Ana səhifə BAŞ YAZI Türk Dünyası ədəbi birlikləri arasında protokol imzalandı

Türk Dünyası ədəbi birlikləri arasında protokol imzalandı

Müəllif: Bizim Yazı
708 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində noyabrın 27-dən dekabrın 1-inədək müxtəlif türk ölkə və topluluqlarını təmsilən bir qrup gənc şair və yazıçı respublikamızda səfərdə oldu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihə çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Çuvaşıstan, QaqauzYeri (Moldova), İraq (Türkmaneli), Rusiya paytaxtı Moskvadan təşrif buyurmuş gənc yazarlar Azərbaycanlı həmkarları ilə tanış olmaqla yanaşı, bir sıra önəmli görüş və müzakirələrdə iştirak etdilər.
Azərbaycan paytaxtına ayın 27-də gələn türksoylu ölkə və topluluq təmsilçiləri bugün ərzində həm proqramla, həm də bir-birləri ilə tanış olmaq fürsəti əldə etdilər. Həmçinin onlardan bir qrupu AYB-nin NATAVAN Klubunda tanınmış şair-publisist Osman Başın (Türkiyə) “Xarı Bülbül” kitabının tanıtım və imza törəninə qatıldı. Günün sonunda isə ATXƏM qonaqların şərəfinə ziyafət verdi.

Rəsmi proqram ayın 28-dən start götürdü. İlk olaraq, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, eləcə də görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər. Ardınca Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edən türksoylu ölkə və topluluq təmsilçilərinə Azərbaycanın yaxın tarixində baş vermiş 20 yanvar hadisəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğalı – Qarabağ müharibəsi, eləcə də Nuri Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusunun Bakını azad etməsi (1918) barədə bilgilər verildi.
Sonra KitabEvim.Az ziyarət olundu. Qısa zamanda kitabsevərlərin marağına səbəb olan, paytaxt Bakının ən universal kitab(çı) ünvanı halına gələn “KitabEvim” dükanının təsisçisi, yeni nəsil yazarlarından dos.dr. Şəmil Sadiq qonaqlara Azərbaycanda kitab işi barədə ətraflı bilgi verdi, onları maraqlandıran sualları cavablandırdı. “KitabEvim”in, eləcə də “Hədəf Nəşrləri”nin kitab nəşri,` çevirmə işi və kitab satışı ilə bağlı gördüyü işlərdən danışdı. O bildirdi ki, gələcəkdə Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət toplunun ölkəmizdə işıq üzü görməsi faydalı olardı və “Nədəf Nəşrləri” bu işə öz töhfəsini vermək istərdi. Qonaqlara “Odərlər” romanını hədiyyə edən natiq yaxın gələcəkdə bütün türksoylu ölkə və topluluqlarla geniş işbirliyinə hazır olduğunu bildirdi.

KitabEvim-i ziyarətdən sonra “OCAQ” restoranında “Hədəf Nəşrlər Evi” adından nahar yeməyi verildi. Azərbaycan milli mətbəxinin özəl yeməkləri ilə süslənmiş nahar qonaqların böyük ilgisinə səbəb oldu.
Axşam Layihənin bir qrup iştirakçısı R.Behbudov ad. Dövlət Mahnı Teatrında, prof.dr. Elçin İsgəndərzadənin 50 illik yubileyi münasibəti ilə düzənlənən musiqili şeir gecəsində iştirak etdilər.
28 noyabr gününə planlaşdırılmış proqramın sonunda ATİB adından qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə ATİB-in başqan yardımçısı Mehmet Sami Acarözmən ilə yanaşı, millət vəkili Qənirə Paşayeva, Macarıstandakı Turan Vəqfinin başqanı Androş Biro, KİVDF Müşahidə Şurasının sədri Umud Rəhimoğlu da iştirak edirdi.
Azərbaycanın onlar üçün doğma ölkə olmasını söyləyən gənclər qonaqpərvərliyə və istiqanlılığa görə hamıya təşəkkür etdilər. Gənclərin yaradıcılığı, ədəbiyyatla bağlı fikirləri ilə tanış olan millət vəkili onlara hədiyyə olaraq öz kitablarını və Bakının görməli yerlərini simvolizə edən hədiyyələr bağışladı.
Görüşdə iştirak edən Macar Turan Vəqfinin başqanı Androş Biro gənclərin fəallığını yüksək qiymətləndirdi və iki ildən bir Macarıstanda keçirilən Turan Qurultayı barədə onlara bilgi verdi, sualları cavablandırdı.

