Ana səhifə BAŞ YAZI Türk Dünyası Milli Mücadilə tarixində iki önəmli ad

Türk Dünyası Milli Mücadilə tarixində iki önəmli ad

Müəllif: Bizim Yazı
121 baxış

Fərrux RƏHİMOV (Fərrux Məhəmməd oğlu Rəhimov; 28.08.1989-cu ildə Ağcabədinin  Pərioğullar kəndində doğulub. 2007-ci ildə Gəncə Dövlət Universitetinin “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. 2012-ci ildə universiteti bitirərək, Azərbaycan Dövlət Aqrar Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisasına magistratura pilləsinə qəbul edilib. Hər iki ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.)

ALİXAN BÖKEYXANOV

Türküstan – Asiya qitəsində yerləşən, “Türklərin yurdu” anlamına gələn böyük bir ölkə… – Sahəsi 6 milyon kv. kilometr civarında olan Türküstan Dövləti, ay-ulduzlu göy bayrağa sahib, öz himni olan, öz Milli Məclisi və dövlət orqanlarına malik müstəqil bir respublika idi. Xəzər dənizindən Çinə qədər uzanan Türküstan; Batı Türküstan, Doğu Türküstan, Əfqan yaxud Güney Türküstan, habelə “İran Türküstanı” olmaq üzrə dörd bölüm halında araşdırılır. Mustafa ÇokayTarix boyu Çin, İran və Çar Rusiyası kimi dövlətlərin müdaxilələrinə sinə gərən türklər Türküstanın müstəqillik mübarizəsini həyata keçirmək məqsədi ilə “Alaşın oğullarıyıq!” çağrışı (şüarı) altında Daşkənddə Milli Türküstan Konqresi təşkil edərək, soylu ailələrdən gələn Qazax və Qırğız əsilli öndərləri “Alaş” adı altında birləşdirmişdilər. Bu hərəkata Qazax və Qırğız intellektuallar də qatılmışdı. Daha sonra adı çəkilən hərəkat geniş xalq kütlələri tərəfindən mənimsənilmişdi. Türküstanın milliyyətçi aydınları ilk aşamada bəzi üzüntüləri praktik şəkildə, tez bir zamanda necə çözə biləcəklərini müxtəlif konqreslərdə uzun-uzadı müzakirə edirdi… Bu aydınlardan biri də Qazaxıstan tarixindəki ilk siyasi partiya – Alaş Partiyasının qurucusu Alixan Bökeyhanov olmuşdur.
Alixan Nurmuhamməd oğlu Bökeyhanov 1870-ci ildə Semey vilayətinin Qarqaralı rayonu, Tokıran kəndində, indiki Qarağandı bölgəsi, Ağtoğay rayonunda doğulmuşdur. Soyu – Çingiz Xanın böyük oğlu Törə boyuna mənsub Joşı xandan olan Alixan Bökeyhanov, Qazax xalqının həyatında önəmli yeri olan alim, həmçinin qazaxların ilk siyasi partiyasının, eləcə də AlaşOrda hökumətinin başçısı olmuşdur.
