Ana səhifə BAŞ YAZI ÜÇ… İKİ… BİR!.. (+ video)

ÜÇ… İKİ… BİR!.. (+ video)

Müəllif: Bizim Yazı
458 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilmiş “Şeir Axşamı”nda münsiflərin qərarı ilə III, II və I yerə layiq görülmüş gənc şairlərin hərəsindən üç şeir seçərək “BizimYAZI” oxucusuna təqdim edirik:

(III yer) Taleh Mansur /1987-cil avqustun 22-də Qazax rayonu Orta Salahlı kəndində doğulub.  AZƏRBAYCAN Univeristetinin məzunudur. DGTYB Yönətim Kurulunun üzvüdür./

DAŞIMIŞAM

Yanaqlarım yorulanda,
Gözümdən yaş daşımışam.
Könlüm eşqə sarılanda,
Qalıb çaşbaş,daşımışam

Yolum düşüb “div elinə”,
Bəxtim keçib div əlinə.
Taleyimin əvvəlinə,
Bir dünya “kaş” daşımışam.

Göy üzündən qopan dərdi,
Gəzib məni tapan dərdi,
Bu dördnala çapan dərdi,
Yavaş-yavaş daşımışam.

Ocaq çatıb dincəlmişəm.
Közə çatıb, dincəlmişəm.
Sanma, yatıb, dincəlmişəm,
Yuxumda daş daşımışam .

İsinmişəm qışa baxıb.
Hey dolmuşam boşa baxıb.
Göz altından qaşa baxıb,
Göz üstə qaş daşımışam.

Qaranlığın başdı şamı,
Başım dəyən “baş daşımı”?
Kürəyimdə baş daşımı,
Çiynimdə baş daşımışam

QORXURAM

Şeytan baxır üzümə,
Mən baxmaqdan qorxuram.
Güzgüdəki əksimə
Oxşamaqdan qorxuram.

Kəs, Əzrayıl, önümü
Zövq alım ver, zülümü…
Gəl, öldürmə ölümü,
Yaşamaqdan qorxuram..!

Məndən göyə səs apar
Günahımı tərs apar;
Ayağımı kəs apar,
Axsamaqdan qorxuram.

Ruhum haqdan, tən haqdan
Beşik haqdan, sin haqdan…
Niyə qorxum mən haqdan?
Mən nahaqdan qorxuram.

ALLAH

Gözlər etməsin əda
Önü Allah göstərir.
İnsan çəkən yola da
Yönü Allah göstərir.

Məni pisdən yaxşıya
Gətirən Allahımdı.
Mən yaradan arzuya
Yetirən Allahımdı.

Tanrı quran dünyanın
Nuru gözümdən böyük..!
Mənim tanrıya sevgim,
“Sevgi” sözümdən böyük.

Tam dediyin bu dünya
Özü Nuhdan qalıqdı.
Mən sevdiyim Allahın
Pisliyi yaxşılıqdı…

***
(II yer) Arzu Hüseyn /1988-ci ildə Qubadlının Həkəri kəndində dünyaya göz açıb.
“İbtidai təhsil müəlliməsi” ixtisasına yiyələnib.
Şeirləri müxtəlif ədəbi dərgilərdə, almanaxlarda, qəzetlərdə dərc olunub./

***
Bütün şeirlərim ayrılıq dadır
Yazası bir sözüm qalmadı artıq.
Biz nəsə yaşadıq,nəsə yaşadıq,
Qısa bir ətəkli, kürəyi açıq.

Biz nəsə yaşadıq, olmadı adı.
Fahişə qadına bənzədi bəzən.
Biz onu min kərə küçəyə atdıq,
Sonra yaxaladıq kimləsə gəzən.

Getdi dodağının boyası gecə,
Şişkin gözlərində doğuldu sabah.
Biz nəsə incitdik elə indicə,
Biz nəsə yaşadıq… -ünvanı günah…

Bürün gödəkcənə soyuyub bahar.
Hisslərin zökəmi sağalmaq bilmir.
Dünən ikimizi gəzdirən yollar,
Bu gün ayagımın altına gəlmir.

Sənsiz yaşamağa alışıram mən.
Xəyalın tavandan gülür üzümə.
İçimdə bir sevgi… can verir bədən,
İçimdə bir sevgi ölür üzülmə…

YAZILDIN

Cümlə-cümlə, sətir-sətir,
Heca-heca yazıldın.
Anlamadım ürəyimə,
Axı necə yazıldın.

Kim pozar ki Tanrı yazan
Bu yazını? – yazıldın.
Gətirərək soyuğunu,
Ayazını, yazıldın.

Ürəyimin ağrısına,
Yara yara  yazıldın.
Namərd kimi can evimdən,
Vura-vura yazıldın.

Günəşimə, işığıma,
Zülmətimə yazıldın.
Neyniyirdim belə qismət?
Qismətimə yazıldın.

