UMAY

Müəllif: Bizim Yazı
603 baxış

ŞAHNAZ KAMAL (S.PETERBURQ)

Qədim türk mifologiyasında adı çox çəkilən iyələrdən biri də Tanrının xanımı hesab edilən, ailənin, körpə uşaqların, yeni doğmuş qadının qoruyucusu Umaydır. VII-VIII əsrlərə aid olan Orxon abidələrində adı çəkilən Umay gümüşü uzun saçlı, başında üç buynuzlu tac olan iyə şəklində təsvir olunmuşdur.
Bilirik ki, qədim türklərin inancı Tanrıçılıq olub. Orxon abidələrinə Qədim türklərin Göy Tanrıya sitayiş etdikləri göstərilir və Tanrıdan başqa daha iki İyənin adı çəkilir- Tanrının xatunu Umay və Sh. KAMALIduq Yer-Sub :
Tanri tək tanrıda bolmuş türk bigə kağan bu ödkə olurtım (KT k 1) – Mən tanrı tək göydə yaranmış bilici türk xanı ( Bilgə xan) bu taxtda oturdum.
Üzə türk tanrisi türk ıduk yiri subı ança timis: türk bodun yok bolmazun tiyin, bodun bolçun tiyin, kanım İltəris kaqan, öqim İlbilqə katunığ, tanrı töpəsintə tutıp yöqərü kötürmis ərinç.( KT b 10, 11) – Yuxarıda türk tanrısı ,müqəddəs türk Yer- Su belə demiş: türk xalqı məhv olmasın deyə , xalq qoy olsun deyə, atam İltəris xaqan, anam İlbilgə xatunu tanrı yuxarıdan idarə edərək yüksəltmiş.
Umay təq öqim katun kutına inim Kül tigin ər at boltı (KT b 31) – Umay kimi xatun anamın şərəfinə kiçik qardaşıma Kül tigin adı verildi.
Tanrı, Umay ,Iduq Yer – Sub basa bərti erinç. (T 38) – Tanrı, Umay , müqəddəs Yer- Su bizə qələbə bəxş etdilər.
Umayın əksi olan daş abidəni S.İ.Rudenko və A.N.Qluxov Altay dağlarında yerləşən Kudırqe məzarlığından tapmışdılar.
Umay sözünün um/om kökündən törəndiyini də iddia edənlər var. “Ummaq”, “diləmək” sözünə bağlayırlar. Ətənə (cift) anlamında olduğu da göstərilir. Umay söz Monqolcada “rəhm”, Tunquscada isə Omo/Umo kökü ” yumurta qoyma” mənasını daşıyır.
Serikbol Kondıbay hesab edir ki, “uma” “cift, son” anlamına gəlir. Bu sözün “abak” işarəsi ilə əlaqəsi danılmazdır və “ana bətnindən doğulmaqda olan körpə ” anlamındadır . Deməli, “uma” “uşaq cifti”mənasına gəlirsə, “umay” ” Böyük Ana”dır.
Mahmud Kaşgarının Umay sözünün izahı da diqqətə dəyər. Bu Türk bilgini “Divani -Lüğəti-it Türk” də yazıb: “Umay qadın doğdukdan sonra çıxan sondur. Qadınlar Umay ile tefe’ül ederler. Umaya tapılırsa oğul olur deyərlərmiş”.
Umay obrazı türk tayfaları içərisində çox yayılıb və yaxın, oxşar adlarla adlanan bu İyəni hər kəs ailənin, ocağın,uşaqların hamisi, ətrafına işıq saçan bir qadın – ana kimi təqdim edir. Umayı Yaxşılıq Tanrıçası, Ana Tanrı və Həyat Tanrıçası hesab edirlər.
Türk xalqlarının əksəriyyətində Umay ana tanınır və ona etiqad olunur. Məsələn, oğuzlar Umayı ana bətnində olan körpələrin qoruyucusu hesab etmişdilər. Hətta, “kim Umaya xidmət etsə , oğlu olacaq”- kimi deyimlər də dillərdə dolaşmışdır.
Şorların inancında Umay (May) körpələrin hamisidir.
Teleutlər və şorlar Umayın Ülgəndən ağ işıq şəklində ayrılaraq iki qayın ağacı ilə birlikdə yerə enməsinə inanırlar . Ülgən- şimşək, göy gurultusu iyəsidir . Torpağın, səmanın, günəşin , ayın, göy qurşağının, ildırımın, odun, ilk insanı yaratdıcısıdır. Ülgən həm də iti yaradıb və onu insana xidmət etməyi əmr edib.
Teleut əfsanələrində Umay dalğalı uzun gümüşü saçı, ipək ağ paltarı olan bir ilahə kimi təsvir olunub.Teleutlər May – Eneni göydən göyqurşağı ilə yerə enmiş, gümüşü uzun saçı olan gənc və gözəl qadın kimi təsvir edirlər. O, qızıl yayı ilə körpələri şər qüvvələrdən qoruyur.
Teleutlər və xakaslarda şamanlar ocaq qalayaraq Umay Anani ,”od ananı” çağırarlar. Onlar Umayı ailə ocağının qoruyucusu bilirlər.
Başqır folklorunda şəfəq saçan qu quşu Umay “Ural-batır” və “Akbuzat” dastanlarında özünəməxsus yer tutur. Hətta, qu quşu başkırların qədim əcdadı hesab olunur və onu öldürmək qadağandır. Başkır dastanlarındakı Umay obrazı ilə şərqi türk dastanlarındakı Umay obrazının fərqi ondadır ki, başkırlar Umayı yeni doğmuş ananın və təzəcə doğulmuş körpənin hamisi hesab etmirlər. Eyni zamanda, başkırlarda Umayın şaman ayinləri ilə heç bir əlaqəsi yoxdur.
Heç də təsadüfi deyil ki, bəzi görüntülərdə Umay qanadlıdır.
