Ana səhifə BAŞ YAZI Sual O.HACIMUSALIdan, cavab N.HACIYEDƏRLİdən

Sual O.HACIMUSALIdan, cavab N.HACIYEDƏRLİdən

Müəllif: Bizim Yazı
862 baxış

-Namiq Hacıheydərli, necə gedir həyat?
– Həmişəki kimi, ay Oktay Hacımusalı, qayğılarla dolu və yaxşı ki, hələ də itirmədiyimiz ümidə bələnmiş bir həyat yaşayırıq. Eyni zamanda bu qayğılardan usanmamağa çalışırıq.
– Səncə alınır usanmadan – fikir vermədən yaşamaq?
– Yəhudilərin  maraqlı bir deyimi var: “Allah eləsin evlənməyim, evlənsəm aldanmayım, aldansam bilməyim, bilsəm fərqinə varmayım.” Bizsə, elə bir zümrənin adamlarıyıq ki, bəzi şeylərin fərqinə varmamağımız mümkün deyil sadəcə.  Bacarmırıq və bacarmarıq. Çünki, fərqinə varmaq eyni zamanda bir şeyi ürəyinlə hiss eləməkdir. Bu, bizim yaradılışımızdan gələn bir haldır. Düşünməmək, Sabir demişkən “qanmamaq” gerçək qələm adamının mahiyyətinə yaddır.– Bəlkə elə bəzi şeylərin fərqində olmağımızdandır ki, biz bəzi şeyləri həzm edə bilmirik?
– Bu, artıq tamam başqa bir söhbətin mövzusudur ki, biz həzm edə bilirik, ya da həzm eləyə bilmirik. Amma məsələ burasındadır ki, fərqinə varmadan da yaşamaq olmur. Hər bir ağrı – acı birəbir bizim içimizdən keçir. Və çox dərin izlər qoyaraq keçir. Bu iz bizim yaradıcılığımızda və bütövlükdə həyatımızda rol oynayır. Bizim dedikdə hər cür fərqi bir kənara qoyaraq qələm adamlarını gözdə tuturam. Biz bir şeir, yaxud bir məqalə yazanda istər – istəməz yaşadığımız ağrılar yazılarımıza hopur və diqqətli oxucu bunu o saat duyur, hiss edir. Bu baxımdan bəzən acılardan və qayğılardan yazan hər hansı bir gənc yazara haqq qazandırmaya bilmirsən…
– Namiq, həm də AYB – nin Muğan bölməsinin sədrisən. Bu boyda qayğıların içərisində vaxt tapıb sədri olduğun o boyda bölmənin fəaliyyəti ilə yaxından məşğul ola bilirsən?
– Yaxşı ifadə elədin: “Bu boyda qayğılar” və “o boyda bölmə”… Bölmə yurdumuzun bir neçə bölgəsini – Hacıqabul, Şirvan, Salyan və Neftçala bölgələrini əhatə edir. Bu bölməni yaratmaqda məqsədimiz bölgədə yazıb yaradan insanların ədəbi mühitə çıxışına bir növ şərait yaratmaq idi. Çox şükür ki, Bölmənin yaranmasına nail ola bildik. Amma, öz məqsədimizə nə qədər və nə dərəcədə nail ola bildik, bax, bu artıq tamam başqa bir söhbətin mövzusudur. Mövcud imkanlar daxilində bölgədə yazıb yaradan şairlərin, yazıçıların, qələm adamlarının təbliği üçün təbi ki, çalışırıq. Keçən il bölməmizin “Muğanın səsi” adında almanaxı işıq üzü gördü. Bu almanaxda dörd rayonda yazıb – yaradan, 60 nəfər qələm adamının yaradıcılığından örnəklər çap olundu.  Topluda 18-ci yüzilin sonlarında yaradıcılığa başlamış Mirzə Baxış Nadimdən tutmuş ilk qələm təcrübələrini çap etdirən Zaur Ərmuğana qədər böyük bir dövr əhatə olundu. Almanaxda çap olunan imzalardan elələri var idi ki, ədəbi ictimaiyyətə ilk dəfə təqdim olunurdu. Inşallah, imkan olarsa, mövcud imkanlarımız buna əl verərsə, toplunun ikinci hissəsini çapa hazırlamağı düşünürəm. Təbi ki, burda bizdən asılı olan və olmayan səbəblər də var. Muğan Bölməsi ictimai bir qurumdur, heç bir yerdən maliyyələşmir.
