Ana səhifə BAŞ YAZI Türkmənistan xatirələri

Türkmənistan xatirələri

Müəllif: Bizim Yazı
1. 015 baxış

dos.dr. Şəmil SADİQ

(Yazının birinci bölümü)

Dünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzaran keçirir. Xalqın nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi. Xalqın heç bir dərd-səri yox idi. Su, qaz, işıq, duz, un kimi vacib nemətlər pulsuzdu. Bu xalqın padşahı elan etmişdir ki, biz bitərəf və bəxtiyar bir dövlət olaraq kimsənin toyuğuna kış demirik, kimsə də bizim toyuğumuza kış deməsin. Padşah öz xalqını çox sevərdi. Onların güzaranının yaxşı olması üçün çox vacib qərarlar vermişdi: siqaret çəkmək, axşam saat 11-dən sonra əyləncə mərkəzlərinin işləməsi, mövhümatçılıq, təriqətçilik, sosial şəbəkələrdən istifadə kimi zadlar birmənalı qadağan edilmişdi. Xalqın bu qadağalardan öncələr çox xoşu gəlməsə də, sonralar alışmışdı.

Prezidentin yaxşı əməllərindən biri də o idi ki, ölkəyə xaricilərin tez-tez gəlib getməsinə o qədər də münbit şərait yaratmırdı. Amma israrla gələnlərə yox da deməzdi. Dünyanın yeganə ölkələrindən idi ki, hər yana viza tətbiq edilirdi. Ölkəyə gələn xaricilər isə vətəndaşlardan daha çox pul xərcləməli idi. Məsələn, avtobusa minmək ölkə vətəndaşına bir manat idisə, xaricilərə beş manat idi. Ölkənin vətəndaşları bir-biri ilə evlənsə idilər, başlıq pulu beş min manat, xarici bir oğlan bu ölkədən qız alsa idi, iyirmi min manat başlıq pulu ödəməli idi dövlətə. Qızın ailəsinə isə əlavə.

Padşah ölkəsini sanki cənnətə bənzətmək istəyirdi, hər yeri ağappaq bəzətdirmiş, gül-çiçəyini əksik etməmişdi. Xalqının keçmişini onlara unutdurmamaq üçün bütün tarixi qəhrəmanların heykəllərini şəhərin və ölkənin görünən yerlərində ucaltmışdı. Padşah bir padşah idi ki, gəl görəsən. Haqsızlıq edən məmuru bağışlamaz, haram yeyənlərin günahından keçməz, ahına baxmazdı.

Prezident deyirdi ki, bu illər bərqərar dövlətin bəxtiyarlıq çağlarıdır. Doğrudan da, bəxtiyarlıq çağları idi. Axı onlar hər gün televiziyalarında şit və ət tökən şou verilişlərə baxmır, yol keçəndə belə gözlərini sosial şəbəkədən ayırmamaq kimi məcburiyyətdə qalmır, hər gün xəbərlərdə dünyanın bir ucunda bir itin quyuya düşüb çıxa bilmədiyinə, bir insannın intihar etməsinə, bir-birinin başını kəsən insanlara baxıb ürək ağrılarına məruz qalmırdılar. Gündə yüz dəfə şəhərdəki tıxacdan və səs-küydən baş götürüb qaçmaq üçün özlərinə söz vermirdilər axı.

Amma onların da dərdi vardı. Bəlkə, onların da dərdi özlərinə dəvə idi. Yeganə dərdləri o idi ki, onlara bu cür şərait yaradan, tez-tez onlara sədəqə paylayan prezidentlərini dillərindən salmamalı idilər. Onun bu səxavətinə qarşı şükürlərini az etməməli idilər. Necə ki, Tanrı insana deyir, sənə verdiklərimə görə mənə şükür və ibadət et, eləcə də onlar prezidentlərinə şükür və dua etməli idilər. Bu xoşbəxt insanlar təkcə bundan hərdən narazı idi. Bəziləri isə deyirdi ki, təki ac qalaq, bu şükranlığı etməyək. Amma bunu danışanlar ölkəsinin siyasi proseslərə qarışaraq yerlə-yeksan olmasının, bir-birinin başını kəsən müsəlmanların, xarici qüvvələrin quluna çevrilmiş biznesmenlərin onların qanını sormasının dadını bilmirdilər.