Gözlərimin içinə dək,
Dönə-dönə yazıldın.
Bəyaz olub saçıma dək,
Dənə-dənə yazıldın.

Səni  yüklü yaddaşımdan,
Mən sildikcə, yazıldın.
Axıb-axıb göz yaşımnan,
Kiridikcə yazıldın.

İstəmirdim, gözləmirdim
Qəflətimə yazıldın.
Heç olmadın mənə qismət,
Həsrətimə yazıldın…

BÖYÜDÜM

Bu dünyanın namərdi kim, mərdi kim?
Kim çəkəcək dünya boyda dərdi kim?
Yollarıma daş-kəsəyi sərdi kim?
Ayağıma dəyə-dəyə böyüdüm.

Dost dediyim, kələk qurdu arxadan.
Üzdə gülüb, məni vurdu arxadan.
Uşaq qalıb, böyüməzdim ay adam,
Dizlərimə döyə-döyə böyüdüm.

Dünya malı gözlərimdə heçdir, heç.
Səndə çalış tamahını adla , keç.
Mənim kimi haqqı tanı, haqqı seç,
Düz sözümü deyə, deyə böyüdüm.

Taleh mənə qıymadı ki bəxt payı,
Bir işimi qazanmadım havayı.
Kimim oldu tək Allahdan savayı?
Əllərimi tutub göyə böyüdüm.

***
(I yer) Tapdıq Türksoy /Tapdıq Akif oğlu Əhmədov;  30 yanvar 1983-cü ildə Bərdənin Mirzəxan kəndində doğulub. ADPU-nun “Biologiya”, BSU-nun “Yaradıcılıq” fakültələrinin məzunudur. Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsüdür./

UŞAQ SEVGİSİ

Uşaqkən qonşuda bir qız sevərdim,
Evdə söhbət düşdü, yaman utandım.
Qız nişanlım dedi, anam gəlinim,
Məni aldatdılar, mən də inandım.

Bir gün də bu qızı oğlanla gördüm,
Düdilər yarıdır, qəlbim qırıldı.
Uşağın əlindən nə gələrdi ki,
Daş atdım, oğlanın başı yarıldı.

Heyrətdən əllərim üzümdə qaldı,
Yazığın başının qanı dayanmır.
Qız qaçıb oğlanı tez qucaqlqdı:
“Sən Allah toxunma, uşaqdı, qanmır”.

Gecəmi gündüzə qatıb ağladım,
Dediyi sözə bax: “uşaqdı,qanmır”.
Mənə söylədiyi “sevgilim” sözün,
İndi ona deyir… ölmüş utanmır…

İllər ötüb keçdi yel qanadında,
Köhnə yaraların sağaldı yeri.
Günlərin birində onun adında,
Yenə ürəyimə yol tapdı biri.

İşə bax, sevdiyim bu gözəlin də,
Qonşusugildə bir körpə yarı var.
Gözlərim dörd olur küçələrində,
Qorxuram mənim də başım yarılar.

SEVİNC BALAM, DƏRD BALAM

Sanki bir andaca ruhum boğuldu
Bircə baxışla da xata olurmuş.
Sevincim sevdiyim günü doğuldu
Kişilər sevən gün ata olurmuş.

O getdi – sevinci qopardı məndən ,
Yəğışdı dostlarım bu haya gəldi.
Dedilər: “Gözlərin aydın, a Tapdıq,
Şükür ki, dərdin də dünyaya gəldi”.

Sonra da təsəlli verdilər mənə:
-Adıyla böyüsün, Dərddi, – dedilər.
“çox da ürəyinə salma bu dərdi,
Adı Dərd olanlar mərddi ”, – dedilər.

O vaxt dərd bir tifil, körpə uşaqdı,
Dərdimlə yaşadım öz ürəyimdə.
Yetimi axı kim ovundurardı
Atayam, saxladım öz ürəyimdə.

Sevincin həsrəti  – ana günahı,
Ömrümün bəxtimə töhməti oldu.
Dərdimin qeyrəti – ata pənahı
Ömürlük atanın qisməti oldu.

***
Doğudan Batıyacan
uzun və yorucu bir səfər…
Günəş mənzil başına çatmaqdadır
Və sabah yenidən doğmayacağı
ümidi ilə batmaqdadır.
Göydən ümidsizlik yağır
Bir zaman üstündə
minlərlə yarpağı olan
Xan çinarın sonuncu yarpağı
indi onun üçün dözülməz dərəcədə ağırdır.
Və bu ağac
həmin yarpağı saxlamayacaq qədər
aciz və fağırdır.
Bu payız sonuncu payızdır
Göydən ümidsizlik yağır…
Və birdən…
süpürgəçi qız ayağını saxladı,
Yaylığı ilə üzünü gözlərinə qədər bağladı.
Ümidsizlikdən doğan bir günah –
yaylıq arxasından boylanan sabah.
Demək, sabah olacaq.
Ümid!
–   Günəş doğacaq!

***

http://kanal13.tv/?direct=news&id=4223

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.