Moskvada Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
18.01.2015-ci ildə Moskvada, Azərbaycan Mədəniyyətinin inkişaf və intibah Fondunda, fondun və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının təşəbbüsü ilə, Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş təşkil olunub.
Xalq şairi ilə görüşdə AMİİ fondunun, ASGA-nın, “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin rəhbərləri və üzvləri, Moskvada yaşayan aydınlar, o cümlədən yazarlardan, şairə Maya Bədəlbəyli, Afaq Şıxlı, Yaşar Süleymanlı, Azərbaycanlı tələbə-gənclər və eləcə də KİV nümayəndələri iştirak edib.
Moskvada yaşayan tanınmış şairə A.Şıxlının Xalq şairi ilə görüş barədə verdiyi bilgini BizimYAZI oxucusu ilə paylaşırıq:
Görüşü Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili açdı. O, hörmətli millət vəkilini salamlayaraq, onun gəlişinin Moskvada yaşayan ziyalılar və eləcə də gənclər üçün çox xoş olduğunu söylədi.
Bu görüşün qanlı 20 yanvar ərəfəsində keçirilməsinin də tarixi bir an olduğunu qeyd edən Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondunun rəhbəri Şamil Tağıyev, vətəndən uzaqda yaşayan azərbaycanlıların öz tarixini bir gün belə unutmadığını, hər zaman Vətən eşqiylə yaşadıqlarını vurğuladı.
Fondun rəhbəri, möhtərəm qonağı dinləmək arzusunda olduqlarını deyərək, sözü ona verdi.
Sabir bəy bu görüşdən çox mütəəssir olduğunu bildirib qürbətdə yaşamağın asan olmadığını söylədi və, bu soyuq qış axşamında, həm də istirahət günü, onunla görüşə gələn bütün soydaşlarına dərin təşəkkürünü bildirdi. “1990-cı ilin yanvar günlərini çox yaxşı xatırlayıram. Azərbaycana hücum olunmayacağı haqda fikir bildirmiş Qorbaçov sözünü tutmadı. Bakıdakı ekstremist qüvvələrə qarşı mübarizə adı altında, sovet qoşunları hava, su, quru – hər yolla Bakıya yeridildi. Bakılılar öz şəhərini qorumaq niyyətilə küçələrə axışımışdı. Həmin günlərdə vətənin ziyalısını da fəhləsinı də – vətən sevgisi bir araya gətirmişdi. Gecə-gündüz meydanda olurduq. 19-dan 20-nə keçən gecə bir neçə saatlıq evə getdim. Komendant saatı bitən kimi küçəyə çıxdım ki, meydana qayıdım. Şəhəri tanımadım. Gözəl Bakımız darmadağın olmuşdu. İnsanlar öldürülmüş, nahaq qanlar axıdılmışdı. Bir şey məni dəhşətə gətirdi. Küçə boyu qərənfillər düzülmüşdü, güllərin rəngü qana qarışmışdı. Demək ki, bazara gül aparan adamlar bu dəhşəti görüb o gülləri yollara – soydaşlarının qanı tökülən asfaltın üzərinə düzmüşdülər…
Meydanda bir qadın hər gün bizi görəndə “Özünüzü qoruyun” deyə yalvarırdı. Sonradan ölənlər arasında onun da olduğunu bildim… Bizi qorumaq istəyən bir ana, bir bacı ürəyinə düşmən gülləsi dəymişdi.
Xəstəxanaları gəzirdik. Bir palataya daxil oldum. Gənc bir oğlan can verirdi, çarəsiz, dərdli anası isə ağlayırdı. Məni görəndə oğlan başını qaldırmaq istədi, gücü çatmadı. Zorla da olsa gülümsədi. Gözlərim doldu. Həkim məni bayıra çağırıb: “Onun bütün qarın boşluğu darmadağın olub. Ömrünə 2-3 dəqiqə qalıb, amma qəlbindəki dəyanətə və sevgiyə bax ki, ölüm ayağında belə sizə hörmətini bildirməyə çalışdı”.