Və dünyadan xəbərsiz 2017-ci ilin Asiya Oyunlarına ev sahibliyinə hazırlaşırdılar.

Günümüzün dünyasından qismən təcrid olunub öz həyatlarını yaşayan bu nağıllar diyarına səyahət etmək mənə də nəsib oldu. Və nağılımı yazmağa başladım…

Dövlət adam üçündür

Çoxdankı arzum idi Orta Asiyaya gəlmək. İlk planlaşdırdığım ölkə Qırğızıstan idi. “OdƏrlər” romanının ikinci hissəsini yazmaq üçün hökmən “Tanrı dağlarının ətəyinə getməliyəm” inancı əl çəkmir məndən. Sanki “Uluların söhbəti” hissəsini orda yazmasam, heç bir mənası olmayacaq. Qismət isə Türkmənistana imiş. X Beynəlxalq Kitab Sərgisində iştirak etməyimiz üçün dəvətin gəlməsi qəfil sevindirici xəbər oldu. Hədəf və Xan Nəşriyyatı olaraq dörd nəfərlik heyətlə yola çıxmağı planlaşdırdıq. Açığı, bura məhz kitab sərgisi üçün yox, qardaşları görmək eşqilə gəldik. Ona görə Hədəfdə işləməyən iki digər vətənpərvər dostumu da heyətə qoşdum: Amil Həsənov, Samir Turan. “Hədəf”-dən isə Elvin Əliyev.

Türkmənistanın siyasəti haqqında azdan-çoxdan eşitmişdik. Hətta viza məsələsinin belə böyük problem olduğunu qeyd edirdilər. Dostlardan biri məsələni o qədər şişirtmişdi ki, ağıl belə qəbul etmirdi. Deyirdi ki, Türkmənistana vizaların hamısına prezident özü qol çəkir. Yəqin ki, ölkə haqqında yaradılan imicin təsirindən idi. Lakin Türkmənistanın Azərbaycandakı konsulu bizi o qədər sevgi və sayğı ilə qarşıladı ki, yaradılmış mifin əsassız olduğunun fərqinə vardıq.

Türkmənistanla aramızda cəmi bir saatlıq hava yolu olmasına baxmayaraq, bizdə bu ölkə haqqında demək olar ki, məlumat yoxdur. Heç onlarda da bizim haqqımızda yetərincə məlumat yoxdur. Düzdür, orta və yaşlı nəsil Sovet dövründən qalan məlumatlara sahibdirlər, lakin gənclik hər iki ölkədə bir-birindən uzaqdır.

Dörd dost gəlişimizi Türk dənizi Xəzər üzərindən gəmi ilə planlaşdırsaq da, gəmilərin çıxma vaxtının dəqiq məlum olmamasından təyyarə ilə gəldik. Amma məlumatınız olsun ki, birbaşa təyyarə reysi də yoxdur. İstanbula gedib ordan gəlmək lazım idi. Bəxtimizdən axtarışlarımız nəticə verdi və Almaniyadan gəlib Bakıda eniş edən bir təyyarəyə bilet tapdıq. Bütün bunlar Türkmənistanla əlaqələrimizin necə olduğunun bariz nümunəsidir. Sözsüz ki, bu tək bizdən asılı deyil, Türkmənistanın siyasətinin nəticəsidir. Hələ biz yaxşıyıq. Özbəkistanla sərhəd olmalarına baxmayaraq, özbəklər Dubaya gedib ordan gəlmişdilər. Türkmənistan qapalı bir ölkə olduğundan yeganə dövlətlərdəndir ki, dünyanın bütün ölkələrinə viza var. Viza da hardasa Şenqen vizası qədər çətin prosedurlardan ibarətdir.

