Ana səhifə BAŞ YAZI Urmunun Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü

Urmunun Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü

Müəllif: Bizim Yazı
998 baxış

Esmira FUAD, Filologiya üzrə fəlsəfə doktoru

Hər dəfə Urmuya (Urmuyaya) həsr olunmuş nəsr və poeziya nümunələrini oxuduqda düşünürdüm ki, şairlərə ilham qaynağı olmuş bu diyarın məxsusi özəllikləri nədir görəsən? Nə üçün Urmu-Urmiya-Urmiyyə haqqında yazılan əsərlərdə qəm notları sevinc duyğularından daha üstündür… Mahmud Sadıqpur Şami, Əli Daşqın, Nazir Şərəfxani, Kərim Məşrutəçi Sönməz, Ruqәyyә Kәbiri, Amanoğlu, Salah Bəhlul Camurcu, İsmayıl Cəlili, Xosrov Barışan, Təyyar Şərif, Susən Rəzi, Rəhim Gözəl və başqalarının əsərləri ilə tanış olduqca anlamışam ki, bu gözəlim diyarın, Urmiyanın başı üstündən bəlalar, fəlakətlər heç əskik olmayıb. Şairlər Urmiyanın başından keçən olayları, üzləşdiyi acıları ürəklərinin qanı ilə qələmə alaraq şəhəri əhatələyən əsl təbiət möcüzəsi-Urmu gölünün suyunun duzlu, şor olmasının səbəblərini öz baxış bucaqlarına görə incələməyə, bədii şərhini, təsvirini verməyə səy göstəriblər… Kərim Məşrutəçi Sönməz kimi:

Kim görüb ki, mən özümdən boy deyim?
Sınamamış hər şənliyə toy deyim?
Urmu gölü nədən şordur, qoy deyim:
Mən o göldə üzə-üzə ağlaram… (1)

Sönməzin dördlüyü bədii sualla başlaması, bir-birinin ardınca sual cümlələri işlətməsi fikrin emosionallığını, mövzunun-hədəfin bədii təsir gücünü artırmaq vasitəsidir. Epik və lirik əsərlərdə bədii sual adətən müəllifin dilindən verilir və nəticə etibarilə o, sualının cavabını yaxşı bilir, amma həmin anı oxucunun, ədəbi ictimaiyyətin və cəmiyyətin diqqət mərkəzində saxlamaq üçün fikrini sual şəklində ifadə edir. Həmin sualı cavablandır¬maq üçün hərə bir ünvan axtarır, Sönməz isə bəndin sonuncu misrasında oxucuya və oxucunun təmsil olunduğu cəmiyyətə ünvanladığı sualları cavablandıraraq yazır ki, «Urmu gölünün suyunun şor, duzlu olmasının əsas səbəbi mənim o göldə üzə-üzə ağlamağım və göz yaşlarımın duzunun gölün suyuna qarışmasıdır». Bu misralarda əsrlərcə xalqının və yurdunun-Urmunun üzləşdiyi dərd və problemlərin ümumiləşdirilmiş ifadəsi-obrazı ilə üz-üzəyik. Burada itirdiklərimizdən-itkinlərimizdən dolayı yaşanılan iztirabın, ağrı-acının, dərdin son akkordu duyulur. Hər cür riyakarlıq, saxtakarlıq və fantastik yalanlardan uzaq olan, yalnız gördüklərini, həyatın gerçəkliklərini, acı həqiqətlərini yazan və Azərbaycanın ikiyə bölünməsindən sonsuz iztirab çəkən şair Urmunun bu günü ilə türklüyün tarix və mədəniyyət mərkəzi statusu daşıdığı dönəmlərini qiyaslayarkən “mavigözlü duzlu gəlinin” əsir durumuna üzüldüyünə, ayrılığın fərağında, həsrətin odunda qovrularaq Urmu gölündə üzə-üzə ağladığına oxucunu inandırırır. O böyüklükdə (1980-ci illərdə gölün ərazisi həqiqətən də böyük idi) gölün suyunun göz yaşlarından şorlaşması hadisəsini orijinal bir mübaliğə yaratmaqla ifadə edir. Əlbəttə, «Urmu gölü nədən şordur, qoy deyim: Mən o göldə üzə-üzə ağlaram» beytindəki mübaliğə şairin bədii tapıntısı, poetk kəşfidir. Əfsuslar ki, bədii tapıntıya vəsilə olan obyektə real həyatda ağır bir hökm oxunub və Urmu ölümə məhkumluq qisməti yaşamaqdadır: Tale sanki Urmu gölündən üz döndərib. Urmu gölü quruyur, Urmu kimi nadir bir gözəllik bu gün can verir! Və nə yazıq ki, bu əsrarəngiz təbiət möcüzəsi artıq Yer üzündən silinməkdə, tarixə qovuşmaqdadır…
İstedadlı şair İsmayil Cəmilinin “Urmu gəlini” şeirində gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır… Urmu gölü yenə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, “elin əzizi, Azərbaycan dənizi” kimi öyülür. Lakin şairin sevə-sevə vəsf elədiyi təbiət gözəlinin “tülkülərin pusqusu, quduz yadların qurğusu” ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə “ırmaqları dustağa, dalğaları duzlağ”a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda duzlu gəlinin “ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri yarpaq-yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə”-kəfəni hazırlanmaqda, sanki “son bardağı içilməkdə” olan gölün halına yanan el-obasının isə üzgünlükdən beli bükülüb:

Dadsız qalan duzlu gəlin,
Duru mavi gözlü gəlin.
Urmunun ağ don balası
Göz-göz olan can yarası…
Ağ qanadı sınan mələk
Yarpaq yarpaq solan çiçək… (2)

