Ana səhifə BAŞ YAZI ÜÇ… İKİ… BİR…

ÜÇ… İKİ… BİR…

Müəllif: Bizim Yazı
556 baxış

DGTYB-nin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirdiyi “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihə çərçivəsində 18 Oktyabr 2014-cü ildə Bakıdakı R.Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənən “Poeziya gecəsi”ndə, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Şəmil Sadiq, Dəyanət Osmanlı, İlqar İlkin, Səlcuk Düzgün və VARİSin (Yolçuyev) daxil olduğu münsiflər heyətinin qərarı ilə gənc şair ELÇİN ASLANGİL (Ucar) III, gənc şair EMİL RASİMOĞLU (Salyan) II,  gənc şair TALEH MANSUR (Qazax) I yerə layiq görüldü. Hər üç gəncimizi qutlayır, yeni yaradıcılıq uğruları diləyirik!

Qalib şairlərin şeirlərini “BİZİMYAZI” oxucusuna sunuruq:

***

Elçin ASLANGİL

TANRI ÜÇÜN

Uzun saçları kimi uzun qara
ayrılıq var
gecələr ayrılıq…
Adamı qara-qara aparan
aydınladan dərvişlədən ayrılıq…
Qız mən İsamı oldum
Musamı oldum
Muhammədmi oldum?
Gördüm özümü yuxuda su üzündə gəzərkən
Gördüm özümü yuxuda dənizləri bölərkən
Gördüm özümü yuxuda xəlvətdəyəm Hirada
Allahdan Allaha
Məndən Mənə…
Allahdan Allaha
Məndən Mənə…
Gəzərkən su üzündə sənə gəlmədimmi qız?
Dənizləri bölərkən sənə gəlmədimmi, qız?
Xəlvətdəykən Hirada səni düşünmədimmi, qız?
Dənizlər gözlərimə ağlayar gözlərimə
Mövlanənin kədəri boyda.
Çimdik-çimdik Tibet… Tibet…
Hər gün məni sənə gətirən ayaq tozum…
Məbədimsən
Xəlvətimsən
Qəlb evimsən.
Səni görən
Səni görən bayılar
Məni görən müjdələnər dərd ilə…
Ha`şa qız ha`şa.
Tövbə edirəm tövbə
gəlmə yuxularıma
Haşa…
Uzun saçları kimi qaranlıq gecələr var
Hər gecədə ayrılıq var
Ölmək var.
Bir də,
Tanrıdan üz çevirmək var
Tanrıdan üz çevirmək var…

*** 

Emil RASİMOĞLU

DƏRDİMDƏN QOVURAM…

Dərdimdən qovuram… çıxardammıram,
Biryolluq özümdən hələ özümü…
“Adam”lıq içində daşıyacağam,
Nə qədər belədən-belə özümü.

Ay səndən qaçdığım Allah adamı,
Neynirdim kirayə tavansiz damı..?
Ovcumda döyünən ürəyə damıb,
Atıram gözümdən çölə özümü…

Günüm bəxt qışında… yaza ta düşməz,
Alnıma elə bir yazı da düşməz…
Billirəm, öldürsəm cəza da düşməz,
Özüm öldürəcəm elə özümü.

*** 

Taleh MANSUR

HƏR QZILAN QƏBRƏ BİR SÖZ BASDIRIN…

Tanrı Qələm çəkər, yazar, yaşadar,
Adamlar əhdini pozar, yaşadar,
Hər kəlmə bir ölü məzar yaşadar,
Hər qazılan qəbrə bir söz basdırın!

Ocaq kövrəlməsin köz qoxusundan,
İnsan sıxılmasın öz qoxusundan;
Torpaq sərxoş olsun söz qoxusundan,
Hər qazılan qəbrə bir söz basdırın!

Haqqın qapısını, tanı, bil, açsın,
Hər qara baş daşı qızılgül açsın!
Məzardan doğulan yovşan dil açsın,
Hər qazılan qəbrə bir söz basdırın,

Gözü çəp olanlar düz ağlasınlar,
Gözlər gözləməsin, göz ağlasınlar.
İnsan ağlayanlar söz ağlasınlar,
Hər qazılan qəbrə bir söz basdırın!

Köçürün sözləri ağ dünyasına,
Ölü dünyasından sağ dünyasına,
Bir-bir qovuşdurun Haqq dünyasına,
Hər qazılan qəbrə bir söz basdırın!

Ay Allah, doğrular düzsüz ölürlər,
Ruhun badəsinə söz süz, ölürlər.
Bütün doğulanlar sözsüz ölürlər,
Hər qazılan qəbrə bir söz basdırın!

Damcı gələn dəniz köçür dünyadan,
Qəliz gəlib, qəliz köçür dünyadan.
Sözlə insan əkiz köçür dünyadan,
Hər qazılan qəbrə bir söz basdırın!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.