Bunları eşitdikcə, bildikcə ölkəni qınayırdıq. Amma bunun fəlsəfəsi ilə agah olandan sonra, tamamilə doğru qərar olduğunu qəbul etdik. Məhz buna görə də təəssüratlarımı yazmağı düşündüm. Bura gəlməmişdən bir neçə gün öncə İtaliyada idim. Ora haqqında da xatirələrimi yazmağı planlaşdırırdım. Amma sonra düşündüm ki, bu gün Azərbaycanımızda İtaliya haqqında yetərincə məlumatı olan var və istənilən şəxs istədiyi məlumatı almaq imkanına malikdir. Amma eyni qanı daşıyan qardaşımız haqqında bilgimiz bəlkə də, bir neçə söz ilə yekunlaşır: Türkmənistan, türkmənbaşı, Məhtumqulu, neft-qaz, Aşqabad və s.

İmkan daxilində heç nəyi qaçırmadan günlük yaşadıqlarımızı yazmağa çalışacağam ki, bəlkə, azacıq da olsa, maraq yarada bildim sizlərdə…

19 sentyabr

Aşqabad hava limanı ilk baxışdan Naxçıvan hava limanını xatırlatdı. Kiçik və xudmani. “Lufganza” şirkətinin təyyarəsində o qədər yüksək səviyyədə xidmət görmüşdük ki, bir az havalı idik. Lakin hava limanında bunu görə bilmədik. Bizimlə bərabər Urumçudan gələn sərnişinlər pasport qeydiyyatına durmuşdular. Əksəriyyət alverçi olduğu üçün birdən-birə dalğalanma yarandı aeroportda. Hamı tələsir, hamının əlində yekə-yekə alver çantası, hamı qabağa düşmək üçün vurnuxur, növbə anlayışını məhv edirdi. Bunu görəndə 90-cı illərdəki hava limanımızın vəziyyətini xatırlamamaq olmur.

Bu hay-küyün içində gözümə tablolardakı sözlər sataşdı: “Hoş gəldınız”. Bu sözü oxuyanda qürur hissi keçirdim. Düşündüm ki, deyəsən ortaq türkcə formalaşır. Dostlara tez dedim ki, baxın Türkiyə türkcəsində yazılıb. Demək ki, proses başlayıb. Sonra bir az məyus olsam da, sevinc həmən sevinc idi. Bu ifadə məhz Türkməncə idi. Bu daha çox xoş təəssürat yaratdı əlbəttə ki. Yazını oxuyan bu dil hadisələrinə təəccübləndiyim üçün məni qınayıb, axı sən dilçi, ədəbiyyatçısan, burda nə var ki? Məgər bilmirdin ki, türkmənlər Oğuz dil qrupuna daxildir? – deyə bilərlər. Bilirəm, haqlı da qınaq olduğunu qəbul edirəm. Amma Türkiyədən sonra ikinci ölkə idi ki, məni öz dilimdə qarşılayırdı. Və mən bunu sadəcə nəzəri şəkildə bilirdim. Amma praktikada görməmişdim. Ona görə də bu cür məqamlarda başa düşməyinizi xahiş edirəm.

Aeroportun içində pul dəyişmə məntəqəsinə yaxınlaşdıq. Məntəqədə oturan xanımlar sanki bizi görmürdülər. Dolları uzadırdıq ki, yandan bir türkmən qardaş dedi: mən dəyişə bilərəm. Biz məntəqədə dəyişməyə cəhd etsək də, sanki qızlar görməməzliyə vurub bizi bu qara bazar nümayəndəsinə yönləndirdi. Onda anladım ki, məntəqələr dövlətə məxsusdur. Və Şərqin düşüncə tərzində dəyişilməsi vacib olan məqamlar daha çoxdur, digər tərəfdən də bütün MDB ölkələrindəki problem burda da var.