Urmu gölünün sürətlə quruduğu son illərdə İsmayil Cəmilinin də ifadə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli fəalları meydanlara axışaraq bu duruma qarşı öz etiraz səsini ucaldır, aksiyalar keçirir, İran hökumətinin rəsmilərini təbii fəlakətin qarşısını almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların diqqətini Urmu gölünün başının üstünü almış ölüm faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-yazarlar da bu mübarizəyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz sözlərini daha çox qələmin gücü ilə deyirlər…
Bu yazarlardan biri, 1998-ci ildә I Şimal-Qәrb Jurnallar Festivalında “Ana” adlı şeiri ilә birincilik qazanan və qadın hüquqlarının müdafiəsinə hәsr edilmiş uluslararası qurultay vә seminarlarda iştirak edərək cəsarətli, demokratik ruhlü düşüncə və fikirlərini yüksək kürsülәrdәn hayqıran şair Fәranәk Fərid-İpək xanım digər qələmdaşları kimi, Urmu hadisələrində də öz sözünü deyib. Və 2011-ci ilin sentiyabrında Urmu gölünün qurudulması faciəsinə qarşı tәşkil olunan nümayişdә tutulub və 42 gün zindanda qalıb. Lakin dövlət büdcəsinə 100 mln. tümən ödədikdən sonra azadlığa buraxılıb. Urmiyә gölünün qurudul-masına etiraz etdiyinә görә, mәhkәmә Fәranәk Fərid xanıma 3 ay 1 gün həbs cəzası və 1 mln. tümən nəqd pul cəriməsi kәsib. Həqiqətən anlaşılmaz durumdur: İnsan öz milli mәnsubiyyәtini, milli kimliyini dərk edib “Ana dilinə, milli mәdәniyyәtinә yiyә durursa, üzləşdiyi ekoloji fəlakətə qarşı birləşib tədbir tökməyə, vəziyyətdən çıxış yolu bulmağa çağırırsa, bu, niyә günah sayılır, cinayәt hesab edilir!?” (3.)
Bəli, nə yazıq ki, türk olmaq, milli kimliyini anlamaq, Ana dilinə sahib çıxmaq istəklərində bulunmaq İran İslam Respublikasında suçdur, cəzası isə tutuqlanmaq, zindanlarda can çürütməkdir. Urmu gölünün qurudulmasına etiraz etmək, aksiya keçirmək də həmçinin… Maraqlı, həm də çox acınacaqlı bir durumdur. Və bu ağır durumdan bəhs edərkən istər-istəməz Yaşar Sulduzlunun “Urmuda kürdlər niyə və kimə qarşı silahlanırlar?” (4.s.32) adlı məqaləsindən bir məqamı xatırladım: “Urmu vilayətinin Urmu, Xoy, Səlmas, Maku və digər şəhərlərində, eləcə də kəndlərdə İran Kürdüstanından köçüb gələn kürdlərin yerləşdirilməsi ildən-ilə daha da artıbdır. Kürdlər ermənilərdə olduğu kimi xüsusi məhəllələr yaradaraq kompakt şəkildə yaşamaqla yanaşı, həm də məskunlaşdıqları ərazilərdə özünümüdafiə silahlı qrupları yaradırlar. İran dövləti isə müəmmalı şəkildə bütün bunları susqunluqla seyr edir.”
Silahlı özünümüdafiə dəstələrinin yaradılmasına seyrçi qalan bir dövlət təbii fəlakət qaynağına çevrilən bir gölün qurudulmasına qarşı sadəcə etiraz səsini çıxaranları isə zindanlara atır və min bir işgəncə və əzablara məruz qoyur… İnsan şaşırıb qalır: – Türk kimliyi, varlığı bu qədərmi qorxulu, Türk xofu bu dərəcədəmi vahiməlidir? Yəqin bu xofun gücü o dərəcədədir ki, 21 fevral Beynəlxalq Ana dili günündə İranda Azərbaycan türkcəsinə qarşı mövcud qadağalara son qoyulsun!” – şüarı ilə toplantıya qatılan 200 nəfərdən çox siyasi fəal həbs edilərək zindanlara atılıb?! Axı, tarixi torpaqlarında, dədə-baba yurdunda yaşamaq əzəl haqqı olan bu türk xalqı Ana dilində təhsil almaq, milli hüquqlarını bərpa etmək, milli kimliyini qəbul etdirməkdən başqa nə istəyir ki?! Sadəcə, İranda xəyanətkar və cəllad ermənilərə, kürdlərə tanınan adi hüquqları tələb edir… İstər-istəməz mərhum Səhəndin misraları yada düşür:
Yenə də Yaşar bəy Sulduzlunun fikirlərinə haqq verməyə bilmirsən: “İranda demokratik hərəkatın uğur qazanacağına inamım azdır. Avropa Birliyi, ABŞ, BMT və digər beynəlxalq qurumlar İran məsələsində farslara və kürdlərə məxsus hərəkatları, insan hüquqları təşkilatlarını tanımaqla yanaşı, onlara hərtərəfli dəstək verdikləri halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat məsələsində susmaqla bundan yan keçirlər. Beynəlxalq qurumlar İraqdakı qondarma “Kürdüstan Hökuməti”nin 2010-cu il büdcəsində “İranda kürd hərəkatlarını maliyyələşdirmək” maddəsini “demokratiyaya dəstək” kimi müdafiə ediblər. Bu qərara görə İrandakı “Kürdüstan Demokrat Partiyası”na (lideri Abdullah Həsənzadə) 55 milyon dinar, bu partiyanın Mustafa Hicri qanadına 50 milyon dinar, “Kürdüstan-Komilə Partiyası”na (lideri Abdulla Məhtədi, müsəlmandır) 50 milyon dinar, bu partiyanın Ömər Elxanizadə qanadına (yəhudi) 50 milyon dinar, həmin partiyanın İbrahim Əlizadə (yezidi kürdü) qanadına 50 milyon dinar, “Kürdüstan Azadlıq Partiyası”na (lideri Əli Qazi) 50 milyon dinar, “Kürdüstan Xibat Partiyası”na (lideri Baba Şeyx Hüseyn) 50 milyon dinar, “Kürdüstan Şurişgah Birliyi” (lideri Simko) təşkilatına isə 45 milyon dinar vəsait ayrılıbdır. Bu rəqəmlər sadəcə etiraf olunanlardır. Güney Azərbaycan, xüsusilə Urmu vilayəti məsələsində son zamanlar Ermənistan və kürdlərə məxsus bu qurumların rəhbərlərinin sıx təmasları yaranıb. Belə ki, Ermənistan EA Şərqşünaslıq İnstitutu türkologiya şöbəsinin nəzdində yaradılmış “Güney Azərbaycan Dosyesi”nin araşdırmalarına görə, Təbriz, Urmu, Xoy, Mərənd, Zəngan, Maku, Həmədan və digər şəhərlərdə türklərdə milliyyətçi düşüncənin inkişaf etməsi Ermənistanın varlığını daim sual altında qoya bilər və bu, həm də separatçı Dağlıq Qarabağın müharibə aparılmadan süquta uğraması deməkdir (4). “Demokratiya kollektiv kimliyi qəbul edən quruluşdur. Kollektiv kimlik qəbul olunmursa, fərdi kimlikdən söhbət gedə bilməz. İranda aparılan müxalif mübarizənin, “Yaşıllar” hərəkatının demokratiya anlayışı bu deyil. Onların tək bir kollektiv anlayışı var: İranlı, yəni farslar. Demokratiyaya bu cür yanaşıldığı üçün, təbii ki, qeyri-fars millətlər bu hərəkatı boykot edir. Çünki “İrandakı mübarizə insan haqları uğrunda deyil, dünyəvilik uğrundadır.” Jan Pol Sartr yazırdı ki, “Yəhudilər bütün haqlarına qovuşmadıqca heç bir Fransız hürr (azad) ola bilməz, Fransada, ya da bütün dünyada bir yəhudi, həyat qorxusu içində titrədikcə, heç bir fransız özünü güvən altında-əmniyyətdə saya bilməz.”
Bəs bu çılpaq həqiqət niyə İranda diqqətə alınmır?! Niyə 40 milyondan çox bir xalqın Ana dilində-Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur?! Bir xalqın bədbəxtliyi üzərində başqa bir xalq öz xoşbəxtliyini qura bilməz axı… Urmu hadisələri də həmçinin… Bəyəm bu gölün quruması nəticəsində baş verəcək duz fırtınası təkcə o bölgənin əbədi sakinləri olmuş Azərbaycan türklərinə ziyan vuracaq, yoxsa bütün İrana?! Bu həqiqət kifayət qədər anlaşılan deyilmi?!
Gənc yazar Ruqәyyә Kәbirinin lap son dönəmdə – 2013-cü ildə yazdığı “Yasasız törәn” adlı şeirində “görülən profilaktiki tədbirlər sayəsində” artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı, qeyri-qanuni düzənlənmiş toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, gözlər qan ağlayır, bircə ürək danışır: I tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız… Sanki yas mərasimi qurulub, törənin qonaqları isə “damarı yaralanmış bir el”dir. II tabloda gərdək gecəsidi, bu gecənin qəhrəmanı isə gəlindir… Gəlinlik paltarı duzlaqdan, boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridi…Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan cütlüyün sevişmələri ağı deyir… III tabloda isə final daha tükürpədicidi, daha acı bir gerçəyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü “Ölüm” adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq… Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! “Yasasız törәn”ə üz tutaq:

Zaman mitray doğulan çağ deyil,
1391-ci günәş ili
Mәkan-Urmu dәnizi…
Yas rәngindә, Yasasız, Ayın-oyunsuz bir törәn
Gәrdәk gecәsi…
Dәvәtlilәr, Damarı yaralanmış bir el
Hamun dәnizindәn iki canlı qalmış bakirәdәn danışmıram
Gәlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş,
Okeanların sәdәflәrinin ürәyindә gizli qalmış
Mirvarı deyil, Duz dәnәlәri…
Sevişmәlәri ağı ağlayır…
Urmu dәnizindәn iki canlı qalmış qız gәlin
Dölündә Ölüm adlı bir yaratıq
Mitray doğulan çağ deyil 1391-nci günәş ili
Yasasız, Ayın-oyunsuz bir törәn…(5)

Xosrov Barışanın “Duzlu gəlinim” şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi… Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. “Ey səni özgə özgəyə pay verən”, – deməklə tarixə ekskurs edən gənc şair “Paydan pay olmaz” atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya – Rusiya ilə İran arasında pay-pürüş edilən, “özgənin özgəyə pay verdiyi” gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni, sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır:

Ey səni özgə özgəyə pay verən
Damo bəzək duzlu gəlinim;
Gözlərin göm-göy bir dəniz…
O(Bu) yenələnən heçlaqda
Gərdəyə girəcəksən! (6)

“Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına” üzülən və obrazlı təhkiyə sərgiləyən, “şeir dediyini silahsız bir fədayi çerikə” bənzədən şair, “Adını Urmu qoyduğu Sevgilini qurtarmaq” – fədakarlığına da hazırdır, təki “bağrı çatlamış…“ qəbir gözlü gözəli”, Urmusu-sevgilisi ölümdən qurtulsun… Əgər qurtulmazsa, “şeirinin gəmisi kapitansız qalacaq”, düşüncə dalğaları “dodu-dodu dolanacaq…” Xosrovun…
Nəhayət, “Duzlu gəlinim” şeirinin son misralarında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragedik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: “Sevişmək artıq yasaqdır. Gəlinlik var, Gəlin yox!!!” (7)
Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada “əzəmətli” Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməmişdi. “Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir (8)”.
1946-cı ilin dekabrında, yəni Milli Hökumət süquta uğradıldıqdan sonra, Şah qoşunları və Rza şah Pəhləvinin xarici havadarları tərəfindən “Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edilmişdi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yığıb, küçələrdə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövrə vurub oynayırdılar. Onların arvadlarını, uşaqlarını diri-diri su quyularına, yanar təndirə atırdılar. Gözlərini çıxarır, qulaqlarını kəsir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Canlı insan bədənlərindən tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünə tüpürməyə vadar edirdilər. Bütün bu təhqirlərə, xalqın mərd oğul və qızları mətanətlə dözür, ruhdan düşmək nə olduğunu bilmirdilər. Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeri oxuya-oxuya həlak olmuşdur. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman kimi qarşıladı. Urmiyə fədailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq, ona tutduğu yoldan dönmək, yəni, düşmən tərəfə keçmək təklif olunarkən cavabında: ”Nə danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz” demişdir (9, 10.s.114-116).
Əlbəttə, bu qanlı hadisələrə, çarəsi hələ də bulunmayan milli dərdlər və dərdi mətanətlə, dözümlə çəkən Vətən oğul və qızlarının şücaəti, zaman-zaman ulu yurdun istilalara, haqsız hücumlara və əhalinin kütləvi soyqırğınına məruz qalmasına şahid olan şairlər də öz növbəsində bu mövzuya dönə-dönə müraciət etməyə, göz yaşlarını bədii sözün gücü ilə ovutmağa ehtiyac duymuşlar.
Bu gün Güney yazarlarının əsərlərindən boy verən Urmu gölünün sürətlə quruması, quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR dövlət rəsmilərinin o qədər də ciddiyə almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu ağır durumuna dözə bilmir, “Qayıt qədim çağlarına, qovuş qədim dostlarına-Cığatıya, Mürdü çaya, aç qucağın qonaqlara, bir ana tək”- diləyilə Urmu gölünə üz tutur:

Bir gölüm vardı mənim, heyranıyam, Urmu gölü!
Hər kəsə aydın dəyəri, duzlu gölüm, Urmu gölü
Hər dəfə düşdüm suyuna, boğdu məni
O bitmiyən, sevindirən məhəbbətin Urmu gölü
Sən ölkəmin ad sanısan dol qürura
Güneylilər fəxrisən, ey Urmu gölü…(11)