Dartışmalar, önərilər…

Növbəti gün qonaqlar ölkəmizdə fəaliyyət göstərən ən gənc və ən nüfuzlu ali təhsil ocaqlarından olan Moskva Dövlət Universitetinin Bakı Filialında oldular. Təhsil ocağının fəaliyyəti ilə, tələbələrə yaradılan şəraitlə, o cümlədən “Tələbə Odası”, “13 müdrik odası”, “Filologiya fakültəsi”, “Kitabxana”, “Konfrans zalı” və s. yaxından tanış olan qonaqlar gördüklərindən məmnun qaldıqlarını söylədilər. Universitetlə tanışlıq səfərində qonaqları DGTYB mənsubları ilə yanaşı, Universitet rektorunun yardımçısı Məhəmməd Osmanov və dekan Fikrət Rza müşaiyət edirdi. Görüşün sonunda Universitetin rektoru prof.dr. Nərgiz xanım Paşayevanın adından qonaqlara hədiyələr verildi. Eyni zamanda TÜRKSOY nümayəndəsi Malik Otarbayev xanım Paşayevaya ünvanlanmış “TÜRKSOY Təşəkkür Plaketi”ni M.Osmanova təqdim etdi.
Layihə çərçivəsində ilk konfrans TUSİAB-ın Konfrans salonunda baş tutdu. Türk Dünyası ədəbi birlikləri arasında işbirliyinin daha da möhkəmlənməsi, Türk Dünyası ədəbiyyatının öyrənilməsi və tanıdılması, eləcə də müxtəlif türk dövlət və topluluğunda yaşayan gənc yazarların yaradıcılığının daha da stimullaş¬dırılmasına həsr edilmiş konfrans səmərəli və maraqlı müzakirələrlə yadda qaldı.
Tədbirin mahiyyəti barədə bilgi verən DGTYB Yönətim Kurulu başqan yardımçısı, Layihə rəhbəri Əfsanə Ələsgərli ədəbi birliklər arasında əlaqələrin güclənməsi və Türk Dünyası gənc yazarlarının əsərlərinin geniş surətdə tanıdılması üçün qarşılıqlı əməkdaşlığı vacib saydı. DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı təşkilatın indiyə kimi gördüyü işlərə qısa ekskurs edib, Türk Dünyası ədəbiyyatı ilə bağlı nəşrlərin, özəlliklə “Türkün səsi” almanaxının çap edildiyini vurğuladı.
Sonra Layihəyə dəstək duran evsahibi qurumun başqanına DGTYB və TÜRKSOY adından plaket təqdim edildi. TUSİAB başqanı Yavuz Keleş istedadlı gənclərlə görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, Türk Dünyasının işıqlı gələcəyi məhz onlardan asılıdır. Cənab Kələş Türk Dünyası ilə bağlı bir sıra layihələrə dəstək verdiklərini söylədi. TÜRKSOY təmsilçisi Malik Otarbayev və TUSİAB-ın Dış İlətişim üzrə katibi, ünlü köşə yazarı, şair-publisist Səlcuq Düzgün türk gənclərinin milli-mənəvi dəyərlərimizə, tariximizə, soykökümüzə sahib çıxması yönündə fikirlərini bölüşdülər.

