisəli təhlili.
RESUME
The ethics-didastic poems of Usta Abdulla.The ustadnames (masterpiece in literature) of Usta Abdulla attract a lot of attention and the educational significance is especially noted within the artice. At the same time, the mutual influence of ustads and the comparative within the article. At the same time, the mutual influence of ustads and the comparative analyze of ustadnames are very interesting.
1 şərh
selemlar ve sayqılar
mənim atam məndən istir bir aşıq xanım özümə seçəm.
sizlər məni bu işdə yardım edin.
özüm də könülsüz deyiləm.
…çox çox təşəkkürlər.