Urmunun düşdüyü durumu qəlbə-ürəyə gedən damarların kəsilməsi kimi mənalandıran şair nə qədər kədərli, hüznlü, eyni zamanda mübarizdir. “Uduzmadan qalx ayaqa, dalğalanıb tüğyan elə, Vur ırmaka, sındır onun duvarların, ey qocaman Urmu gölü!” – çağırışlarıyla yaralanmış təbiət gözəlini də bədxahları qarşısında yenilməməyə, ayağa qalxaraq mübarizə aparmağa, təslim olmamağa səsləyir. Bu gün Urmu həqiqətən böyük bir fəlakətlə-ekoloji fəsadlar nəticəsində məhv olmaq, yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.
Faktlar deyir: “Urmiya gölünün quruması 3 milyon nəfərin işsiz qalmasına və köçməsinə səbəb olub”. Göldəki ekoloji fəlakətdən dolayı hövzənin ətrafında yerləşən və əsasən kənd təsərrüfatı sənayesinə bağlı zavodların 34%-i bağlanıb. Bu zavodların bağlanmasının səbəbi isə Urmiya gölünün ətrafında qazılmış quyuların sularının qurumasıdır. Bu da bölgədə əkinçiliyin məhv olmasına gətirib çıxardığından zavodlar işi dayandırmaq məcburiyyətində qalıb. Zavodların bağlanması isə yalnız Iranın Qərbi Azərbaycan vilayətində baş verib. Urmiya gölünün quruması nəticəsində bölgədə sosial-iqtisadi, sənaye və mədəni problemlər yaranacaq. Iran hökuməti Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmaq üçün lazımi addımı atmayıb. Hökumət bu gölün qurumasının minlərlə iqtisadi və iş imkanlarını aradan qaldıracağını anlamalıdır. Ölkə parlamenti Urmiya gölünün xilası üçün qanunlar qəbul edib. Ancaq hökumətin bu qanunların icraya yönəldilməsinə və gölün qurumasının qarşısını almağa marağı və hədəfi yoxdur. Urmiya gölü son 50 il ərzində indiki duruma düşüb: Əgər problemin qarşısını almaq üçün əvvəldən lazımi tədbirlər görülsəydi, bu gün belə bir faciənin şahidi olmazdıq. Indi lazımi addımlar atmaqla gələcəkdə baş verə biləcək bir çox problemləri həll etmək olar”. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bu fikirləri Urmiya şəhərini Iran parlamentində təmsil edən Azərbaycan türkü, millət vəkili Nadir Qazipur səsləndirib (12).
“Urmiya gölü Iranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. Iran prezidenti və hökumət nümayəndə-lərinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Iran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.” Bu fikirlər isə İran parlamentinin deputatı, Azərbaycan türkü Qulamrza Nuriyə məxsusdur (13). Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərvişin söylədikləri: “Urmiya gölünün orta dərinliyi 14 metrdən(?) 2 metrə düşüb, 2/3 hissəsi duzlağa çevrilib. Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik. …Küləklərin şərqdən qərbə doğru əsməsi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər və bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər”.
Maraqlı və acınacaqlı hal budur ki, İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb, ancaq çıxış yollarından danışmayıb: “Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər (14).
Daha bir məlumata görə, Urmu ətrafındakı ərazilərə kütləvi şəkildə kürdlər yerləşdirilir, etnik balans kürdlərin hesabına artırılır. Hər bir həyətyanı torpaq sahəsində olmaqla, təxminən 30 min su quyusu qazılıb və bu quyular suvarma məqsədilə istismar olunur.
Yaranmış mənzərənin şərhə ehtiyacı varmı?! “Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb. Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar (15). Sitatlardan da göründüyü kimi, Urmu-Urmiya gölü 1999-cu ildən bəri öz faciəvi taleyini yaşamaqdadır… Türkün sevgi ocağı bu gün sönmək üzrədir… Nədən bu sevgi ocağı söndürülür?!
Haqqında yazılanları izlədikcə prosesin köklərinin çox dərinlərə gedib çıxdığını görürük… və beləliklə də mətləbləri açıqlamaq zərurəti yaranır. Oxucu anlayır ki, Urmiyanın qurudulması prosesi planlı şəkildə həyata keçirilir… “Bu plan əsasında insanları didərgin salır və başqa millətlərlə qarışıq olan ərazilərdə yaşamağa vadar edirdilər. Onların planına əsasən, Urmi gölünə gələn 18 çayın qarşısını kəsərək 35 bənd vurmaqla, gölü saxlayan 80 faiz suyu qurutmuş olurdular. Yarım mln. kub m-lik su həcmi həmin çaylardan qaynaqlanır. Bu gölün illik su ehtiyacı 7 mln.kub m-dir. Bir milyon yarımı da yağışla, yeraltı qaynaqlardan qaynaqlanır. 5 mln. yarım kub m. yağış suyundan gölə daxil olmağa imkan vermirlər. Əkinçiliyə yardım göstərmək adı ilə suyu qurudurlar. Biz əvvəlcə düşündük ki, bəlkə məramları həqiqətən də yaxşıdır. Amma sonra gördük ki, yox, bunlar köhnə niyyət və xislətlərini bu yolla həyata keçirməyə çalışırlar. Bizim hərəkat insanları oyatdı və həqiqəti onlara çatdırdı. Üç il bundan qabaq – 2008-ci ildə Mahmud Əhmədinejat Urmiyaya gələndə dedi ki, 2,5 milyard dollar Urmi gölündən əkinçilik məqsədləri üçün istifadə edilməsinə pul ayırırıq. 2008-2011-ci ilə qədər bunlar bir sent də xərcləmədilər. Təbii ki, bunlar bənd vurub gölə gələn suyun qarşısını alırlarsa, hansı əkinçilikdən söhbət gedə bilər? Sonra da öz içlərində olanlar ortaya bir layihə çıxardılar ki, bu göl qurudulur, iki-üç ildən sonra artıq baş verəcək milli faciənin qarşısını almaq mümkün olmayacaq. Bu parlamentdə dedilər ki, bu layihəyə baxmağa vaxtımız yoxdur (16,17)…
Görünür, bu vaxt gəlməyəcək, bu məqam heç olmayacaq… Çünki ilk türk tayfalarının-kuti, lullubi, turukkuların yaşadığı, ilk Azərbaycan türk dövlətinin-Mannanın meydana gəldiyi müqəddəs bir məkandı Urmiya… Türkün beşiyi, sevgi ocağı, odlar, alovlar diyarıdı Urmu-Urmuya… Güney Azərbay¬canın və İranın ən böyük gölü olan Urmiya gölünün qərb sahilində yerləşən və gölün adı ilə adlandırılan ən qədim və böyük şəhərlərdən biri, möhtəşəm mədəniyyət və din mərkəzi olan, adını tarixin daş səhifələrinə yazandı Urmiya…
2006-cı ilin rəsmi siyahıyaalınmasına görə, təkcə mərkəzi şəhərində-Urmuda 583,255 nəfər, bütövlükdə əyalətdə isə 13 milyona yaxın Azərbaycan türkünün yaşadığı köklü bir bölgə.. Geniş maddi və mədəni imkanlarına, əlverişli coğrafi mövqeyinə və möcüzəli iqlim şəraitinə görə vaxtilə bütün Şərqdə böyük şöhrət qazanmış, Qafqazı bəzi dövlətlərlə, Kiçik Asiyanı isə Pakistan və Hindistanın bir sıra şəhərləri ilə birləşdirən ticarət yollarının tam üstündə yerləşən qədimdən-qədim Urmu-Urmiya şəhəri…
Başlanğıcını Zaqroş dağlarının ən yüksək zirvələrindən götürən Şəhər çayı Urmuya heyrətamiz gözəllik və təravət gətirir, ətrafında bağçılıq, bostançılıq və digər kənd təsərrüfatı bitkilərinin inkişafına geniş imkanlar yaradır. Türkiyə və İraq sərhədləri boyunca uzanan və onu bu qədim türk torpaqlarından ayıran əzəmətli Moğancıq-Mosalan və ən uca zirvəsi dəniz səviyyəsindən 3676 m yüksəklikdə yerləşən Hərəvil olan Qotur dağ silsilələri hüsnünə min bir yaraşıq verir, qışda soyuq, yayda mülayim və sərin havası ilə ruh oxşayır… Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim məkan ta əski çağlardan bir çox yerli və xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən xan, Ə.Dehxuda, Ə.Rəzməra, Zəkəriyyə Məhəmməd əl-Qəzvini kimi İranın görkəmli tarixçi alimlərinin də diqqətini cəlb edib və onlar öz əsərlərində Urmiyanın özəllikləri haqqında dəyərli məlumatlar veriblər. İstər Parfların, istərsə də Sasanilərin dövründə əsas atəşpərəstlik mərkəzlərindən biri və atəşpə¬rəstlik dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin vətəni olan bu ulu şəhər ətraf bölgələrin əhalisinin belə ziyarətgahına çevrilib. Lakin bu qədim şəhərin tarixi yerləri və zəngin maddi mədəniyyət abidələrinin çoxu müxtəlif tayfa və qəbilələrin hücumu zamanı, həm də aramsız təbiət hadisələri nəticəsində dağıdılıb, təkcə Çingiz xanın nəvəsi Hülakü xanın qəbrini bu günədək qoruya bilib Urmiya…
Türkün beşiyi, ilk sevgi ocağı olan Urmiyanın özəllikləri tarixçi alim Yaqut əl-Həmə-vinin də diqqətindən yayınmayıb, şəhər haqqında səxavətlə qiymətli fikirlər söyləyib: “…Mən özüm şəhəri görmüşəm, çox gözəl və bolluq olan bu şəhər əlverişli iqlim şəraitinə, təbii gözəlliyinə, suyunun, meyvəsinin, habelə bostanlarının çox olmasına görə bu dövrdə olan digər şəhərlərdən fərqlənir”. Vaxtilə Urmu-Urmiyanın əsrarəngiz gözəlliklərinin vəsf olunduğu bir mahnıda da xəyalın belə zirvə daşına yetə bilmədiyi, naməhrəmlərin həndəvərinə ayaq qoyamadığı, yaşının sayı belə dəqiq bilinməyən gül-çiçəyinin ətri ətrafı bürüyən, yamacında bülbüllər ötən, düzlərini dumanlar örtən, başına Günəşdən tac qoyan bu qədimdən qədim diyarın gözəllikləri, hüsnü baxanları heyran edərmiş:

Gül ətri bürüyər yoldan keçəni,
Reyhanlı, nərgizli, laləli dağlar,
Naməhrəmlər ona ayaq qoyammaz,
Hasarlı, divarlı, laləli dağlar,
Şairlərdən alar xəyalı dağlar…

Yenə də mənbələrin göstərdiyinə görə, 624-626-cı illərdə Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət olunan Urmiya eramızın VIII əsrində Şərqin, eləcə də Azərbaycanın ən böyük və ən məşhur şəhərlərindən biri olub. Şəhəri məhz bu qarət və hücumlardan qorumaq, düşmən istilalarından müdafiə etmək məqsədilə qala divarlarının ətrafında yerli əhali, qədim Azərbaycan türkləri on min addım uzunluğunda dərin xəndək qazıblar. Təbii, hələ VII-VIII əsrlərdə 10 km. uzunluğa malik şəhərin böyüklüyünü və qədimliyini gözlərimiz önünə gətirən bu xəndəklərin izləri bu gün də qalmaqdadır (18).
Qəsbkarların zaman-zaman etdikləri hücumların və qarətlərin acı nəticəsidir ki, başıbılalı qoca Təbrizdə olduğu kimi, Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu hazırda ABŞ, İngiltərə, Fransa və Almaniya, həmçinin İranın dövlət muzeylərində saxlanılır.
Güneyin tanınmış şairi Əli Daşqın «Sevgi damosu» adlı səyahətnamə xarakterli əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu-Urmiya şəhəri haqqında təəssüratlarını qələmə alıb və şimalın buzlu soyuğunda üşüyən Moskva ilə odlar diyarının yanar ulduzları Bakı, Təbriz, Sulduz və Urmiya şəhərlərinin incə müqayisəsini aparıb. Vaxtilə mövcud rejimin qadağaları üzündən Təbrizdən Quzey Azərbaycana birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, illərlə həsrətini çəkdiyi Bakıya, bütöv vətənin ayrı salınmış digər parçasına gələn və bu uzun yol boyu gördüklərinə əsasən səyahətnamə yazan şair «Sevgi damosu»nun (cəhənnəminin) da məhz odlar yurdunda bərqərar olduğuna əmin olub. Əmin olub ki, sevgililərin son duracağı və alovlar şahə qalxan ocaqların anası məhz Urmu-Urmiyadır. Oda-ocağa-torpağa-anaya-doğurucu bir varlığa özünü qurban edən Əli Daşqın əmin olub ki, Urmiyada – «Sevgi damosu»nda əsl sevənlər-həqiqi aşiqlər fani dünyanın çirkinliklərindən, ikiüzlü, şikəst mənəviyyatlı insanların rəzilliklərindən, qara fikirlərindən uzaqda, odların, alovların qucağında xoşbəxt, bəxtəvərdirlər: «Burası köz bağçası, sevgililərin lap öz bağçasıdı. burası Urmu-Urmiya, yəni, sevgi damosu, sevgililərin son duracağı və atəşlərin anasıdı! Yanalım və bütün sevgililəri yandıralım odumuza! Qara gözlü, ay üzlü sevgilim, yanalım! Şükürlər olsun Tanrıya! Sonunda düşdük bu atəşə! Atəşə, oda girmək oğul ürəyi istəyir, el gücü tələb edir. Vurğun və ərən könlü gərəkdir bunun üçün:

Alışıb yanmağa öyrədib anam!
Olurmu anamı unudub – danam?!
Başqa söz deyiləm, Azərbaycanam…
Tüstüsüz yanıram köz arasında!(19.s.102)

