Ana səhifə SÖYLƏŞİLƏR “…TƏNHALIĞIMIN DA BİR ƏSASI VAR”…

“…TƏNHALIĞIMIN DA BİR ƏSASI VAR”…

Müəllif: Bizim Yazı
1. 380 baxış

Qısa tanıtım: Ofelya Babayeva 28 sentyabr 1948-ci ildə Abşeron rayonunda anadan olub. ADU-nun filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, Sumqayıt şəhər məktəblərində çalışıb. 1987-1997-ci illərdə Sumqayıt şəhər xalq təhsili şöbəsinin müdiri işləyib. Qabaqcıl maarif xadimi, Maarif əlaçısı, Əməkdar müəllim fəxri adları və “Şöhrət” ordeni laureatıdır. 1997-ci ildən 11 saylı orta məktəbin direktorudur. Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. Ofelya Babayeva ilə yaradıcılıq fəaliyyəti və qadın dünyası ətrafında söhbətləşdik.

– Ofelya xanım, siz özünüzü oxuculara necə təqdim edərdiniz?
– Şair, respublikanın əməkdar pedaqoqu.

– Siz uzun illər məktəb direktoru, sonra Sumqayıt şəhər təhsil şöbəsinin müdiri görəvində çalışmısınız, uzun illərdir məktəb direktorusunuz. Digər tərəfdən, yaradıcı insansınız. Bütün günü şagirdlərin, müəllimlərin arasında, həm də səs-küylü tədbirlərdə iştirak edən Ofelya Babayeva şeirlərində daima tənhalıqdan söz açır. Bunun bir səbəbi var?
– Mən deməzdim ki, şeirlərimlə real həyatım bir-birini təkzib edir. Həm də mənə elə gəlir ki, insan bu dünyaya da tək gəlir. Ətrafında insanlar çox olsa belə, yenə də bu dünyadan tək gedirsən. Ümumiyyətlə, hər zaman düşünmüşəm ki, şairlər təkdirlər. Bir şeirimdə buna işarə də etmişəm:

Adamlar içində tənhayam, tənha,
Arzu-diləyim də pərən-pərəndir.

Bəzən arzu və istəklərim digər insanların arzu, istəkləri ilə üst-üstə düşməyəndə özümü tənha hiss edirəm. Bu gün cəmiyyətdəki bəzi neqativ hallar, insanların bir-birindən nəhəng divarlarla aralanması, bir-birinə mənəvi yox, sadəcə maddi cəhətdən yaxınlıq göstərməsi məni tənhalaşdırır. Bax, bütün bunların fonunda mənə elə gəlir, tənhalığımın da bir əsası var.

– Bütün bu sadaladığınız gerçəkliklər sizdən asılı olmadan öz-özlüyündə gəlib yaradıcılığınızda, şeirlərinizdə öz əksini tapır, geniş oxucuya ünvanlanan sözə çevrilir…
– Gerçəkçi şair olduğum üçün hesab edirəm ki, həyatda bu gün nə varsa onların hər biri ürəyimdən keçib gedir. Yenə də şeirlərimin birində deyirəm: “Saxta hörmətlər şair ürəyimi dəlib keçəcək”. Bəli, o saxta hörmətlər, saxta gülüşlər şair ürəyimi bir güllə kimi dəlib keçir. Necə ola bilər ki, vəzifəyə, pula görə insanlar bir-birinə hörmət edir, maddiyyata görə nəsə düşünür. İnsanların bir-birinə uyğun baxışları, uyğun fikirləri olmalıdır. Çox təəssüf ki, indi insanlar ümumi dünyabaxışından, ümumi dünyagörüşündən məhrum olublar, nələrisə bir-biri ilə bölüşmürlər. Özündən böyüklərin qarşısında ancaq farağat dayanırlar. Özündən kiçiklərin yanında özünü şir, pələng kimi göstərirlər. Bütün bunlar da mənim yaradıcılığımdan keçir. Təkcə mənim yox, elə normal, proqressiv insanın da ürəyini yaralayır. Cəmiyyətlə bir qədər uyuşmayan hallar da gəlib yaradıcı dünyama çıxır. Təvazökarlıq kimi səslənsə də, özümü dürüst insan hesab edirəm. Dürüst insan da cəmiyyətdə olan neqativləri görüb necə xoşbəxt ola bilər? Əgər qonşun acdırsa, cəmiyyətdə özünə yer tapa bilmirsə, sən necə xoşbəxt ola bilərsən?