Ailəsi Qarqarlı şəhərinə köçdükdən sonra 9 yaşlı Alixan təhsil almaq üçün yerli mollaxanaya göndərilir… ancaq o, burada təhsil almaqdansa şəhərdəki orta məktəbdə oxumağın daha yararlı olacağını düşünərək, şəhərdəki 3 illik orta məktəbə öz istəyiylə qeyd olunur. Ombı şəhərində texniki məktəbi bitirdikdən sonra Dala General – Quber¬nator ofisinin təklifiylə və Qazax Birlik Vəqfinin 200 som təqaüdünün alıb, Rusiyanın (o vaxtkı) paytaxtı Sankt Peterburqa gedir və orada Meşə Fermer İnstitutuna yazılır. Alixan orada dərslərdən əlavə tələbələrin təşkil etdiyi siyasi, ədəbi, iqtisadi və başqa da birliklərə də qatılaraq müzakirələrdə iştirak edir. Neçə yüzillik Rusiya müstəm¬lə¬kəçiliyində olan Qazax xalqının durumunun ona çox pis təsir etdiyinə görə qaranlıq və cəhalət içərisində olan Qazax xalqının təhsil alması və modernləşməsi lazım olduğunu anlayan Alixan, xalqın həyat səviyyəsini, mədəniyyətini, təhsilini inkişaf etdirməyi özünə hədəf olaraq seçir.
1917-ci ildə fevral inqilabı nəticəsində Çar Rusiyasının dağılması Orta Asiyada milli dövlətlər qurma ümidini doğurmuşdu. Qazax ziyalı və siyasətçilərinin öndə gələn simaları o cümlədən 1913-ci ildən bəri “Qazax” adlı bir qəzet yayımlayaraq xalqı milli oyanışa sövq etməkdə olan Alixan Bökeyhanov, Əhməd Baytursunov və Mir Yaqub Duvlatov kimi Qazax ziyalıları bu fürsəti qiymətləndirərək Çar Rusiyası yerində qurulacaq olan yeni demokratik Rusiya Federasiyasının içində milli muxtariyyət qurma işlərinə başlamışdılar. Və beləcə “Qazax Alaş” Siyasi hərəkati ortaya çıxmışdır. Bu hərəkat nəticəsində 1917-ci ilin sonunda Orenburq şəhərində Qazax muxtariyyəti elan edildi. Həmçinin, Alaş lideri Alixan Bökeyhanovun Alaş Hərəkatından nümayəndəsi olaraq göndərdiyi Mustafa Çokay və yoldaşlarının fəaliyyətləri ilə güneydə Hokand şəhərində Qazax-Özbək siyasi formasiyası olan Türküstan muxtariyyəti elan edildi. Amma çox keçmədən zəfər qazanan Bolşeviklər Qazax muxtar Respublikasının varlığına son qoyub, başçılarını sürgün edirlər. A.Bökeyhanov Moskvaya sürgün edilir. Orda 10 il ev həbsində qalan Alixan 1937-ci ilin avqust ayında böhtan atılaraq həbs olunub ölüm cəzasına məhkum edilir.
Ömrünü ən böyük hədəfi olan xalqının azadlığı, aydın gələcəyi uğrunda fəaliyyətlərə həsr edən Alixan, həyatının sonuna qədər bu hədəf yolunda səylərdən əl çəkməmişdir. O – Rusiya yerli və şəhərli aydınlarının nümayəndəsi, Rusiyanın I Dövlət Dumasının və müsəlman xalqlarının Millət vəkili, IV Dövlət Dumasının Müsəlman camaatının nümayəndəsi, alim ( – meşə araşdırmaçısı, iqtisadçı, kənd təsərrüfatı mütəxəssisi, tarixçi, etnoqraf, ədəbiyyatçı, çevirmən və jurnalist…) olaraq da Qazax xalqının siyasi, mədəni və ruhani tarixində önəmli iz buraxan böyük bir insan olmuşdur.