– Bu necə olur, AYB – nin bölməsi olasan və heç yerdən maliyyələşməyəsən?
-Yazıçılar Birliyi dövlətdən maliyyələşən bir qurumdur. Amma, AYB – nin bir neçə bölməsi var ki, heç bir yerdən maliyyələşmir. Onlardan biri də məhz Muğan Bölməsidir. Bu da Muğan bölməsinin həyatında, fəaliyyətində çox ciddi əngəllər yaradır. 2008-ci ildə Prezident təqaüdünə layiq görülmüşdüm.  Bu təqaüdün müddəti bildiyin kimi cəmi bir ildir. Aldığım təqaüdün xeyli hissəsini də Bölmənin işinə sərf edirdim. Bu hesabdan Muğan bölgəsində və Bakıda bir neçə tədbir keçirə bildik. Ardınca Bölmənin “Muğanın səsi” adlı toplusunun nəşrinə nail ola bildim. Dediyim kimi  təəssüflər olsun ki, təqaüdün ömrü bir il olmaqla yanaşı Muğan Bölməsinin inkişafına dəstək verəcəyinə söz vermiş yetkililər, sadəcə olaraq dəstək yox, söz verdilər.
– Qarşıdan AYB – nin qurultayı gəlir. Sənin sədri olduğun Bölmə bu qurultayda necə iştirak edəcək?
– Sədri olduğum bölmə Yazıçılar Birliyinin bir bölməsidir. Yəni Yazıçılar Birliyindən fərqli bir hazırlıq düşünmürəm. Yazıçılar Birliyi necə hazırlaşacaqsa elə bizim Muğan bölməsi də eyni şəkildə hazırlaşacaq.
– Bəs qurultaydan bölmə olaraq nələr gözləyirsiz?
– İnanıram ki, bu qurultay AYB – nin həyatında müsbətə doğru müəyyən dəyişikliklər edəcək. Daha doğrusu buna inanmaq istərdim.
– Amma bir reallıqlar var, bir də bizim gözlədiklərimiz… AYB – də gəncləşmə ilə bağlı gedən proseslərdən ümumiyyətlə razısanmi?
– Dolayısı ilə cavab versəm bu sualın cavabı çox uzun olar, qısaca cavab verməli olsam, xeyr,  razı deyiləm.
– Niyə?
– AYB – nin nəzdində fəaliyyət göstərən qəzetlərə, jurnallara, ədəbi nümunələrə baxanda burda ədəbi gəncliyə münasibət haqqında, artıq, fikir formalaşmağa başlayır.
– Amma onlar iddia edirlər ki, bizə gələn bütün səviyyəli əsərləri biz geri çevirmədən çap eləyirik…
– Olsun ki, onlar sadəcə və sadəcə cəhd edirlər. Amma buna nə dərəcədə nail olurlar, artıq bu məsələnin başqa bir tərəfidir. Unutmayaq ki, bazar iqtisadiyyatı dönəmində yaşayırıq. Bazarın hər şeyə diqtə etmək kimi bir iddiası var, o cümlədən ədəbiyyata da. Yəni, bu bəzən ədəbi əsərlərdə və bəzən də ədəbi əsərlərə münasibətdə özünü göstərir.  Söhbəti keçən qəzet və jurnalları vərəqləyəndə onların səviyyəsini və ədəbi gəncliyə münasibətini görmək mümkündür. Tutaq ki, “Ədəbiyyat qəzeti”ndə nəinki gənc qələm adamlarına yer ayrılmır, bu qəzeti vərəqləyəndə adama elə gəlir ki, hələ SSRİ dönəmində yaşayırıq. “Azərbaycan” jurnalında daha çox 60 – cılar nəslinin havası var və davam edir.    Hətta qəribədir ki, bu jurnalda dərc olunan ədəbi – tənqidi məqalələrdə belə hadisələrə, seçilən əsərlərə 60 – cıların nöqteyi – nəzərindən baxılır.
