Ana səhifə YAZILAR “Sözün qısası var, yolun kəsəsi…”

“Sözün qısası var, yolun kəsəsi…”

Müəllif: Bizim Yazı
115 baxış

Yusif GÜNAYDIN

Yeni şeirlər

MƏMMƏD ASLANA AĞI

Niyə ayrılığa tələsdin axı,
Şəkil çəkdirmədik, heyif, səninlə.
Çıxaydıq dağlara bir yaz sabahı,
Çığalı təcnisdən deyib səninlə.

 

 

Sözdü sehrə salan dostu, yadı da,
Onunla ucalır şair adı da.
Heyif, sənlə getdi sözün dadı da,
Oldu şirin dillər qeyb səninlə.

Tükəndi bar-bəhər, nə ək, nə becər,
Dövran bimürvətmiş, dünya dərd əcər.
Uzaqdan ağladı sənə Kəlbəcər
Dumanı ağ kimi geyib səninlə…
Sentyabr 2015

ELEGİYA

Xoş, xəfif rayihən alıb çəməni, heyhat, üzü sərtdi bu boz axarın.
Kimin ümidinə buraxım səni, sən ey son çiçəyi bu son baharın?

Od keçib, ocağı közə qalıbdır, odur, uzaqlaşır köçü dağların…
Hansı göycə çəmən güzə qalıbdır, sən ey son sovqatı bu son baharın?

Dan üzü bir az da üzüləcəksən, soyuq şeh düşəcək hey narın-narın.
Al ilk şüaları üzünə çək sən, sən ey son gözəli bu son baharın!

Soluxan çəməndə çək keşiyi sən, solmasın, sınmasın zərif vüqarın.
Bu gedən mövsümün sonbeşiyisən, sən ey gül yavrusu bu son baharın!

Dolaydı nəfəsim ağ ləçəyinə, solaydı sazağı acı rüzgarın
Gedib, ilk baharla qayıt, gəl yenə, sən ey son nəfəsi bu son baharın…
27 oktyabr 2015

Wİ-Fİ – Vay-Fay…

Bura Wi-Fay ərazisi,
Vay-Fay! Açarını tapa bilsən, görəcəksən,
Buradan açılır dünyaya qapı-pəncərə,
Silinir sərhədlər!
Buraya axışır, buraya doluşur,
Bu yerdə kəsişir
dürlü meredianlardan qopub gələn
xəbər axını…
Çoxlu xəbər,
Çirkli xəbər,
Çoxlu şoklu xəbər
və ilaxır…
Xəbərlər, şəkillər, kliplər
yarmarkası – Vay-Fay!
Bu ərazidə xırıd edilir
xımır-xımır çeynənmək üçün
bir təhər xəbərlər…
Gah misqal-misqal,
Gah tay-tay…
Xəbərin yoxdu?
Ay-hay!..

…Demə, xanım deyilmiş,
bəy imiş müğənni Minə xanım,
gizlədirmiş bunu
həyalı olduğundan…
Bol-bol ayı əti yeyib,
düşüb insan canına,
nə gözləmək olar
harın məmurun
harın oğlundan?
Şeytana atdığı daş
aşıb dağları-daşları
qayıdıb düşüb
Hacı Harunun başına
“Putunka”ya meyl edərkən
Hacı rus hamamında..!
Yolundan sapıb çoxdan
“Səyyarə”də, “Sürəyya” də
Tapılmır kimyasal silah
Suriyada
zamandır…
Çoxdan tərk edib Hələbi,
Şirvanlı Seyid İmadəddin,
yenə də laməkandır!
Bir gün sonra
oyanacaq qəfildən
əsrlərlə mürgü vuran
Vezuvi..!
Şaqhaşaq əriyir qütb
Buzlaqları,
Sel-su basacaq yer üzünü!
Şaxtalı, çovğunlu qış gətirdi Avropaya
ərəb baharı,
Boz quzu sanıb bəziləri Şərqi Anadoluda
boz qurdları…
Canlı efirdə uşaq doğacaq
bu həftə
Hollivud ulduzu,
Qaçırma, bax!
Yenidən qayıdır sənət səhnəsinə
“İntibah”,
Zırrealizmə dönür tədricən
Sürrealizm!
Yer üzünün ən zəngin tayfası
hansı?
Bir cibində tolerantlıq var,
birində multikulturalizm.
Biri inləyir –
mənə pul verin!
Biri bağırır – mənə səs!
Möhtəşəm bir gey-parad keçirdi
Santropedə
şantrapa!
Yer üzünə yekə asteroid
gəlir
İşimiz qalıb Allaha…
Dollar uçur, rubl düşür,
yuan biçir,
hələ qaçanlar da var,
yoxsa geri qalarlar…
Bəli burası Vay-Fay meydanı,
Vay-Fay!
Buraya şoklu xəbər
çıxarıb,
klip atıb, foto satıb,
Ağıl, iradə, şükr və inam
alarlar.
Özün məsud sanır bəlkə də
bu şəbəkədə
Planşetlilər nəsli,
Smartfon övladları?
Ey Vay, ey vay..!
19 oktyabr 2015