Qaynaqlar:
1.TOĞISBAYEV B., SUJİKOVA, “Tarixi Tulğalar”, Almatı nəşriyyatı, Almatı, 2009
2.Lazzat BAZARBAYEVA, “Qazax Milli Mübarizləri” kurs işi Niğde Universiteti, Niğde 2014
3.Abdulvahap KARA, “Qazaxıstan Müstəqillik tarixinin dönüş nöqtələrini Meydana gətirən Liderlər: Kenesarı xan, Mustafa Çokay və Nursultan Nazarbayev” – 27 May 2013 İstanbul Universiteti Tarix Araşdırma Mərkəzinin təşkil etdiyi Tarix Boyunca Lider və Liderlik Anlayışı seminarına təqdim edilmiş məruzə. 

***

MUSTAFA ÇOKAY

Elm adamı, Qazax xalqının öndərlərindən biri olan Mustafa Çokay 1890-cı ildə Akmeşit (indiki Qızılorda) şəhərində doğulmuşdur. ÜnlÜ Torğay sultanın nəvəsi, Ər Çokayın oğludur. Dayıları isə Hivadakı Qazax xanlarının boyundan olmuşdur.
Mustafa ibtidai təhsilini doğulduğu kənddə ana-atasında almış, sonra Daşkənd Rus Liseyi və Peterburq Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1912-ci ildə Türk-Balkan savaşı başlayanda, O, Türkiyə tərəfdən savaşa qatılmışdır. Mustafa Çokay eyni zamanda Dövlət Dumasının Müsəlman fraksiyasının Siyasi Bürosunda Türküstandan yeganə millət vəkili idi. 1916-cı ildə Dumaya etiraz edən qazaxların hərəkatlarını istintaq komissiyası qurulması haqqındakı qərarda M.Çokayın özəl yeri var idi. Eyni zamanda Çokay qurultay konfransında “Türküstan Xalqlarının hüquqlarını qoruma” komissiyasının direktoru idi.
Rusiyada ünlü 23 Fevral 1917-ci il (Yuli təqviminə görə) inqilabından sonra müvəqqəti hökuməti idarə edən Aleksandr Fedoroviç Kerenski M.Çokaya nazirlik təklif etsə də, o bu təklifi qəbul etməmişdir.
1917-ci ilin fevral inqilabı M.Çokay və tərəfdaşları Türküstanda bütün Türküstan federasiyası üzvləri ilə birgə milli muxtar respublika qurulmasına nail oldular… amma Rusiyada hakimiyyətdə olan müvəqqəti hökumət Türküstan xalqının özünüidarə etməyinə izn vermədi.
1917-ci ilin mart ayında Mustafa Daşkənddəki Müsəlmanlar Konqresində qurulmuş olan Müsəlmanlar Mərkəzini idarə etmişdir. Müsəlman Mərkəzində olan insanlar da muxtariyyət qurmaq üçün hazırlıq görürdülər. 1917-ci ilin oktyabr inqilabını Türküstan xalqı sevinclə qarşıladı, amma təəssüf ki, bu sevinc qısa sürdü – Sovetlər Birliyi quruldu və bu birlik Türküstanın muxtariyyətini qəbul etmədi…
1917-ci ildə Xaqan şəhərində (indiki Özbəkistan Respublikası ərazisində) bütün siyasi partiyalar və siyasi hərəkatların qatıldığı Türküstan Konqresi toplandı. Orada Xaqan Muxtariyyəti elan edildi və dövlət başçısı olaraq Mustafa Çokay seçildi. Həmin ilin dekabr ayında silahlı əsgər dəstələri və Qızıl ordu Xaqan şəhərini ələ keçirdi… Bundan sonra Gürcüstana gedən M.Çokay orada gürcülərin demokratiya uğrunda ke¬çirdikləri etiraz aksiyalarının fəallarından oldu…
1920-ci ildə Qızıl ordu Gürcüstana girəndə Çokay Türkiyəyə və oradan da Berlinə keçdi, daha sonra isə Fransaya köçdü.
Mühacir ikən Çokay Türküstan ilə əlaqəli qəzet və jurnallar nəşr etməyə başlayır. O qəzet və jurnallar İstanbul, Paris, Berlin, London və Varşava kimi şəhərlərdə çıxırdı. O, “Yeni Türküstan” və “Gənc Türküstan” jurnallarını İstanbul və Berlində yayım¬ladırdı. “Böyük Vətən Müharibəsi” başlayanda Çokay həbs edildi və Parisdəki əsir düşərgəsinə göndərildi. Oradan iki həftə sonra çıxardılaraq öncə Almaniyaya, sonra Polşa və nəhayət Ukraynaya aparılaraq, oradakı əsirlərlə görüşdürüldü.
Çar Rusiyası və Sovet işğalı altında olan Türk xalqlarının birliyini müdafiə etməsi ilə tanınan Mustafa Çokay 1941-ci il 27 dekabr tarixində Berlində vəfat etmişdir.
Orta Asiya xalqlarının və özəlliklə Qazax xalqının tarixində önəmli yer tutan, türkcə, ingiliscə, fransızca, almanca, ərəbcə çox gözəl danışa bilən Mustafa Çokay yaşamı boyunca Orta Asiya xalqlarının birliyi uğrunda mübarizə aparmış və bu yolda canını fəda etmişdir. Ruhu şad olsun!

Qaynaq:
TOĞISBAYEV B., SUJİKOV A, “Tarixi Tulğalar”, Almatı Basım Evi, Almatı, 2009 (Qazax türkcəsindən Türkiyə türkcəsinə çevirən Lazzat Bazarbayeva).

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.