Min təəssüflət ki, qoynunda sevgi ocağını-Urmiya şəhərini də bəsləyən Urmu gölü, ana təbiətin bu nadir möcüzəsi insan və təbiət cəlladlarının qeyri-rəsmi fitvası ilə açıq-aşkar qurudulur. Min təəssüflət ki, UNESCO da avtoritar bir təşkilat olaraq qəti hərəkətə keçmir və bu gün bu sevgi ocağı yanıb daha da alovlanmaq taleyi ilə yox, əbədi sönmək və məhv olmaq təhlükəsi ilə üz-üzədi… Güney Azərbaycanın və İranın ən böyük gölü olan bu göl dəniz səviyyəsindən 1276 m hündürlükdə yerləşir, uzunluğu 140 km, eni 45 km, sahəsi 5960 km², ən dərin yeri 7 m, orta dərinliyi 5 m-dir. İndi bu ölçü 2 metrə qədər, son məlumatlara görə isə ondan da az hesablanır. Urmu gölünə Acıçay, Nazlıçay, Sofiçay, Leylançay, Cığatıçay, Qalaçay, Üsküçay, Tufarqan-çay, Dərəçay, Sınıxçay çayları tökülür. Əsrarəngiz deltası və çoxlu sayda adalarına görə “Suda üzən yaşayış yeri” adını qazanmış təbiət möcüzəsi, qeyd etdiyimiz kimi, bu gün biganəliyin qurbanına çevrilib. Əslində bu biganəliyin kökündə türkün tarixi məkanını dağıdıb məhv etmək kimi məkrli bir siyasət durur. Bəzən aramsız quraqlıqlar zamanı Urmu gölü nisbətən dayazlaşsa da, sahəsi heç vaxt azalmayıb. Elmi mənbələrin də təsdiqlədiyi kimi, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə, Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, bunın başlıca səbəbi isə gölə yeraltı çayların axmasıdır. Suyunun tərkibində duzun miqdarının çox, duzluluq səviyyəsinin yüksək olmasına görə qışın ən sərt dönəmlərində belə, gölün suyu donmur. Urmiya gölündə irili-xırdalı 102 ada mövcuddur, adaların ümumi sahəsi isə 33,640 ha-dır. Əhalisinin əksəriyyəti, təxminən 90%-i Azərbaycan türkləridir. Hazırda bu adalarda yaşayan Güney Azərbaycan türkləri əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq və xalçaçılıqla məşğul olurlar. Turizm üçün çox əlverişli olan ərazidəki limanlar hər zaman gəmiləri qəbul etməyə hazırdır. Hətta köçəri quşların da isti ölkələrə uçuşu zamanı bu göl keçid məntəqəsi rolunu oynayır. Nə yazıq ki, bu keçid məntəqəsi getdikcə artan duz təbəqələri üzündən quşlar üçün öz həyati əhəmiyyətini də itirməkdədir. Çünki qanadları duzlu suda kristallaşan quşlar yenidən uça bilmir və məhv olub sıradan çıxıırlar. Bu gölün suyu yüksək dərəcədə duzlu, şordur. Yəni, dünyanın ikinci şor dənizidir. İsraillə İordaniyanın arasında yerləşən Ölü dəniz adını almış Qırmızı dəniz kimi… Söylənənlərə görə, “həmin dənizdən İsraillə İordaniya hər il milyardlarla dollarlıq gəlir götürürlər. Orada şərait yaradıblar, dəniz heyvanları saxlayırlar və s. Bu göldən də yaxşı mənfəət götürmək olar.” Mənbələrin məlumatına görə, Urmiya gölü və onun yüksək müalicəvi funksiyaya malik palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətlidir. Zən¬bil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələri də böyük müalicəvi əhəmiyyətə malikdir. Çahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları kimi tarixi və memarlıq abidələri, Köhnə Bazar, Mirdavud məzarı, Əski Cami məscidi, Sərdar və Urmiya minarəsi, Ələvi minbəri təbiətin qoynunda açıq muzeylərdir. Urmiya beş bölgəyə ayrılır. Rza Şah Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə «Rzaiyyə» adlandırılıbmış. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə «Rzaiyyə», «Rzaiyyə gölü», «Kəbudan», «Çiçsit» kimi adlar da verilib. İran inqila-bından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün adı da “amnistiyaya düşüb”. “Rəsmi Tehran dəfələrlə edilən müraciətlərə baxmayaraq, Urmiya şəhərində tarixi abidələrin və məhəllələrin dağıdılması, qədim adlarının dəyişdirilməsi prosesini də dayandırmayıb. Urmiya şəhərindəki tarixi «Gülüstü» məhəlləsində yerləşən qədim «Lütfəlixan məscidi» artıq uçmaq üzrədir. Məlumata görə, 4-5 il öncə şəhərin hazırda «İmam» xiyabanı adlanan küçəsində «Şeyx Əlixan Hamamı» da «Sərdaran» prospekti-nin salınması adı altında sökülüb. Urmiya şəhərindəki «Doqquz pillə buzxanası»nın adı dəyişdirilərək “Yəxçəle nohe-pille”, Qoşaçay Miyandoab, Soyuqbulaq isə Mahabad, Xana şəhəri Piranşəhr, Sulduz Nəğədə, Qızıl Xənəyə Xaneqahe-Sorx adlandırılıb (15).“
Qədim adlarının dəyişdirilməsi prosesi eynilə erməni vandallarının Qərbi Azərbaycanda yürütdükləri addəyişmə, türk tarixini saxtalaşdırma əməliyyatlarını xatırladır. Vətənin və xalqın Urmu dərdi, bu dərdlə nəfəs-nəfəsə yaşamaq, gözlərinin qabağında əsrarəngiz gözəlliklər yurdunun duzlu gəlininin son nəfəsini verməsi Güney şairlərinin ürəyini köz-köz edir, qəlb ağrısından azacıq da olsa, qurtulmaq üçün qələmə sarılır, fəryad və nalələrini misralara çevirirlər. Bu dərd, ağrı-acı Qadir Cəfəri, Ülkər Ucqar, İsmayıl Ülkər, Hüşəng Cəfəri, Nazir Şərəfxani, Mahmud Sadıqpur Şaminin və b. şeirlərinin misraları arasından boy verir. Hüşəng Cəfərinin Urmuya həsr etdiyi şeirdə Güney fəallarının gölün qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri “Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!” şüarının əks-sədası ilə bərabər, dünyanın bu böyüklükdə problemə laqeydliyi, Güney Azərbaycan türklərinin də Ermənistanın amansız hücumlarının, soyğunçuluq və işğalçılıq planının məngənəsində can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalmasından dolayı şairin qəlb ağrıları da təsirli bədii ifadəsini tapmışdır. Hansı tərəfdən baxırsa, Vətənini dustaq görən Huşəng Cəfərinin dərdə həssas ürəyi sıxılır, quruyan gölü göz yaşları ilə doldurmaq istəyində bulunur, eyni zamanda bu iş üçün də məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni, bu birlik olmazsa yeniləcəyini anlayan və anladan elin qeyrətli oğlu yazır:

Ürəyim darıxır, sıxılıram mən
Qolumdan saxlayın, halımı sorun…
El gücü olmasa yıxılıram mən
Urmu gölü tək yalqızam, yalqız
Gedirəm zülmətin kökün yolduram
O qədər ağlıyam ki, Urmu gölündə
Göz yaşımla Urmu gölün dolduram… (20)

Təqdirəlayiq haldır ki, bu meydanda türksoylu qardaşlar, əhli-qələm soydaşlarımız Güney türklərini tək qoymur, dərdlərinə şərik olur, səslərinə səs verirlər. Onlardan biri, Kərkük elimizdən səslənən şair Salah Bəhlul Çamurçunun problemə yanaşması şifahi xalq ədəbiyyatı nümunələri qəlibində, gəraylı biçimində yansıyır. S.B.Çamurçu Urmunu mədəniyyət beşiyi, kültür qaynağı, gözünün ağı-qarası kimi dəyərləndirir:

Sular bulanır Durur
Urmuyu Allah qorur,
Kim bizə xain çıxar
Allahtan lənət bulur.
Urmu kültür qaynağı
Gözün qərəsi, ağı
Urmulu həsrət çəksə
Əridir daşı, dağı. (21).

Mahmud Sadıqpur Şami Urmiyada doğulub, boya-başa çatıb, bu qədim türk şəhərində fars dilində təhsil alıb. Ana yurdun əsrarəngiz gözəllikləri, dərdləri onu bütün bunları yazmağa həvəsləndirib və şairlik yolunun yolçusu edib. “Urmiyə”, “Məsdək, Mani”, ”Urmulu Səfi Ələddin” şeirlərində və “Məşrutə inqilabında Urmiyənin nəqşi” poemasında özünün, eləcə də vəsf elədiyi görkəmli sənətkarların, tarixi şəxsiyyətlərin ana yurdu, ata ocağı, Urmiyyəni tərif edir, “Sular ölkəsi, odlar şəhəri, cənnətin bir bucağı sanır, güllü-gülşənli, süsənli-sünbüllü, laləli-reyhanlı diyarın payızını, qışını, yazını, yayını, rəssamın çəkdiyi tabloda olduğu kimi gözəl görür… O qədər gözəl ki, kuşuldayan Nazlı çayın, Şəhər çayının dumduru sularında ulduzların, günəşin, ayın əksi bərq vurur. Bu yurdun Kazım dağında, Şıx təpəsində min bir əsrarı-sirri yatıb. Ulu Tanrı pay böləndə qismətinə daha çox gözəllikdən pay düşən bu müqəddəs yerə güllü-çiçəkli bahar çağında dünyanın hər yerindən turistlər gəlir və hüsnünün seyrinə dalırlar. Şami arzulayır ki, gözəlliklərinin tamaşasına dünyanın durduğu, bir çox millətlərin, ayrı-ayrı təriqətlərə xidmət edən insanların ayın-şayın, mehribancasına yaşadıqları düşmənə qənim Urmiyyəsinin başı üzərindən qara yellər əsməsin, qada-bəla uzaq olsun…
Bu şeirində Urmiyanın şanlı tarixini, şərəfli keçmişini vərəqləyən Mahmud Sadıqpur Şami “Məşrutə inqilabında Urmiyənin nəqşi” poemasında azadlıq yolunda sınaqlardan çıxıb, Məşrutə inqilabında qan-can verən Zərdüştün şəhərinin, qəhrəmanlara səngər olan odlar, sular şəhərinin başına gələn bəlalardan, qanlı-qadalı olaylardan söz açır, “Ey .anlı Urmu, ey qanlı Urmu” – nidaları ilə dərdlərini ovutmaq üçün ağı deyir sanki… “Tarix boyu yaşı olan” Urmunun yağı düşmən əlindən çəkdiklərini kino lenti kimi göz önündən keçirən şair yazır ki, “Şor dənizim, Kazım dağım neçə-neçə savaşlara” şahidlik etmişdir, bu savaşlarda qırılan ellərin dərdindən, yaşanan acılardan xalqın sinəsinə vurulan yaralardan Kazım dağında bitən lalələrin belə sinəsinə dağ çəkilmiş, odlar yurdunun bu yaz çiçəyinin bağrında həmin “dağlar” qara xal yaratmışdır. Ancaq nə qəm, ana Vətəni, doğma xalqı acılar çəkib, qanlar axıtsa da, azadlıq yolundakı bu imtahandan da alnıaçıq çıxmışdır:

Çaldı çapdı yağı düşmən
əsir apardı qız gəlini, necə deyim, ah….
“Marşimon”, “Simitqo”, Şeyx Əbidallah
Gəlib axıtdılar qanlar selini…
Büküb sındırdılar xalqın belini
Keçdi o dövran, olma pərişan, Azərbaycan!
Sil gözlərinin qanlı yaşını,
Qaldır ucaya, məğrur başını!
Məşrutiyyət nəhzətində sən də qan verdin
Azadlıq yolunda nə gözəl imtahan verdin…( 22.s.24)

Şami “Məşrutə inqilabında Urmiyənin nəqşi” poemasında 1285 (1906)-ci ildə başlanmış Məşrutə hərəkatı zamanı azadlığa qovuşmaq üçün dilində istiqlal nəğməsi quduz düşmənin üstünə şir kimi atılan Məşədi Bağır xanın, onunla bərabər vuruşan və hərəsi bir orduya tay olan on nəfər qeyrətli gənc mücahidin igidliklərinə, özlərini oda-suya vuraraq Heydər Əmoğluya, Səttar xana yardımçı olmasına “alqış” deyir. Lakin inqilabın məğlub edilməsindən, Məşrutənin “xəyanət əli ilə qızıl günəş kimi söndürülməsindən, şənliklərin çevrilib kədər olmasından, Məşədi Bağır xanın və igidlərinin tutularaq min bir işgəncəyə məruz qalmasından üzülür, bu dərdin ağırlığı belini bükür, göz yaşları içinə, ürəyinə axır:

Xəyanət əli ilə döndü məşrutə,
Qızıl günəş kimi söndü məşrutə…
Şənliklər çevrilib kədər oldu hey,
Ah necə deyim ki, nələr oldu hey!
Qoyun bir ağlayım,
Gözüm doldu hey!
Gözəl çiçəklərim
Xəzan oldu hey! (22.s.26)

Lakin zindanlara atılan bu qəhrəmanların bütün fiziki ağrılara, işgəncə və mənəvi əzablara mərdliklə dözüb sınmamalarından, “Məşrutədə Urmiyəsinin də müşahərinin” – rolunun olmasından qürur hissi duyur və adının tarixin səhifələrində əbədi qalacağından fərəhlənir. Mahmud Qənizadə, Cabbar bəy Baxçaban, Səid Səlmasi, Nimtac xanım kimi yazarlar, Mahmud Əşrəfzadə, Həbibüllah Ağazadə kimi böyük jurnalistlər, dünyaca ünlü Şeyx Səfi Ələddinlər yetirən-“dahilər becərən və həm söz, həm də hünər meydanında layiqli yeri olan Urmunun şanlı tarixi ilə iftixar edir Mahmud Sadıqpur Şami… “Cami məscid”i, saatlı “Sərdar məscid”i, “Səgənbəd”, “Üç günbəz”, “İmamzadə ” tək tarixi abidələri olan zər ölkəsini:
Ey Zərdüştün şəhəri Urmiya-Urmiya
Kazım xanlar səngəri Urmiya-Urmiya
Səfi Ələddin ocağısan
Musiqinin qaynağısan
Bəhiştin bir bucağısan. (22.s.16)

-deyibən öyür… “Urmulu Səfiəddin” poemasında isə Şami hünəri “hulaku”ları heyrətə salan və qoca Şərqin üfüqündə Günəş kimi doğan ustad Şeyx Səfi Ələddinin təkcə Urmunun deyil, Azərbaycanın, Turanın, həm də bütün dünyanın iftixarı olduğuna diqqəti yönəldir. Vurğulayır ki, təbi bulaq kimi coşan və böyük eşqlə yaratdığı “Eyqah”, “Şərifiyyə”, “Ədvar”, “Nəzhət”, “Müğənni” kimi necə-neçə dəyərli kitabı ilə tarix yazdı, musiqi aləmində zirvələr fəth etdi… şöhrəti bütün aləmə yayıldı. Elə bir zirvəyə çatdı ki, sazını sinəsinə basıb çalan zaman hətta “qırx gün su içməyib atəşlər içində yanan “dəvə” belə su içməkdən vaz keçib ustadın çaldığı nəğmələrə qulaq kəsilirmiş”:

Gözəl nəğmələrdən o da keçmədi,
Nə qədər ki ustad sazını çaldı
Dəvə su içməyib yerində qaldı…
Onun ən qüdrətli yüksək hünəri
Hətta heyvanlara qoymuş əsəri…

Şair Mahmud Sadıqpur Şami Urmiyənin dünya mədəniyyətinə verdiyi sənətkarları, bu sənət fədailərinin yaratdıqları misilsiz sənət nümunələrini mədh edib təbliğatına geniş meydan verməklə bərabər bir cəhəti də vurğulamadan, nadan səlahiyyət sahiblərini qınamadan ötüşə bilmir. Şair göstərir ki, qürbətdə kefi saz dolanan, Bağdadın “qışını da yaz kimi” firavan yaşayan və mənsub olduğu xalqın başucalığı, mədəni sərvəti olan belə sənətkarlara laqeyd münasibət bəsləməklə məhvinə səbəb olmaq yox, onlara yüksək səviyyədə qayğı və diqqət göstərmək lazımdır… Vətəndaş şair cismən dünyadan köçsələr də, əbədiyyət üfüqündə bir ulduz tək parlayan və mənən yaşayan sənət adamlarının acınacaqlı ölümündən ibrət dərsi almağın gərəkliliyini önə çəkir:

Vətəndə olmasa hünəri sevən,
Zəhmətin hədərdir, ona az güvən…
Dünyanın ən böyük musiqi danı
Bu sayaq tərk etdi qoca dünyanı!
Bizə bir dərsdir, onun ölümü… (22.s.36)