– Siz Sumqayıtda, Bakının səs-küyündən uzaqda çalışırsız. Sumqayıtı seçməyinizin hansısa özəl bir səbəbi var?
– Əslində lap qədim İçərişəhərliyəm. Bütün arxa-dönəmim də oralıdır. Amma vaxtilə valideynlərim Sumqayıt şəhərinə təyinatla gəliblər və elə dünyalarını da burda dəyişiblər. Mən də burda qalmışam, işləmişəm və bu şəhər mənim üçün çox doğmadır. Bütün ömrümü demək olar ki, burda yaşamışam. Düzdür, Sumqayıtla Bakı arasında o qədər də böyük bir məsafə yoxdur. Bakıda da mənzilim var, amma  uzun illərdir mənə rahatlıq gətirən bağ evimdə yaşayıram. Bu qumlu sahilləri şəhərin o qarmaqarışıqlığına dəyişmərəm.

– Bəs bu sizə ədəbi mühitlə yaxından təmasda olmağa mane olmur ki? Ədəbi mühitlə əlaqələriniz hansı səviyyədədir?
– Deməzdim ki, tədbirlərdə tez-tez iştirak edə bilirəm.Təbii ki, ədəbi mühitlə də əlaqələrim var. Hazırda elə bir zamandır ki, ədəbi mühitə virtual çıxış imkanı var. Yəni, bütün tədbirlərdə iştirak etməsəm də, internet vasitəsilə hamısını izləyə bilirəm. Sumqayıtın da öz ədəbi mühiti var, etiraf edim ki, onlarla da tez-tez görüşə gedə bilmirəm. Amma yaşca böyük olduğuma görə daima yanıma ziyarətə gəlirlər. Onlar hər biri mənə çox doğmadır. Məsələn, şair Ağasəfa uzaq dağlardan həftədə bir dəfə yanıma gəlir, şair İbrahim İlyaslı da həftədə bir dəfə məni ziyarət edir. O, rəhbər olduğu Əli Kərim adına klubda hər həftə tədbir keçirir, oradan çıxandan sonra yanıma gəlir ki, tədbirin ikinci hissəsini keçirsin. Sonra Zirəddin Qafarlı, Əyyub Qiyas, Xatirə Fərəcli və bir  çox yazıçı və şairlər gəlir. Mənə elə gəlir ki, onların gəlişi ilə mənim o kiçik iş otağım bir az da genişlənir. Çünki onu da ədəbiyyatın ixtiyarına verirəm.
Digər tərəfdən, səs-küyü sevmədiyim üçün çox vaxt tədbirlərdə iştirak edə bilmirəm. Bəzən gənc nəslin xoşagəlməz hərəkətləri, özündən qabaqkı nəslə sayğısız münasibəti məni çox incidir. Səhv etmirəmsə Həmzətovun sözləridir: “Əgər sən keçmişə güllə atsan, gələcək səni topa tutacaq”. Əgər bizim keçmişimiz yoxdursa elə bilin ki, özülsüz bina üzərində durmuşuq. Binanın mütləq özülü olmalıdır. Mənə elə gəlir ki, bizdən öncə olan nəsil o binanın kərpiclərini qoya-qoya gəlib. Biz də bunları davam etdirib gələcək nəsilə ötürməliyik.

– Sayğısız münasibət deyəndə, daha çox nələri nəzərdə tutursuz?
– Bilirsiniz, zaman hər şeyi yerbəyer edəcək və bilinmir Azərbaycan ədəbiyyatında kimlərin adı qalacaq, kimlərin adı qalmayacaq. Ona görə də bir-biri ilə didişmək, təhqir etmək, böyük şairlərimizi aşağılamaq nəyə lazımdır? Mən Səməd Vurğuna olan hücumları çox yersiz hesab edirəm. Biz “Azərbaycan” şeiri ilə böyümüşük. Heç bir yazısı olmasaydı Səməd Vurğunun təkcə “El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən” misraları da olsaydı bəs edirdi. Axı, biz Səməd Vurğunu, Mikayıl Müşfiqi, Cəlil Məmmədquluzadəni, Ordubadini necə inkar edə bilərik? Bunlar XX əsrdən qalan o sütunlardır. Amma daha kimlər qalacaq, bax onu zaman göstərəcək.
Elə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin özünə nə qədər hücumlar olur. Anar müəllim nə prezident, nə də kral deyil, amma o çox gözəl yazıçıdır. Neçə nəsil onun yazıları ilə tərbiyələnib. Onun istər sevgi, istərsə də, ictimai siyasi əsərlərindən ibrət dərsi alıblar. O çox namusla yaşamış insandır. Bir də digər yazıçıların bir-birinə olan münasibəti məni incidir. Bəlkə də, bu 20-30 ildə heç on dəfə Azərbaycan Yazıçılar Birliyinə getməmişəm. Yeri gəlmişkən, “Birlik” haqqında da danışmaq istəyirəm. “Bəstəkarlar”, “Rəssamlar” ittifaq adı ilə qalıb, amma “Yazıçılar” birlik olub. Məncə “birlik”  sözü bir az da onu kiçiltmək kimi səslənir.

