Roma Xosrov (Roma Xosrov oğlu Ağayev) 23 .07. 1989-cu ildə Laçın rayon Alxaslı kəndində doğulub. 13 yaşından şeirlər yazmağa başlayıb. 2006-cı ildə “Ana” və “Anama qıyma” rədifli ilk şeiri “Ədalət” qəzetində dərc olunub. 2006-cı ildən dövrü mətbuatda ardıcıl olaraq məqalə, hekayə, esse və şeirləri işıq üzü görüb. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinə daxil olub. 2009-cu ildə “Məhəbbətə baş əyirəm” , 2010-cu ildə isə “Yat, yuxuna qonaq gəlim” adlı şeir kitabları işıq üzü görüb.
ARZULAR
Əllərim saçını darasın gözəl,
Ayna gözlərimdə bəzən hər səhər.
Hicran ürəyimdən yığsın köçünü,
Boy atsın gözümdə bu kiçik şəhər.
Böyüyüb dünənki uşaq arzular,
Ürəyim bələkdən çıxmayıb hələ.
Körpə hislərimi qoyub beşiyə,
Qayğılı baxışla hər gecə yellə.
Qoca bir ağacdım kötüyüm qalıb,
Sınan qollarımın budağı ol, gəl.
Hər gün xəyalımda gəzdiyin bəsdi,
Bir gün də evimin qonağı ol, gəl.
MƏNİ GÖZ YAŞIYLA YUYUB BASDIRIN
Cahil əhli, çəkin məni çarmıxa,
Dərimi soğan tək, soyub basdırın.
Məhşər günü şahid durmayım deyə,
Kor edin gözümü oyub basdırın.
Çox alında min xəcalət təri var,
Ölü ömrü sürən saysız diri var,
Bədənimdə bir ömürün kiri var,
Məni göz yaşıyla yuyub basdırın.
Məzarım üstündə gül-çiçək əkin,
Daşıma şəklimi başayaq çəkin,
Kəfənimi bir ağ kağızdan tikin,
Tabutuma qələm qoyub basdırın.
1 şərh
Gözəl şerlərdir Uğurlar!