Bizi qarşılayan turizm şirkətinin nümayəndəsini tapdıq. Ata yurdumuzun havasını ciyərlərimizə çəkmək üçün çölə çıxmağa tələsirdik. Aeroportun qabağına çıxan kimi taksi sürücüləri onlarla getməyi təklif etdilər. Etinasız keçdiyimizi gördükləri zaman “Qardaş, arvad da var” deyib cəlb etməyə çalışırdılar. Nəsə… bir kənara keçib təmiz havanı siqaretlə çirkləndirmək istəyirdik ki, həmin taksi sürücüsü daha mərhəmətli addım atıb bizə izah etdi ki, burda siqaret çəkmək olmaz, polis sizi cərimə edər. Bu mözuya bir də qayıtmayacağım üçün deyim ki, Türkmənistanda küçədə siqaret çəkmək qadağandır. Sadəcə bəzi yerlərdə ola bilər. Avropadakı kimi hər yerdə siqaret də satılmır. Müşahidəmdən belə məlum oldu ki, burda çox az adam siqaret çəkir. Deyilənlərə görə, 2017-ci ildən bütün türkmənlərə siqaret çəkmək qadağan ediləcək.

Gecə saatlarında Ağ şəhəri – Aşqabadı seyr edib heyrətlənə-heyrətlənə otelə gedirik. Hər yer ağ gəlinlər kimi bəzənib. Çox unikal bir şəhərdir. Mən Şərq üslubunda tarixi bir yer gözləyirdim. Amma tamamən başqa bir mənzərə ilə qarşılaşdıq. Əvvəl inanmadıq ki, bu görünən ağ mənzərə mərmərdəndir. Təcrübəmiz bizə bunların “alkopan” olduğunu deyirdi. Soruşduq və öyrəndik ki, təbii ağ mərmər imiş. Hətta yön işıqları (işıqfor) da ağappaq görünürdü. Gümüşü rəngdə idi. Ümumiyyətlə, şəhərdə üç rəng görmək olardı, ağ fonun üzərində gümüşü və qızıl rəng. Yaşıllıq isə sanki bu rənglər arasında keçid rolunu oynayırdı. Bizi prezidentin şüarları müşayiət edirdi hər yerdə: dövlət adam üçündür və Bərqarar dövlətimizin bəxtiyarlıq dövrü. Bu cümlələr demək olar ki, bütün çıxışlarda, televiziya proqramlarında, bir sözlə bütün tədbirlərdə səslənirdi.

Şütüyən maşının pənəcərələrindən oxuyuruq: Sevda mərkəzi (Alış-veriş mərkəzləri), Dərmanhana Yovşan, Matahlar dükanı (gəlin paltarları satılan dükan), Türkmən Halısının muzeyi və s… Söz o qədər doğma, o qədər şirin gəlir ki, az qala uşaq kimi sevinirik. Amil müəllimin “İnşaallah Turan elləri bir gün bir olub, dünyaya səs salar” kimi alqışları isə təbəssüm yaratmaya bilmirdi. Beləcə Ağ Altun otelinə gəldik. Sadə, milli ornamentlərlə bəzədilmiş bir otel idi. Bizdə bu cür fikir formalaşmışdı ki, türkməncə danışan çox azdır. Lakin ilk qarşılaşdığımız anda biz “zdrasti” dediyimizdə bizə salam dedilər. Şəxsən mənim ruscam çox zəifdir. Özümü əziyyətə salıb rusca əlaqə qurmaqdansa, öz ana dilimizdə danışmağa üstünlük verdim. Qısa müddətdə çox rahat bir-birimizlə əlaqə qurur, bir-birimizi anlayırdıq.

Səhəri gün, yəni 20-si bizə təhkim olunan şəxs gəldi ki, bizi sərgi mərkəzinə aparsın. Sərgi mərkəzi məhz türkməncədə də belə idi. Arxamızca gələn qadının türkmən olmadığının fərqinə varıb tez hansı millətdən olduğunu soruşduq. Əvvəl rusam dedi. Amma ədaları, baxışları, rəftarı sanki şübhə doğururdu. Lakin maksimum gülərüz olması, əlindən gəldiyi qədər qayğımıza qalmaq cəhdi bunların hamısını ört-bastır edirdi. Sonuncu gün bizdən öncə burda olmuş bir azərbaycanlıdan öyrəndik ki, sən demə bu Qalina erməni imiş. Elə bu zaman adam özünü Çində bilmədən qurbağa yemiş kimi hiss etdi. Amma dadı pis olmasa da, az qala ürəyimiz boğazımızdan gəldi. Təşkilatçıların bu hərəkətini bəyənməsək də, başa düşməyə çalışdıq. Çünki o qadın tək bizə yox, bir neçə millətin nümayəndəsinə təhkim edilmişdi.