– Bir az da pedaqoji, məktəb direktoru kimi olan fəaliyyətiniz ətrafında danışaq.
– 1971-ci ildən müəllim işləmişəm. Sonra direktor müavini, direktor, təhsil şöbəsinin müdiri və yenidən direktor olmuşam. Hesab edirəm ki, təhsil karyeramı direktor kimi də başa vuracam. İşlədiyim illər ərzində xeyli sayda ideya və layihələrim olub. 43 il ərzində bu ideyaların demək olar ki, əksəriyyətini həyata keçirmişəm. Sumqayıt təhsil şöbəsinin rəhbəri olanda mənim layihəm əsasında 8 illik məktəblərin hamısı tam orta məktəbə keçdi. Sonra 5 yeni tipli məktəblər yaratdıq. İndi onlar respublikada ən yüksək təhsil verən məktəblərdir. Təbiət təmayüllü gimnaziya, “İstedad” liseyi, “Təfəkkür” və başqaları var. Biz o zaman təhsildə xeyli islahatlar apardıq və gənc kadrlar irəli çəkildi. Onlar da bizim etimadımızı doğrultdular. Sonra ağır zamanlarda işğal olunmuş torpaqlardan gələn ziyalılar üçün rayonların adı ilə məktəblər açıldı və onlar yerləşdirildi. Bu da çətin bir proses idi. Sumqayıtla bağlı bütün tədbirlərdə iştirak etmişəm. Ulu öndər Heydər Əliyev 16 dəfə Sumqayıtda olub və bu 16 tədbirin hamısında mən iştirak etmişəm. İndi ən böyük ideyalarımdan biri də odur ki, azərbaycanlı şagirdlər daha yüksək təhsil ala bilsinlər. Bunun üçün də ilk olaraq Azərbaycan dilini, onun tarixini yaxşı bilməlidirlər, eyni zamanda şagirdlərə vətənpərvər duyğular aşılanmalıdır. Hesab edirəm ki, bunların hamısını bilən insan mükəmməl şəxsiyyətdir.

– Məktəb direktoru deyəndə insanın gözünün önündə zəhmli bir obraz canlanır. Həssas qəlbli şairəni zəhmli bir direktor obrazında təsəvvür etmək çox çətindir. Sizə bu obraz yaddır, yoxsa bir az da olsa yaxınlıq var?
– Azərbaycanda nədənsə direktor, rəhbər işçi deyəndə hökmən zəhmli obraz yaranır göz önündə. Ola bilər, işimdə çox ciddi və zəhmliyəm.

– Bu illərdə cəmi dörd kitabınızın nəşr olunması, məncə çox azdır. Hesab edirəm ki, bu 4 kitab sizin yaradıcı dünyanızın zənginliyinin heç bir faizi də olmaz…
– Azərbaycan dilində bir, rus və Ukrayna dilində iki kitabım çap olunub. Bəlkə də, mənim dörd yox, qırx kitabım çap olunardı. Bəlkə də, sözə məsuliyyətlə yanaşdığım üçün hər misranın, hər sözün üstündə əsdiyim üçün dörd kitab var. Bir insan kimi ciddiliyi sevirəm. Təbii ki, insan günahlardan xali deyil.

– Necə düşünürsünüz, şair də müəllim sayıla bilərmi?
– Belə götürəndə şair elə ən böyük müəllimdir, o da oxuculara nələri isə öyrədə bilir. Amma təəssüf ki, indi müəllim sözünün də deqradasiyaya uğradığını görürük. Test imtahanında istədiyi sahəyə gedə bilməyən sonda gəlib müəllimliyə düşür. Ən az bal toplayan insanlar müəllimliyə gedir. Əgər hər hansı işdə sevgi yoxdursa, iş də zəif olacaq. Təbii, müəllimlərin maddi vəziyyəti də yüksəlsə, onların mənəvi xüsusiyyətləri də yüksələr, müəllimliyə də maraq artar. Məktəblərdə kişi müəllimlər çox kasaddır. Bəzən deyirlər ki, niyə oğlanlar qəhrəman deyillər. Onlar məktəbdə də, evdə də qadın görürlərsə, sizcə, kimə oxşamalıdırlar?

– “Yaradıcılığı işə qurban vermək” fikri düşünürəm ki, sizə heç yaxın da düşə bilməz…
– Mən yaradıcılığı işə qurban verməmişəm. Ağabəyim ağa dörd misrası ilə tarixdə qalıb. Mən də təbii  ki, hansısa bir misramla ədəbiyyatda qalacam. Əsas məsələ kitabın sayında yox, keyfiyyətində, sözlərin ləngərindədir. Şair tanıyıram ki, 40 kitabı çıxıb, amma şeirlərində məna, şeiriyyat yoxdur.

Könül Səid / “GündəlikTELEQRAF”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.