TRANDAFİR SİMPETRU – Çağdaş rumın şeirinin tanınmış nümayəndəsidir. Əsərləri dünya oxucusuna yaxşı tanış olan şairin yaradıcılığı uluslararası aləmdə ədəbi şöhrət qazanıb. O, 19 aprel 1962-ci ildə Rumıniyanın Jirlau kommunasında Braila şəhərində doğulub. Dünya Şairləri Birliyinin Rumıniya üzrə prezidentidir. Rumıniyada “LIRYC” qrafik nəşrlər evinin direktorudur. Rumıniya Ədəbiyyat Arxiv-Kataloqunun Ədəbiyyat, incəsənət və poeziya, rumın dili platformasının direktorudur. O, 2018-ci ildə Belqradda “MERSOPOTAMİYA” festivalının qalibi olub. T.Simpetru Dünya Şairlər Birliyinin fəxri üzvü, ilk məsləhətçisi, ilk direktor müavini olmuş, həmin uluslararası ədəbi qurumun qızılla əhatələnmiş sülh simvollu üç gümüş ulduzu ilə təltif edilib. V Moskva Uluslararası Sənət Festivalının qalibi, Türkiyədə KİBATEK-in Uluslararası Ədəbiyyat Festivalının iştirakçısı, İtaliyada “Şairlərin səsi” Uluslararası ödülünün laureatı və Uluslararası Stellin ödülçüsüdür. Həmçinin Rumıniya və Serbiyada mötəbər ədəbi ödüllərlə təltif edilib.
NƏ VAXT…
Sevgilim,
Nə vaxt titrəyərək mənə yaxınlaşsan,
Dodaqlarında bülbül təbəssümü,
şimşəkqabağı səmadan qorxu ilə
ensən,
Nə vaxt yuxularımda diz üstə sürünsən,
Üzr diləsən, yalvarsan.
Mənim laqeydliyim divara dəyib qırılacaq,
Nə vaxt ki, xəyalın uzağa getsə,
Nə vaxt ki, sevincin səni tərk etsə,
Sənə yük olmayacaq
birinin ömrü verilsə,
sonra… sən başqa yolla getsən
Yalnız… onda başqa biri qalacaq burda.
İŞARƏTLƏR
Sənin üçün, sevgilim,
Qalıb bircə ağ vərəq.
Tropik küləklərin öz izini qoyduğu
Sonsuz bir səhra kimi.
Anlayacaq halda deyilik,
Hansı əzabdan qaçırıq.
Necə impuls axtarırıq
Hüdudsuz, şəkilsiz,
Bu vaxt dünyadan uzaqda
Onun addım səslərini eşitmirəm.
Bu gələ bilməyən qadındırmı?
Bəlkə də məni gözləyən gecədir?
Tək bircə boş vərəq qalıb mənimçün,
Okean sahili kimi ucsuz-bucaqsız…
Ordan həyəcanlı, ani işıltı elə indicə keçdi.
SƏNƏ DEYİRƏM…
Balım, sənə deyirəm,
Mənim günüm yolda keçir,
Sözlərin arasında hey səni axtarıram.
Gün batır, qar səpələnir
Sevgilərin arasına.
Və sən… məni hələ də gözləyirsən…
Amma mən geri dönmürəm.
Gecə də soyuq və sükut gətirir
Sahildəki külək gör necə əsir,
Mənim qaldığım sahildə…
Daha yaxın, lap yaxında
Tesanın boğuq zəngi çalınır…
Və sən məni öz elinin sözləriylə çağırırsan
Gəlməyimi xahiş elədiyin yerə.
Və mənim sənə əlim çatacağı an
Mavi gözlərinin içində təkrar diz çökəcəyəm.
Ah… külək soyuq sahillərdə necə əsir?
Çevirən: Təranə Turan Rəhimli