– Bəs “Ulduz” jurnalı? Axı, bu jurnal ki, gənclik jurnalıdır…
– “Ulduz” jurnalı haqqında qısa və konkret olaraq onu deyə bilərəm ki, burda gənclərə yer verilmir desəm, ən azından haqsızlıq etmiş olaram. Müəyyən mənada burda gənclərin nəşr olunmasının şahidiyik. Amma, burda da gəncliyin mənzərəsi tam olaraq, bir bütün olaraq verilmir və təəssüf ki, bu jurnalın da səhifələrində ədəbi baxımdan çox sönük olan örnəklər yer alır…
– Sanki Azərbaycan ədəbi gəncliyi bir barmaq tərəfindən idarə edilir… Belə demək olar?
– İdarə olunmur, amma sanki bu gəncliyi idarə etmə cəhdində bulunanlar var. Kimsə gəncliyi, xüsusən də ədəbi gəncliyi idarə etməyə çalışırsa əslində ən böyük iddiada bulunur.
–  “Ədəbiyyat qəzeti”ni oxuyursanmı?
– Müntəzəm olaraq yox. Bu qəzeti az oxuyuram. Çünki, bu qəzeti oxuyanda daha çox əsəbiləşirəm. zövq almaqdansa daha çox əsəblərim tarıma çəkilir. Bu qəzeti  oxumamağa daha çox üstünlük verirəm.
– Olmazmı ki, bəzi insanlar üzüsulu çıxıb getməyi bacarsınlar?
– Ədəbiyyatımızda kifayət qədər bitmiş insanlar var, sadəcə olaraq bunlar ya bitdiyini bilmir, ya da qəbul etmək istəmir. Hesab edirəm ki, bu insanların ədəbiyyat adına müəyyən iddialarda bulunmasının özündə bir komplekslilik var. Bu insanların ədəbiyyata yeni gələn insanların, istedadların qarşısını ala biləcək yerlərdə oturması artıq ədəbiyyatımızı, ədəbiyyat adamlarımızı narahat etməlidir.
– Daha enerjili gənclik, dünyada hansı proseslərin getdiyini bilən ədəbi gənclik orda təmsil olunsa daha yaxşı olmazmı?
– Qeyd etdiyin məsələ artıq məsələnin həm də texniki tərəfidir. Dediyin texniki məsələlərin istedadın varlığına və düşüncə yetənəyinə   aidiyyatı yoxdur. Amma, düşünəndə ki, bütün dünyada artıq müasir texnologiyalara çox böyük üstünlük verilir, bu texnika və texnologiya artıq bizim məişətimizə daxil olub, bəli, bu baxımdan gəncliyin orda təmsil olunmasına böyük ehtiyac var. Dünyanın gedişatından belə nəticəyə gəlmək olur ki, ədəbiyyat adamları ya dünyanı bürüyən texnika və texnologiyanın sirrlərinə vaqif olmalıdırlar, ya da sadəcə müasir zamanla ayaqlaşmağı bacaran insanlara meydan verməlidirlər.
– Bəs, Namiq Hacıheydərli bu gəncləşmə baş verərsə özünü harda görür?