Şeir şöləni 

Daha sonra Akademik Milli Dram teatrında Türk Dünyası gənc şairlərinin şeir şöləni keçirildi.
Ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, sənətçilərinin, aydınların, QHT və KİV təmsilçilərinin, tələbə-gənclərin iştirak etdiyi tədbirdə, müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər – Musab Kırca, Haticə Üzgül (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Nilufər Şıxlı (RF, Moskva), Altınbek İsmayil (Qırğız Respublikası), Şoxista Ortikova, Mahfuza Ortikova (Özbəkistan), Alla Böyük (Qaqauz Yeri), Rıfat Salah (Tatarıstan), Aybəniz Küzəçi (İraq, Türkmaneli), Dmitriy Moiseev (Çuvaşistan), Kamil Bensgier (M.Qorki ad. Ədəbiyyat İnstitutunun Yekaterinburqlu tələbəsi), eləcə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif ədəbi qurumların nümayəndəsi olan gənc şairlər səhnə aldılar. Onların parlaq ifalarını tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Şeir gecəsinin musiqili qonaqları, vətənpərvər mahnıları ilə sevilən sənətçi Şəmistan Əlizamanlı, əməkdar artist Aybəniz Haşımova, gənc aşıq Elməddin Məmmədli, ustad aşıq Məhərrəm Hüseynlinin ifaları şeir məclisini daha da rəngarəng etdi.
Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Kültür-Tanıtma müşaviri Seyid Ahmet Arslan, şair-publisist Səlcuk Düzgün, TÜRKSOY təmsilçisi Malik Otarbayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, prof.dr. Almaz Ülvi, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı, “Birlik” dərgisinin redaktoru İlqar İlkin, DGTYB Təsisçilər Şurasının üzvü, şair dos.dr. Rəsmiyyə Sabirin üzv olduğu münsiflər heyəti səsvermə ilə ən yaxşı üç şeiri müəyyənləşdirdilər. Səsverməyə görə, birinci yerə Rıfat Salah (Tatarıstan), ikinci yerə Şoxista Ortikova (Özbəkistan), üçüncü yerə Dmitriy Moisseev (Çuvaşıstan) və Nilufər Şıxlı (Moskva) layiq görüldü, diplom və qiymətli hədiyyələrlə təltif edildilər.
Şeir gecəsində həmçinin “Türk Dünyasına Xidmət ödülü”nün təltif törəni də gerçəkləşdi. Mahmud Kaşğarlı Fondunun baş katibi şair-publisist Elxan Zal Qaraxanlı, Modern.az-ın köşə yazarı, AMEA-nın əməkdaşı dos.dr. Faiq Q. Ələkbərli layiq görüldükləri ödülə görə DGTYB başqanlığına öz təşəkkürlərini bildirdilər.
Tədbirdə çıxış edən TÜRKSOY təmsilçisi Malik Otarbayev TÜRKSOY başqanı Dusein Kaseinovun salamlarını çatdırdıqdan sonra, qurum adından Türk Dünyası ədəbiyyatı ilə bağlı görülən işlərə görə Əkbər Qoşalı və gənc yazar Əfsanə Ələsgərlini TÜRKSOY Plaketi ilə təltif etdi.
Növbəti gün yenidən TÜSİAB Konfrans salonuna yığışan Layihə iştirakçıları, Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması yönündə, hər bir ölkə və topluluq təmsilçisinin düşüncə və fikirləri öyrənilməklə, geniş diskussiya aparıldı.
AYB-nin Mətbuat Xidmətinin başçısı, Gənc Şairlər Birliyinin başqanı Xəyal Rza bir neçə il öncə Mikayıl Müşfiqin ad günü – 5 iyun tarixinin Azərbaycanda Şairlər Günü kimi elan edilməsi təşəbbüsü ilə çıxış etdiyini, bu günün bütün Türk Dünyasında qutlanmasını təmənna etdiyini qeyd etdi. “Ulduz” gənc ədəbiyyatçılar dərgisinin baş redaktoru Qulu Ağsəs dərginin son sayının məhz Türk Dünyası ədəbiyyat(çılar)ına həsr edildiyini vurğuladı, bundan sonra da, Azərbaycanla yanaşı bütün Türk Dünyası gənc yazarlarının əsərlərinə də yer veriləcəyini bildirdi.
Konfransda gələcəkdə gənc şairlərin əsərlərinin müxtəlif türk dillərinə çevrilməsi, ümumtürk ədəbi nəşr və elektron resurs yaradılması kimi təkliflər irəli sürüldü. Yekun olaraq, ədəbi birlikləri təmsil edən gənclər gələck fəaliyyəti əks etdirən “Niyyət Protokolu”nu imzaladılar.
Daha sonra türksoylu yazarlar “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin başqanı, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlının qonağı oldular. Qurumun fəaliyyəti barədə bilgi verən Xalq şairi görülən işlərdən, Türk Dünyası ədəbiyyatı, mədəniyyəti ilə bağlı gerçəkləşdirilən və gerçəkləşdirilməli olan tədbirlərdən danışdı. Gənc yazarlara yeni yaradıcılıq uğurları arzulayan S.rüstəmxanlı, bildirdi ki, ədəbiyyatın, sözün dəyəri türk xalqlarında, Şərqdə həmişə üstün mövqedə olub. Qonaqlar həmçinin yazıçıya xatirə hədiyyələri də təqdim etdilər.
Azərbaycanda olquqları müddətdə paytaxt Bakının tarixi yerləri ilə də tanış oldular.
Qapanış gecəsi isə Sumqayıtdakı “TURAN” Restoranında ədəbi-bədii proqramla keçirildi.
Qeyd edək ki, layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