Gətirdiyimiz kitablarımızı bizə ayrılan stendə yığdıq. Bayraqlarımızla bəzədik. Bizimlə yan-yana AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Aygün və Şərafət xanımgilin də stendləri vardı. Elə ilk gündən isti münasibətlər yarandı. Hətta qarşılıqlı yardımlaşdıq da.

Sərgi çox yüksək səviyyədə təşkil edilmişdi. Deyərdim ki, MDB ölkələrində keçirilən sərgilərdən heç nəyi ilə geri qalmırdı. Açılış günü Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovun iştirakçılara müraciəti oxundu, konfransın plenar iclası keçirildi.

Sərgiyə maraq da ürəkaçan idi. Bizdəkilərdən fərqli olaraq bütün universitet tələbələrinin gəlişi təşkil edilmişdi. Hətta kitabxanaçılıq fakültəsinin tələbələrindən xarici ölkə stendlərinə yardım üçün bir nəfər nümayəndə ayrılmışdı. Həmişəki kimi yenə də biz səxavətli idik. Gətirdiyimiz kitablardan, hədiyyələrdən gənclərə verir, ölkəmiz haqqında danışırdıq. Türkmənistan Respublikasının Mədəniyyət Naziri, Təhsil Naziri bütün stendlərə baş çəkdi. Bizim stenddə də ayaq saxlayıb, kitablarımız ilə maraqlandı. Təhsil Nazirinin diqqətini uşaqlar üçün hazırladığımız Dədə Qorqud layihəsi çəkdi. Hədiyyələrimizdən təqdim edib şəkil çəkdirdik. Bu ərəfədə Azərbaycanın Türkmənistandakı Səlahiyyətli Səfiri Vahab Abbaszadə də gəldi. Səfirimizin yad adamlar kimi gəlişi və sakitcə də gedişi əlbbəttə ki, təəssüf doğurur. Dilimizlə desək də ki, vaxtınız olsa görüşünüzə gələk, kitab hədiyyələrimizdən səfirliyimizə verək, səfirin ondan sonrakı sükutu və bir daha gözə görünməməsi heç də yaxşı deyil, məncə. Düşünürəm ki, bu cür münasibət bir səfirə heç də yaraşan hal deyil. Könül istərdi ki, daha yaxşı münasibət görək və ağız dolusu danışaq, amma nə etmək olar….

Sərgidə Rusiyanın ağırlığı yetərincə idi. Xeyli nəşriyyat və elm adamları iştirak edirdi. Gözüm Türkiyəni axtardı. Amma Türkiyədən heç bir səs-səda yox idi. Bircə “Çıraq” adlı bir nəşriyyat var idi ki, onun da fəaliyyəti yox idi. İran belə bir neçə nəşriyyatla çıxış etdiyi halda, Türkiyənin bu soyuq münasibətinin səbəbini anlamaq mümkün deyil. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan öz durumuna və gücünə görə layiqincə iştirak edirdi. Bu bir daha sübut etdi ki, Türkiyəmiz üzünü Orta Asiyadan çevirib, gözü sadəcə ərəbləri görür. Bu isə hamımızın ümidlərinin suya düşməsi deməkdir. Çünki türkmən gənclərinin xeyli hissəsi türkcəni bilir və bizimlə ünsiyyətdə sevə-sevə türkcə danışırdılar. Bu cür mədəni əlaqələr türk xalqlarının bir-birini yaxından tanımasının ən yaxşı vasitəsidir. Diqqət çəkən məqam isə başqırdların, İran ərazisində yaşayan türkmən nəşriyyatlarının aktiv iştirakı idi.

