Ana səhifə YAZILAR “Təndir” hənrinə sığınan şairə…

“Təndir” hənrinə sığınan şairə…

Müəllif: Bizim Yazı
1. 418 baxış

(Şairə Fərqanə Mehdinin “Təndir” şeirindən təsirlənərək)

Bəribaşdan deyim ki, bu yazımla araşdırma aparıb, hörmətli şairəmiz Fərqanə Mehdinin yaradıcılığını təhlil etmək fikrindən çox-çox uzağam. Çünki mətbuatda Fərqanə xanımın yaradıcılığı haqqında, görkəmli yazarlarımız kifayət qədər samballı fikirlər söyləyib, təriflər deyiblər. Bircə, onu deyə bilərəm ki, bu yazılanların hamısı, insafən ürəkdəngələn və yaradıcı bir insanın zəhmətinə verilən əsl qiymətdir.
Bəs, görəsən, məni Fərqanə Mehdinin yaradıcılığına istiqamətləndirən hansı hisslərdir? Təkcə, bunu demək istəyirəm ki, sadəcə olaraq, şairənin “Təndir” şeiri uşaqlıq illərimi, doğma anamı mənə xatırlatdığı üçün özümdən aslı olmayaraq, hiss və həyəcanımı boğa bilməyib əlimə qələm aldım və ürək sözlərimi yazmaq məcburiyyətində qaldım. … Və elə zənn edirəm ki, dəyərli oxucular məni anlayarlar…
Təndir adı gələndə bir anlıq böyüyüb boya-başa çatdığım və uşaqlığımın acılı-şirinli xatirələriylə dolu olan kənd həyatı yadıma düşdü… Ən çox da içimi sızladan, qardaş-bacılarımızla, qonşu uşaqlarıyla boy-boya durub, anamın təndirdən çıxartdığı im-isti, ətri hər yana yayılan kömbə çörəklərin yolunu gözləməyimiz oldu. Yadıma düşdü yox e, məni elə uçundurdu ki…
Müəllif çox haqlı olaraq qeyd edir:

Bu uzun-uzadı ömür yolunda
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir…

Şair, ananın qəlbinin oduyla təndir hənirini, odunu eyniləşdirməklə, bu iki müqəddəs varlığı bir az da ucalığa qaldırır..

Bu şeir bütün duyğu və hisslərimi oyatdı mənim… Anamın həmişə təndir üstə, ağlaya-ağlaya pıçıltıyla dua etdiyinin şahidi olmuşam… Onun niyə belə etdiyinin fərqinə varmasam da, mən onda elə bilərdim ki, təndirin od-alovu anamın qollarını yandırdığından o ağlayır…
Ailəmiz böyük idi, on bir nəfər. Ona görə də, hər gün anam çörək bişirmək məcburiyyətində qalardı. Nadinclik edib, anamın evin bir küncünə düzərək, üstünə atdığı süfrənin altındakı kündələri o qədər əzmişik ki… Ayağımın altda qalan kündənin yumuşaqlığı indinin özündə də, sanki “ürəyimin şirəsini” çəkir… Belə vaxt anam əllərini dizlərinə çırpıb: – “Ay uşaq, o bərəkət gözünüzü tutar, axı…” – deyərək, fəryad qoparardı. O səsdən gələn qorxu bir andaca bizi vardan yox edər, kiritdirərdi… Sonra, yazıq arvad əlimizdən dad çəkə-çəkə yenidən, təkrar-təkrar əzilmiş kündələri yoğurardı:

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr…

Təndirin bağrının necə yandığını görmək üçün, heç olmasa bircə dəfə də olsa, onun necə qalanmasına, odlanmasına tamaşa etmisinizmi?!
Ağzına qədər çır-çırpıyla doldurulan təndir “külfə”sindən odlanardı. Əvvəlcə, təndirin ağzından bürüm-bürüm qara tüstü çıxar, sonra həmin qara tüstü boz bulanıq rəng alardı. Bir az keçdikdən sonra isə qıp-qırmızı alov dilləri təndirin ağzından qalxardı.. Onda, anam təndirə ovuc-ovuc su çiləyərdi ki, od-alovu bir az səngisin. Buna təndirin “ağarması” deyirlər, kənd yerlərində. Təndir yaxşı ağarmayanda çörəklər də yaxşı bişməzdi, kündələr küt gedərdi.