***

“TÜRK DÜNYASININ GƏNC YAZARLARINI BİRLƏŞDİRƏN QURUMLAR ARASINDA MƏSLƏHƏT MÜHİTİNİN YARADILMASI” adlı Layihə çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakıda, 27 noyabr – 01 dekabr 2014-cü il tarixində görüşüb, müzakirələr aparan vəkalətli şəxslər və bir qrup müstəqil yazar aşağıdakıları qeyd edir:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi layihə, Türk Dünyası Gənc Yazarları Qurumları, daha geniş aspektdə götürdükdə, ümumən yazarlar birlikləri arasında qarşılıqlı münasibətlər mühitinin yaradılmasından, o cümlədən istedadlı yazarların öz həmyaşıdları ilə geniş ilişkilərinin qurulmasından, tanıtım gecələrinin, sərgilərin keçirilməsindən bəhs edir. Problemin layihə çərçivəsində həllini DGTYB-nin 16 illik çalışma həyatı dönəmində müşahidə edilənlər, türk dövlət və topluluqlarındakı həmkar qurumlarla qarşılıqlı fikir mübadiləsi əsasında əldə edilən qənaətlər zəruri etmişdir.
Bu layihə Türk Dünyası gənc (yeni nəsil) yazarlarının birləşdiyi qurumlar (gənəl olaraq, ədəbi birliklər) arasında düzənlənən tədbirlər, aparılan müzakirələr, iştirakçıların, eləcə də onların vasitəsilə təmsil olunan qurum və quruluşların bir-birini yaxından tanıması baxımından anlamlı bir amala xidmət edir .
…Beləliklə, biz yaşadığı ölkədə, topluluqda (şəhərdə) öz imzası və ictimai nüfuzu ilə müəyyən qədər tanınmış, perspektivli gənc (və yeni nəsil) yazarların (– hansı ki, onlar uyğun ədəbi qurumları təmsil edirlər) qarşılıqlı səfərlərinin təşkilini, onların türkün ortaq mədəni abidələri ilə tanışlığını, ümumən yazar mandat-missiyasına uyğun və həlli mümkün olan işləri təşkilati, texniki baxımdan dəstəkləməyi uyğun görürük.
Yaradıcılqlarının ideya, məfkurə yükü ilə məhz milli sənətə, milli yönə ünvanlanmış, köklənmiş və bu xətti yeni əməli müstəvi üzərinə keçirməyə qadir olan müstəqil yazarlardan ədəbi birliklərə keçid – daha böyük ölçülü çalışmaları hədəfləyən bizlər, TÜRKSOY, TÜRK GƏNƏŞİ, TÜRK PA, TÜRK AKADEMİSİ, türk ölkə və topluluqlarının mədəniyyət, gənclik işinə məsul dövlət orqanları ilə yaxından işbirliyini, böyük Layihələr gerçəkləşdirməyi həlli vacib məsələlərdən sayırıq. Beləliklə, həm həqiqətlərimiz qarşılıqlı mübadilə müstəvisinə köçürüləcək, yeni ünvanlar qazanacaq, həm də yeni şəbəkə yaranmış olacaq.