Sərginin açılış günü bizi Türkmənistan Müstəqillik abidəsinə gül qoymağa apardılar. Gördüyümüz mənzərə heyrətləndirici idi. Böyük türk hökmdarlarının, sərkərdələrinin, övliyalarının nəhəng heykəlləri olan bu geniş meydanda Qara Yusifin, Uzun Həsənin şəninə ucaldılmış böyük abidələr adamı düşündürməyə bilmir. “Axı məhz bu şəxsiyyətlərə niyə biz soyuq münasibət göstərmişik?” – sualını verirsən özünə. Türkmən qardaşların bunu etməsi çox xoşdur. Onlar demiş, biz hamımız bir zamanlar buralardan getmişik. Onların bizdən fərqli olaraq Ana Yurd yox, Ata Yurd demələrində də bir ayrı hikmət var. 3-5 metr hündürlüyündə olan açıq səma altında qılınc və kitabla göylərə ucalmış böyük türk qaziləri adamın ruhunu coşdurur. Səkkiz güşəli (Türkmənistanda bu məbədi səkkiz ayaq adlandırırlar) möhtəşəm abidənin dörd tərəfində və hərəsində də üç heykəl var. Ərtoğrul Qazi, Səlcuq bəy, Dədə Qorqud, Məhtimqulu, Uzun Həsən, Qara Yusif, Sultan Səncər, Oğuz Xan, Alp Arslan, Məlik Şah, Koroğlu kimi böyük türk insanlarının göyə ucalan bu tunc abidələri bir növ türkün əzəmətini göstərir. Bu tip heykəlləri, adətən, Avropa şəhərlərində görüb nəhəngliyinin xofunu yaşayırdıq. Bunları görə-görə böyüyən uşaqlar və gənc nəsil əlbəttə ki, öz keçmişini qürurula anacaq və böyüklüyünü dərk edəcəkdir. Bir tərəfdə şəhərin füsunkar gecəsində mirvari kimi parıldayan binalar, bir tərəfində göylərə ucalan Konstitusiya binasının işıqları sərin hava ilə adamın ürəyinə cəsarət suyu səpir sanki. Bu abidələrə iki dəfə baxmağa getdik. Nə gözümüz doyurdu, nə də ruhumuz. Gündüz bir başqa gözəllik, axşam bir başqa gözəllik idi.

Ümumiyyətlə Aşqabadı heykəllər şəhəri də adlandırmaq olar. Avropa ölkələrində gördüyümüz kimi burda da böyüklüyün rəmzi olan göylərə ucalan sərkərdə və övliya heykəlləri qürur hissi keçirmək üçün ən yaxşı nümunədir. Demək olar ki, şəhərin hər yerində At üstündə Oğuz və Səlcuq sərkərdələrini görürsən. Düzdür Teymurləngi görə bilmədim. Bəlkə də var idi. Səbəbini soruşmağa da uyğun bir şəxs və ya məqam olmadı. Bir heykəllər şəhərciyinə isə İlham parkı başçılıq edir. Sayını bilmədim, bəlkə də, yüzdən çox büst bütün park boyu səni müşayiət edirdi. Nəsiminin və Füzulinin də heykəllərinin yer aldığı bu park özünü tanımaq adına böyük hadisə idi.

Üç gün keçən sərgi boyunca fərqli insanlarla tanışlıq, söhbətlər zövq verirdi. Tələbələrin maraqlı sualları, ünsiyyətə girməsi ürəyimizi açırdı. Amma bir tələbənin “mən Azərbaycan musiqisini sevirəm, Üzeyiri dinləyirəm” deməsi ona dahi şəxsiyyətimiz Üzeyir Hacıbəyov haqqında əlavə məlumat verməyimizə səbəb oldu. Bir də xatırladım ki, heç bir xarici dildən istifadə etmirdik. Artıq asta-asta danışır, müsahiblərimizin də asta danışmalarını istəyir və belə hər şeyi aydın başa düşürdük. Bizi bir az dinləyən gəncin “onun “Mənə gəl, mən gəl” mahnısını çox sevirəm” deməsi əhvalımızı təlx etdi. Demək ki, dərd hər yerdə dərd, xəstəlik hər yerdə xəstəlik imiş. Daha nə deyəsən etika naminə yüngülcə vəziyyəti izah etdik və ayrıldıq.