“TŞK”

Axdı ürəyimə, güldü üzümə,
Gül şəkli də vardı ön sətirində.
Üç hərif – T, Ş, K dəydi gözümə
Bu mutlu mesajın son sətirində.

Üçcə hərfə sığan nə fikir imiş?
Sezdim nəhayət ki, şükür, çox şükür!
Sən demə “TŞK” – təşəkkür imiş,
Belə də olurmuş, demə, təşəkkür!

“TŞK” – nə var ki, bunu yozmağa,
Sözün qısası var, yolun kəsəsi.
Yəqin təşəkkürü bütöv yazmağa
Ya vaxtı çatmayıb, ya hövsələsi.

Həriflər diksinib, çaxnaşıb birdən,
Dördü çıxdaş olub, biri düşübdü.
Xanımın müxtəsər təşəkküründən
İki “ə”, iki “k”, bir “ü” düşübdü.

Samitlər silkənib, saitlər qaçıb,
Sətirlər sürüşüb sanki yerindən.
İki “ə” ələnib, iki “k” köçüb,
Bir də “ü” üzülüb təşəkküründən.

Yığcam olsa belə, bal tək ləzizdir
Süzülən nə varsa təfəkküründən.
Gülüm, bir “TŞK”-an mənə əzizdir,
Yüzünün bayağı təşəkküründən.

Bu saz mesajlardan mənə çox ötür,
Söz onun qədrini bilənə gəlsin.
Bütün təşəkkürlər sənindir, götür,
Bütün “TŞK”-lar qoy mənə gəlsin!
5 oktyabr 2015

***
Əlvida, Bakının Basin küçəsi!
Vaxtında itildin gözüm önündən,
İndi silin həm də hafizəmdən
“Telefonnu” tək,
“Bondarnı”,
“Bazarnı” tək,
“Çadrovı” kimi
Çıx bir yolluq yaddaşımdan!
Əlvida,
Xoş getdin, Basin, əlvida!
Yad dildə söyüşən debillərinlə,
qalaq-qalaq qalxan zibillərinlə,
Siçovul məskəni,
Siçan yuvası,
Havası natəmiz kirli bir sokak!
Üfunət paylaşan “pivnoy”larınla,
Qaranlıq, darısqal dalanlarınla,
“Ağdam”a meyilli düşüklərinlə,
Sahibsiz itlərin, pişiklərinlə.
Sıcaq bucağına get cəhənnəmin
Mənim başkəndimin gül qucağından!
Geriyə qayıtma, bir də, nəbada,
Dön öz xarabana, bolşevik Basin,
Əlvida!
Xoş gördük, Füzuli bulvarı, səni!
Ağ gündə yarandın, xoş bir zamanda
Ürəklər fərəhli, gözlər gülümsər,
O əski əyyamdan qalmayıb əsər.
Onur ötür dosta, xar et düşməni,
Xoş gördük, Füzuli bulvarı, səni!
Hər tərəf təmizlik
hər tərəf saflıq
Uca imarətlər çiyin-çiyinə,
Açır, göz oxşayır əlvan gül-çiçək.
Gələcək nəsillər gələcək əsrə
Əlbət ki, bu yoldan keçib gedəcək!
May 2014

BU XANIMDAN…

Bu xanım üzümə qıyğacı baxdı,
Gözüm su içmədi heç bu xanımdan.
Elə bir baxmaqla odlara yaxdı, –
Durma, baş götürüb qaç bu xanımdan!

Amma çox gözəldi o canı yanmış,
Aləm camalından nura boyanmış.
Qışmı qəfil köçmüş, yazmı oyanmış?
Bir yox, kaş gələydi beş bu xanımdan.

Nə böyük cazibə varmış bu canda,
Ardıyca boylandı hamı bir anda.
Azca gülümsədi təkrar baxanda
İndi hünərin var, keç bu xanımdan…
Avqust 2015

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.