Bütün bu deyilənləri nəzərə alaraq qeyd edirik ki, biz aşağıdakı vəzifələri həyata keçirməyi məqsədəuyğun sayırıq:
– Türk Dünyası gənc ədəbi qüvvələrini birləşdirən birliklər, gənəl olaraq türksoylu ölkə və topluluqlarda fəaliyyət göstərən ədəbi birliklər (birlik olmayan yerlərdə nüfuzlu yazarlar) arasında olumlu (davamlı) məsləhətləşmə mühiti yaratmaq, bu zəmində yeni şəbəkənin (platformanın), başqa sözlə, konfederativ qurumun yaradılmasını;
– Türk tarixini, türk mədəniyyətini, ortaq dəyərlərimizi, həqiqətlərimizi, habelə əfsanə və mifikləşmiş dəyərlərimizi ədəbiyyat vasitəsi ilə təbliğ etməklə həm söz sənətinə, həm də müəlliflərə yeniliklər qazandırmağı;
– türk ölkə və topluluqlarının yeni nəsil və gənc yazarlarının qarşılıqlı səfərlərini təşkil etməyi, onların dialoqunu, işbirliyini, bu vəsilə ilə stimullaşmanı, yeni əsərlərin yaranmasına dəstək olmağı;
– Türk birliyinə mədəni-mənəvi yöndən dəstək verə biləcək nəşr(lər)lə, ədəbi portal(lar)la çıxış etməyi;
– Ən azı iki ildə bir dəfə veriləcək Türk Dünyası Gənc Yazar Ödüllərini (“Başarı Ödülü”, “Mikayıl Müşfiq”, “Mağjan Jumabay”, “Yusuf Balasaqunlu”, “Yeni İmza”, “Hüseyn Cavid” və s.) təsis etməyi;
– Bu ideya və önərilərin institusianal inkişafına dəstək olmağı ilgili qurum və quruluşlardan xahiş etməyi;
– TÜRKSOY xətti ilə düzənlənən etkinliklərdə, özəlliklə gələnəksəl olaraq elan edilən, “Türk Kültür Başkəndi” etkinliklərində “Türk Dünyası Ədəbiyyat Həftəsi” yaxud “Türk Dünyası Şeir Şöləni”nin keçirilməsini, bu etkinliklərə “keçmişi olanlar”dan daha çox “gələcəyi olanlar”ın çağrılmasını;
– Türk ölkə və topluluqlarında fəaliyyət göstərən ədəbi birliklərin ən azı iki ildə bir dəfə məsləhətləşmə toplantısının keçirilməsini (bu yöndə başarı əldə olunarsa, gələcəkdə Yaxın Doğu, Doğu, Asiya, Avrasiya və nəhayətdə bütün dünyadakı ədəbi birliklərin təmasına, əməkdaşlıq imkanlarına çalışmağı). Bunun üçün ilk növbədə türk ölkə və topluluqlarının özünün hər birində ədəbi birliklər arasında koordinasiya yaradılmasını;
– Yeni çağın çağrı və tələblərinə uyğun olaraq, gənc ədəbi qüvvələri birləşdirən, başqa sözlə, gənc ədiblər tərəfindən yönəldilən ədəbi portallar arasında virtual və canlı görüşlərin (forumların, konqreslərin) keçirilməsini;
– Türksoylu ölkə və topluluqların şair-yazıçıları ilə rəssamlar, bəstəçilər arasında işbirliyinə xidmət edən “Kültür Çadırları”nın qurulmasını (“Sənət Həftəliyi”nin keçirilməsini);
– Yeni dövr Türk xalqları ədəbiyyatı örnəklərinin müxtəlif türk dillərinə çevrilməsi və ya uyğunlaşdırılmasını
– Ortaq türk dili, ortaq türk əlifbası yönündə bilimsəl çalışmalara dəstək verməyi…
Buna görə də, bu “Niyyət Protokolu”na imza atanlar, öz ölkələrinə döndükdən sonra, burada ifadə olunanları öz təmsil etdikləri qurumlarda müzakirə edib, töhfələr verməyə çalışacaqlar. Protokol imzalanmağa (yeni qoşulanlar üçün) açıqdır.

 DGTYB Mətbuat xidməti

You may also like

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.