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyərdi.
Küt gedən kündəni ovutmaq üçün
Ərkyana təndiri şillələyərdi..

Uşaq vaxtlarımda da, elə indinin özündə də bir şey daha çox heyrətləndiribdir məni. Pul kimi qızarmış, hərarəti beş-on metrlikdən adamı yandıran təndirə necə əyilib çörək bişirmək olar?!

Hər dəfə təndirin od-alov püskürən içinə əyilib-düzələndən sonra anamın sir-sifəti elə allanıb dəyişərdi ki… canki, təndirdən çıxartdığı o çörəklərin nuru, bərəkəti qonardı arvadın çöhrəsinə…

Əyninə özgə don geyməyən anam
Təndir tüstüsündən yüz don geyinib
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
(Fərqanə Mehdi)

Mən, bayaq Ana ilə Təndirin ikisinin də müqəddəs bir varlıq olduğunu qeyd etmişdim… Vaxt ötdükcə, anamın üz-gözündəki qırışlarla, təndirin od-alovdan qarsımış və çat-çat olmuş bağrında bir ahənglik, bir oxşarlıq görürdüm. Sanki Təndir də anamla birgə qocalırmış…

Anam getməyəndə təndirə yaxın
Təndirin sinəsi çat-çat olubdu…

Heç xatirimdən çıxmaz 10-12 yaşlarım olardı. Evdə saldığım şuluqluğa görə bir gün atam məni həyətə qovdu, və evdəkilərə bərk-bərk tapşırdı ki, onu heç kəs evə gətirməsin, qoy soyuqda qalıb, ağlı başına gəlsin…

Atam sərt kişi olduğuna görə, evdəkilərdən heç kəs onun sözünün qabağına söz deməzdi…
Şər qarışırdı… Qış ayları olduğundan hava da bərk soyuq idi.. hara gedəcəyimi, harda gecələyəcəyim barədə düşünürdüm… Belə vaxtlarda, adətən, kənd uşaqları tövlənin banını ceçirlər. Çünki orada quru ot-ələf olduğuna görə, birtəhər gecələmək üçün yer tapmaq olurdu. Amma qəribədir, mən təndirdə gecələməyi üstün tutdum.

Həmin gün ertədən çörək bişirildiyinə görə, təndirin od-alovu səngisə də içərisi isti idi. Vaxt itirmədən təndirin ağzına qoyulmuş dəmir qapağı qldırıb, ora girdim və kürəyimi təndirin divarına söykəyib ayaqlarımı isti külün üstünə uzatdım… Təndir məni, sanki ana qucağı kimi qoynuna almışdı… anamın iysi gəlirdi təndirdən.

Şairə Fərqanə Mehdinin “Təndir” şeiri, mən deyərdim ki, ruhumuzu oyadan, bizi mənəvi köklərimizə bağlayan bir sənət əsəridir. Ana haqqında, halallıq haqqında, xeyir-bərəkət haqqında yazılan bir elegiyadı… Bu ruhu, bu hallalğı bir anlıq da olsa bizə yaşatdığı üçün Fərqanə xanıma öz minnətdarlığımı bildirirəm…

Sözümü, gözəl şairəmiz Fərqanə Mehdinin, üzünü insanlara tutub hayqırtıyla, çağrışla, bəlkə də bir yalvarışla dediyi “Təndir” şeirinin sonuncu misralarıyla bitirmək istəyirəm:

Anam yüzə bölər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyən un kisəsini
Amanın günüdü anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar…

Meyxoş ABDULLAH, yazıçı
Cəlilabad

Qaynaq: “Kaspi” qəzeti, 29.09.2012- ci il

You may also like

1 şərh

050232 2012-10-28 - 20:40

Ferqane xanim çoooox gozel şairdir. Sevirem onun
yaradiciliğini.Əli Necefxanli

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.