Ana səhifə KateqoriyasızƏDƏBİYYATŞEİR Təhminə Mübariz – ŞEİRLƏR

Təhminə Mübariz – ŞEİRLƏR

Müəllif: Bizim Yazı
64 baxış

Mən çox şeir yazmışam,
Məhəbbətdən, sevgidən..
Möhür vurur ürəyə,
Sanma, hər çıxıb gedən..

İlk dəfədir sevirəm,
Həsrətin qoxusunu..
Kölgənin xəyalını,
Xəyalın yuxusunu..

Ruhuna libas olan,
Cismini də sevirəm.
Həmahəngdir ruhuna,
İsmini də sevirəm..

Ruhum tam olsun deyə,
Verib səni Yaradan..
Sən həmişə mənimsən,
Min il keçsə aradan..

Sən həmişə mənimsən..

***
Bənzərsizdir ağrısı,
Ruhdakı yaraların..
Ürəyini qoparır,
Köksündən aralanır..

Yuxuna da qarışır,
Gerçəyinin sancısı..
Bu nə hicran, İlahi,
Heç dinmir ki yanğısı..

Taleyimin payıdır,
Könlündəki məhəbbət..
Sadiq qalar ürəyim,
Həsrətinə də, əlbət..

Mən çox gözəl çəkirəm,
Əzabı, əziyyəti..
O ki sənə aiddir,
Sevərəm o həsrəti..

Sevərəm o həsrəti..

***
Göz yaşlarım kimi elə gizlicə,
Dolursan qəlbimə, lakin görən yox.
Bu eşqin şərbəti sanma zəhərli,
Içmişik ikimiz, lakin ölən yox..

Payızın rüzgarı sənsən bu fəsil,
Darayıb telimi, gözümdən öpən.
Şeirinin bu payız tək ilhamıyam,
Hər misra könlünə əbədi köçən..

Sən elə doğmasan, elə yaxınsan,
Yaxın deyil səntək ən yaxın belə.
Bu sevgi sel olsa, yıxıb dağıdan,
Qorxum yox.. qarışıb, mən axım elə..

Sən elə doğmasan…

***
Sən gedəndən sonra daha bölünmür,
Musiqilər oynaq, yaxud kədərli..
Oynaq musiqi də kədər qoxuyur,
Sevincə köklənən ruhum qəhərli..

Hicrinin ağrısı nə yaman imiş,
Nə şeirə gəlir, nə də bəstəyə..
Tükəndi son gücüm sən gedən zaman,
O gündən bu günə könlü xəstəyəm..

Səngiməz yanğısı qəlbimin daha,
Qurumaz nəmi də kirpiklərimin..
Gözümün qarası qarışıb ağa,
Zillənib yoluna sevdiklərimin..

Hicrinin ağrısı nə yaman imiş..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.