Onunla tumru fəslində görüşdük…
Bu fəsil o fəsildi ki, qış hələ bitməmişdi, yaz hələ gəlməmişdi.
Bu fəsil o fəsil idi ki, agaclar tumurcuq olmadan tumru olurmuşlar…
Və bu fəsil Allahverdi Təkləli fəsli idi.
Belə bir sufi şairinin, göylər adamının ayrıca bir fəslinin olmasıdı bəlkə onu fərqli edən…
Əgər qumrudusa, niyə ötməyir,
Niyə oxumayır, qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Başqa bir misrada:
Kim sənə ad verib: o tay, bu taylı?
Kim sənə deyib ki, xurcun tayısan?
Nə o tay, mən nə də bu tayam axı
Bəxtimə yazılan bürcün tayısan…
Minlərlə belə sualları cavabsız qalan bir şair 4 fəslə sıgardımı?
Əsla, yox!
Hələ handan- hana dünyanın cavabsız qalan suallarına cavab tapan kimi nə desə yaxşıdı, şair…
…sandım gələn qonaq sənsən bu axşam,
Qəfil kimsə döydü bayaq qapımı.
Sevincdən day duran uşaqlar kimi,
Mən taykeş geyindim ayaqqabımı…
Şair sualların cavabını tapanda görün hansı ovqatda sevinir…
Allahverdi Təkləli modern Azərbaycan ədəbiyyatında əski türk dilində yazan şairdir.
Gəlin etiraf edək ki, yaradıcılığında qədim Azərbaycan sözlərindən istifadə etmək nəzm dilində daha çətindi.
Bunu şeirə, şeiriyyata, bəndə, qafiyəyə gətirmək böyük ustalıq tələb edir.
Nəsrdə yazmaga nə var ki…
Allahverdi Təkləli yaradıcılığı Azərbaycan dilinin lügəti, özü isə danışan canlı bir kitabdir.
Allahverdi Təkləli şeirlərini oxuyanda özundən asılı olmadan ruhun nəgmə çalır.
Şairin bir mistik gücü də ondan ibarətdi ki, misralar ritmin içində yagış damlaları kimi rəqs edir. Məhz ritm sayəsində sanki insan tilsimlənir, həmin o müqəddəs “məbəd”ə daxil olur. İnsan paklanır, aydınlanır, durulur…
Yer göylə bitişir, insan bir də özünə bu dünyadan çıxıb, o dünyadan baxır.
Ruhun özünün də ruhu yaranır göylərdə…
İnsan həm öz ruhunu görə bilir, həm də sözlərin ruhunu…
Sözlər bəzən külək kimi tüyünür, bəzən yagış kimi çısələyir, bəzən də şeh damlasına dönür. İnsan bəzən özünə də təzə olan ruh halları ilə rastlaşır.
Bu Allahverdi Təkkəli şeirlərinin mistik- Tanrısal gücüdür.
Şairin yaradıcılıgında “yastı balabana oxşayan ev” obrazı şairin ruhunu agrıdan, könlünü qübar edən, başından tüstü çıxardan obrazlardandı.
Bir vaxt bir ev vardı Qarayazıda,
Yastı balabana oxşayan bir ev.
Elə görkəmindən, boy-buxunundan
Sənin arabana oxşayan bir ev…
Və yaxud:
Dərdindən qara dam qaraldan adam,
Neynirsən bir belə haray ucaldıb?
Və bir də görürsən şair agrı-acını Yallı havası üstündə yazır. Sanki gərdişə, dövrana bu havada “dov” gəlir.
Yadıma “Yeddi ogul istərəm” kinosundan bir məqam düşdü:
Cəlalın “Yanıq Kərəmi” havasında güllələnmə səhnəsi…
Sizcə də bu səhnə ilə, şairin dərdini “Yallı” havasında dindirməsi assosiaya olunmurmu?
Sairin yaradıcılıgında “at” obrazı da öz fərqli missiyası ilə oxucunun görüşünə gəlir.
At obrazlarında söz hərəkətliliyi, hadisələrin gedişinin çevikliyi insanda bir vətənpərvərlik hissi oyadır. Sanki bu şeirlər düşmən üzərində qələbəyə səsləyir adamı…
Mümkün deyil ki, sənin qanın damarda coşmasın…
Baxdım, qarşı yatan daglara baxdım….
Dumanda-ag atlı oglandı sanki,
Buludu çeçədi, oxrandı sanki.
Çənlibel Qıratın kişnərtisnən,
Düratın nalıynan oxlandı sanki.
Nəmərə tozlanan cıdır görsəniz,
Bəlkə də qanımız sim-sim tellənər.
Başınız üstündə qamçı yerinə
Haçan topuz oynar, bayraq yellənər…
Sanki bu misralar Cəngidir, Halaydır, İldırımlı yollarladı….
Başqa bir bəndə nəzər salaq:
Nə bilsin çöl quşu, çaxraq daşları
Ömrün o üzündə qısırdı torpaq.
Nalında hancarı körüklənirdi,
Nalında hancarı qızırdı torpaq…
Atların nalından çıxan enerji ərşə qalxır sanki…
Bunun qarşısında düşmənmi qalar?
Allahverdi Təkləli mistik gücünü Orxon-Yeniseyin daş yaddaşından, Dədə Qorquddan, Ulu ozanlardan, Tanrıdan alır.
Onun ruhundakı irfan ruhu, şaman nəgmələrinin ritmi hər misrani sehrli,ovsunlu edir. Bü uzdən şeirlərdəki poetiklik, qafiyə uygunlugu, sözün alt qatlarının məzaciliyi oxucuya maraqlı gəlir. Seirlərinin verdiyi enerjinin təsirindən insan özünə, keçmişinə, soyuna, qanına, iliyinə qayıdır. Dilinin ucuna gələn qım-qımanın , şaman nəgmələrinin, tütək, balaban səsinin, yanıqlı saz havasının təsiri altında oxuyur şeirlərini…
Bəzən bir “Dilqəmi, “Zarıncı” havasında insan zümzümə edir şeirləri özü də bilmədən….
Hələ də başımda bir gül eşqi var deyən şair bir misrasında deyir ki,
Gəlmişdik Gün kimi işıq saçmağa ,
Nə bilək Ay kimi batmağa gəldik…
Ay obrazı da şairin yaradıcılığında sanki tanrının elçisi kimidi.
Göy üzü Tanrının sevgi məktubu
Aysa o məktubun vergülü idi…
Onunla Tumru fəslində görüşdük…
O fəsil ki, elə Allahverdi Təkləli də bu fəsildə dogulub.
Söz Adam, bu dünyaya gəlişin mubarək!
Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimiznən?
Deyə bilərsənmi nə deyəcəyik,
Dünyaya- dünyadan gedişimiznən?
Ayna Səs