Başkırlarda Umay əsasən üzən quş (qu quşu, ördək) təsvirindədir və bu da, təbii ki, “Ural-batır ” dastanındakı qız-qu quşu obrazı ilə birbaşa əlaqəlidir.
Əfsanəyə görə, Umay Günəş tanrısı Koyaşın qızıdır və eyni zamanda Günəşin əvəzləyicisidir . O, gözəl açıq rəngli dağınıq saçları ilə dünyanı işıqlandırır. Umay həm də quşlar eli Samraunun yiyəsidir. O qeyri-adi qüdrətə malikdir . Ölümsüz, gələcəyi görən Umay , qız-qu quşuna çevrilib qanadlı atı Ağbuzatla göyü gəzir.
“Ural -batır” dastanında Umayın bacısı Ayhlu – Ay Gözəli adlanır. Onların valideyinləri Gün və Ay Samray quşu üçün ilk müqəddəs cütlükdür. Ayhılu yeraltı dünyanın sahibəsidir.
Umay ana haqqında Qazax xalqının əfsanəsi: Analıq və ailə ocağının qoruyucusu Umay ana çox işgüzar qadın idi. O on iki qız övladı böyütmüşdü. Onların hər biri özləri ilə getdikləri ocağa xoşbəxtlik və uğur apararaq ərə gedirlər. Bu qadınlar o qədər işsevər idilər ki, hətta çayın qabağını kəsib suyu susuz səhralara döndərə bilirdilər. Onlar dağda bulaqların gözünü açıb insanların istifadəsinə veriridilər.
Qızlarının insanların işini yüngülləşdirmək üçün gördüyü əməllərə baxanda, Umay Ana onlara xeyirxah işləni uğurladı. Həyatdan köçmək zamanı gələndə Umay Ana qızlarının can-başla xalqa xidmət etdiyini gördü və onları dünyanın hər bir yanından görünə bilən uca qayaya çevirdi .
Əgər insanlar onlara ehtiram göstərsələr, azmazlar , tək olmazlar və ən çətin anlarda belə düzgün yolda olurlar.
L.P.Patapov qeyd etmişdir ki, xakaslar uşağın doğulduğu andan yeriyənə və danışana qədər olan vaxtda ruhu , canı Umayı (Imay) adlandırarlarmış. Uşaq sərbəst danışandan sonra (təqribən 3 yaşından) onun ruhu “Kut” adlanır. İnsan öləndə Kut insanı birdəfəlik tərk edir.
Xaqkaslar uşaq yuxuda danışanda və güləndə onun Umayla danışdığına inanırlar. Əgər uşaq yuxuda ağlayarsa, Umayın müvəqqəti olaraq onu tərk etdiyi düşünülərmiş. Uşaq xəstələnəndə Umayın onu tərk etdiyindən qorxuya düşən ata-ana Umayı qaytarmaq üçün şamana üz tutarlarmış. Uşaq ölərdisə, Umayın onu birdəfəlik tərk etdiyini deyərdilər.
Xakaslarda Umay içə uşaqları qoruyan hesab edilsə də, Qara Umay qəddar ruh, uşaqlara zərər toxunduran kimi tanınardı.
Azərbaycan mifologiyasında Umay obrazına rast gəlməmişik. Belə ehtimal olunur ki, el arasında Hal anası deyilən elə Qara Umaydır. Adətən, yeni doğmuş qadınlar həyatını itirərəsə , “Hal anası apardı” – deyərlər.
“Xalqımızın deyimləri, duyumları” adlı kitabında “Hal anası” haqda məlumat verən M. Həkimov onu mənfi bir varlıq , təzə doğulan uşağın, zahı qadının qənimi kimi göstərmişdi.
V.A.Qordlevskinin Anadolu inanclarını öyrənərkən, adını qeyd etdiyi Al qarısı elə Hal anasının özüdür . Al qarısı da mənfi obrazdır.
Bizcə, Hal anası, Al qarısı özbəklərin Albast adlandırdıqları Qara Umaydır. Özbəklər Albastın yeni doğmuş qadınlara qənim kəsildiyinə inanmışdılar. Onlar sarı və uzun saçları olan Sarı ənəni hamilə qadınların qoruyucusu hesab etmişdilər.
Qeyd etdiyimiz kimi, bəzi türk xalqlarında Umay qanadlı quş şəklində təsvir olunurdu. Məsələn, kumandılarda ana bətnində olandan ömrünün sonuna qədər körpəni qoruyan Umay ənənin varlığına inanır, ağır doğuş zamanı onu yardıma çağırırdılar.
Qırğızlarda Umay Ene – Kuday Ene müqəddəs hesab olunur və övladlarını səfərə yola salan analar “Səni Umay Eneye tapşırdım” –  deyirlər. Ulu “Manas” dastanında da Umay Eneye işarə var və o burada da doğuş zamanı qadınların yardımçısı kimi göstərilib.
Umay obrazına tək türk xalqlarının deyil, dünyanın digər xalqlarının mifologiyasında da rast gəlinir. Hind mifologiyasında Umaya yaxın olan Uma adı keçib. Uma Maxadevi “Ana İlahə” adlanan bu mifik obraz da ” ana-ilahə” kateqoriyasına daxildir. Hind mifologiyasının uzmanları belə hesab edirlər ki, bu obrazın başlanğıcı, mənbəyi e.ə. üçüncü minilliyə gedib çıxır. Bu, Hindistanın arilərə qədər olan dövrüdür. Qeyd edək ki, şumerlərdə olan Hamma da bu dövrə aid edilir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.