– Maraqlı sualdır. Bizdə gəncləşmə prosesi o qədər ləng gedir ki, hətta, bu gün ortayaşlı nəsil belə gəncləşmə prosesini gözləyir ki, onlara yer açılsın. Halbuki, artıq o nəsil də öz dövrünü bitirib. Bu gəncləşmə prosesi onillər əvvəl getməli idi ki, həmin prosesdən hamı yararlana biləydi. Bir yaradıcı insan olaraq gəncləşmə prosesi gedəndə mən artıq özümü yaş baxımından kənarda görürəm və hesab edirəm ki, bizdən sonra gələn daha gənc nəslə daha çox yer verilməlidir. Bu, o demək deyil ki, kimlərsə unudulmalıdır və ya arxa plana keçməlidir. Kər kəsin haqqını özünə vermək şərti ilə ədəbiyyatımızda müntəzəm yeniliklərə və çevik düşüncə sahiblərinə gərək var.  Mən belə düşünürəm ki, otuzuncu illər represiyasından sonra Azərbaycan ədəbiyyatına ən azından yüz illik zərbə vuruldu. Bu üzdən illərlə yerimizdə saymağa haqqımız yoxdu.
-Yəni deyirsən ki, təkrar zərbə vurmağa ehtiyac yoxdur?
– Azərbaycan ədəbiyyatı hələ də Hüseyn Cavid səviyyəsinə yüksəlməyib.  Bir qədər incələmə aparaq; 80-ci illərdə ədəbiyyata gələn yazarlarımız arasında Səməd Vurğun, Əliağa Kürçaylı yaşını ötənlər və hətta Cavid yaşına çatanlar var. Ancaq, gəl baxaq, bu insanlardan hansı biri ədəbiyyat tarixinə adını çəkdiklərim qədər silinməz möhür vura bilib? Doxsanıncı illərdə ədəbiyyata gələnlər düşüncə  və ədəbi baxışlarına görə  özlərindən əvvəl ədəbiyyata gələnlərdən daha üstün görünürdülər.  Ancaq, təəssüflər olsun ki, bu illərdə ədəbiyyata gələnlərin çoxunun sonrakı illərdə işığı azaldı. Ya ədəbiyyatdan getdilər ya da daha zəif ədəbi örnəklər ortaya qoydular. Ikimininci  illər ədəbiyyatımızda bir növ səflərin bəlli olduğu dönəm oldu. 20-ci yüzilliyin ilk onilliklərində geniş vüsət alan milli düşüncənin yenidən ədəbiyyatımızda oturuşduğu illər oldu. Eyni zamanda qlobalist və  postmodern düşüncə adı altında özündən uzaqlaşmanın, dini qaynaqlara dayanan örnəklərin – bəzən dini mövzu adı altında mövhumatçı düşüncənin hakim kəsildiyi yazıların – genişləndiyi və bir-birinə zidd olan digər düşüncələrin fəallaşdığı dövr kimi maraqlıdır.   Düşünürəm ki, 2010-cu illərdə ədəbiyyata gələn və gələcək gənclərimiz düşüncə miqyasına, yazdıqlarının ədəbi – ictimai çəkisinə görə daha çox diqqəti cəlb edəcəklər. Hər bir millətin ədəbiyyatından o millətin kimliyi boy verməlidir. Ədəbiyyat siyasət deyil ki, tarazlaşdırılmış siyasət yeridəsən, qərbçi olasan və ya liberal demokrat olasan… Ədəbiyyat tam milli qaynaqlara əsaslanmalı, hər bir ədəbi əsərdən yazarın milli kimliyi boy verib görünməlidir. Öncə adlarını çəkdiyim və çəkmədiyim digər klassiklərimizin də böyüklüyü onların milli kimliyini dərk etməsi və bunu ədəbi yaradıcılıqda uğurla ifadə edə bilmək bacarığında idi.
– Yəqin ki, fərqində olarsan, AYB – də qurultayöncə müzakirələrdə sanki elə bir görüntü yaradıldı ki, Azərbaycan ədəbiyyatında olan ədəbi gənclik ancaq Gənc Ədiblər Məktəbində olan gənclikdən ibarətdir.  Bu insanlar hansı görüntünü yaratmağa çalışır Azərbaycan ədəbiyyatında?
