Ana səhifə BAŞ YAZI UCA KÖNÜLLÜ ADAM, PARLAQ ŞƏXSİYYƏT

UCA KÖNÜLLÜ ADAM, PARLAQ ŞƏXSİYYƏT

Müəllif: Bizim Yazı
40 baxış

Ehtiram İLHAM

Dünya yaxşı adamlarla yaşamalı olur…

İnsan övladı dünyaya göz açandan yaxşı adamların işığına doğru can atıb həmişə. Yaxşı adamların varlığı həyatın nizamını qoruyub, şərin xeyiri, qaranlığın aydınlığı, yalanın doğrunu yenməsinə imkan verməyib. Yarıda qırılan ömürlərin, nakam talelərin, ehtiyac içində həyat sürənlərin ən böyük şanssızlığı zamanında qarşılarına yaxşı adamların çıxmaması olub bəlkə də. Görünür, bu da qəzavü-qədər, alın yazısıdır.

Nə yaxşı ki, dünyada yaxşı adamlar olub.

Nə yaxşı ki, onlar var.

Və olacaqlar!

Yaxşı Adamdan bəhs etmək çox xoşdur.

…Ağzı dualı, sinəsi şeirlə dolu gözəl Anam həmişə bizə – balalarına yaxşı adamlar haqda danışardı. Danışdıqca da nurlu çöhrəsi daha da işıqlanar, həyəcandan sinəsi qabarar, ürəyi atdanardı: -Yaxşı adamlar olmasaydı, dünyanın axırı nejolardı? – sözlərilə söhbətinə nöqtə qoyardı.

Söz ki, gəlib tanıdığı, bildiyi öz el-obasının adamlarına və qohumlarına çatanda cənnətməkan Anam fərəhindən yerə, göyə sığmazdı. Onların haqqında həm də fəxrlə danışardı. Tovuzun Cilovdarlı kəndinin məşhuri-cahan sənətkarları – böyük aşıq Mirzə Bayramovdan, təcnis ustası Ismayıl Sadıqlıdan, bütün ölkədə tanınan ziyalılar Məmmədhəsən Rəhimovdan, İlyas İsmayılovdan, Zakir müəllimdən sevinə-sevinə söhbət açardı. Və ən çox da “Məmmədhəsən əminin oğlu” deyə bəhs etdiyi, o vaxtlar xeyli gənc olsa da respublikada ən savadlı hüquqşünaslardan biri kimi böyük hörmət sahibi olan İlham Rəhimovdan danışardı.

Anam ən çox da evin sonbeşiyi olan mənə İlham Rəhimovu misal çəkər, dünyada yaxşı adam olmaqdan, dürüst, vicdanlı və halal ömür sürməkdən böyük səadətin olmadığından hər dəfə söz açardı. Hələ böyük-böyük zirvələr fəth edəcəyini söylərdi. Heç vaxt da dilindən alqışları əskik olmazdı.

Mən elimin-obamın böyük oğlu, hüquq elmləri doktoru, Azərbaycanımızın dünyaca məşhur şəxsiyyəti, professor İlham Rəhimovu çox illər qabaq beləcə tanıyıb, adıyla qürur duymuşam.

Professor İlham Rəhimov hər şeydən əvvəl böyük bir hüquq alimidir. Postsovet məkanında cinayət hüququ üzrə ən gənc elmləri doktoru olub. Öz fundamental əsərləri ilə hüquq elminə böyük töhfələr verir. Bu nəhəng elmin fəlsəfəsi, islam dinində hüququn mahiyyəti ilə bağlı və hüquqa dair dərin məzmunlu onlarla kitabın müəllifidir. Bu əsərləri ona çox böyük şöhrət və ad-san qazandırıb.

Professor İlham Rəhimov həm də böyük bir xeyriyyəçidir. Ehtiyacı olan insanlara arxa-dayaq, kimsəsizlərin umacaq yeridir. Etdiyi yaxşılıqlar saya-hesaba gəlməz. Yüzlərin, minlərin hayına çatıb, dadına yetsə də, heç vaxt etdiklərini dilə gətirməz, hər cür reklamdan uzaq durar. Görünür, bu da Onun tale qismətidir – aldığı tərbiyə, böyüdüyü mühit, düşdüyü şərait, yüksək elmi, tükənməz savadı, gözəl ətrafı, içindəki millət sevgisi, halallığı, dürüstlüyü Onu həmişə diri və duru saxlayır. Yaxşılıq etməkdən zövq alan, gözəl işlər görməyə can atan, yeniliklər etməkdən usanmayan, uca könlü insanlara sevgiylə dolu, millətinin başını hər yerdə uca edən parlaq bir şəxsiyyətdir İlham müəllim.

Həmişə belə olub. Hər daim belə də qalacaq..

Yanvarın 14 – də bu uca könüllü insanın, parlaq şəxsiyyətin – professor İlham Rəhimovun doğum günüdür.

Qutlu olsun.

Tanrı qorusun!

ADIN YAXŞILIQLA QOŞA ÇƏKİLİR

Allahın xoş günü gəldin dünyaya,

Taleyin ən savab əməli kimi.

Adın yaxşılıqla qoşa çəkilir –

Haqqın, ədalətin təməli kimi.

 

Ünün zirvələrin çatıb tuşuna,

Başın unvan olub tale quşuna.

Bütün gözəlliklər çıxır qarşına –

Xeyirxah işlərin bədəli kimi.

 

Əzəldən yaratmaq, qurmaq acısan,

Adınla millətin şərəf tacısan.

Sınıq könüllərin ehtiyacısan –

Tanrının uzanan var əli kimi.

 

Ruhuna yön verir haqqın gərdişi,

Haqdan gəldiyindən haqdı hər işin.

Bu mübarək günün – hər gözəl yaşın

Gözəldi, ömrün ən gözəli kimi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.