Maraqlı məqamlardan biri də bir qadının israrla Bəxtiyar Vahabzadənin şeirlərini istəməsi oldu. Biz satmırıq dedikcə, o israrla mübarizə aparırdı. Danışıqlar rus dilində idi. Qadın da türkmən deyildi. Əvvəl azərbaycanlı olduğunu zənn etdik. Dedi ərim xəstədir, ona hərdən Azərbaycanca şeirlər oxuyuram. Azərbaycanlısan? Sualımız havadan asılı qaldı. Dəfələrlə soruşmağımıza baxmayaraq bir cavab ala bilmir, söhbəti yayındırırdı. Birdən necə oldusa, qadın özündən xəbərsiz təmiz azərbaycanca danışdı. Əlbbəttə ki, bu hadisə bizi daha da çılğınlaşdırdı. Onun azərbaycanlı olmağını etiraf etmədiyi idi bu çılğınlığın səbəbi. Kitabı ona vermək üçün bir az yumşalmışdıq ki, bu hərəkət sərtləşdirdi münasibəti. Yox dedik. Sonra isə bizə məlum oldu ki, o qadın erməni, əri isə azərbaycanlıdır. Bakıda yaşayıblar uzun müddət. Məlum hadisələrdən sonra burada məskunlaşıblar. Bir insan taleyinin faciəsini gördüm sanki. Kimlərinsə hərisliyinin sevgiləri həsrətə, kədərə, faciəyə çevirməsi qan dondururdu. Heç bir halda azərbaycanlı kişini qınamadım nədənsə. Bu gerçəkliyin ən açıq təcəssümü idi…

Sərginin açılışı günü Türkmənistan Prezidenti Qurbanqulu Behdiməmmədovun şərəfinə sədəqə – yəni ehsan verildi. Bütün sərgi iştirakçıları dəvətli idi bu ehsana. Yemək mədəniyyəti və mətbəx haqqında sonra danışacağımdan bu haqda geniş danışmağı düşünmürəm bu məqamda. Əsas odur ki, iştahla yedik və işimizə davam etdik.

Sərginin ikinci günü bizi İlham parkına apardılar. Kiçik bir konsert oldu. Açıq havada türkmən gənclərinin ifaları, xalq şairlərinin, qonaqların çıxışları heyəti bir-birinə bir az da isnişdirdi. Xalqa Şairi Atacan Taqanın Səməd Vurğunun “Nə tez qocaldın, şair” şeirini şövqlə səsləndirməsi əlbəttə ki, bizi məmnun etdi. Səməd Vurğunu bir şəxsiyyət olaraq o qədər də bəyənməsəm də, bir şair kimi böyük hörmətim var. Şeir də gözəl şeirdi. Bu məqamda dostum, Səməd Vurğunun ən böyük sevdalısı Yusif Ali Afşar yadıma düşdü və şeiri videoya çəkdim. Sonra isə mən mikrofona dəvət edildim. Özbək, Qazax, Qırğız, Başqırd dostlarımızın rusca çıxışından sonra mənim Azərbaycanca çıxışım böyük maraq doğurdu. Uzun illərdir qəlbimdə yığışıb qalan arzu və istəklərimin kiçik bir hissəsini səsləndirdim. Türkmən qızlarının gözündəki təbəssüm adamı daha da həvəsləndirirdi. Açıq səma, yaşıl park, uluların büstü, ruhunu tanıdığın və yüz illər bundan öncə ayrıldığın doğmalarının həsrəti vüsal yağışına çevrilmişdi.İlham parkı isə ilham verirdi adama. Necə ilhamlandımsa Picture15“Uçasan özündən özünə doğru” şeirimi səsləndirdim. Yerimə təzəcə oturmuşdum ki, Qırğızıstandan gələn naşir xanım “Ən yaxşı sən danışdın” dedi. Düzdür, bu məqamda hamı bu etik fikri söyləyə bilir. Amma bir az öncə rusca danışmış bir xanımın türkcəmizcə bu sözü deməsi məni arxayın saldı ki, deyəsən hədəfi vura bilmişəm. Ardınca Türkmənistanın Xalq Şairi Gözəl Şaqulyayevanın və Atacan Tuqanovun şeirlərini mənə verməsi və Azərbaycanda çap edilməsini xahiş etmələri də sevindirici hal idi. Atacan Tuqan, sən demə, Anarı, Fikrət Qocanı yaxşı tanıyır və xeyli maraqlı günlər yaşadıqları söhbətimizdən məlum oldu. Salamlarını göndərdilər. Hətta Atacan bəy dedi ki, Fikrət Qoca həmişə mənə Burun deyir. Bir gün dedim ki, ay Fikrət sənin də burnun balaca deyil haaaa..