– Gəncliyə qayğı özəl maraqlar adına olmamalıdır. Ədəbi gəncliyə qayğı böyük ədəbiyyat adına olmalıdır. Yeni ədəbi gənclik formalaşdırmaq istəyi də ancaq, bu istəkdən qaynaqlanmalıdır. Əks halda konkret demək lazımdırsa, sonunda ədəbiyyatımız itirəcək.  Azərbaycandakı gənc ədiblər sadəcə Azərbaycanda bu gün “Gənc Ədiblər Məktəbi” adı ətrafında birləşənlərdən ibarət deyil. Bu ədəbi məktəbdən  kənarda da, bölgələrdə, ya da deyək ki, ucqarlarda fəaliyyət göstərən, yazıb – yaradan gənclər var. Bu gənclərin arasında işıqlı,  və maraqlı yazarlar var. Sadəcə olaraq ədəbiyyata şəxsi maraqlarla gələn, bura rəsmən rəhmətlik Məhəmməd Rza Xəlilbəyli demişkən “sürtülüb-dürtülənlər” ədəbiyyatın gerçək üzünü nə qədər əks etdirə bilər?! Və buna mənəvi haqqı varmı?!  Unutmaq olmaz ki, ədəbiyyat  qutsal bir dünyadır. Qutsallığa ləkə gətirmək həm təbiət, həm də cəmiyyət qanunlarına ziddir. Allah da dindən sonra ədəbiyyatı yaradıb. Ədəbiyyat bir növ Tanrı siyasətidir. Bu siyasətə isə hiylə qatmaq olmaz. Bu siyasətə şəxsi maraqları gətirmək olmaz. Amma, təəssüflər olsun ki, bu gün ədəbiyyatımıza  şəxsi maraqlar prizmasından yanaşma, iqtisadiyyatda olduğu kimi burada da təkəlçilik düşüncəsi ilə yaşayanlar var. Bu yolda gənclərdən özləri üçün vasitə kimi, osmanlılar demiş: kullananlar var. Bu tendensiyanı aradan qaldırmaq lazımdır.
– Bu tendensiyanı aradan qaldırmaq üçün nə etmək lazımdır?
– Sadəcə ədəbiyyatımızın qayğısında duran insanlar bölgələrdə və paytaxtda yaşayan və həqiqətən istedadlı olan gəncləri üzə çıxarsalar daha yaxşı olar.
-Mən səndən sualıma cavab ala bilmədim. Bir qələm adamı olaraq biz neyləməliyik?
– Bir qələm adamı olaraq biz qələmin keşiyində durmalıyıq. Haqqı nahaqqın ayağına verməməliyik. Şəxsi maraqlarımızı bir kənara qoyaraq ədəbiyyata xidmət etməliyik. Ədəbiyyatımızın gələcəyinə xidmət etməliyik. Və bizdən sonra ədəbiyyata gələnlərə doğru, düzgün yol göstərməliyik. Onları yanlışlara düşməkdən qorumalıyıq. Ədəbiyyatımızın işıqlı sabahı naminə əlimizdən başqa nə gəlirsə onları etməyə çalışmalıyıq.
– Ədəbiyyata yeni gələn gənclər yaman özlərindən razıdırlar. Səncə, bu nədən qaynaqlanır?
– Bunun bildiyimiz və bilmədiyimiz nədənləri var. Bu, daha çox gəncliyin təbiətindən doğur. Gənclik – qaynar və bir qədər də lovğa, ağsaqqallıq – sakit və sadə olur. Ağıllı gəncliyi – müdrik ağsaqqallıq, ağılsız gəncliyi yoxsul qocalıq gözləyir… Böyük ədəbiyyatda ağıllı gənclik və müdrik ağsaqqallıq qalır, ağılsız gənclik və yoxsul qocalıq isə çıxdaş olur və olacaq…
Söhbətləşdi: Oktay Hacımusalı /03 iyun 2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.