Qoynunda Şeyx Səfi Ələddin, Mahmud Qənizadə, Cabbar bəy Baxcaban, Səid Səlmasi, Nimtac xanım, Mahmud Əşrəfzadə, Həbibüllah Ağazadə, Mahmud Sadıqpur Şami kimi neçə-neçə ünlü sənətkar yetirən, torpağının altı, üstü də qızıl tək qiymətli olan, qədim mədəniyyət beşiyi kimi dünyanın maddi-mədəniyyət irsi siyahısına düşən nadir bir şəhər məhv olmaq, bu şəhərin üzük qaşı olan Urmu gölü isə oraya axan çayların üzərinə suvarma məqsədilə vurulan bəndlər, qazılan saysız-hesabsız quyular üzündən qurumaq üzrədir…
Çox maraqlıdır ki, Urmiya gölü dünyanın nadir biosfer qoruqlarından biri kimi UNESKO tərəfindən 1967-ci ildə qeydiyyata alınıb, yəni, qoruq elan olunub və UNESCO-nun qərarı ilə qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin burnundan uzağı görməyən siyasət dəllalları buna da məhəl qoymur və anlamırlar ki, Urmu gölünün quruması nəinki bütün Azərbaycan, eyni zamanda Türkiyə və İraq, eləcə də İran torpaqları üçün də ciddi ekoloji fəlakətlər yaradacaqdır. Sovetlər dönəmində eyni xarakterli hadisə Aral gölünün də başına gətirilmişdi… 1960-cı illərin əvvəllərində iqtisadçılar Özbəkistan və Qazaxıstanda pambıq əkinini artırmaq məqsədilə sahələrini sulamaq üçün Aral gölünün təbii qaynaqları olan Amudərya və Sırdırya çaylarının üzərindən bənd vuraraq suyundan bolluca istifadə etmiş, nəticədə 1960-cı illərdən bəri Aral gölü yetərincə təmin olunmamışdır. Həm yayın istisindən və suyunun azalmasından tədricən quruyan gölün sahəsi 80 faizə qədər kiçilmiş, suları 150 km içəri çəkilmişdir. durumdadır. 20 il ərzində 60 km3 gölün suyunun səviyəsi 1980-ci illərədək 80-90 sm azalır və 1989-cu ildə Aral gölü iki yerə ayrılır: Kiçik göl (quzey) və Böyük göl (güney). Beləliklə də 1960-cı ildə sahəsi 68.000 km2 olan Aral gölü getdikcə kiçilmiş və 2005-ci ildə 14.000 km2 olmuşdur. Özbəkistan Uluslararası Altın Miras Vakfı Ankara Bölümündən Süleyman Mərdanoğlunun söylədiyinə görə, “hazırda “Xəzəri Aralla Birləşdirmə Projesi” üzərində çalışılır. Bu layihədən məqsəd Ob çayının sularını Arala axıtmaq və Aral gölü ilə Xəzər dənizini bir kanal vasitəsilə birləşdir-məkdir. Uuslararası Aralı Kurtarma Fonu (UAKF) İcra Komitəsinin açıklamasında isə Aral gölü probleminin aradan qaldırılması, bölgənin iqtisadi və sosial inkişafının təmin olunması, ekoloji və ətraf mühitdə yaranmış problemlərin çözülməsi amacı ilə 2011-2015-ci illər üçün hazırlanan Program çərçivəsində 10 milyard ABŞ dollarının xərclənəcəyi düşünülmüşdür. Aral gölünün dərdinə çarə bulmaq üçün yüksək səviyyədə işlər görülür.
Modern.az saytında yayımlanan son məlumata da isti-isti nəzər salmağı düşündüm: “Güney Azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbli çalmasına baxmayaraq İran rejimi qarşısına qoyduqu məqsədi icra etməməkdədir. Urmu gölündən əldə olunan son video görüntülər və şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün 80% quruyub və həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərüfatlarını qoyaraq İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar.yerli əhalidən aldıqımız məlumtlara əsasən Türkiyyədən və Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərın təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da bir tərəfdən artıq bu bölgədə yaşamaq mümkün olmayacaq. Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanları da artıq ya həlak olub, ya da buradan köç etmək məcburiyyəti ilə üzləşib (23).”
Güneydə sonuc, mövcud durum budur… İransa bu sonucu sanki görməməzliyə vurur və tam tərsini edir… Amma nikbin düşünmək və inanmaq gərəkdir ki, Tanrı açan yolu bəndə bağlaya bilməz… Nazir Şərəfxaninin Urmu gölünə müraciətlə yazdığı və bu şanlı gölün sahilində yerləşən qədim bir elin-Türk yurdunun tarixini vərəqlədiyi, misilsiz gözəlliklərini böyük bir məhəbbətlə vəsf elədiyi “Urmu dəryaçası” poemasın-dan gətirdiyimiz örnəkdə də olduğu kimi:

Urmu dəryaçası! Tufanlı dənizlər başısan sən,
Parlayan taci-təbiətdə brilyant qaşısan sən,
Duzlu, istəkli, maraqlı dərə, dağ yoldaşısan sən,
Şor olubsan, elimin gözdən axan göz yaşısan sən,
Dəryalar səngi-səbur olsa, dəyirman daşısan sən.

Səni tufan yıxa bilməz,
Sənə heç kim çıxa bilməz,
Sənə yel, sel bata bilməz,
Səni könlüm ata bilməz!

Q a y n a q ç a
1.K.M.Sönməz. Qaranquş yazı gözlər, Bakı, “Yazıçı”nəşr.,1989.
2.www.sarigelin.net; www.frequency.com
3.www.trtazerbaycan.com.
4.“Güneyin səsi”, 2011/Mart, sayı 3.
5.www.trt.net.tr/trtWorld/az/news.
6.www.facebook.com/ozedebiyati/posts/244374502410976.
7.Xosrov Barışan. İçdim Təbrizin işıqlarını, Təbriz, 1349(2013).
8.Səməd Sərdarniya.“İrəvan yek vilayəte muselman neşin bud Tehran, Enteşarate Zufa, 1379, 247 s.,
9.Sübhan Talıblı. Güney Azərbaycan institutunu yaradan insan. Güneyin səsi, 2011/Aprel, sayı 4.
10.Kamal Ağamalı. Cənubi Azərbaycan demokraik ədəbiyyatında poema janrı, Namizədlik dissertasiyası, B., APİ-nin kitabxanası, Əlyazma şəklində.
11.//oururmiye.blogspot.com/
12.www.azadliq.info. Çərşənbə,10 iyul 2013,10:56
13.www.Amerikanın səsi”, Bazar, 21 iyul 2013, 10:58.
14.www.azadliq.info. Bazar ertəsi, 24 iyun 2013, 23:12
15.www. APA-Analitika.com.
16.www.xural.com;
17.“Xural” qəzeti, 07 oktyabr 2011 il 9, sayı: 053 (462).
18.Vikipediya. Açıq ensiklopediya.
19.Əli Daşqın Sevgi damosu, Təbriz, Əxtər Yayın evi, 2004.
20.networkedblogs.com/s3Ijs
21.//oururmiye.blogspot.com.
22.Mahmud Sadıqpur (Şami).Daşlı yol, Urmiyə: İntişaraati-Mədəni Yaz,138(2005),291s.
23.modern.az/11.02.-2014,11:23

Söz ardı: Bu yazı müəyyən ixtisarlarla “525-ci qəzet”də dərc edildikdən sonra, lap bu günlərdə İran İslam Respublikası dövləti tərəfindən Urmu gölünün qurumasının qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlandığı barədə xəbər aldım və düzü, çox sevindim… Çünki bu fəlakət təkcə bölgəyə deyil, bütün ölkəyə, regiona təsirsiz ötüşməyəcəkdi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.