Hazırda altı gün bizə yüksək xidmət göstərən Ağ Altun otelinin foyesində personalın Gədəbəy ləhcəsini xatırladan səslərini dinləyə-dinləyə yazıram xatirələrimi. Gecə saat 01:45-dir.

Sonuncu gün – 23 sentyabr günortaya qədər stendimizin yanında olduq. Yenə hədiyyələrimizi, bəzi kitablarımızı gənclərə verdik. Bu ərəfədə “Dünya Ədəbiyyatı” jurnalının təşkil etdiyi “Türk xalqlarının ədəbi əlaqələri” adlı konfransda iştirak etdim və çıxışımı səsləndirdim. Tədbir yetərincə zəngin və maraqlı keçdi. Yeni tanışlıqlar və əməkdaşlıqlar oldu. Çıxışımdan sonra Nəsiminin, Nizaminin, Füzulinin, Hüseyn Cavidin, İsa Muğannanın kiçik portretlərini türkmən şair və yazıçılarına hədiyyə etdim.

Günorta bizi yeməyə gətirdilər və döndüyümzdə sərgi mərkəzinin sanki yerlə-yeksan olduğunu gördük. Bütün stendlər boşalmışdı. Lələ köçmüş, yurdu boş idi. Gətirdiyimiz kitabları onsuz da dövlət kitabxanasına verəcəkdik. Lakin özümüzün yığıb verməsi bir başqa zövq olardı. Xeyli təəssüf hissi keçirdik. Nə etmək olardı. Qayda belə imiş. Bayraqlarımızdan beş-on dənəsini yeşiklərdə görən kimi götürdük. Bizi bağlanış mərasiminə apardılar. Böyük zal və bütün qonaqlar. Protokolda Rusiyalı naşirlər və təşkilatçılar oturmuşdu. Sərginin və konfransın dəyərləndirilməsi oldu. Əsas məqam gəlmişdi. Nominasiyaların təqdimatı. Müşfiq Xan 5 kitabımızı öncədən nominasiyalara təqdim etmişdi. Həyəcanla gözləyirdik. Sanki əmin idik ki, bizim də yerimiz olacaq bu mükafatlarda.

Bir həftə öncə Azərbaycandakı Beynəlxalq Kitab Sərgisində “XAN” nəşriyyatımız ilin nəşriyyatı seçilmişdi. Bunun sevinci ilə gəlmişdim buraya həm də. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırladığımız “Azərbaycan ədəbiyyatını dünyaya tanıdaq” layihəmizə görə “Ən yaxşı çap məhsulu” nominasiyası ilə sərginin ikincisi olduq. Bu mükafatı xarici bir ölkədə almağın zövqünü zəhmətin dadını bilənlər bilər sadəcə.Sonra isə Hədəf Nəşrlərinin adı ikinci dəfə səsləndi. Müşfiq Xanın müəllifi olduğu “Biologiya” vəsaiti ikinci ən yaxşı dərs vəsaiti olmuşdu. Elvin Əliyev özünəməxsus hərəkətlə mükafatı almağa getdi, əlində isə Azərbaycan bayrağı. Zalda bayrağa görə xüsusi bir alqış sədaları eşitdik. Bizdən başqa Şərq-Qərb Nəşriyyatı da iki nominasiya üzrə mukafat almışdı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.