Şəhidlərimizi xiyabanda dəfn edərkən torpağın altından illər öncə dəfn olunmuş digər şəhidlərimizin sümükləri çıxdı. Sümük-sümüyə qarışdı. Sanki, erməni terrorundan həlak olmuş şəhidlərimiz öz oğullarını qoynuna alırdılar…
Əzizlərim, o hadisələr haqda danışmaq çox çətindir. 20 yanvar – Azərbaycan xalqının, Bakılıların ürəyində bir xal kimi ömürlük qalacaqdır. O zaman biz bu dəhşətin qarşısını ala bilmədik. Zamanı geri qaytarmaq mümkün deyil. Lakin biz yeni faciələrin qarşısını almaq iqtidarındayıq. Qarabağı, işğal olunan torpaqlarımızı, qara yanvarımızı zamanla bizə unutdurmaq istəyirlər. Vətənimizi bəlalardan qorumaq üçün ilk öncə olanları unudulmağa qoymamalıyıq. Bu öz əlimizdədir! Bu gün siz – Moskvada yaşayan gənclər, ziyalılar – şəhər hökumətindən 20 yanvar gününü meydanlarda sakit nümayiş şəklində keçirmək icazəsini ala bilərsiniz. Bu sizin haqqınızdır!”
Danışmaq üçün söz Moskva Beynəlxalq Əlaqələr institutunun müəllimi, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırova verildi.
Sabir Rüstəmxanlını uzun illərdən bəri tanıdığını, yaxın dost və yoldaş olduqlarını bildirən Abuzər Bağırov, onun şəxsiyyəti, yaradıcılığı, əsərlərinin dünya ölkələrində yayımlanması barədə maraqlı söhbət etdi: “O günlərdə insanların içində elə böyük vətən sevgisi, xalqın şairlərinə, yazıçılarına, ələlxüsus da, vətənpərvər yazarlarına elə dərin hörmət və ehtiram vardı ki, Sabir Rüstəmxanlının “Ömür kitabı”nı analar qızlarına cehiz verirdilər. Bu kitab hər evdə, hər ocaqda vardı. Sabir bəyin böyüklüyü onda idi ki, başqa xalqları aşağılamadan öz xalqını ucaltmağı bacarmışdı”.
Abuzər müəllim 20 yanvar günlərində Moskva ziyalılarının yaşadıqları hiss və həyəcandan, necə birlik olaraq öz haqlarını tələb etmələrindən, keşirilən nümayişlərdən, yaratdıqları təşkilat komitəsinin 40 gün daimi nümayəndəlikdə fəaliyyət göstərməsindən, ekstremist adı ilə Moskvada yaşayan azərbaycanlılara qarşı aparılan siyasətə son qoymağa nail olmaqlarından da danışdı. “Bütün Moskva, haqlı olduğumuz halda, bizə düşmən kəsilmişdi. Biz isə yalnız öz vətəndaş haqqımızı tələb edirdik. Hansı ölkə, öz vətəndaşlarını qırğına verərdi? Hansı partiya buna qol çəkərdi? Qorbaçov bunu etdi və bununla da SSRi-nin dağılmasına zəmin yaratdı. Çox heyf ki, biz yalnız qan töküləndə birlik oluruq!” – deyən ağsaqqal şəhidlərin ruhuna rəhmət oxudu.
Sonra söz, Şəhriyar ƏMC-nin sədri Vasif Məmmədova verildi. Sabir Rüstəmxanlı haqqında öz ürək sözlərini söyləyən Vasif bəy, onun “Qayıdıram Araz boyu” publisistik əsərini göz yaşlarsız oxumaq mümkün olmadığını vurğuladı. Cəmiyyətin sədri bildirdi ki, xalq öz şairini türk dünyasının fikir daşıyıcısı, böyük siyasi xadim, vətənpərvər və dürüst bir insan kimi yüksək dəyərləndirir.
AMİİ fondunun rəhbəri Şamil bəy gənclərə müraciət edərək, ona öz suallarını vermələrini təklif etdi. Xalq yazıçısı gənclərin bütün suallarına dolğun və maraqlı cavablar verdi.
İnter.az telekanalı “Moskvadan salamlar” verilişinin müəllifi və “Xəbərlər”in redaktoru telejurnalist İqbal Rüstəmov : “20 yanvar faciəsi bizə nə verdi?” – deyə soruşdu. “ Bu faciə olmamalıydı. Lakin, o, mürgüləyən milli hisslərimizi oyatdı, xalqı birləşdirdi və, ən nəhayət, SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri oldu. İnsanlar, ordusunu öz vətəndaşına qarşı yönəldən bir dövlətdə yaşamaqdan imtina etdilər”.
Daha bir maraqlı sual “Qarabağı qaytara biləcəyikmi?” oldu. “Bilirsinizmi, Azərbaycan bütün torpaqlarını düşməndən təmizləmək iqtidarındadır. Lakin bizə imkan vermirlər. Böyük güclər guya Qarabağ problemi sülh yolu ilə həll etmək istəyirlər. Amma hamı bilir ki, “kış” deməklə donuz darıdan çıxmaz. Onu bilirəm ki, Azərbaycanın dünyada nüfuzunun artması ona gətirib çıxaracaq ki, gec ya tez – biz öz torpaqlarımızı geri alacağıq!”
ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili: “Azərbaycanın dahi sərkərdələrinə qarşı iftiralar yayımlanmaqdadır. Buna necə baxırsınız?” – deyə millət vəkilinə müraciət etdi. “Bunun arxasında daxilimizdəki satqınlar durur. Qarabağ dərdimizlə birgə başlanıb bu söhbətlər də… Təbii ki, hər bir dahinin səhvi olub. Lakin onlara böyük işlərinə görə qiymət verilməlidir!”
Şairi ən çox duyğulandıran “Şuşanın havası yenə də bal dadırmı?” – deyə soruşan gənc qızın sualı oldu.”Xeyir, Vətənin hər qarışı canlıdır, öz övladlarını hiss edir. İndi onun qoynunda yağıların olduğunu duyur və havası da daha bal dada bilməz. Bu hava, Şuşanı işğal edənlər üçün bir zəhərdir indi!”
Söz Moskvada yaşayan şairə, publisist və tərcüməçi Afaq Şıxlıya verildi. Afaq xanım hörmətli millət vəkilinə bir daha “xoş gəldin” dedi. Vətən sevgisinin, millət sevgisinin ondan uzaq düşmək məcburiyyətində qalan insanların qəlbində bir günəş kimi yandığını söyləyən şairənin çıxışı, hamını kövrəltdi: “20 yanvar hadisələri zamanı 20 yaşım vardı, gənc həkim idim. Gənclik duyöuları isə ən unudulmaz və ən saf olurlar. Sabir Rüstəmxanlını kim olduğunu o zamandan bilirəm. Onun mətanətinin, dəyanətinin şahidi olmuşam. Lakin sizi yaxından görmək mənə bir neçə il bundan öncə nəsib oldu. Qızım – gənc yazar Nilufərlə DGTYB-nin Bakı konfransında olarkən, birliyin üzvlərilə birgə iki dəfə sizin qonağınız olduq. Siz əsil Azərbaycanlı qonaqpərvərliyilə bizi qəbul etdiniz. Buna görə dərin təşəkkürlərimi bildirirəm!
Qürbətin də qonaq sevgisi gözəldir. Bizim süfrəmiz də, ürəyimiz də – Vətən ətri gətirən qardaş-bacılarımıza açıqdır. Bu hiss bizin xalqımıza xas olsa da, qəriblikdə bam-başqadır. Biz bir-birimizə mənəvi ehtiyac duyuruq. Ana dilimizdən və içimizdəki Vətən sevgisindən başqa sığınacağımız yoxdur. Bəlkə də, zaman gələcək, saf Azərbaycan dilini öyrənmək üçün qürbətlərə üz tutacaqlar. Çünki, biz bu dili, son ümid yeri kimi, tər-təmiz qoruyub saxlayırıq. Bu dildə danışan zaman özümüzü Vətənin ayrılmaz bir parçası hiss edirik. Bu üzdən də, Azərbaycan dilini ucaldan, yaşadan, dünyaya sevdirən söz adamlarımıza ehtiramımız və sevgimiz sonsuzdur! Bizi yad etməkdən usanmayın. Gəlin, özünüzlə Vətən ətri gətirin!”
Sabir bəy bu görüşdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirərək, onların xahişi ilə bir neçə şeir oxudu. Bunlardan biri – Moskvada olduğu bir neçə gün ərzində Azərbaycan həsrətilə yazdığı “Mənim nə işim var bu yad ölkədə?” sözlərilə başlayan yepyeni şeir oldu.
Bundan başqa, “Vətən” və “Təbrizim” adlı şeirlərini də oxudu. İlk dəfə Təbrizi gördüyü zaman yerdən qar götürüb üzünə tutaraq göz yaşlarını saxlaya bilmədiyi məqamı xatırladı və Vətən həsrətilə döyünən qəlbləri daha da duyğulandırdı.
Sonda Şamil Tağıyeb əziz qonağa və görüş iştirakçılarına maraqlı söhbətlərinə görə təşəkkür etdi.
Azərbaycanın dahi sərkərdəsi Şah İsmayıl Xətainin portreti – AMİİ fondunun, öz xalqının böyük şairinə hədiyyəsi oldu.
Görüş 20 yanvar şəhidlərinin anımına verilən ehsan süfrəsilə başa çatdı.